Fəlsəfənin imtahanı
MƏQBULLARIN
ÜMİDİNƏ QALMIŞ HİKMƏT SEVGİSİ
Esse
Bu
günlərdə ali təhsil ocaqlarında fəlsəfənin
tədrisinin azaldılması söhbəti təkrar
aktuallaşdı. İlk dəfə fəlsəfə
seçmə fənn kimi tədris olunmağa başlayanda da
belə bir həyəcan təbili
çalınmışdı.
2009-cu ildə
akademik Ramiz Mehdiyev "Fəlsəfə və onun ictimai həyatda
yeri" adlı məqaləsində yazırdı ki, "Son
illərdə Azərbaycan ali məktəblərinin tədris
planlarında fəlsəfəyə və ictimai-siyasi fənlərə
ayrılan saatların azaldılması, bu fənlərin bir
çoxunun ixtisar edilməsi, orta məktəblərdə
"İnsan və cəmiyyət" fənninin tədrisi
üçün hələ də müəllim
kadrlarının hazırlanmaması, kütləvi informasiya
vasitələrində fəlsəfi fikir tariximizə və
ümumiyyətlə, mənəvi təkamülə,
dünyagörüşünün genişlənməsinə
xidmət edən verilişlərə çox az yer
ayrılması, habelə, mədəniyyətşünaslıq
və maarifçilik yönlü verilişlərin
azlığı, mədəni-mənəvi dəyərlərin
yetərincə təbliğ olunmaması - bütün bunlar
bizi narahat edir". Bir cümlədə problemin mahiyyəti
üç istiqamətdə açılır: a) kadr
hazırlığının olmaması, b) tədris
proqramında lazımi materialların diqqətdən kənar
qalması və c) fəlsəfənin kifayət qədər
təbliğ olunmaması. O vaxt məsələ İTV-də
"Açıq dərs" verilişində geniş
müzakirəyə çıxarıldı və Səlahəddin
Xəlilov öz mövqeyini "525-ci qəzet"də
"Fəlsəfə bizə lazımdırmı?" məqaləsi
ilə bildirdi: "Bu gün fəlsəfə mənim deyil,
bizim deyil, çünki fəlsəfə onu yaradanın, ona
sahib çıxanındır. "Fəlsəfə
heç kimin deyil" fikri ilə də razılaşmaq olmaz.
Çünki fəlsəfənin sükanı
hələ də Qərbin əlindədir. Bəli, dünya onu anlayanındır. Fəlsəfə kimindirsə, dünya da
onundur". Səlahəddin müəllim
fəlsəfənin yalnız mütəxəssislər
üçün deyil, hər kəs üçün zəruri
olduğunu xatırlatmaqla bu laqeydliyin nəticədə naqis
şəxsiyyətə və naqis cəmiyyətə gətirə
biləcəyinə də eyham vururdu. Fəlsəfəsi
olmayan bir xalqın öz fəlsəfəsi də qələmə
alınmayacaq və beləcə, o, daim Qərbin, xarici
qüvvələrin yedəyində getməli olacaq. Əlbəttə, məsələ bununla bitmədi.
