Azərbaycan İkinci Dünya müharibəsində  

 

 

HİTLER ƏLEYHİNƏ KOALİSİYA MÜTTƏFİQLƏRİNİN GÖNDƏRDİYİ MALLARIN CƏBHƏYƏ ÇATDIRILMASINDA AZƏRBAYCANIN İŞTİRAKI

 

Bu gün - 2021-ci il  iyun ayının 22-də  faşist Almaniyasının Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum etməsinin 80 ili tamam olur.

Azərbaycan hərbi əməliyyatlar meydanına çevrilməsə də, əvvəldən axıradək bu müharibədə fəal iştirak edib. Müharibə illərində Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan resursları faşizmə qarşı müharibəyə səfərbər olunub. Bakı neftçilərinin qəhrəmanlıq səyləri sayəsində hər beş təyyarədən, tankdan, avtomobildən dördü Abşeron yarımadasının mədənlərindən çıxarılan neftlə, Bakının emal zavodlarında alınan benzin və dizel ilə doldurulurdu.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev deyirdi: "Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir".

Qeyd etməliyik ki, faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən, Azərbaycana xüsusi diqqət yetirilirdi. Xarici işlər naziri Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdindəki struktur bölmələrindən biri Qafqaz Komissarlığı adlanırdı. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən hazırlanmış planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu. Bu işdə faşistlərə "Daşnaksütun" partiyasının üzvlərindən yaradılmış xüsusi terrorçu qrup "kömək etməli" idi.

 

Deyilənlərin sübutu kimi, gələcəkdə faşist rejiminin əsas nümayəndələrindən birinə çevrilən, nasist Almaniyasında siyasi polis idarəsi Gestapoya rəhbərlik edən Henrix Müllerin 1938-ci ildə Bakıya gəlişini və bir sıra erməni terrorçuları ilə görüşlər keçirərək "Daşnaksütun" təşkilatının buradakı üzvlərindən ibarət casus şəbəkəsi formalaşdırmasını göstərmək olar. Bakıdan Berlinə dönən Müller hesabatında bunları qeyd edirdi: "Mənim Bakıya səfərimdən sonra deyə bilərəm ki, "Daşnaksütun" təşkilatının üzvləri tərəfindən ötürülən informasiyalar təsdiqini tapır".

 

Qafqazın işğalı üçün hazırlanmış planın ("Edelveyus" planı) həyata keçirilməsi almanların "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin plana əsasən, Qafqaz beş işğal rayonuna bölünməli və onlardan biri də Azərbaycan əlahiddə rayonu olmalı idi. "Ost" planına görə, Bakının işğalı 1941-ci il sentyabrın axırına qədər başa çatdırılmalı idi. Bakı işğal ediləndən sonra onun nefti alman şirkətlərinin sərəncamına veriləcəkdi. Almanlar eyni zamanda, Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.

 

Qeyd etmək maraqlıdır ki, faşist Almaniyasında Bakının ələ keçirilməsini ümumxalq səviyyəsində bayram etmək üçün hətta hazırlıq işlərinə də start verilmişdi. 1942-ci ildə Hans Vaydemannın ssenarisi əsasında Bakının almanlar tərəfindən ələ keçirilməsi haqqında film çəkməyə başlamışdılar. Bu məqsədlə köhnə Bakının xronikası və 1918-1919-cu illərin açıqcaları istifadə edilməklə UFA studiyasında və Berlinin küçələrində dekorasiyalar qurulurdu.

 

İkinci Dünya müharibəsindən SSRİ-nin qalib çıxmasında, bu qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük rolu olub. Lakin qazanılmış qələbədə Azərbaycanın payı barədə bu yaxınlara qədər danışılanda yalnız cəbhəyə neft və neft məhsulları göndərilməsi, azərbaycanlıların döyüşlərdə şücaətlə vuruşması xatırlanırdı. Qazanılmış qələbədə Azərbaycanın digər xidmətləri isə diqqətdən kənarda qalırdı. Halbuki bu xidmətlərinin miqyası ölçüyəgəlməzdir.

