Aşıq Ələsgər
poeziyasının musiqidə təcəssümü
"Hansı mövzuya əl atıram, hansı
daşı qaldırıram, altında Dədə Ələsgərdən
bir nişanə görürəm" - ustad aşıq
haqqında bu yazını elə ustad sözü - Xalq
şairi Səməd Vurğunun fikri ilə
başlamağım təsadüfi deyil. Çünki
Dədə Ələsgər sözə başlayarkən məhz
ustad fikrinə əsaslanmağı tövsiyə edib.
Bu fikrə
əyani sübut elə ustadın öz misralarıdır:
Kiçiklər
bir işi başlayan zaman,
Böyükdən məsləhət alsa
yaxşıdır.
Arxasız
igidin qiyməti olmaz,
İgidin arxası olsa yaxşıdır.
Aşıq Alıdan və digər el sənətkarlarından
ustadlığı əxz edən Aşıq Ələsgərin
dayağı həmişə xalq olub. O xalq ki daim sənətə,
sənətkara və onların simasında elə Dədə
Ələsgərə də ustadyana dəyər verib. Odur ki, bu sənətkarın şairliyi,
aşıqlığı dillərdə dastan olub. Həyatı və yaradıcılığı nəsillərə
örnək olan Aşıq Ələsgər Azərbaycan xalq
şeirinin ən böyük nümayəndələrindən
biridir. O, öz misilsiz xidmətləri ilə
aşıq poeziyasını həm məzmun, həm də
forma rəngarəngliyi ilə zənginləşdirib, saf, təmiz
xalq dilindən istifadə etməklə yüksək fəlsəfi
düşüncələri ehtiva edən poetik nümunələr
yaradıb. Aşıq Ələsgər
ilhamı haqdan gələn bir sənətkardır. Odur ki, ustad öz əbədi sənəti ilə nəsillərlə
qoşa addımlayır. Buna görə də Nazirlər
Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli
Qərarı ilə Aşıq Ələsgər Azərbaycan
Respublikasında əsərləri dövlət varidatı
elan edilən müəlliflərin siyahısına daxil edilib.
Bu il ulu Aşıq Ələsgərin 200
illiyidir. Sənətə və sənətkarlığa
böyük dəyər verən möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin bu yubileylə
bağlı Sərəncamı Azərbaycan aşıq sənətinə
və Dədə Ələsgərə xalqın, Dövlətin
də ən böyük hörmət və ehtiramıdır.
Aşıq Ələsgər şeiriyyatının
musiqi ilə qovuşması da ustadın əbədiyaşarlığının
daha bir təzahürüdür. Düzdür, deyilənə
görə, Aşıq Ələsgərin çox məlahətli
səsi olub. Təəssüf ki, onun
ifalarından bizə çatan nümunələr yoxdur.
Səsinin və sazının sədaları
poeziyasına, misralarına həkk olunan ustadın
şeiriyyatı özlüyündə bir musiqidir. Odur ki, bəstəkarlarımız da bu
şeiriyyatdan ilhamlanaraq neçə-neçə gözəl
mahnılar yazıblar. Əslində, onlar
bu mahnıları bəstələyiblər. Bu incilər isə öz dəyərli poetik mətni
və gözəl melodiyaları ilə Azərbaycan mahnı
tarixinin silinməz səhifələrinə yazılıb.
Bu mahnılar həm də yaddaşlarda
xüsusi iz qoyub, gözəl nəğmələrə
çevrilib. Bu nəğmələr də
"Ələsgər və musiqi" mövzusunun əsas qayəsidir.
Azərbaycan mahnı janrının gözəl nümunələrini
yaradan Səid Rüstəmov Aşıq Ələsgər
poeziyasına da müraciət edib. Bəstəkarın
1952-ci ildə "A ceyran", 1958-ci ildə "Ay gözəl",
1970-ci ildə "Gülənlərdənəm" adlı
mahnılarının adını çəkə bilərik.
Bu mahnılar unudulmaz müğənni
Gülağa Məmmədovun ifasında səslənib.
Daha bir unudulmaz bəstəkarımız Hacı Xanməmmədov
da Dədə Ələsgərin şeirlərinə bir
neçə mahnıları ilə musiqi xəzinəmizə
dəyərli töhfələr verib. Onun mahnılarından
"Getmə, amandır" ilk dəfə 1971-ci ildə qələmə
alınıb. İlk ifaçısı
unudulmaz Şövkət Ələkbərova olan bu mahnı
sonralar digər ifaçıların da repertuarına daxil
edilib.
