Sonsuz ehtiramla
anılan böyük bəstəkar
ƏBƏDİYAŞAR
ƏSƏRLƏR MÜƏLLİFİ CAHANGİR
CAHANGİROVUN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ
ELMİ KONFRANS KEÇİRİLİB
İyunun
18-də Azərbaycan Bəstəkarlar İttifaqında Xalq
artisti, görkəmli bəstəkar Cahangir Cahangirovun anadan
olmasının 100 illiyi münasibətilə elmi konfrans təşkil
edilmişdi.
ABİ sədri Firəngiz
Əlizadə tədbiri
giriş sözü ilə açaraq qeyd etdi ki,
əslində, konfrans
iki əlamətdar hadisəyə həsr olunub. "Bu günlərdə
xalqımız özünün
ən gözəl bayramlarından birini - Milli Qurtuluş Gününü qeyd edib. Bu bayramın bu il qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı
ilə qədim şəhərimiz, Qarabağın
ürəyi sayılan
Şuşa şəhərində
qeyd olunması xüsusi önəm daşıyır. İyunun
20-də isə görkəmli
bəstəkar Cahangir
Cahangirovun anadan olmasından 100 il
ötür. Bəstəkarın xor və
instrumental musiqisi, operaları,
mahnıları, xüsusilə
"Füzuli kantatası"
Cahangir Cahangirova böyük şöhrət
gətirib".
Hörmətli sədrimiz giriş nitqini yekunlaşdırıb
ardınca məni tribunaya dəvət etdi. Mən də öz
növbəmdə gənc
bəstəkar qazi Vüqar Məmmədzadə
barədə məlumat
verdim. Fikrimi tamamladıqdan sonra
çıxış növbəsini
"Qafqaz Media" İctimai
Birliyinin sədr müavini Sahilə Abdullayevaya ötürdüm.
O, gənc qazini təşkilat adından
"Heydər Zirvəsi"
adlı medalla təltif etdi.
Daha sonra tədbir Cahangir Cahangirov yaradıcılığına
həsr olunan elmi məruzələrlə
davam etdirildi. Proqramda
sənətşünaslıq üzrə fəlsəfə
doktorları Səadət
Təhmirazqızı, Ülkər
Talıbzadə, Leyla Quliyeva, Həbibə Məmmədova ilə bərabər, mənim də məruzəm dinlənildi.
Dəyərli musiqi xadimi Cahangir
Cahangirovun həyat və yaradıcılığı
barədə nə qədər tədqiqatlar aparılsa da, bütün bunlar onun irsi ilə
müqayisədə yenə
də çox azdır. O, özünü haqlı
olaraq xoşbəxt insan sanırdı. Bəli, xoşbəxt hiss etməyinin
yetərincə bəlli
səbəbləri vardı.
Çünki tale onu dahi Üzeyir Hacıbəyli kimi cığıraçan
insan və əsl müəllimlə
mükafatlandırmışdı. Bu mükafat tanrının
Cahangir Cahangirova lütfü idi. O isə bu lütfün
fərqində olub böyük həvəslə
yazıb-yaradırdı. Dahi
bəstəkarın rəhbərliyi
altında fəaliyyət
göstərən bir
çox musiqi kollektivlərində çalışmaq
şərəfinə nail olmuşdu.
Professor, Əməkdar incəsənət
xadimi Cahangir Cahangirovun eyni zamanda, Qara Qarayev,
Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan Hacıbəyov kimi görkəmli bəstəkarlarla xoş münasibəti, sənət
barədə müzakirələri
onun həyatında önəmli yer tutub və yaradıcılığına
müsbət təsir
göstərib.
Dahi bəstəkar
Üzeyir Hacıbəylidən
sonra Cahangir Cahangirov da xor
musiqisinin inkişafı
naminə önəmli
işlər görüb. Xor sahəsindəki
böyük xidmətlərini
onun yaradıcılıq
zirvəsi adlandıra
bilərik. O, öncə
xalq mahnılarını
xor üçün işləməyə başlayıb,
daha sonra özü bu janrda müstəqil əsərlər ərsəyə
gətirib. Misal kimi "Dostluq
nəğməsi" süitası,
vokal simfonik əsərlərindəki xor
nümunələrini nəzərə
çatdırmaq olar.