 

Qeyd etmək lazımdır ki, müharibə illərində Azərbaycanda 130 növ silah və hərbi sursat hazırlanırdı, o cümlədən, məşhur "Katyuşa" raketi, "YAK-3" qırıcı təyyarələri burada yığılırdı. Bakıda yeni avtomobil zavodunun əsası qoyulmuşdu. Respublikamızda 70 hərbi hospital fəaliyyət göstərirdi.

 

Bu materialda antihitler koalisiyasının müttəfiqləri tərəfindən SSRİ-yə göndərilən hərbi təyinatlı texnikaların cəbhəyə çatdırılmasında Azərbaycanın iştirakı barədə bəzi məlumatlara işıq salmaq istəyirik. Burada fəxr ediləcək çox şey var. Arxiv sənədlərindən bəllidir ki, SSRİ müharibə dövründə öz müttəfiqlərindən "Lend-Liz" üzrə əhəmiyyətli yardım almışdı.

 

Faşist Almaniyasına qarşı mübarizədə SSRİ ilə birgə əməkdaşlığa dair 1941-ci il oktyabrın 1-də bağlanmış üçtərəfli sazişlə, habelə ABŞ-ın kredit və icarə haqqında "Lend-Liz" qanununun həmin ilin noyabrında SSRİ-yə də şamil edilməsilə əlaqədar Böyük Britaniya və ABŞ bu ölkəyə müxtəlif təyinatlı yüklər göndərməyə başlamışdı.

 

O zaman SSRİ-yə tədarük edilən texnikaların təyinat yerinə çatdırılması üçün bir neçə marşrutdan istifadə edilirdi. Böyük Britaniya və İslandiyadan şimal marşrutu üzrə Arxangelsk, Murmansk, Severodvinskə təxminən 4 milyon yük çatdırılmışdı ki, bu da ümumi tədarükün həcminin 27,7 faizini təşkil edirdi. Malların çatdırılması üçün bu marşrutla yanaşı, daha dörd istiqamət fəaliyyət göstərirdi: Sovet İttifaqının Uzaq Şərqi (47,1%), Qara dəniz (3,9%), Sovet Arktikası (2,5%) və nəhayət, Fars körfəzi (23,8%).

 

Dördüncü marşrutla - İran körfəzi, habelə İran ərazisindəki dəmir yolları, sonra isə quru və dəniz yolları ilə müxtəlif təyinatlı yüklər göndərilirdi. Müharibə illərində ABŞ və İngiltərədən, sonralar isə Kanadadan SSRİ-yə avtomobil, neft və neft məhsulları, top, tank və təyyarə göndərilirdi ki, bunlar da Azərbaycanın dəmir yolu, həmçinin, avtomobil nəqliyyatı vasitəsilə təyinat yerlərinə çatdırılırdı.

 

1942-1943-cü illərin qovşağında, müharibənin dönüş zamanında almanlar Rusiyanın Şimal hissəsindəki yeganə donmayan limanı olan Murmanska doğru yola çıxan müttəfiq gəmilərinin konvoylarını batırmağa başladıqda, Bakı vasitəsilə çatdırılan  malların axını xeyli artmışdı. Müharibənin bu dönəmində malların daşınması üçün istifadə olunan Bakı marşrutu "Cənub Həyat yolu"na çevrilmişdi. 1942-ci ildə Lend-Liz çərçivəsində alınan bütün yüklərin 28,8, 1943-cü ildə isə 33,5 faizini Cənub marşrutu ilə çatdırılmışdı. Ümumilikdə müharibə illərində Sovet İttifaqına bütün yüklərin demək olar ki, dörddə biri bu yolla daxil olmuşdu.

 

1942-ci ildən başlayaraq ABŞ-dan "Lend-Liz" əsasında Amerikada tədarük olunan silahlar, tanklar, partlayıcı və kimyəvi maddələr, qara və rəngli metallar, ərzaq məhsulları və bir çox digər məmulatlar Xəzər dənizindəki İran limanlarına göndərilirdi. Xəzər donanmasının dənizçiləri həmin yüklərin təyinat məntəqələrinə çatdırılmasını dəqiq və təhlükəsiz həyata keçirirdilər.

