Bir xatirənin ovqatı  

 

 

"Şərq musiqisinin peyğəmbəri" (ifadə Sergey Yeseninindir) hesab olunan Xalq artisti Cabbar Qaryağdıoğlunun 160 illik yubileyi ilə əlaqədar məni 20 apreldə İctimai televiziyanın "Dikdaban", 30-da isə "Ötən günlər" verilişinə dəvət etməsəydilər, yəqin ki, bu yazını qələmə almazdım.

 

Təbii ki, mən Cabbar Qaryağdıoğlunu həyatda görməmişəm, amma onu görənləri görmüşəm. Xan Şuşinskinin, Yavər Kələntərlinin Cabbar haqqında xatirələrini öz dillərindən eşitmişəm. Hər halda, dəvət olunduğum verilişə "əliboş" getməmək üçün Cabbar Qaryağdıoğlu haqqında yazılan kitabları bir daha vərəqlədim. Diqqətimi ən çox cəlb edən Cabbar Qaryağdıoğlunun, öz əli ilə, muğamlar barədə yazdıqları oldu. Bu dəyərli materialı isə müğənni Yavər Kələntərlidən alıb illər sonra - 19 noyabr 1992-ci ildə "Azərbaycan" qəzetində "Tarixin bir parçası" sərlövhəsi ilə oxuculara təqdim edən akademik Rafael Hüseynov olub. Təqdimatının sonunda Rafael Hüseynov yazır:

 

"Neçə illər qabaq yanıqlı müğənnimiz Yavər xanım Kələntərli mənə bir əlyazma bağışladı - Cabbar Qaryağdıoğlunun xəttini. O dəftərdə musiqimizin dünəni ilə bağlı canlı şahidin etibarlı yaddaşları yaşayır. Ərəb əlifbasıyla, karandaşla yazılmış o nadir sözləri hamıya çatdırmaq ehtiyacı ilə dəftəri başdan-sonacan köçürdüm. İstədim ki, tariximizin bir parçası olan bu əvəzsiz yazılar gizli qalmasın..."

 

Bu sətirləri minnətdarlıq hissilə oxudum. Ona görə ki, müəllif onda olan bu əlyazmanı aşkara çıxardıb. Dəyərli xidmətdir.

 

Bir qəzet səhifəsini "zəbt" edən bu xatirə yazısında Cabbar Qaryağdıoğlu xanəndə Alapalaz oğlu Molla Rzanı, Məşədi İsini, Hacı Hüsünü, Bülbülcanı, Mirzə Məhəmmədhəsəni, Mirzə Gülər xanımı, Tükverdi Həsəni, Molla Vəlini, tarzənlərdən Mirzə Sadıqcanı, Ələsgəri, kamançaçalan Qaraçı Hacı bəyi, şairlərdən Abdulla bəy Asini, Mirzə Növrəsi, Məşədi Məhəmməd Bülbülü, Məşədi Əyyub Bakini yad edərək onlardan bəhs edibdir.

 

Cabbar Qaryağdıoğlunun bu xatirə yazısında mənim diqqətimi cəlb eləyən onun bir çox Azərbaycan muğamlarının əvvəlində "bayat ləfzinin işlənməsi" və "İndiyə kimi heç bir musiqar "bayat"ı şərh etməyib" fikri olmuşdur. Mən Cabbar Qaryağdıoğlunun bu fikrinə istinad edərək "Muğamlarımızda "bayat" gizlincləri" adlı məqalə yazıb 2019-cu ildə "525-ci qəzet"də çap etdirmişdim.

 

İllər sonra Cabbar Qaryağdıoğlunun xatirə-məqaləsini bir daha oxuyanda diqqətimi iki şəxs çəkdi - "Bülbül" təxəllüslü Məhəmməd Qaryağdı və "Salar" təxəllüslü Mirzə Hüseyn. Bülbül təxəllüslü Məhəmməd Qaryağdı Cabbarın böyük qardaşıdır. Mir Möhsün Nəvvab 1891-ci ilin noyabr ayında qələmə almağa başladığı "Təzkireyi-Nəvvab" əsərində yazır: "Məşədi Məhəmməd Bülbül Kərbəlayi İsmayıl oğlu Qaryağdının təxəllüsü Bülbüldür. Bu təzkirə yazılan vaxt 28 yaşı var idi. Farsca savadı var. Xoş görkəmli bir cavandı, yaxşı səsi var. Bəzən xanəndəlik də edir. Eyibsiz görkəmi var".

