Poeziyamızın Xanım fəsli
XANIM
İSMAYILQIZININ "ADI BİLİNMƏYƏN
FƏSİL" KİTABI HAQQINDA
Fikrin bədii həlli əsrlər uzunu bəşəriyyəti
sözə daha sıx bağlıyıb. Poetik məzmun
sözün dəyərini ən böyük zirvələrə
ucalda bilib.
Dostoyevski deyir ki, möhtəşəm düşüncələr
böyük ağıldan çox, böyük hisslərdən
qaynaqlanır.
Hisslərin yaratdığı ovqat, şəxsin
emosional vəziyyəti irq, cins, milli kimlikdən asılı
deyil. Amma həmin hisslərin,
düşüncələrin təcəssümü, bədii
ifadəsi sabit formaya, hansısa qəlibə
sığmır. Yaş,
dünyagörüşü, istedad, həyatda baş verən
hadisələr, bu hadisələrə xüsusi yanaşma səbəb
olur ki, müxtəlif məzmunlu, fərqli üslub və
formada əsərlər yaransın. Heç
təsadüfi deyil ki, poeziyamızın bulağı min illərdən
bəri hələ də çağlayır.
"Şairə" sözünün işlənməsi
qrammatik cəhətdən nə qədər yolverilməzdirsə,
semantika baxımından da bir o qədər mənasızdır. Çünki
şeir müəllifi cins kateqoriyasına əsasən yox, bədii
mətnin məzmun və formasına görə təhlil
edilib qiymətləndirilir. Sadəcə,
bir məsələni vurğulamaq mütləqdir ki,
qadınların həyata baxışı, baş verənlərə
reaksiyası, duyğuları fərqli olur. Onlar bəzən
əks cinsin duya bilmədiklərini hiss edirlər. Bu da qadın şairlərin poeziyasını zənginləşdirir,
onların yaradıcılıqlarını heç vaxt
kölgədə qoymur. Məshəti Gəncəvidən
Fatma xanım Kəmini, Nigar Rəfibəylidən Mədinə
Gülgün, habelə, bugünkü günə qədər
qadın şairlərimizin misraları könüllər
oxşayıb. Onlardan biri də,
çağdaş ədəbiyyatımız ən zərif və
bir o qədər də əzmkar nümayəndələrindən
olan Xanım İsmayılqızıdır. Şeirlər axınında Xanım
İsmayılqızını xüsusiləşdirib Azərbaycan
oxucusuna sevdirən hansı məqam oldu?
Bunun
cavabını tapmaq üçün Xanım
İsmayılqızının yaradıcılığı
vasitəsilə iç dünyasına səyahət etmək
lazımdır. Bu yaxınlarda onun "Adı
olmayan fəsil" (Bakı, "Təhsil", 2021, 640 səh.)
kitabı işıq üzü görüb. Kitabı mütaliə etdikcə bu qənaətə
gəlmək olar ki, onun şeirləri xüsusi bir not üzərinə
köklənib. Bu notun ismi
"Xanım"dır. Şeirlərin ahəngdar
quruluşu xanım şairin həm də gözəl bəstəkarlığından
irəli gəlir. Elə Xanım
İsmayılqızı poeziyasını oxuculara sevdirən də,
bu axıcılıq, sadəlikdir. Eyni zamanda, bu sadəliyin
içərisində dərin təfəkkür var. Şair nə
qədər ülvi hisslərin həzinliyi ilə yazırsa,
bir o qədər də bəzi şeirlərində coşqu,
üsyan var. Məsələn,
İçinə
dolan səslərdən,
Yaralanmış
hissələrdən,
Hər dərdə
qalxan gözlərdən
Üzünə
yaşlar düşür..
misraları nə qədər kövrəkdirsə,
Dünyanın
hər dadına
Baxıram, bəsdi artıq.
Həyatın
zindanında
Yatıram, bəsdi artıq.
misralarında həyatın acısına, keşməkeşinə
qarşı bir müxaliflik, üsyan var.
Xanım
İsmayılqızının yeni kitabı- "Adı Olmayan
Fəsil"
Xanım İsmayılqızının şeirləri
pafosdan uzaqdır. Bunun isə səbəbi odur ki, o, öz
şeirlərində emosiya balansını qoruyub saxlaya bilir.