Bəstəkarın qəzəl və
muğamın sintezində
xor üçün yazdığı bir çox əsərləri
vardır. Onun zəngin
yaradıcılığında fərqli mövzularda xor və mahnı
janrına çox rast gəlirik. Həmçinin, bu məqamda
"Azad" operasını da qeyd edə
bilərik. Burada bəstəkar
"Çahargah" xor
muğamını yaratmışdır.
Bəstəkar hətta opera və
simfonik musiqi janrında da xora meyl göstərib.
Görkəmli bəstəkar Azərbaycan
Dövlət Filarmoniyasında
fəaliyyət göstərən
mahnı və rəqs ansamblının xor qrupuna və
sazçı qızlar
ansamblına rəhbərlik
edib. Azərbaycan Radio və Televiziyasında
xor kollektivinin bədii rəhbəri olub. Bəstəkar öz pedaqoji
fəaliyyətini də
bu istiqamətə yönəldərək Azərbaycan
Dövlət Konservatoriyasında
xor dirijorluğu kafedrasının rəhbəri
kimi, xor dirijorluğu üzrə milli kadrların yetişməsində mühüm
xidmətlər göstərib.
Azərbaycanda fəaliyyət göstərən
xor-dirijorların, demək
olar, böyük əksəriyyəti onun tələbələridir.
C.Cahangirovun yaradıcılığından söz açarkən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin 800 illik
yubileyi münasibətilə
bəstələdiyi "Gül
camalın" və xor üçün iki vokal əsərinin,
"Arazın o tayında"
adlı vokal simfonik əsərinin, klassik şairlərin şeirlərinə bəstələdiyi
"Nazənin", "Xəzər",
"Vətən qızları",
"Bahar mahnısı",
"Məhsul mahnısı",
"Bahar olsun" ,
"Zəriflik", "Necə
əl çəkim",
"Zərif gülüşlüm",
"Dan ulduzu, bir də mən", "Ana
yurdum", "Bakım",
"Ana" və digər
sənət incilərinin
adlarını böyük
məmnunluqla qeyd edə bilərik. Onun böyük satirik şair Mirzə Ələkbər Sabirlə
bağlı oratoriyası
da sədalı xor fakturasına malikdir. Əsərdə həmçinin, muğamdan və improvizasiyalı xalq mahnı çalarlarından
geniş istifadə edilib. C.Cahangirovun yaradıcılığında satirik və uşaq mahnı nümunələrinə, eyni
zamanda, vals
janrına da rast gəlmək olur. Ümumiyyətlə, onun yaradıcılığı
çoxşaxəlidir. İstər vətənpərvərlik, istər
sevgi mövzusunda bəstəkarlıq məharətini
ən yüksək səviyyədə nümayiş
etdirə bilib. Hətta elə janrlar var ki, Azərbaycanda
təməlini məhz
Cahangir Cahangirov qoyub.
Milli musiqimizin
zənginliyindən bacarıqla
istifadə edən istedadlı bəstəkar
C.Cahangirovun "Füzuli
kantatası" olduqca
dərin fəlsəfi
əsərdir. Məhz elə bu səbəbdən həmin
əsər müəllifinə
çox böyük uğur gətirib. Məlumdur ki, Azərbaycan musiqi tarixində kantata janrının təməli Üzeyir Hacıbəyli tərəfindən
qoyulub. Həmin kantata qədim
Şərqin filosof-şairi
Firdovsinin 1000 illiyinə
həsr olunub. Daha sonra digər bəstəkarlarımız da
kantata janrına müraciət edib. Lakin C.Cahangirovun "Füzuli kantatası" məzmununa,
muğamın improvizasiyalı
motivlərinə görə
digər əsərlərdən
çox fərqlənir.
Bəstəkarın özü klassik
poeziyanı, qəzəl
janrını mükəmməl
bilib. Çox güman, elə
bu səbəbdən hər kəlməyə həssas yanaşdığı
üçün onun kantatası belə müvəffəqiyyətli alınıb.
