Psixoloji zorakılıq və
alçaldılmaq duyğusu
ÖZÜNƏ
DƏYƏR VER, BAŞQALARININ RƏYİNƏ BAĞLI
YAŞAMAQDAN İMTİNA ET
İnsan necə yaralanır? Pəncərə silərkən yıxılmaqla,
yoxsa stolun küncünə ilişən
çeçələ barmağın
qanaması ilə?
Bəlkə, qaynar çaydana
toxunmaqla? Bunlar adi
məişət qəzaları
zamanı baş verə biləcək yaralanmalardır.
İllərlə qadınlar məişət
zorakılıqlarını da adi məişət
qəzası olaraq qəbul edib həzm etməyi bacarıblar. Kişinin hikkəsindən evdə əşyaların
qırılması, qadının,
uşağın döyülməsi
bir vaxtlar adi hal hesab
edilirdi. Çünki o vaxtlar ailə anlayışına "qadın
da, uşaq da döyülməsə ağıllanmaz" düşüncəsi
hakim idi.
Nəhayət, illər sonra cəmiyyətimizin insana əl qaldırmağın,
döyməyin, fiziki zərər verməyin cinayət olduğunu anlaması mümkün oldu. Amma ailələrdə,
elə məktəbdə
müəllimlərin şagirdlərə,
iş yerlərində
insanların bir-birinə
qarşı psixoloji zorakılığı davam
etməkdədir. Yəqin hələ
də ona görə davam etməkdədir ki, bu zorakılığın
nə gözlə görülən yaraları
qalır insan bədənində, nə
də əllə tutulan bir tərəfi
olur. Təəssüf ki, məişət
zorakılıqları indi
psixoloji zəmində
daha da şiddətli
şəkildə davam
etməkdədir. Bunu
edən isə təkcə kişi
deyil. Hər gün qadın
qadına, ər arvadına, qaynana gəlininə, ata oğluna, rəhbər işcisinə, sərnişin
avtobus sürücüsünə
- hamı bir-birinə
psixoloji zorakılıq
tətbiq edir.
Psixoloji zorakılıq nədir və qarşısı necə alına bilər?
Bəzən duyğular başqa hisslərə nəzərən
daha şiddətli olur. Bunlar günahkarlıq, qəzəb, hüzn kimi insanın gündəlik sağlam yaşayışına mənfi
təsirləri olan duyğulardır. Bu mənfi duyğuların ən betəri isə alçaldılmaq hissidir. Bu, elə
güclü bir hissdir ki, insanın
mənliyini, xarakterini
parçalaya, sinir sistemini poza bilir. Daima dəyərsiz və
bacarıqsız olmaq,
nə etsən də bəyənilməmək,
lağa qoyulacağını
hiss etmək insanı
daxildən əzən,
həyat enerjisinin bədənindən sovrulub
çıxmasına səbəb
olan hallardır.
Çünki alçaldılmaq beynin ağrı ilə əlaqəli olan hissələrini hərəkətə gətirir.
Bu, insana psixoloji
olaraq əzab verməklə yanaşı,
bəzi fiziki ağrılara, istəksizliyə,
halsızlığa, dalğınlığa
səbəb olur.
Alçaldılmağın insan üzərində
dərin təsirləri
olan mənfi duyğulara rəvac verdiyi elmi təcrübələrlə
də sübuta yetirilib. Bu təcrübələr
göstərir ki, psixoloji zorakılıq, şəxsiyyətin alçaldılması
insan həyatını
məhv edən əsas amillərdəndir.
Belə təcrübələrdən biri
Amsterdam Universitetində aparılıb. Tədqiqatçılar
46 nəfər könüllünün
fərqli emosional cavablarını müqayisə
etdikləri bir araşdırma iş aparıblar. Onlar bir ekranda təhqir və təriflərlə zəngin
qısa filmlər izləyən iştirakçıların
beyin dalğalarını
təhlil ediblər.
Təcrübə iştirakçılarına ekranda bəzi qısa filmlər izlədilib və filmdəki baş obraz ilə empatiya qurmaqlarını istəyiblər. Qeyd edək
ki, filmdəki obraz dəyərsiz hiss edəcəyi hadisələr
yaşayan birisi olub. Onunla empatiya quran
insanlar da eyni anda bu
hissləri keçiriblər.
Bu zaman onların
beyin dalğaları ölçülüb. Bu yolla araşdırmaçılar
alçaldılmaq hissinin
insan beynini sevinc duyğusundan daha sürətlə və güclü şəkildə aktivləşdirdiyinin
şahid olublar. Ən maraqlısı isə odur ki,
bu duyğu qəzəb hissindən daha güclü
olub. Bu hissin beynin ağrı hiss etdirən bölgələrinin
aktivləşdirdiyi sübuta
yetirilib.
Tərif insanda sevinc hissi oyatsa da,
alçaldılmaq bu xoş duyğulardan daha güclüdür. Bu, demək olar ki, hər kəs
tərəfindən bilinən,
ölçülə bilən
reallıqdır. Amma ən
qəribəsi qəzəb
hissinin də alçaldılmışlıq hissindən zəif olmasıdır. Bütün bu
hissləri insan beynində yaradan videogörüntülər, alçaldılmağın
beyni daha çox aktivləşdirdiyini,
bu aktivliyin də xüsusilə ağrı hiss etdirən nahiyələrdə olduğunu
görməyə kömək
edib.