Romantik düşüncələrlə realizmin
vəhdətindən doğan Xanım
İsmayılqızı poeziyasında forma ilə məzmun vəhdətinin
şahidi oluruq. Bədii təsvir və
ifadə vasitələrinin mürəkkəb forması onun
şeirlərinə yaddır. Adətən
bəzi şairlər bir fikri çox güclü bədii
fiqura yükləyirlər. Misra qulağa
xoş gəlsə də, fikrin alt qatında nəsə məna
tapmaq mümkün olmur. Amma möhtəşəm
fikir üçün heç də yüksək səviyyədə
bəzəkli ifadəyə ehtiyac olmur. Bəzən
də hər iki amil uzlaşır, daha da təqdirəlayiq
misralar yaranır. Xanım
İsmayılqızının şeirlərində sətiraltı
mənalar olduqca zəngindir, mətn oxucuya nəsə verə
bilir, hansısa mesajı ötürür. Məhz buna görə də, heç də
aşırı səviyyədə bənzətmələrə
rast gəlmirik, xanım şair bu nöqteyi-nəzərdən
tərəzinin gözlərini stabilləşdirməyi
bacarır.
Mən
adamam, boş deyiləm,
Ruhum da
var, daş deyiləm,
Nə
olsun ki, quş deyiləm,
Qanad gərən adamam.
Bu misralarda insanın həyatdakı funksiyası, mənəvi
kimliyi əks olunub, amma heç də mürəkkəb ifadələr
kontekstində oxucuya təqdim edilməyib. İnsan
düşüncələri min fikirlə doludur,
köksündəki daş deyil, ruhunun zərifliyi var və
bütün bunların qarşısında, mənəvi
mücadilənin önündə həyatın
reallığına, bu reallıqdakı problemlərə
güc gəlməyə çalışır, mücadilə
aparır.
Xanım İsmayılqızının şeirlərinin
böyük bir qismində insan həyatının sərt
döngələri, həzin kədər ifadə olunur. Amma şair
bunlara rəğmən, həyatda mücadilə aparan,
çovğunlarda əyilməyən bir obraz yaradıb.
Ümumiyyətlə, Xanım
İsmayılqızının şeirlərinin hamısı
birlikdə orijinal insan surəti yaradır. Bu cizgilərdə
acılı-şirinli nüanslar yüksək bədii sənətkarlıqla
təsvir olunub:
Bir az gecə düşür günün
üzünə,
Bir az günəş qonur pəncərəmizə,
Bir az dirilən var, bir az da ölən,
Bir az duman çökür gözlərimizə.
Amma bu təlatümlərə
baxmayaraq, şair çətinliklərə sinə gərməyi
bacarırır:
Bacarıram
sinəmə yollar çəkməyi,
Dağılan
yuva altında yurd tikməyi,
Bacarıram
dağ başında yurd tikməyi,
Sürünməyi
bacarmıram...
"Adı olmayan fəsil" kitabında diqqətimi
çəkən şeirlərindən biri də Xanım
İsmayılqızının "Şuşam" şeiri
idi. Şeir qələbədən əvvəl
yazılıb, 2017-ci ildə. Amma şair
şeirdə elə bir ümid işığı
yandırıb, Şuşanı elə içdən
arzulayıb ki, mətni həyəcansız oxumaq mümkün
olmur. Hər ağızda bir dua, hər
duada bir xeyir var deyiblər. Kim bilir, bəlkə,
xanım şairin səsi haqqın dərgahına
çatıb:
Şuşam,
Mən səndə
olmasam da,
Sən həmişə məndəsən.
Sevgimin əlindəsən.
Torpağına
ayağım dəysin
Yaddaş
silinmədən...
Kaş ki
səndə nəfəs alım
Ölümlə
bölünmədən...
Xanım İsmayılqızı poeziyası təbiətin
rəngindən rəng alıb. Təbiət hadisələri
şairin hisslərinin ən gözəl "həmqafiyəsi"dir.
Xanım şair təbiətin müxtəlif anlarını:
gah həzinliyini, gah şıltaqlığını insan
duyğuları ilə ustalıqla uzlaşdırır:
"...Çox
deyil, bir qucaq gəzir
Sazaqlarda,
sazaqlarda..."
"Qasırğa,
tufanları,
Üsyan
edən anları,
Gecikən
zamanları,
Pozdum
haray şəklində..."
"Günəş
doğan günə düşdü yarımçıq
ayın gecəsi,
Axtarılan
ünvanların indi adsızdı küçəsi..."
"Səhər
deyilsən gözümü sənin üçün aça
bilim..."
Bir silsilə
belə nümunələr göstərmək olar...
"Adı olmayan fəsil" kitabında Xanım
İsmayılqızının müəllifi olduğu mahnılar
da yer alıb.
