Naxçıvanın yeni tarixinin mükəmməl salnaməsi  

 

"Mən "Şərq qapısı" qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən, burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün "Şərq qapısı"ndan çox istifadə etmişəm... O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb".

 

Azərbaycn xalqınını Ümummilli lideri Heydər Əliyevin bu fikirləri təkcə "Şərq qapısı" qəzetinə yox, Naxçıvandakı mətbuata və ümumilikdə milli mətbuatımıza verilən yüksək dəyərin parlaq ifadəsidir. Azərbaycan mətbuatının zəngin ənənələrini yaşadan və inkişaf etdirən, insanları maarif işığı ilə nurlandıran, Naxçıvan Muxtar Respublikasının salnaməsini öz səhifələrində tarixə çevirən bir əsrlik "Şərq qapısı" qəzeti muxtar respublikanın  mətbuat tarixində böyük xidmətləri ilə seçilməkdədir. Azərbaycan Sovet Mətbuatının ilk nümunəsi və müstəqil Azərbaycanın ilk müstəqil qəzeti kimi iki mühüm cəhəti ilə tarixin yaddasına unudumaz  izlər qoyan bu qəzet Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətində də xüsusi yer tutmuş, fəaliyyəti qiymətləndirilmişdi.

 

XX əsrin 20-ci illərinin əvvəllərində Sovet hakimiyyəti yerlərdə mətbu orqanların nəşrinə böyük diqqət göstərir, bu istiqamətdə geniş tədbirlər həyata keçirirdi. Naxçıvan İnqilab Komitəsinin də ilk tədbirlərindən biri mətbu orqanın yaradılması olmuşdur. İnqilabın ilk illərində Naxçıvanda ilk dəfə İnqilab Komitəsinin orqanı olan "Kommunist" qəzeti nəşr edilməyə başlayır. Qəzetin yazılmasına gözəl xətti olan məktəblilər və müəllimlər cəlb edilirlər. Bu qəzetin 50-60 nüsxə, 2 səhifə həcmində ərəb əlifbası ilə əlyazma şəklində olması haqqında məlumatlar var. Bu mətbu orqanın nəşrində Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Cümşüd Zülfüqarlı və uzun müddət məsul vəzifələrdə çalışmış Nemət Novruzovun böyük xidmətləri olmuşdur. Qəzet hazır olduqdan sonra şəhərin müxtəlif yerlərində divarlardan asılarmış. Qısa müddətdən sonra vərəqələr dövrün tələblərinə cavab vermədiyi üçün nəşri dayandırılır.

 

"Şərq qapısı" qəzetinin 31 mart 1925-ci il tarixli 100-cü nömrəsindəki bir xəbərdən aydın olur ki, 1921-ci ildə Naxçıvan İnqilab Komitəsi Bakıdan ərəb və rus şriftləri olan mətbəə avadanlığı və bu avadanlığı işlətmək üçün iki mütəxəssis gətirir. Görülən ilk tədbirlərdən biri də 1921-ci ildə iki qəzetin nəşrinə başlamaq olur.  Bu qəzetlərdən biri İnqilab Komitəsinin və hərbi hissənin orqanı olan, çətinliklər üzündən qısa müddətdə nəşrini dayandıran "Naxrespublika" qəzeti, ikincisi həmin ilin noyabr ayının birindən (bəzi texniki səbəblər üzündən qəzet 9 noyabrda işıq üzü görmüşdür), şənbə günü "Cavanlar həyatı" adı ilə nəşr olunan qəzet idi.

 

"Cavanlar həyatı" ərəb əlifbası ilə kiçik həcmdə vərəqə şəklində çap edilirdi. 1921-ci ilin dekabr ayından bu qəzet həftədə bir dəfə olmaqla daha geniş həcmdə "Füqəra səsi" ilə əvəz olunur. "Füqəra səsi" "Cavanlar həyatı" qəzetinin ənənələrini davam etdirərək dil və üslub xüsusiyyətlərinə, məqalələrinin keyfiyyətinə görə əvvəlki qəzetə nisbətən daha təkmil nəşr olunurdu. "Şərq qapısı" qəzetinin 10 illik yubiley nömrəsində qəzetin yaranma tarixi belə təqdim olunur: "1921-ci ilin tam noyabrın 1-dən bu gün 10 yaşını keçirən "Şərq qapısı"nın ilk rüşeymi 3 sütundan ibarət "Cavanlar həyatı" adında kiçik bir qəzetdən ibarət olmuşdu. Bu qəzet bir az sonra - 1921-ci ilin son həftələrindən "Füqəra səsi" ilə əvəz edilmişdir. Bu qəzet həftədə bir dəfə çıxmaqla ölkənin iqtisadi və siyasi məsələlərini əhatə edərək günü-gündən öz nüfuzunu artırmaqla və həm də tirajı etibarı ilə böyüməkdə idi. 1922-ci ilin yanvar ayında Azərbaycanda lazımi qədər mətbəə ləvazimatı alındıqdan sonra "Füqəra səsi" öz mövqeyini bu gün 10 sənəlik yubileyini keçirdiyimiz "Şərq qapısı"na vermişdir". Qeyd edək ki, "Füqəra səsi" qəzetinin heç bir nömrəsi arxivlərimizdə qalmayıb.