2010-cu ildə akademik Ramiz Mehdiyev fəlsəfəyə aid
yeni bir dərs vəsaiti təqdim etdi və həmin dərsliyin
"İnsan fəlsəfəsi" fəslində cəmiyyətin
qarşılaşdığı "fəlsəfə
böhranının" səbəbini belə
açıqlayırdı: "Tədris vaxtından səmərəsiz
istifadə edilməsi ona gətirib çıxarır ki, zəruri
sosial-mənəvi hazırlıq, estetik və fiziki inkişaf
üçün ayrılan saatlar minimuma endirilir, bu isə
şəxsiyyətin tərbiyəsi və inkişafı məsələlərinin
optimal həllini təmin etmir". Fəlsəfənin
sadəcə bir fənn olmayıb, sağlam düşüncəli,
düzgün əqidəli vətəndaş yetişdirməklə
möhkəm cəmiyyətin quruluşunu təmin edən
qüvvə olduğu vurğulanırdı. Təqribən
bir il sonra problemin müzakirəsi beynəlxalq miqyasa qədər
böyüdü və 2011-ci ildə "Şərq-Qərb
Tədqiqat Mərkəzinə", qısa desək, "Fəlsəfə
dünyası"na toplaşan fərqli ölkələrdən
gələn filosoflar bir neçə saat ərzində fəlsəfənin
tədrisini "elmiliyin meyarları" kontekstində təhlil
elədilər. Burada Azərbaycandan Səlahəddin Xəlilov,
Türkiyədən Kənan Gürsoy, Avstriyadan Hans Köxler,
Qazaxıstandan Nısanbayev, Rusiyadan Aleksandr Çumakov kimi
düşüncə sahibləri vardı. Müzakirədən
belə anladım ki, mövqelər fərqli olsa da,
coğrafiyadan asılı olmadan hamının dərdi birdir və
hamı dərman axtarır. Məsələn,
Çumakov dedi ki, "Fəlsəfəni
öyrətmək mümkün deyil, ona yalnız həvəs,
maraq oyatmaq, təhrik etmək olar", Hans Köxler isə
öz təcrübəsini misal çəkdi: "Avstriyada, məsələn,
bizim universitetdə iki fəlsəfə departamenti var, xristian
fəlsəfəsi (teologiya) və fəlsəfə. Bu yaxınlarda bizim rektorumuz maliyyəyə qənaət
məqsədi ilə iki fakültəni birləşdirmək
istədi. Mən etiraz etdim ki, bu,
mümkün deyil, xristian inamına əsaslandığımıza
görə bizim fəlsəfəmiz də həmin inama əsaslanır".
Bir sözlə, hər biri haqlı olaraq fəlsəfənin
tədrisindən daha çox diqqəti nəyin və necə
tədris olunmasına fokusladılar.
O vaxt
müzakirələri diqqətlə izləyəndə məndə
də bir sual yaranmışdı: fəlsəfənin
seçmə fənn olması niyə dəhşət
doğurur? Düşünməyi bacaran və
seçən tələbə zatən fəlsəfəni
seçəcək, yox, düşünmək onun
üçün bir yükdürsə və o,
"düşünən insan" anlayışından
uzaqdırsa, ona məcburi fəlsəfə kursu nə verə
bilər ki? Əslində, cavab Ramiz müəllimin məqaləsində
var idi: hələ orta məktəbdə gəncə
düşünməyi öyrətmək lazımdır ki,
sonra da universitetdə onun davamını axtarmaq istəsin. Təəssüf ki, o vaxt qoyulan problemlər həllini
tapmadı, nəticədə fəlsəfə daha dərin
bir böhrana girməkdə davam elədi və bu gün onun
ümumiyyətlə, tədrisdən
yığışdırılması söhbəti
aktuallaşıb. Hətta bu sadəcə
söz-söhbət olsa belə, fəlsəfənin "yiyəsiz
yetim" kimi hər yerdən
sıxışdırılması, haqqında artıq-əskik
ifadələrin işlədilməsi heç xoş mənzərə
deyil. Haradan gəldik bu vəziyyətə?
Hara gedirik? "Elmlərin
anasını" niyə ağlar günə qoyurlar?!
Tədris olunan fəlsəfədirmi?!
Ali məktəblərdə fəlsəfənin tədrisinin
sıxışdırılmasına bəzən siyasi rəng
verib, "düşünmək qabiliyyətinin
qarşısını almaq" kimi təqdim edirlər. Fəlsəfə
inanmağı, öz inancın üçün hər təhlükəyə
cəsarətlə sinə gərməyi, öz
düşüncəni əsaslandırmaq üçün
durmadan, davamlı şəkildə savadlanmağı, bilik
toplamağı, ən vacibi isə özünün, öz
düşüncənin, deməli, öz şəxsiyyətinin
sahibi olmağı öyrədir. Qısa
desək, fəlsəfə azad təfəkkürün bələdçisidir.
Dövlət bunun əleyhinədirmi? Sanmıram. Ölkə Prezidenti İlham
Əliyev Bakı Dövlət Universitetinin yubileyindəki
çıxışında deyir: "Onlar (Azərbaycanı
sevməyənlər - K.B.) gəncləri əsas hədəf
seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər,
onların beyinlərini zəhərləmək istəyirlər,
onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi
dəyərlərə qarşı qaldırmaq istəyirlər.
Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir,
Vətəni sevəndirlər, Vətənə
bağlıdırlar. Ancaq o niyyət var və
biz bunu bilməliyik, müəllimlər də bilməlidirlər.