Xanım şairi bəstəkar kimi kəşf
etmək də zövqvericidir. Mahnılarla tanış olduqca Vahidin
"Bütün
gözəlliyi Tanrım o sərvinazə verib,
O hər
nə etsə, təbiət ona icazə verib"
- misralarını xatırladım. Xanım İsmayılqızının şair ruhu
gözəl mahnılarının, peşəkar musiqi duyumu isə,
ürəyəyatımlı şeirlərinin qayəsini təşkil
edir. Şeirlərinin əksəriyyətinə
özü melodiya bəstələyib, amma digər bəstəkarlar
da xanım şairin şeirlərinə müracət ediblər.
Elə Xanım İsmayılqızının
özü də bir çox şairin şeirlərinə
mahnılar bəstələyib. Bu kitaba əlavə edilən
mətnlərdən biri Polad Bülbüloğlu bəstəsində
göylərə ucalıb: "Azərbaycan, Odlar Yurdum mənim!"
Mahnı bu yaxınlarda
"Xarıbülbül" festivalında, Cıdır
düzündə səsləndi. Məhz bu
mahnını kitabdakı nəğmələrin ən müqəddəsi
adlandırmaq olar...
Kitabın digər hissəsində Afaq Məsud, Vaqif
Yusifli, Sadıq Elcanlının Xanım
İsmayılqızı haqqında məqalələri yer
alıb. Məqalələri oxuduqca, xanım şairi daha
yaxından tanımaq, yaradıcılığına daha
yaxşı bələd olmaq mümkün olur.
"Adı
olmayan fəsil" kitabı müxtəlif zamanlarda Ömər
Xəyyam, Fərid Hüseyn, Oğuz Ayvaz, Kamran Ağabalayev,
Oqtay Qorçunun Xanım İsmayılqızından
aldıqları müsahibələr ilə tamamlanır.
Xanım İsmayılqızı haqqında bu yazını yazmamamışdan əvvəl Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, xanım şairimizin yaxın dostu Rəşad Məcidlə həmsöhbət oldum. Rəşad müəllim Xanım İsmayılqızı haqqında xoş fikirlərini mənimlə bölüşdü:
"Xanım İsmayılqızı ilə dostluğumuzun tarixçəsi 30 ili keçir. Ötən əsrin 90-cı illərində Tərcümə Mərkəzində bir yerdə çalışmağa başlamışıq. Həmin illərdən bəri Xanım İsmayılqızını gözəl insan, səmimi dost, istedadlı qələm adamı kimi tanımağa başladım. Yəqin ki, bu istedad ona atasından - məşhur yazıçı İsmayıl Qarayevdən gəlib. Xanımdakı yaradıcılıq şövqü genetikdir. O, gözəl şeirləri ilə bizi təəcübləndirməyi bacarır. Xanım, eyni zamanda, gözəl bəstəkardır. Hətta, 90-cı illərin ortalarında, "525-ci qəzet"in indikindən xeyli yüksək tirajla çap olunan vaxtlarında Xanım İsmayılqızı jurnalist fəaliyyəti ilə məşğul olub. Yaradıcı insanlarla müsahibələri çox maraqla oxunurdu. Xanım mənim bir neçə şeirimə musiqi bəstələyib. Ümumiyyətlə, onun əksər bəstələri insanların könlünü oxşayır. Xanım İsmayılqızının bu nəfis tərtibatda ərsəyə gələn kitabı məni çox duyğulandırdı. Bu şeirləri oxuduqca keçmiş illərə qayıtdım. Biz Xanımla bir çox ölkədaxili və xarici səfərlərdə olmuşuq. Xanım İsmayılqızı həmişə gözəl ovqatı ilə bizdə xoş aura yaradıb. Bu şeirlər Xanımın xarakterini, gizlində keçirdiyi hissləri bizə aşılayır. O, kövrək insandı, şeirlərdə də incə ruhu hiss olunur. "Adı olmayan fəsil" kitabı Xanımın oxuculara, dostlarına ən gözəl hədiyyəsidir. Arzu edirəm ki, həmişə bu cür xoş ovqatda, aurada olsun. Xanım İsmayılqızını bu kitab münasibətilə ürəkdən təbrik edirəm".
Yazılanlar yazılıb, deyilənlər
deyilib, amma ürəkdən gələn sözləri qələmə
almayanda söz ürəyi içdən-içdən yeyir.
"Adı olmayan fəsil" kitabını mütaliə
etdikcə poeziyamızın Xanım fəsli bütün
çalarları ilə mənə agah oldu. Arzu edirəm ki, ədəbiyyatımızın
daim təravətli olması naminə bu fəslin
çiçəkləri heç zaman solmasın!
Nadir YALÇIN
525-ci qəzet.-
2021.- 23 iyun.- S.19.