Əsərin ilk ifaçısı unudulmaz sənətkarımız
Xalq artisti Şövkət Ələkbərova
olub. İllərdir, "Füzuli kantatası"
müxtəlif sənətkarlarımızın
ifasında dinləyici
qəlbini riqqətə
gətirir, təsirləndirir,
düşündürür, yatmış duyğuları
oyadır. İstedadlı bəstəkar C.Cahangirov dahi şair və mütəfəkkir
Füzulinin daxili dünyasını, mənəvi
aləmini dərindən
hiss edərək onun fəlsəfi düşüncələrini
musiqi dili ilə əks etdirməyi bacarıb.
"Füzuli kantatası"nda şairin
üç qəzəlindən
istifadə edilib.
Bu misralara nəzər
yetirək:
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Başlanğıcdan sona qədər sözlə musiqinin mükəmməl vəhdətinin
şahidi oluruq. Bu uyğunluq ana xətt kimi əsər boyunca davam edir. Əsərdə kantata janrının
əsas xüsusiyyətləri,
qəzəlin lirik məzmunu, muğamın lirikası bütünlükdə
ahəngdarlıq təşkil
edir. Canından usanan şairin
ürək yanğısını,
həsrətini, fəryadını
yalnız bu cür ecazkar musiqi ilə çatdırmaq olardı.
Şair təxminən demək istəyir ki, ulduzlar yanıb-sönsə
də, fəqət mənim istəyimin şəmi yanmır.
Aydındır ki, bu misrada günəşi nəzərdə tutur.
Günəş işıqlı sabahdır, ümiddir, oyanışdır, yenilənən
gündür. O isə
kamını doğan
günəşdə axtarır.
Yaxud digər misralara baxaq:
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
Desəm, ol bivəfa bilməm, inanarmı, inanmazmı?
Bu hissədə qarşılıqsız
eşqin çarəsizliyini
yaşayan şair suallarına cavab axtarır. Sevdiyi kəsə sevgisini
isbat etmək naminə savaşır, mücadilə göstərir.
Musiqinin təsir gücü sayəsində ağrı-acılı
fəryad hissləri dinləyicilərə rəngarəng
üsullarla ötürülür.
Qəzəlin digər beytinə
diqqət edək:
Füzuli
rindü şeydadır,
həmişə xəlqə
rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
Şair özü də tutulduğu sevginin böyüklüyünə heyrətlə
yanaşır. Bu sevdanın
çətinliyindən, ağırlığından
yorulmamağın sirrini,
səbəbini soruşur.
Belə nəticəyə gələ
bilərik ki, "Füzuli kantatası" Cahangir Cahangirov yaradıcılığının şah əsəri sayılmaqla yanaşı,
həm də onu ölməzliyə aparan dahiyanə sənət nümunəsidir.
Təbii ki, görkəmli musiqi xadiminin
yaradıcılıq inciləri haqda saatlarla danışmaq olar.
İndiki Bakı Musiqi
Akademiyasında uzun illər pedaqoji fəaliyyətlə məşğul olan C.Cahangirovun musiqi mədəniyyətimizin
inkişafında yetərincə əməyi var.
Sağlığında orden və medallarla təltif edilib, hələ
tələbə ikən dövlət mükafatı
laureatı olub. Xatirəsi əbədi yaşayan sənətkarın həyat və
yaradıcılığını, nəinki 100 illik yubileyi münasibətilə,
daima ehtiramla anmaq mənəvi borcumuzdur.
Mən də öz növbəmdə,
Azərbaycan musiqi mədəniyyətinin
gənc nümayəndəsi kimi, görkəmli
sənətkarımız, əbədiyaşar əsərlər
müəllifi olan bəstəkar barədə
söz haqqı şərəfinə nail olduğum üçün Azərbaycan Bəstəkarlar
İttifaqının sədri Firəngiz xanım
Əlizadəyə dərin minnətdarlığımı ifadə
edirəm.
Aysel
KƏRİM
Prezident
təqaüdçüsü, Azərbaycan Yazıçılar
Birliyinin və Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü
525-ci qəzet.- 2021.- 22 iyun.- S.12.