 

Heç şübhəsiz, Cabbar Qaryağdıoğlu muğamın sirlərini təkcə Mirzə Əlidən, Xarrat Quludan, Molla Həmiddən yox, həm də doğma qardaşı Məhəmməddən öyrənmişdi. Cabbar xatirəsində qardaşını xanəndə kimi yox, şair kimi anır. Minnətdarlıq hissilə qeyd etməliyik ki, M.Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov Məşədi Məhəmməd Bülbülün şeirlərini tərtib etmiş, fars dilində yazdığı şeirlərini tərcümə edərək "Əsərləri"ni 2008-ci ildə "Şuşa" nəşriyyatında çap etdirib. Yeri gəlmişkən kitabda elmi redaktorlarının aşağıdakı qeydini burada səsləndirmək ədalətli olardı: "M-70, inv. ¹6054 şifrli əlyazmasında olan azərbaycanca şeirlərin transfoneliterasiyası mərhum tədqiqatçı Firuzə Həsənovaya, farsca şeirlərin tərcüməsi və fr. 1299, inv. 7400 şifrli əlyazmada (dəftərdə) olan şeirlərin transfoneliterasiyası isə dosent Raqub Kərimova məxsusdur". Raqub Kərimovun Məşədi Məhəmməd Bülbülün "Əsərləri"nə yazdığı "Ön söz"dən öyrənirik ki, "Salman Mümtaz yeganə şəxsdir ki, Məşədi Məhəmməd Bülbülü yaxından tanımış, "gözəl səsindən, ləhnindən zövq almaqla yanaşı, onun şeirlərini tədqiqata cəlb etmək cəhdində olmuşdur". Raqub müəllim arxiv sənədlərinə istinad edərək Salman Mümtazın M.M.Bülbül haqqında aşağıdakı fikrini də "Ön söz"ündə sitat gətirmişdir: "Mən şəxsən Bülbül ilə görüşmüşəm və gözəl səsindən, ləhnindən zövq almışam. O, heç də mövhumatçı deyildi. Niyə oxumağı tərk etdin? - deyə verdiyim suala - nadan adamların təkküminə mütəhəmmil ola bilmədim, - deyə cavab verdi".

 

 

 

Məşədi Məhəmməd Bülbülün səsindən yadigar qalmasa da, düşüncələrinin və qəlb çırpıntılarının ifadəsi olan şeirləri qalıbdır. Nümunə olaraq onun "könül" rədifli qəzəlindən üç beytini oxuculara təqdim edirəm:

 

Ola gər navəki-müjgan ilə sədparə könül,

Tərki-canan eləməz, gər yesə min yarə könül.

Çün dolub mehri-nigar ilə degül talibi-qeyr,

Yox əlaci, genə maildür o rüxsarə könül.

Bu könül zəxminə vəsl ilə dəva eyləməsə,

Çarə hardan tapacaq zəxminə biçarə könül.

 

Məşədi Məhəmməd Bülbülün ilk tədqiqatçılarından mərhum Firuzə Həsənova şairin 1918-ci ildə vəfat etdiyini və Şuşanın Mir Fəseh ocağı yaxınlığında dəfn edildiyini yazır. Şairin vəfatından illər sonra yeganə oğlu İsmayıl əmisi Cabbar Qaryağdıoğlunun böyük qızı Nigar xanımla evlənmişdi.

 

Mənim ustad Cabbarın xatirəsində diqqətimi cəlb edən digər bir məsələ isə "Mirzə Hüseyn segahı" muğamının yaranma tarixidir. Cabbar Qaryağdıoğlu "...nə üçün "Segah"ı Mirzə Hüseyn ilə adlandırırlar?" - sualına cavab olaraq yazır ki, "Şuşa şəhərində məşhur "Salar" təxəllüslü Mirzə Hüseyn hər vaxt bir şeir yazanda "Segah" üstə zümzümə edib şeir yazardı və yoldaşları da hər vaxt onunla görüşəndə "Segah Mirzə Hüseyn" deyərlərdi. Ona görə "Mirzə Hüseyn segahı" adı verildi və hər vaxt da Ağdam qəzasındakı Pərioğlular kəndindən olan Pəri oğlu Abbas bəyin bu sözlərin təsnif edib oxuyarlardı:

 

Saqi oturma, ver içək badəni,

Etmə fəramuş bəni üftadəni.