Gözəllər
sultanı, mələklər şahı,
Ala
gözlü xanım, getmə, amandır -
misraları ilə başlayan və "Bayatı-Şiraz"
ladına əsaslanan mahnıdan sonra bəstəkar H.Xanməmmədov
aşıq Ələsgərin digər şeirlərinə də
müraciət edir. Elə həmin il
"Niyə döndü" mahnısı yaranır. 1974-cü ildə bəstələdiyi
"Güllü" mahnısı da məhz bu qəbildəndir.
"Segah" ladına əsaslanan mahnıda Dədə
Ələsgərin
Tovuz kimi
qalxdı çeşmə başına,
Bütün
gözəllərin gözəli Güllü -
kimi vəsf
etdiyi el gözəlini bəstəkar da öz ürəyəyatımlı
musiqisi ilə sənətsevərlərə
çatdırır.
Bəstəkarın 1974-cü ilə aid olan "Qadan
alım" mahnısı da sevilən nəğmələrdəndir. Aşıq
Ələsgər poeziyası sanki bəstəkarın
melodiyaları ilə vəhdət yaradır. Bu mənada
1976-cı ildə "Sevil" vokal ansamblının
ifasında səslənən "Qurban belə gəlinə",
1979-cu ildə Gülağa Məmmədovun ifasında
"Sona keçdi", 1981-ci ildə Şövkət Ələkbərovanın
ifasında "Sarıköynək" və nəhayət,
1983-cü ildə Gülağa Məmmədovun oxuduğu
"Telli" mahnılarını qeyd edə bilərik.
Yuxarıda
adı çəkilən "Sarıköynək"
adlı şeir mətni aşıqların
yaradıcılığında da geniş intişar
tapıb və hətta aşıq mahnısı kimi oxunan bu nəğmə
dillər əzbərinə çevrilib.
Cilvələnib
nə qarşımda durubsan,
Olum sənə qurban, ay Sarıköynək.
Mələksən
çıxmısan cənnət bağından,
Heç kim olmaz sənə tay, Sarıköynək.
Aşıqların "Orta Şəşəngi"
havası üstə oxuduqları bu mahnı demək olar ki,
müğənnilərin də repertuarında geniş yer
tutur. Amma bəzən mahnının mətnində bir
yanlışlığa yol verirlər. Aşıq
Ələsgərin "Olum sənə qurban, ay
Sarıköynək" misrasını "anam sənə
qurban" və ya "nənəm sənə qurban" kimi
ifadə edirlər. Bu da Aşıq Ələsgər
ruhuna ziddir. Çünki zəngin
ürfani düşüncəyə malik olan ustad heç vaxt
müqəddəs sayılan ananı və ağbirçək
nənəni Sarıköynəyə qurban edə bilməzdi.
Bu yerdə aşıq Ələsgərin şeirlərindən
nümunələr gətirəndə görürük ki, o,
sevgiliyə məhz öz canını qurban etməkdən
söz açır:
Canımı
qurban edərəm,
Bir belə tərlan gözələ.
və
yaxud -
Arifsən,
əhli ruhsan,
Can sənə
peşkəşdi, gözəl.
Odur ki, belə ustadların yaratdıqlarını
olduğu kimi, təhrifsiz ifa etmək lazımdır.
Onu da deyək ki, bəzən bir şeirə bir neçə
bəstəkar müraciət edib. Məsələn,
Hacı Xanməmmədovun "Getmə, amandır"
mahnısından sonra Sevda İbrahimova da 1986-cı ildə həmin
şeirə mahnı bəstələyib.
Sevda İbrahimovanın ustadın şeirinə daha bir
mahnısı da "İncimərəm" adlanır. "Segah"
muğamı üstdə bəstələnən bu mahnı
çox həzin melodik çalarlarla zəngindir.
İstər
dara çəkdir, istər qul eylə,
Sal sinəm
üstündən yol, incimərəm -
misraları ilə başlanan mahnının poetik mətni musiqi ilə
sıx vəhdət yaradır. Hər iki
mahnı Teymur Mustafayevin ifasında səslənib və lentə
alınıb.
Sevda İbrahimovanın ustadın şeirinə bəstələdiyi
"Sənə qurban" mahnısı isə Lütfiyar
İmanovun ifasındadır.