 

Buna baxmayaraq, Sovetlər Birliyi dövründə ABŞ-ın köməyi barədə danışmağı o qədər də xoşlamırdılar, lakin etiraf etmək lazımdır ki, bu kömək çox əhəmiyyətli idi, xüsusən müharibənin ilk illərində hadisələrin gedişinə əhəmiyyətli təsir göstərmişdi. ABŞ-ın SSRİ-yə ayırdığı yüklərin demək olar ki, yarısının Bakıdan keçdiyini bilmək də maraqlıdır.

 

ABŞ Tibb və Psixiatriya Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, keçmiş bakılı Marks Qonopolski öz xatirələrində bu nəqliyyat daşımaları haqqında ətraflı yazıb. O qeyd edir ki, müharibədən əvvəl zavodda Keyfiyyətə nəzarət şöbəsində böyük usta işləyirdi. Hərbi xidmətə çağırıldıqdan sonra Xəzər dənizi vasitəsi ilə Bakıdan Pəhləviyə, Bender Şaha və geriyə qayıdan gəmidə ocaqçı kimi işləməyə başlayır. "Lend-Liz" üzrə Amerikadan Bakıya silahlar, qida məhsulları, sökülmüş təyyarələr, "Studebaker"lər daşınırdı.

 

Nəqliyyat vasitələrinin bəziləri birbaşa marşrutla gətirilirdi. "Lend-Liz"in  ehtiyacları üçün İranda “General Motors” tərəfindən idarə olunan bir neçə xüsusi avtomobil zavodu tikilmişdi. ABŞ və Böyük Britaniyadan olan mütəxəssislər buraya gətirilən hissələrdən maşınyığma zavodlarında avtomobillər yığaraq Sovet hərbi qüvvələrinin istifadəsinə təhvil verirdilər. Ümumiyyətlə, müharibə illərində Tehran-Aşqabad, Tehran-Astara-Bakı, Culfa-Orconikidze marşrutları ilə SSRİ-yə 184112 maşın çatdırılmışdı.

 

1943-cü ilin martından başlayaraq Bakı limanına zirehli nəqliyyat vasitələri də gətirilməyə başladı. "Fars dəhlizi" vasitəsi ilə tədarüklərin artması səbəbindən Bakıda zirehli texnikaların qəbulu üçün xüsusi hərbi şöbə yaradılmışdı. Tanklar dəmir yolu platformalarına yüklənərək Bakıya çatdırılır və buradan da sonrakı təyinat yerlərinə göndərilirdi. Azərbaycanın dəmir yolu işçiləri müharibə dövrünün qanunlarına uyğun olaraq Culfa-Təbriz dəmir yolunun texniki xidmət və ümumi istismarını həyata keçirirdilər.

 

Almanlar Volqaya çıxanda və Bakı ilə əlaqə kəsiləndə (1942-ci ilin yayında və payızında) isə tanklar birbaşa Şimali Qafqaz cəbhəsinə göndərilməyə başladı. Buna görə Şimali Qafqaz cəbhəsində "Lend-Liz" tanklarının sayı sürətlə artmışdı. Müharibə illərində SSRİ Kanadadan 1188 tank almışdı, bunların da müəyyən hissəsi Bakıdan keçib getmişdi.

 

 

 

Qeyd etmək lazımdır ki, Sovet İttifaqına gətirilmiş ingilis və Amerika zirehli texnikaları istifadə olunarkən lap əvvəldən onların təmiri ilə bağlı ciddi problemlər ortaya çıxmışdı. Bununla əlaqədar artıq 1941-ci ilin dekabrında Moskvada 82 nömrəli təmir bazası yaradılmışdı. 1942-1943-cü illərdə isə müttəfiq zirehli texnikaları Bakıda və SSRİ-nin digər şəhərlərində də təmir etməyə başladılar. Müharibə dövründə fəaliyyətdə olan təmir bazalarında 2407 ədəd xarici istehsal olan tank əsaslı təmir edilmişdi.