Qaşına bənzətmə ol ayı, fələk,

Ayda otuz yol pozaram aləmi,

Vermə nəsihət bu qədər, zahida,

Neyləyirəm məscüdü səccadəni?

 

Cabbarın bu şahidliyindən sonra məlum olur ki, tədqiqatçıların XVIII və XIX əsrlərdə yaşayıb-yaratmış xanəndə Mirzə Hüseyn adlı birisini axtarmaq cəhdi səmərəsiz zəhmətdir. Mirzə Hüseyn Saları yaxından tanıyan Mir Möhsün Nəvvab "Təzkirə"sində yazır: "Mərhum Mirzə Hüseyn bəy Məhəmmədağa oğlu Hacı Yusif övladındandır. Şuşa şəhərinin Hacı Yusifli məhəlləsindəndir...

 

 

 

Düzqamətli, enlibədənli, yekəqarın, donbagöz bir kişi idi. Ərəb və fars dillərində də bir qədər savadı var idi. Çox vaxt rus divanında xidmət edirdi. Vodyanka (qarın boşluğuna su yığılması) xəstəliyi ilə dünyadan köçdü. Şeir də deyərdi, şəhidlər seyidi cənablarına növhələr, qəsidə və qəzəllər, həcv və satirik parçaları vardır".

 

Bu tanıtmadan sonra Nəvvab Mirzə Hüseyn Saların üç şeirini "Təzkirə"sinə salmışdır. Aşağıdakı bu misralar ona məxsusdur:

 

Mari-siyah zülfün edib xanə könlümü,

Qıldı məhəlli-kənc bu viranə könlümü.

Tiri-bəlayə etdi hədəf aqibət məni,

Yarəb ki, seydvəş görüm oxlanə könlümü.

Qəmizən çəkib xədəng, qaşın tirlə kəman,

Qanlı kimi çəkər hərə bir yanə könlümü.

Qoyma ki, şanə dil uzada o tari-zülfünə,

Allaha bax, batırmaginən qanə könlümü.

 

Mirzə Hüseyn Saların yaddaqalan xidmətlərindən biri də Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sini onun söyləməsi əsasında qələmə almasıdır. Belə ki, general Kolyubkinin oğlu polkovnik Mixayıl Petroviç Mirzə Adıgözəl bəyə "Qarabağ xanlarının və Şuşa şəhərini bina edən şəxsin əhvalatını öyrənmək istəyini" bildirir. Mirzə Adıgözəl bəy "Buna görə, o böyük cənabın əmrinə itaət edərək, işə başladım. Mirzə Hüseyn Məhəmmədağa oğlu Salar təxəllüsdən xahiş etdim ki, mənim söylədiklərimin hamısını eynən gözəl bir ifadə ilə yazsın". Beləliklə, Mirzə Hüseyn Salar Mirzə Adıgözəl bəyin istəyini yerinə yetirir.

 

***

 

Cabbar Qaryağdıoğlunun musiqi mədəniyyətimiz tarixində xidmətləri misilsizdir. O, uzaqgörən, dövrünün yeniliklərinə ayıq gözlə baxan şəxs olmuşdur. Təsadüfi deyildir ki, xanəndələr içərisində ilk dəfə səsini qrammofon valına yazdıran, müasirlərini də bu işə həvəsləndirən Cabbar Qaryağdıoğlu olmuşdur. Ona görə dahi Bülbül onu "Azərbaycan oxuma məktəbi"nin yaradıcısı hesab edirdi. Çünki ona qədər xanəndələr muğamı əsasən fars dilində yazılmış qəzəllərlə oxuyurdular. 20 il Cabbarla yoldaşlıq edən ustad tarzən Qurban Pirimov radio verilişlərinin birində böyük xanəndəni yad edərək deyirdi: "Cabbar nəyi oxusaydı yaradardı, gözəl oxuyardı. Ancaq "Qatar"ı ayrı sayaq oxuyardı, od vurardı... Cabbar Üzeyir kimi adam idi. Yaxşı savadı vardı. Mənimlə 20 il bir yerdə olub. Qəzetsiz yatmazdı. O vaxt "İrşad" qəzeti vardı, onu oxuyardı... Savadı çox idi. Kompozitorluğu da vardı".

 

 

 

Bu gün Cabbarın yaratdığı mahnıların bir çoxu xalq mahnısı kimi oxunur. Bunlardan "Ay dərya kənarında bir ev tikmişəm", "Gəlin gedək Daşaltına gəzməyə", "Uca dağlar başında", "Bu gələn yara bənzər", "İrəvanda xal qalmadı" və digərləri bu gün də sevilə-sevilə oxunur.