Müəllimlər tələbələrə
nəinki biliklər verməlidirlər, onları tərbiyə
də etməlidirlər". Deməli, dövlət
heç də şüursuz, biliksiz gənclərin yetişməsini
dəstəkləmir, çünki məhz eləsinin xarici
qüvvələrin "xammalına" çevrilmək təhlükəsi
var. Ölkə başçısı milyonların
qarşısında tələb edir ki, "Gənclər
milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi
dəyərlər əsasında tərbiyə almalıdırlar.
Bax belə gənclər ölkəmizi gələcəyə
inamla aparacaq. Hesab edirəm ki,
bugünkü gənclərin mütləq əksəriyyəti
bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə
bağlı, vətənpərvər və dünyaya
açıq. Elə olmalıdır ki, Azərbaycanın
dövlət müstəqilliyi güclənsin". Bəli, Vətən düşüncəli gənclərlə
güclüdür və dövlətin müstəqilliyini
qoruyan siyasətin prioritet xətti məhz müstəqil
düşüncənin formalaşdırılmasıdır.
Tədris ocağının özünə baxaq. İki il
əvvəl Fəlsəfə İnstitutuna BDU-nun fəlsəfə
fakültəsinin təqribən 20 tələbəsi təcrübəyə
gəlmişdi. Hər biri ilə tanış
olub, maraq dairələrini öyrənib, müzakirə
üçün mövzular axtarmağa başladım. Elə
ilk görüşdə laqeyd baxışlar,
danışıq yerinə anlaşılmaz
mızıltılar, orta məktəb uşağı kimi dərsi
pozmaq cəhdləri, şit zarafatlar məni sözün həqiqi
mənasında şoka saldı. Amma ruhdan
düşmədim və onları həvəsləndirmək
üçün 2 həftə müddətində söhbətlər
apardım, fəlsəfənin əhəmiyyətindən,
düşüncənin necə bir gizli xəzinə,
böyük güc olmasından danışdım. Nəhayət,
zaldakı kürsünü göstərib onlara belə bir təklif
etdim: "Sizə buradan bir saat ərzində azad söz demək
hüququ veriləcək. Mövzunu
özünüz seçin. İnstitutun
elmi kontingenti dinləyiciniz olacaq". Təsəvvür
edin, heç kim istəmədi! Heç kim! Bir az cəsarət verəndən
sonra 5 nəfər öz mövzusunu təklif elədi. 20 nəfərdən 1-i də olsa, mənim
üçün qələbə idi. Seminar
günü gəldi, İnstitutun əməkdaşları
toplaşdı və... tələbələr gəlmədilər.
Onlar bilirdilər ki, bu, imtahan deyil və qiymət
kitabçasına heç nə yazılmayacaq. 4-cü
kurs tələbəsi azad söz demək istəmədi! Heç cəhd də eləmədi. 21
yaşında gənc yalnız məqbul müqabilində
ağzını açırmış! Bir müddət sonra
sözün həqiqi mənasında bədbəxt edilmiş
bu gənclərin apatik halının səbəbini
anladım: fəlsəfə proqramı adına
nə gəldi tərtib edənlər, fəlsəfi
mühazirə adına auditoriyaya gənclik xatirələrini
danışanlar əllərindən gələni edirlər
ki, tələbələr fəlsəfəyə nifrət
etsinlər. Mənim BDU-da çox hörmət etdiyim fəlsəfə
müəllimləri var, o ali məktəbdən
bir çox istedadlı gənclər çıxıb və
çoxu hazırda hörmət bəslədiyim həmkarımdır.
İnanmaq istəyirəm ki, təcrübəyə
gələn həmin gənclər sadəcə kiminsə
"uğursuz təcrübəsinin" qurbanları idilər.
Əlbəttə, azad düşüncə yalnız
parta arxasında öyrədilmir; filosof olmaq fəlsəfə
kursunu məcburi keçib məqbul almaq da deyil. Neçə tanınmış fikir sahibi
tanıyıram ki, tamamilə başqa sahənin -
riyaziyyatın, fizikanın, tarixin yetirməsidir. Lakin bu da faktdır ki, Fəlsəfə dərsləri
gəncin həyatının ən əhəmiyyətli hissəsində
- öyrənmək, şəxsiyyətinin
formalaşdığı bir mərhələsində kamil bələdçidir.
Ancaq zaman və məkana meydan oxuyan həqiqi Fəlsəfə!