Aşıq
poeziyasına xüsusi sevgi ilə yanaşan bəstəkar Qənbər
Hüseynli də Ələsgərin söz dünyasından
ilhamlanaraq 1956-cı ildə "Söz qanan ola"
(Şövkət Ələkbərovanın ifasında),
1960-cı ildə isə "Qadan alım" (ifaçı
Sara Qədimova) mahnılarını bəstələyir.
"Qadan alım" rədifli şeirə ustad sənətkarımız
yüzdən çox mahnı müəllifi olan Əlibaba Məmmədov
da müraciət edərək "Mahur" muğamı
üstə mahnı qoşub və ilk dəfə elə xanəndənin
öz ifasında səslənərək lentə
alınıb.
Ümumiyyətlə, xalq sənətkarları da bəstəkarlardan
geri qalmayaraq Aşıq Ələsgərin sözlərinə
yadda qalan melodiyalar qoşublar ki, bunlar da sevilən nəğmələrə
çevrilib.
Məsələn, unudulmaz və istedadlı
müğənni Qulu Əsgərovun "Olan oldu"
mahnısı da bu qəbildəndir.
Yar
yanında günahkaram,
Doğru
sözüm yalan oldu,
Yeriş
etdi qəm ləşgəri,
Könlüm şəhri talan oldu.
"Şur" ladında olan bu mahnı öz həzin
axıcı melodiyası ilə şeirlə xüsusi bir ahəngdarlıq
yaradır. Bu mahnı Qulu Əsgərovun öz səsində,
unudulmaz Sara Qədimova və İslam Rzayevin ifasında səslənərək
sənətsevərlərin yaddaşına köçüb.
Çərşənbə
günündə, çeşmə başında,
Gözüm bir alagöz xanıma düşdü.
Aşıqların ifasında səslənən bu
mahnı unudulmaz sənətkar Gülxar Həsənovanın
repertuarında da "Mahur təsnifi" kimi lentə
alınıb.
Onu da qeyd etməliyik ki, bu şeirə bəstəkar
Adil Gəray da müraciət edərək 1955-ci ildə
"Çeşmə başında" adlı
mahnını bəstələyib və həmin mahnı
Tükəzban İsmayılovanın ifasında lentə
alınıb. İlk qadın bəstəkarlarımızdan
olan Ağabacı Rzayeva 1972-ci ildə ustadın "Xoş gəldin"
rədifli şeirinə mahnı bəstələyir və həmin
əsər Gülağa Məmmədovun ifasında səslənir.
Qədəm
qoyub asta-asta,
Sən bu
diyara xoş gəldin -
misraları ilə başlanan şeir bəstəkar Cavanşir
Quliyevin də diqqətini cəlb edir. Onun 1978-ci
ildə bəstələdiyi "Xoş gəldin" adlı
mahnı istedadlı müğənni Akif İslamzadənin
ifasındadır.
Aşıq Ələsgərin sözlərinə bəstələnən
sevilən nəğmələr içərisində gözəl
mahnılar müəllifi Ramiz Mirişlinin "Güləndam"
mahnısını da xüsusi qeyd etməliyik.
Ramiz Mustafayevin də aşıq Ələsgərin
sözlərinə silsilə mahnıları var. İslam
Rzayevin ifasında 1964-cü ildə "Qaranquşlar",
Sahibə Əhmədovanın ifasında 1996-cı ildə
"Cilvələnibdir", Zakir Mustafayevin ifasında 1997-ci
ildə "Gözəllər" adlı mahnılar lentə
alınıb.
Uzun illər Azərbaycan Teleradio Verilişləri QSC-də fəaliyyət
göstərən Cahangir Cahangirov adına
Xor Kollektivinin bədii rəhbəri olan Ramiz Mustafayev
Aşıq Ələsgərin sözlərinə həm
özünün və həm də digər bəstəkarların
mahnılarını xor üçün də işləmişdir.
Belə misalları çox göstərə bilərik. Aşıq
Ələsgərin irsi tükənməz bir mənbədir, zəngin
xəzinədir. O xəzinənin ləl-cəvahiratından
hələ neçə-neçə nəsillər bəhrələnəcək.
Aşıq Ələsgər şeiri musiqi
qanadlarında pərvaz edərək ustadı ruhən
neçə-neçə nəsillərlə qovuşduracaq.
Səadət TƏHMİRAZQIZI
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Əməkdar mədəniyyət işçisi
525-ci qəzet.-
2021.- 22 iyun.- S.15.