 

"Cənub" aviasiya marşrutu 1942-ci ilin iyununda fəaliyyətə başlamışdı. Bu yolla ilk dəfə Bostonlar, noyabr ayından etibarən isə "Kittihauk"lar, "Spitfayre"lər və "Airekobra"lar keçib getmişdilər. Ölkəyə gətirirlən qırıcıların hissələri Abadan limanında boşaldılır, onların yığılması və ilk uçuşları isə adətən, bilavasitə  Abadanda, yaxud 60 km Qərbə doğru İraqın Bəsrə şəhərində yerləşən hava bazasında həyata keçirildi.

 

Daha bir marşrut P-39D "Airekobra" üçün fəaliyyət göstərirdi: dəniz yolu ilə gətirilən təyyarələr Abadanda boşaldılır, burada amerikalı mütəxəssislər tərəfindən yığılır, sonra Sovet pilotları tərəfindən uçuş sınaqları keçirilir, hava yolu ilə Tehrandakı aerodroma aparılır və burada Sovet hərbi nümayəndələri tərəfindən qəbul edilirdi. Təyyarələr uçuşa tam hazır olandan sonra onlar Azərbaycanın Hacıqabul şəhərində yerləşən təlim mərkəzinə və ya Kirovabad (Azərbaycan şəhəri Gəncənin 1935-1989-cu illərdəki adı) şəhərindəki aerodromlara göndərilirdi.

 

Təyyarələr daha uzaq cənub marşrutu ilə də gətirilirdi: onlar Elizabet-Sitidən ABŞ-a uçur, Mərkəzi və cənubi Atlantika üzərindən keçir, sonra ya Şimali Afrika sahilləri boyunca, ya da cənubdan Afrikanı keçməklə ümumi istiqamət olaraq İraqa və ya İrana uçurdular. Daha sonra təyyarələr Bakıya istiqamət götürürdülər. Qeyd etmək lazımdır ki, Qara dəniz donanması üçün nəzərdə tutulan 80 dəniz təyyarəsi məhz bu marşrutla çatdırılmışdı.

 

P-39D daxil olmaqla, qırıcıların çatdırılması bunun üçün xüsusi təyin edilmiş aviabölmə tərəfindən həyata keçirilirdi. Çatdırılmanın son məntəqəsi Hacıqabul şəhəri idi. Yalnız 1943-cü ildə ümumilikdə 2386 qırıcı təyyarə gətirilmişdi.

 

Hacıqabula çatdırılan qırıcılar Cənub təlim mərkəzi olan ehtiyat aviasiya alayına təhvil verilirdi. Özlərini hacıqabullular adlandıran Sovet hərbi aviasiyasının bir çox nəhəng simaları  məhz bu təlimlərdən keçmişdilər.

 

Azərbaycanda "Airekobra" üçün yenidən hazırlanan ilk bölmə sonradan Qırmızı Ordu hərbi hava qüvvələrinin ən məşhur bölməsinə çevrilən 9-cu Qvardiya qırıcı aviasiya diviziyası olmuşdu.

 

1942-ci ilin sonunda İngiltərə hökuməti "Spitfire" qırıcılarının Sovet İttifaqına kütləvi tədarükünə razılıq verdi. Artıq sonrakı ilin yanvarında "Spitfire"nin Mk V modifikasiyalarının ilk partiyası İran ərazisi vasitəsilə ölkəyə gətirildi. İl ərzində cəmi 150 qırıcı təyyarə gətirilmişdi (əlavə olaraq ehtiyat hissələr qismində 50 füzelyaj da tədarük edilmişdi).

 

"Spitfire" adını alan ilk alay hələ 1938-ci ildə Bakıda formalaşdırılmış 36-cı Qırıcı Aviasiya Alayı olmuşdu. Burada 1942-1943-cü illərdə  "Spitfire"lər olmaq üçün yenidən hazırlıq kursları təşkil edilmişdi.