Kiminsə mənasız xatirələri, "vaxt öldürən"
söhbətləri
yox!
Dediklərimlə mən zatən yıxılmış
fəlsəfəni baltalamaq istəmirəm, əksinə, məqsədim
onu yıxan, indi də ayağa qalxmağa mane olan səbəbləri
araşdırmaqdır. Və belə məlum olur ki, səbəb
elə tədrisin özündədir. Başqası
yox, elə özümüz durmuşuq Fəlsəfənin qəsdinə.
Nə etməli?
Nikolay Çernışevski kimi, sualı birbaşa qoyub
mətləbə keçmək istəyirəm. Hər
şeydən əvvəl qeyd edim ki, belə bir əhəmiyyətli
məsələni bir neçə fikir sahibi ortaq şəkildə
müzakirə etsə, daha məhsuldar olardı. Mən istənilən müzakirəyə
açığam. Bu problemlə
bağlı mən də ara-sıra məqalələr
yazıb, ixtisasından, aldığı təhsildən
asılı olmayaraq hər kəsi düşünməyi
öyrənməyə çağırmışam. İndi yalnız konkret təkliflərimi
yazacağam.
1. Hər
şeydən əvvəl vurğulayım ki, yükün
hamısı yalnız ali məktəblərin
üzərinə düşməməlidir. Orada
tələbələr yetişir, Elmlər Akademiyasında isə
həmin tələbələri yetişdirən müəllimlər.
Fəlsəfə və Sosiologiya İnstitutu fəlsəfə
mərkəzi olduğunu təsdiqləməlidir.
2. Tədris
proqramlarında mütləq milli fəlsəfə, milli təfəkkür
ağırlıq təşkil etməlidir. Antik Yunan, Orta əsr
Renessans, Yeni Dövr və daha hansı isə fəlsəfəni
öyrənən tələbə əvvəlcə
özünü tanımalı, öz kökünü, hikmətini
dəyərləndirməyi bacarmalıdır. Nə qədər
acı da olsa, etiraf etməliyik ki, bugünkü bazar şəraitində
fənn olaraq fəlsəfənin "alıcısı"
azdır, ona görə də onun "istehsalını"
azaldırlar. Üstəlik, nəzərə
alaq ki, bizim bu bazarda əsasən "xarici mal"
satılır. Həqiqi alıcı zatən
gedib onu elə yerindən almaq istəyir, əldən ələ
sərf eləmir. Kantı seçən,
yaxud Çin fəlsəfəsini sevən daha dərin bilik
axtarır və bizim tədrisdə onu ala bilmir. Bu, dərdin yarısıdır. Başqa
yarısında da həmin tələbə elə öz fəlsəfə
müəlliminə, elmi rəhbərinə sual verir, daha
doğrusu, irad tutur: "Bizdə filosof var ki?" Əgər bu sualı verirsə, deməli,
düşüncə müstəvisində həmin gənci
artıq itirmişik. Ona Sührəvərdini
də gətirsək, inanmaz, onu başqa millətə aid edər.
Bəli, mütləq bütün yüksək fəlsəfələri
öyrənək, qədimdən bu günə uzanan
bütün hikmətləri mənimsəyək,
... ancaq öz fəlsəfəmizin, hikmətimizin təməli
üzərində. Həm gənclər öz
kökünü tanısın, qürur duysun, inansın, həm
də formalaşan yeni təfəkkür sahibi, yeni şəxsiyyət
ilk növbədə öz millətinə, cəmiyyətinə
xeyir versin.
1.
Dünya fəlsəfə irsi Azərbaycan dilinə tərcümə
edilməlidir və bu, həvəskar, pərakəndə halda
deyil, mütəxəssislərin nəzarəti altında
olmalıdır. Bura Şərq və Qərbin
həm klassik, həm də müasir müəllifləri
aiddir. Bununla həm milli fəlsəfənin dili
inkişaf edəcək, həm də tələbələr,
araşdırmaçılar fəlsəfi irslə tanış olmaq imkanı qazanacaq. Bununla aspirant və doktorantların tədqiqat sahələri
də genişlənəcək.
2. Azərbaycan
filosofları haqqında sənədli filmlər çəkilməlidir.
Bu, yalnız fəlsəfənin təbliğatına
deyil, həm də maariflənməyə xidmət edəcək.