Bu reallıqla birlikdə,
alçaldılmağın, təhqir edilməyin gündəlik həyatın
bir hissəsi olduğunu düşünmək
həqiqətən qorxuncdur. Alçaldılmaq və təhqir edilmək gündəlik həyatda bir çox insanın yaşadığı duyğudur.
Xüsüsusilə də bir çox insan yalnız başqalarını
alçaldaraq, yaxud müqayisə edərək
onlarla ünsiyyət qura bilirlər. Bu tip insanlar fikirlərini
daha düzgün formada ifadə etmək üçün lazımi empatiya qabiliyyətinə sahib deyillər.
Məsələn, qonşunun övladını
tərifləyən bir
ananı təsəvvür
edək. Oğlunu o uşaqla
qarşılaşdırır, onun müsbət xüsusiyyətlərini öz
övladına örnək
göstərir. Bu zaman qadın öz övadının uğurlarını, müsbət
xüsusiyyətlərini görməzdən
gəldiyini anlamır.
Əgər ana bu müqayisəni başqalarının
yanında övladına
qarşı edirsə,
uşaq özünü
alçaldılmış, dəyərsiz hiss edəcək.
Alçaldılmaq duyğusu insan münasibətlərini zədələyir
Bu kimi hallarla gündəlik
həyatda, xüsusilə
iş yerlərdində
tez-tez qarşılaşmaq
mümkündür. Bir
şəxsi hədəf
götürüb lağa
qoymaq, onun bəzi xüsusiyyətlərini
ələ salmaq, utandırmaq iş mühitində rast gəlinən hadisələrdəndir.
Alçaldılmaq adətən
insanda dərin və uzun müddət
sağalmayan mənəvi
yaralara səbəb olan naxoş
duyğular oyadır. Bu, insanın özünə
olan inamını zədələyir, sonradan
onu bərpa etmək isə çox çətin olur. Beləcə, həm içimiz
bizə bu cür münasibət göstərən insana qarşı qəzəblə
dolur, həm də get-gedə özümüzə yadlaşır,
özümüzü dəyərsiz
hiss edirik.
Nə etməli?
Alçaldılmağın üzərimizdə dərin
izlər buraxmasının
qarşısını necə
ala bilərik?
Mühüm olan özümüzü tanımaq və özümüzə dəyər
verməkdir. Amma təəssüf ki, hər insan
bunu bacarmır, ya da bu
əsas məqamı gözdən qaçırdır.
Əgər insan özünə
dəyər verməyi
alışqanlıq halına
gətirərsə, başqalarının
fikirlərini beyninə
çox salmaz, onun üzərində çox dayanmaz və mənfi davranışları olan insanların özlərinin
problemli insanlar olduğunu dərk edə bilər. Bu dərketmə halı
isə insanın həyatdakı duruşunu
və tutumlarının
daha sağlam, daha güclü olmasına kömək edir. Əgər biz özümüzün kim olduğumuzu dərk etsək, başqalarının haqqımızda
söylədiyi fikirlər
bizə təsir göstərməz.
Burda əsas məsələ öz mənlik duyğularımızı gücləndirmək və mənfi münasibətlərə qarşı zəifləməməsi üçün onu daima qorumaqdır. Bunu bacarmaq üçün isə insanlarla qurduğumuz dialoqlarda diqqətli olmaq lazım gəlir. Amma ən əsası, özümüzlə bağlı işlətdiyimiz ifadələrə daha çox diqqət yetirməliyik. Özümüzlə bağlı mənfi ifadələrdən uzaq durmalı, müsbət və özümüzdə ruhlandırıcı fikirlər aşılamalıyıq. İnsanın özünə qarşı sağlam fikirlər mənimsəməsi, özünə dəyər verməsi, inanması, özünü sevməsi sağlam psixologiya üçün əsas amildir.
Əlbəttə, həyatda səhvlər edəcəyik, heç kim mükəmməl deyil. Amma bununla belə, özümüzə o qədər çox dəyər verək ki, başqalarının bizi alçaltmaq cəhdlərinə reaksiyasız qalmağı bacaraq. Çünki başqalarının bizə qarşı davranışlarına çox vaxt mane ola bilmirik. Hələ bu insanlar öz valideynlərimizdirsə, onlara qarşı özümüzü müdafiə etmək cəhdlərimiz lap çətinləşir. Amma bu cür davranışların bizə təsir etməsinin qarşısını ala bilərik: yalnız özünü tanımaq, özünə inanmaq və özünü sevmək yolu ilə. Bu sadalananlar insanın mənəvi baxımdan güclənməsinin əsas şərtlərindəndir.
Qeyd edək ki,
alçaldılmaq insan şəxsiyyətinə,
kimliyinə qarşı zorakılıq və şiddət
aktı hesab edilir. Bunu anlamaq sizinlə
yanlış davranan insanlarla
aranıza məsafə qoymaq üçün də faydalıdır.
Özünə dəyər vermək başqalarının rəyinə
bağlı yaşamaqdan imtina
etməklə başlayır.
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.- 23 iyun.- S.18.