 

Belə demək olarsa, Cabbar Qaryağdıoğlu həm də səhnəmizin ilk Məcnunudur. Belə ki, 1897-ci ildə Şuşada yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin "Məcnun Leylinin qəbri üstə" səhnəciyində Məcnun rolunda Cabbar Qaryağdıoğlu oynamışdı. Bu səhnəcikdə xorda oxuyan yeniyetmə Üzeyirə Cabbarın Məcnunu çox təsir etmişdi. Sonralar dahi bəstəkar bu barədə yazırdı: "1907-ci ildə ağlıma belə bir fikir gəldi ki, bizim muğamlardan (solo üçün) və təsniflərdən (xor üçün) istifadə edib, hər hansı dramatik süjetin musiqi tərtibatını vermək olar. Mən Füzulinin məşhur "Leyli və Məcnun" poemasının süjetini seçdim".

 

Beləcə, Şərqdə ilk opera olan "Leyli və Məcnun" 12 yanvar 1908-ci ildə səhnəyə qoyulur və o zamandan bu günə kimi oynanılmaqdadır.

 

Yenilikdən çəkinməyən Cabbar Qaryağdıoğlu "Piron" qardaşlarının 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" adlı romanı əsasında çəkdikləri eyni adlı filmdə Xanəndə roluna çəkilmişdi. Rus bəstəkarı R.M.Qliyer 1923-cü ildə Bakıya gəlib "Şahsənəm" operası üzərində işlərkən Azərbaycan xalq musiqisinin incəliklərinin Cabbar Qaryağdıoğlundan və Qurban Pirimovdan öyrənmişdi.

 

 

 

Bu gün müğənnilərin sevə-sevə oxuduğu xalq mahnılarının böyük əksəriyyəti Cabbar Qaryağdıoğlunun sayəsində gəlib günümüzə çıxmışdır. Bu işdə dahi Bülbülün də xidmətləri danılmazdır. Bülbül 1934-cü ildə 74 yaşlı Cabbarı konservatoriyanın nəzdindəki Azərbaycan Musiqisini Öyrənən Elmi Kabinəyə çağırıb, onun ifasında 300 xalq mahnısını fonovala yazmışdı. Bülbül bununla kifayətlənməmiş, Cabbarın fonovala oxuduğu 50 xalq mahnısını 1938-ci ildə "Azərbaycan musiqi nəşriyyatı"nda "50 Azərbaycan el mahnısı" adı altında nəşr etdirmişdir. Mahnıları Bülbülün tövsiyələri ilə nota köçürən isə o zaman gənc bəstəkar Səid Rüstəmov olmuşdur. Kitabın ön səhifəsində Cabbarın şəkli, Azərbaycan və rus dillərində kiçik bioqrafiyası verilmişdir.

 

Professor Bülbül kitabın müqəddiməsində məqsəd və məramını açıqlayaraq yazır:

 

"Elm-tədqiqat Musiqi Kabineti tərəfindən nəşr edilən 50 el mahnıları məcmuəsi - Az. SSR Xalq artisti, ordenli Cabbar Qaryağdının 1934-cü ildə oxuduğunu fonovalikə köçürtdüyüm və kompozitor Səid Rüstəmov tərəfindən notaya köçürülmüş mahnı və nəğmələrin ancaq bir hissəsidir.

 

Yaşının çox olmasına baxmayaraq, bu vaxta qədər ustad-professional olan xanəndə Qaryağdının yadında bir sıra xalq mahnılarının bütün xüsusiliyi, tazəliyi və koloritinin orijinallığı hələ də qalmışdır. Bütün bu melodiyalar Azərbaycanın milli mahnı formalarını bütünlüklə göstərirlər.

 

...Məcmuə musiqi ictimaiyyəti və kompozitorlar üçün buraxılmışdır. Onlar ayrı-ayrı mahnıların üzərində işləmək və musiqi formalarının müxtəlif növlü əsərlərində bunlardan istifadə etmək üçün bu məcmuədə qiymətli materiallar tapa bilərlər".