Xalq öz mütəfəkkirlərini
tanımalıdır. Xalq bilməlidir ki,
o, yalnız çalıb oynamağı yox, həm də
düşünməyi bacarır.
3. Fəlsəfə İnstitutu ali məktəblərlə əməkdaşlığını sıxlaşdırmalı, ən aktual mövzular ətrafında birgə fəlsəfi konfranslar seminarlar keçirməlidir və geniş auditoriya üçün açıq olmalıdır. Bu seminarlar yalnız dost-tanış, institutun əməkdaşları üçün deyil, geniş auditoriya üçün açıq olmalıdır. Məsələn, nümunə üçün deyim ki, mən 3 il ərzində Amerika Mərkəzində "Özümüzlə üz-üzə" adlı fəlsəfi məsləhətləşmə xarakterli seminarlar aparmışam və ən fərqli yaş kateqoriyalarından olanların necə həvəslə gəlib dinlədiklərinin, maraqlı fikirlər söylədiklərinin şahidi olmuşam. Azad düşüncə sahibləri hər yerdə var və onları səfərbər etmək lazımdır. Düşüncə dinlənilməli və dəyərləndirilməlidir. Əks halda, axarı olmayan su kimi tədricən sahibinin mənəviyyatını bataqlığa çevirəcək, bu isə cəmiyyətdə əks olunacaq. Necə ki, uşaq yaşında şahmat oynamağı öyrənmək onun məntiqinin, fikir ardıcıllığının inkişaf etməsinə kömək edir, eləcə də fəlsəfi təfəkkür insanın bütün həyatında işıq ola bilir, düyünə düşmüş işləri anlamağa kömək edir.
Son söz yerinə
Xalqların inkişaf yolu heç də həmişə hamar olmur. Bunu tarixin zərurəti kimi də qəbul etmək olar. Ancaq yalnız öz düşüncəsinə əmin olan, öz varlığını dərk edərək bunu dünyaya bəyan edə bilən xalqlar taleyin çətin məqamlarından çıxa bilir. Məsələn, bu gün alman xalqı az qala Fəlsəfənin anası kimi tanınır. Halbuki XIX əsrdə almanlar dərin bir böhran içindəydilər və bunu ilk növbədə onun düşüncə sahibləri görür və həll yolları axtarırdılar. Hegel dövrünün reallığının boğucu olduğunu, insanların get-gedə mənən rəzilləşdiyini görüb bildirirdi ki, "alman həyatı indiki vəziyyətində qala bilməz, çünki hər şey bütün qüvvəsini, bütün ləyaqətini itirib, nə isə mənfi bir hadisəyə çevrilib". Eyni proses XX əsrin əvvəllərində Azərbaycanda da gedirdi: aydınlar səfərbər olunaraq nəşr etdikləri jurnallar, məqalələr vasitəsilə xalqı sanki xəstəlik kimi bürümüş cəhalətdən xilas etməyə çalışırdılar. Və Azərbaycanda bütün sahələrdə yüksək bir dirçəliş yaşandı.
Elmin, mədəniyyətin, dinin - hərəsinin öz missiyası var. Fəlsəfənin missiyası düşüncəli, özünü dərk etməyə qadir İnsan yetişdirməkdir. Şübhəsiz ki, bu gün Fəlsəfə katarsıs yaşayır. Yalnız bizdə yox, bütün dünyada. Düşüncələr, maraqlar ələnib ələkdən keçir. Əslində, bu gün insan özü bir böhran halı yaşayır. Bu səbəbdən onun əlaqəli olduğu hər bir sahə, hər bir istiqamət böhran-dadır. Belə böhranlar tarixdə çox olub və məhz böh-ranların əsası olan insan böhranının kökünü, səbəblərini, xüsusiyyətlərini öyrənməklə onların öhdəsindən gələ biliblər. Bütün istiqamətləri böhrandan çıxartmaq üçün məhz insanın özü, təfəkkürü böhrandan çıxmalıdır. Bu isə fəlsəfənin missiyasıdır.
Bəli, hikmət və hikmətə sevgi olan
Fəlsəfə həmişə risk zonasında olub, qədimdə
də, indi də. Elə insanlığın özü kimi.
Amma o, təməl olduğuna görə, onu yox eləmək
mümkün olmayıb, yenə də olmayacaq.
Könül
BÜNYADZADƏ
fəlsəfə elmləri doktoru
525-ci qəzet.- 2021.- 19 iyun.- S.10;18.