 

 

 

"Düşündüm ki, bəlkə, Siz Rusiya cəbhəsindəki alman zirehli qüvvələrinə qarşı apardığınız əməliyyatlar üçün 40 mm-lik toplarla silahlanmış bir neçə "Harrikeyn"lərimizi almaq istərdiniz. Bu yaxınlarda Tunisdəki döyüşlər zamanı bu təyyarələr Rommel tanklarına qarşı uğurla fəaliyyət göstərdi. 16 təyyarədən ibarət bir eskadriliya 4 gün ərzində 19 tankı məhv etdi. Təyyarə "Harrikeyn" IID adı altında tanınır... Mən Sizə bu tipdən olan maksimum 60 təyyarə göndərə bilərdim. Onları almaq istəyirsinizsə, mənə bildirin..." (Baş nazir cənab U.Çörçillin marşal İ.Stalinə göndərdiyi 10 aprel 1943-cü il tarixli məxfi və şəxsi məktubundan).

 

1943-cü ilin 4 sentyabr tarixində ilk ingilis "Harrikeyn" IID-ləri ölkəyə çatdırıldı. Ümumilikdə isə il ərzində ölkəyə 46 təyyarə gətirilmişdi ki, bunlar da Hacıqabulda yerləşən hərbi hava alayına təhvil verilmişdi.

 

Yuxarıda qeyd edildiyi kimi, idxal olunan texnikaların ölkəyə çatdırılması və onlar üçün ön cəbhə pilotlarının yenidən hazırlanması mərkəzlərindən biri Kirovabad (Gəncə) idi. Artıq 1941-ci ilin noyabrında İranın tranzit yolu ilə 12 Amerika təyyarəsindən ibarət ilk partiya bu qədim Azərbaycan şəhərinə gətirilmişdi.

 

 

 

Hərbi mütəxəssislərin fikrincə, Amerika və ingilis bombardmançılarının və qırıcılarının bu şəhərə çatdırılması böyük üstünlüklər verirdi. Həmin dövrdə burada hərbi pilotların yetişdirilməsi üçün məktəb yerləşirdi və böyük təyyarə təmiri zavodu fəaliyyət göstərirdi. Müharibə illərində Kirovabaddan cəbhəyə 6000-dən çox təyyarə yola salınmış, müxtəlif növ 782 təyyarə, 1550-dən çox təyyarə mühərriki və digər ehtiyat hissələr təmir edilmişdi. Eyni zamanda, Qırmızı Ordunun hərbi hava qüvvələrinin nizami hissələrinin uçuş heyətinin yeni Amerika və ingilis hərbi döyüş təyyarələrində uçması üçün onların yenidən hazırlanması və yenidən təlim keçməsi də Kirovabadda yerləşən hərbi aerodromda təmin olunurdu.

 

Hərbi pilotların hazırlanması üçün hələ 1937-ci ilin yanvarında Kirovabadda yaradılan xüsusi məktəbdən danışarkən, qeyd etmək yerinə düşər ki, İspaniya Respublikası ordusunun hərbi hava qüvvələri üçün hazırlanmış 413 ispan pilotu da məhz bu hərbi təhsil müəssisəsində təlim keçmişdilər. Həmin pilotların 300-dən çoxu İspaniya səmalarındakı döyüşlərdə iştirak etmişdilər. Bununla yanaşı, 1942-ci ilin əvvəlində altı nəfər ispan pilotu Bakı bölgəsindəki qırıcı aviasiya alayının tərkibində xidmət keçmişdilər. Onların "Lend-Liz" üzrə müttəfiqlərdən alınan təyyarələrdə uçduğu haqda məlumatlar var.

 

1937-1939-cu illərdə təlim uçuşları zamanı həlak olmuş altı pilot Gəncə şəhərindəki Yeni Sebiskar qəbiristanlığında dəfn olunub. Daha 14 məzar daşında rus adları və soyadları həkk edilib. Lakin belə düşünmək olar ki, həmin məzarlarda uyuyanlar da məxfilik səbəbindən adları gizlədilmiş ispanlardır. İndi Azərbaycan və Rusiya SSRİ-nin vaxtilə İspaniyaya göstərdiyi yardımla bağlı arxivlərinin bir hissəsini məxfilikdən çıxardığı bir vaxtda tariximizin Azərbaycanı uzaq İspaniya ilə birləşdirən həmin səhifəsinin sirlərini açmaq mümkündür.