 

1922-ci ildə Əhməd Haşımov Xalq Maarif Komissarı vəzifəsini icra  edən zaman Azərbaycan hökuməti ilə razılığa gələrək yeni nəşriyyat avadanlığı gətirir. Bundan sonra Ölkə Firqə Komitəsi və Mərkəzi İcrayə Komitəsi tərəfindən "Şərq qapısı" adlı qəzetin nəşrinə başlanılsa da, qəzet redaktorunun muxtar respublikanı tərk etməsi və müxbirlərin olmaması, maddi zəiflik və bu kimi səbəblər bu qəzetin bağlanmasına səbəb olur.

 

 

 

Qəzetin mətbəə və avadanlıq məsələsi 1922-ci il dekabr ayının 9-da Naxçıvan Xalq Komissarları Sovetinin iclasında müzakirə olunur və müvafiq qərar qəbul edilir. 1923-cü ildə Naxçıvan hökumətinin Şuralaşması günü münasibətilə Ölkə Firqə Komitəsinin məsul katibi Tahirovun təşəbbüsü ilə yenidən "Şərq qapısı" qəzetinin nəşrinə başlanılır.

 

1925-ci ilin mart ayının 31-də qəzetin 100-cü nömrəsi işıq üzü görür. Qəzetin bu yubiley nömrəsi böyük təntənə ilə qeyd edilir. Yubileylə əlaqədar qəzet 1000 nüsxə ilə buraxılır. "Şərq qapısı" qəzeti 1930-cu ilədək ərəb, 1930-1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunub. Həmin dövrdən indiyədək latın əlifbası ilə nəşr olunur.

 

Qəzetin ilk redaktoru, Naxçıvan Xalq Maarif Komissarı vəzifəsində işləyən Həmid Mahmudov olub. Ümumiyyətlə, qəzetin 100 illik tarixində ona rəhbərlik etmiş digər redaktorları bu ardıcıllıqla qruplaşdırmaq olar: Həsən Əlizadə, Abbas Gülməmmədov, Əvəz Sadıq, B.Vəlibəyov, İsrafil Cahangirov, Abbas Qasımov, Xəlil Abbasov, Məcid Məhəmmədov, Əli Vəliyev, Mahmud Mehdiyev, Məsudə Nuriyeva, B.Pirverdiyev, Hüseyn Mahmudov, Əli Xançanov, Şirəli Şirəliyev, Ə.Hacızadə, Musa İsmayılov, Əli Əliyev, Xəlil Əminov, Mustafa Quliyev, Hüseyn Ağrılı, Məhəmmədəli Tarverdliyev, Əli Mirzəyev, Əkbər Mirzəyev, Hidayət Bağırov, Mənaf Xudiyev, Fərman Tağıyev, Məmməd Bəktaşi, Hüseyn İbrahimov, Rəşid Qazıbəyov, Vahid Bağırov, Sənubər Kərimova, Akif Axundov, Səxavət Kəngərli, Məmməd Məmmədov və Rabil Kətanov, Tural Səfərov, Mehriban Sultanova müxtəlif illərdə qəzetə rəhbərlik edən yaradıcı insanlar olmuşlar.

 

"Şərq qapısı" qəzetinin həyatında da 1970-ci ildən sonra yeni mərhələ başlanmışdı. Bu dövrdə respublikamızın hər bir bölgəsində olduğu kimi, Naxçıvanda da mətbuatın inkişafına xüsusi qayğı və diqqət yetirilmiş, məhz bu dövrdə mətbuat orqanlarının və işçilərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdi. Ötən əsrin 70-ci illərinin əvvəllərində Naxçıvanda böyük redaksiya - nəşriyyat kompleksi inşa olunmuş, "Şərq qapısı" qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdi.