 

Buradaca xatırladım ki, Bülbül bu məcmuə ilə kifayətlənməmiş, 1956-1958-ci illərdə 2 cilddən ibarət "Azərbaycan xalq mahnıları" kitabını tərtib edərək çap etdirmişdir. Bu mahnılar görkəmli bəstəkarlarımız - Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Hacı Xanməmmədov tərəfindən nota köçürülmüş, mahnıların mətnləri rus dilinə tərcümə olunaraq çap edilmişdir. 1981-ci ildə "İşıq" nəşriyyatında təkrar çap olunan "Azərbaycan xalq mahnıları"nın 1-ci cildini 1997-ci ildə Bülbülün anadan olmasının 100 illiyi münasibəti ilə baş redaktoru olduğum "Gənclik" nəşriyyatında nəfis şəkildə çap etdirdik. Tamamilə fərqli, gözoxşayan tərtibatla.

 

***

 

Bir-birini tanıyan və tanımayan insanlar arasında qəribə, bəlkə də, sirli bir əlaqə var. Məni Cabbar Qaryağdıoğlunun xatirəsini yad etmək üçün televiziyaya dəvət edəndən bir gün sonra Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasında Leylinin anası rolunda çıxış edən Mirmahmud Kazımovskinin nəvəsi, rejissor Rauf Kazımovskinin oğlu Mirmahmud Kazımovski zəng etmişdi. Qəribə idi, o, mənə Cabbar Qaryağdıoğlundan, onun köhnə Yasamal qəbiristanlığında dəfn olunmağından, 1948-ci ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə yaradılmış Fəxri xiyabana məzarlarının köçürülməsi nəzərdə tutulanlar sırasında Cabbar Qaryağdıoğlunun da adının olduğunu deyəndə, bir an söz tapmadım, axı o, hardan bilir ki, iki gündən sonra Cabbar Qaryağdıoğlunun 160 illik yubileyi münasibətilə televiziyada olacağam. Əlbəttə, həyatda bir dəfə də qarşılaşmadığım Mirmahmud Kazımovskinin mənim bu "səfərimdən" qətiyyən xəbəri yox idi. Ondan soruşdum ki, sizdə bu barədə bir arxiv sənədi var? - "Bəli, var, - dedi, - ünvanınızı deyin, sabah bacımoğlu ilə çatdıraram". İş yerimin ünvanını söylədim. Səhər tezdən işə gəldikdən bir saat sonra Mirmahmud Kazımovskinin göndərdiyi arxiv sənədi məndə idi. Sağ olsun. Bu arxiv sənədini Cabbar Qaryağdıoğluna həsr olunmuş verilişdə göstərdim, gec də olsa, Cabbarın məzarının ya Fəxri xiyabana, ya da canı qədər sevdiyi Şuşa torpağına köçürülməsini arzu etdim. Verilişdə iştirak edənlər də səsimə səs verdilər. Çünki onun nəğməli səsi, Azərbaycan mədəniyyətində və incəsənətindəki təmənnasız xidmətləri bunu bizdən tələb edir.

 

Sovet dövründə Cabbarın, indi "İçərişəhər" metrostansiyasından Nəriman Nərimanovun heykəlinə sarı uzanan yolda, qırxpilləkəndən bir qədər aşağıda üçmərtəbəli malikanəsi vardı. Bu malikanənin divarına - Xalq xanəndəsi Cabbar Qaryağdıoğlu bu binada yaşamışdır - sözləri həkk olunmuş lövhə də vurulmuşdu. Əslində, bu binanı Cabbar Qaryağdıoğlu öz pulu ilə tikdirmişdi. Təəssüf ki, müstəqillik illərində onun evi kiminsə əliləsə yoxa çıxarıldı. Min təəssüf!

 

Budur, yenə qəribə bir təsadüf. Mən bu sətirləri yazan zaman "Mədəniyyət" kanalında 74 yaşlı Cabbar Qaryağdıoğlu "Heyratı" oxuyurdu. Onu tarda sənət dostu Qurban Pirimov, kamançada gənc Qılman Salahov müşayiət edirdilər. Bu görüntü 1935-ci ilin yadigarıdı.

 

Dünyagörmüş Qurban Pirimov təvazökarcasına deyib: "20 il Cabbarla yoldaşlıq etmişəm. İnsanlığı Cabbardan öyrənmişəm!"

 

Ruhu Allahın dərgahında, səsi-sənəti bizimlə olan sənətkar həmişə xalqının qəlbində yaşayacaqdır.

 

7 iyun 2021-ci il

 

 

Mustafa ÇƏMƏNLİ

 

525-ci qəzet.- 2021.- 19 iyun.- S.14-15