 

İndi isə bir qədər müharibə illərində alman casus-təxribat qrupları qarşısında qoyulmuş əsas vəzifə barədə danışaq. Onların qarşısında ABŞ və İngiltərənin Qırmızı Ordu üçün silah və avadanlıq çatdırdığı Fars körfəzindən SSRİ sərhədlərinə qədər olan kommunikasiyaları dağıtmaq vəzifəsi qoyulmuşdu. Təxribatçılar dəfələrlə körpüləri, tunelləri və Trans-İran dəmir yolu magistrallarını partlatsalar da, bu prosesi dayandıra bilməmişdilər.

 

 

 

İkinci Dünya müharibəsində alman təxribat qruplarının rəhbəri olmuş Otto Skortseni öz xatirələrində yazırdı ki, o dövrdə Sovet İttifaqına qarşı mübarizəni və Yaxın Şərqdə ingilis-amerikan varlığının aradan qaldırılmasını özünün başlıca vəzifəsi hesab edirdi. Skortsenin təxribat qruplarından biri müttəfiqlərin dəmir yolu ilə hərbi texnika göndərdiyi Cənub marşrutu boyunca bir sıra təxribatlar həyata keçirməli idi. Lakin alman təxribatçısının özünün də vurğuladığı kimi, tezliklə onun bütün şəxsi heyəti həbs olundu.

 

Bu məlumatlar antihitler koalisiyasının müttəfiqləri tərəfindən göndərilən texnikaların cəbhəyə çatdırılmasında Azərbaycanın iştirakı barədə məlum faktların yalnız cüzi bir hissəsidir. Biz o dövrdə Azərbaycanda bu istiqamətdə görülən işlərin təhlilini verməyə çalışmırıq. Müsbət haldır ki, bu mövzuda çoxsaylı məqalələr yazılıb, görkəmli alimlərimizin bir sıra elmi əsərləri çap olunub. Bizim məqsədimiz isə bir daha İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" prinsipi ilə yaşayıb işlədiyini cəmiyyətə xatırlatmaqdır. Azərbaycan bu vəzifələrin öhdəsindən şərəflə gəlmişdi. O zaman istər-istəməz belə bir sual yaranır: Azərbaycan neftçilərinin və ümumiyyətlə, bütün arxa cəbhənin titanik zəhməti olmasaydı, antihitler koalisiyanın müttəfiqləri tərəfindən göndərilən yüklərin Azərbaycanda qəbulu və çatdırılması üzrə işlər dəqiq, operativ təşkil edilməsəydi, döyüşlərin getdiyi cəbhələrdə hərbi əməliyyatlar necə cərəyan edərdi?

 

Tarixi vərəqləyəndə bir daha şahidi olursan ki, heç bir müharibə qansız, itkisiz ötüşməyib, həmişə dağıntılar və faciələrlə müşayiət olunub. Xüsusilə də müharibə Vətən uğrunda aparılanda işğalçıya qarşı savaş daha fərqli olur. İkinci Dünya müharibəsi illərində də insanlar "Hər şey Vətən üçün", "Hər şey cəbhə üçün", "Vətən naminə" yaşayır və işləyirdilər. Tarix dəfələrlə sübut edib ki, doğma torpaq, Vətən uğrunda canını fəda edib, dövlət və xalq qarşısında öz borcunu sonadək yerinə yetirmək, qəhrəmanlıq nümunəsi göstərmək, milyonlarla insanın sevgisini, rəğbətini qazanmaq hər bir vətənpərvər insanın arzusu olub və bu gün də belədir.

 

44 günlük Vətən müharibəsi uzun dövlətçilik və hərb tarixi olan Azərbaycan xalqının qəhrəmanlığını və şücaətini bir daha göstərdi və tariximizin növbəti şərəfli səhifəsinə çevrildi. 30 ilə yaxın düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən müqəddəs arzusu, diləyi idi. Çox sevindirici haldır ki, Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımız azad etdi, xalqımıza qələbə sevinci yaşatdı.

 

Yazını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətlərinin birində səsləndirdiyi aşağıdakı fikirlə yekunlaşdırmaq istərdik: "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi".

 

Rövşən AĞAYEV

Natiq İSAYEV

 

525-ci qəzet.- 2021.- 22 iyun.- S.10-11.