 

Azərbaycan KP MK-nın 25 sentyabr 1979-cu il tarixli qərarı ilə qəzetə "Sovet Naxçıvanı" adı verilir. 30 oktyabr 1979-cu ildən isə Azərbaycan KP MK-nın 19 ¹li büro protokoluna əsasən Mərkəzi Komitənin Azərbaycanda və Özbəkistanda çıxan yerli qəzetlərin yanvar ayından rus dilində dublikatının çıxarılması barədə qərarını əsas tutaraq "Sovet Naxçıvanı" qəzetinin rus dilində 5000 tirajla "Sovetskaya Naxiçevan" başlıqlı dublikatı çıxmağa başlayır. Adının dəyişdirilməsinə baxmayaraq, "Sovet Naxçıvanı" qəzeti böyük ənənəyə malik olan "Şərq qapısı"nın yolunu davam etdirmiş, varislik ənənələrini qoruyub saxlamışdır". 1989-cu ilin oktyabrın 24-dən qəzetin əvvəlki tarixi adı - "Şərq qapısı" özünə qaytarıldı.

 

 

 

1988-ci ildən Azərbaycanda baş qaldıran azadlıq hərəkatı 1990-cı ilin yanvarında özünün ən yüksək, eyni zamanda, qanla əldə olunan azadlıq zirvəsinə çatdı. Hadisələri obyektiv xalqa çatdırmaq istəyində olan bir qrup Naxçıvan ziyalısı muxtar respublikanın rəsmi dövlət qəzeti olan "Şərq qapısı" müstəqil nəşr etdirmək qərarına gəldilər və buna nail oldular.

 

"Birlik və demokratiya uğrunda" şüarını əsas götürən "Şərq qapısı" qəzeti 1990-cı ilin 19 yanvarından 10000 tirajla Naxçıvan Respublikasının qəzeti kimi oxuculara təqdim olundu. Ən maraqlısı isə odur ki, ömrü çox qısa olmasına baxmayaraq, böyük rezonans doğuran ilk müstəqil mətbu orqan 70 il susmağa məcbur edilən xalqın tribunasına, yazmaq yanğısının təşnəsinə çevrildi.

 

Ulu öndər Heydər Əliyev Azərbaycana tarixi qayıdışında Naxçıvanı seçdiyi bir dövrdə, hətta muxtar respublikanın blokadada olmasına baxmayaraq, bütün dünyanın nəzərlərini mətbuatın gücü ilə Naxçıvana yönəltməyə nail oldu. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan dahi Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti ətrafında Azərbaycan Respublikasına o zaman rəhbərlik etmiş şəxslərin yaratdıqları sərt informasiya blokadasının yarılmasında "Şərq qapısı" qəzeti xüsusi rol oynadı.

 

Müstəqillik dövründə "şərq qapısı" qəzetinin ilk yubileyi 1996-cı ilin dekabr ayında keçirilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev qəzetin 75 illik yubileyini unutmamış, ölkə rəhbəri kimi qəzet redaksiyasına təbrik məktubu ünvanlamışdı. Qəzetin 26 noyabr 1996-cı il tarixli sayında  dərc olunan təbrik Naxçıvan mətbuat tarixində ölkə başçısı tərəfindən qəzet redaksiyasına ünvanlanan ilk məktub idi. Dahi rəhbər təbrik məktubunda redaksiya əməkdaşlarının əməyini yüksək qiymətləndirərək onun gələcək fəaliyyət istiqamətini də göstərirdi.

 

Müstəqillik illərində "Şərq qapısı" qəzetinin maddi-texniki bazası gücləndirilmiş, ən son texniki avadanlqlarla zəngin mətbəəsi və redaksiya binası tikilib istifadəyə verildi, 2012-ci ildən qəzetin internet saytı fəaliyyətə başladı.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 1 iyun 2021-ci il tarixli Sərəncamı ilə qəzetin 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilməkdədir.

 

Əminik ki, Azərbaycan mətbuat tarixində  xüsusi yeri olan,  100 illik sərfəli yol keçən "Şərq qapısı" qəzeti bundan sonra da dövlətçilik, maarifçilik, inkişaf və tərəqqinin simvolu, Naxçıvan tarixinin güzgüsü olaraq qalacaq, yaşayacaq və yaşadacaq.

 

 

Surə SEYİD

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2021.- 22 iyun.- S.13.