Böyük vətənpərvərin xatirəsinə ehtiram borcumuz

 

TANINMIŞ ZİYALILAR ŞUŞADA ƏHMƏD BƏY AĞAOĞLUNUN EV MUZEYİNİN YARADILMASI İDEYASINI ÜRƏKDƏN DƏSTƏKLƏYİRLƏR

 

8 noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə əfsanəvi Şuşa şəhərinin 28 il sonra erməni işğalından azad olunduğu gün kimi yazıldı. Kiçik şəhər olmasına baxmayaraq, ən qədim zamanlardan bu günə kimi Azərbaycan tarixinə, mədəniyyətinə bir-birindən dəyərli ziyalılar, şəxsiyyətlər bəxş edən Şuşa azad edildikdən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edildi.

 

Əlbəttə, Qarabağın, eləcə də, Şuşanın azadlığı cəmiyyətdə doğurduğu qürur və sevinclə yanaşı, yeni-yeni təkliflərin də səslənməsinə səbəb oldu. Vaxtilə orda olmuş mədəni abidələrimizin, dövlət əhəmiyyətli binaların bərpası isə həm xalqımızın, həm də dövlətimizin prioritet məsələlərindəndir.

 

Bir müddətdən bəri səslənən təkliflər arasında görkəmli ictimai-siyasi xadim, ideoloq, publisist, "Difai" təşkilatının qurucusu, şərqşünas alim, yazıçı Əhməd bəy Ağaoğlunun Şuşada doğulduğu evin tapılıb bərpa edilməsi və muzeyə çevrilməsi məsələsi də var. Əhməd bəyin ailə üzvləriylə yanaşı, bir sıra araşdırmaçı, yazıçı, jurnalistlər, xüsusən, şuşalı ziyalılar da bu təklifi dəstəkləyirlər.

 

Onların fikirlərinə keçməzdən öncə, Əhməd bəyin bioqrafiyasından Şuşayla bağlı olan hissəni oxucularımıza xatırlatmaq istərdik. Hərçənd, ömrünün müəyyən hissəsini mühacirətdə keçirməsinə və mühacirətdə dünyadan köçməsinə baxmayaraq, Əhməd bəy hər zaman Azərbaycanla, Qarabağla, Şuşayla bağlı olmuşdu.

 

O, 1869-cu ilin dekabr ayında Şuşada dünyaya gəlib. Atası Mirzə Həsən bəy Qarabağın Qurdlar elindən idi. Babası Mirzə İbrahim Şuşanın ən məşhur alimlərindən biri olub, xəttatlıq edər və türk dilində şeirlər yazardı. Anası Tazə xanım Şuşanın Sarıcalı elindən olan Rəfi bəyin qızı, Zeynalabdin bəy Rəfibəyovun bacısı idi.

 

1881-ci ildə Şuşada 6 siniflik Real məktəbi açıldıqdan sonra atası Əhmədi oraya təhsil almağa göndərir. Əhməd bəy həyatında ilk dəfə qərb ideologiyası ilə Şuşada məhz bu məktəbdə tanış olur və oranı uğurla bitirir. 1896-cı ildə isə Şuşa Realnı məktəbinə fransız dili müəllimi təyin olunub və Şuşada müəllimlik fəaliyyətinə başlayıb, orda ilk dəfə qiraətxana-kitabxana açıb. Onun Şuşada uşaqların maariflənməsi adına gördüyü böyük işlər bu gün də minnətdarlıqla anılır.

 

Bir müddət öncə professor Aydın Balayev özünün sosial şəbəkə hesabında Əhməd bəyin Şuşada ev muzeyinin yaradılması təklifini səsləndirərkən onu belə əsaslandırmışdı: "Ermənilər və xalqımızın digər düşmənləri ilə mübarizə dedikdə isə, göz önünə ilk növbədə Əhməd bəy gəlir. Ə.Ağaoğlunun təkcə 1905-1909-cu illərdəki fəaliyyəti və xidmətləri, onun adının milli tariximizə qızıl hərflərlə əbədi həkk olunması üçün bəs edərdi. 1905-ci ilin fevralında başlanan erməni-müsəlman qırğınları ilə əlaqədar bədxah qonşularımızın yaratdığı informasiya blokadasını Peterburq mətbuatındakı yazıları ilə ilk olaraq yaran, 1906-cı ilin fevralında Tiflis sülh konfransında huşunu itirənədək mübarizə aparan və daşnak liderlərinin qarşısından bir addım belə geri çəkilməyən, Qafqaz canişininin Bakı kəndləri əhalisinin deportasiyası və Abşeronun faktiki olaraq "Böyük Ermənikənd"ə çevrilməsi planlarına qarşı çıxaraq, onların gerçəkləşməsinə imkan verməyən, qurucusu olduğu "Difai" partiyasının rəhbəri qismində daşnak quldurları və onların rus himayədarlarına qarşı silahlı mübarizəyə başçılıq edən və ən əsası isə, Azərbaycan cəmiyyətində milli məfkurə toxumlarını səpərək, soydaşlarının bir millət olaraq formalaşması prosesinə dəstək verən məhz Ə.Ağaoğlu olmuşdur".

 

Cümhuriyyət dövrü tədqiqatçısı, araşdırmaçı-yazar Dilqəm Əhməd hələ bu ilin yanvarında bu təkliflə "Şərq" qəzetində çıxış etmişdi. O bildirmişdi ki, Əhməd bəy Ağaoğlunun doğma yurdunda, işğaldan azad edilmiş Şuşa şəhərində Ağaoğlu muzeyinin yaradılması təklifi ilə müvafiq dövlət qurumlarına müraciət ünvanlayıb. Araşdırmaçı bunun üçün əlində kifayət qədər dəyərli sənədlərin, fotoların olduğunu deyib, qeyd eləmişdi ki, 5 ildən çoxdur Əhməd bəy Ağaoğlu ailəsinə aid materiallar toplayır.

 

Dilqəm Əhməd vurğulayıb ki, Ağaoğlu arxivinin bir hissəsini Türkiyədə müxtəlif hərraclardan aldığı materiallar təşkil edir. Digər hissəsi isə Əhməd bəy Ağaoğlunun nəvəsi, mərhum Tektaş Ağaoğlunun ona hədiyyə etdiyi sənədlərdən ibarətdir: "Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuzun ötən il noyabrın 8-də Şuşanı işğaldan azad etməsindən sonra başlanan quruculuq işlərinə töhfəmiz olsun deyə Ağaoğlu muzeyi ideyasını təklif etmişəm. Yeri gəlmişkən, Əhməd bəyin övladları da önəmli şəxslər olublar. Sürəyya xanım Ağaoğlu Türkiyənin ilk qadın vəkilidir. İstanbul Darulfünununda hüquq təhsili alan ilk 3 qızdan biridir.

 

Şuşada yeni muzey binasının tikilməsini istərdim. Muzeyin önündə Ağaoğlunun büstü və ya heykəli olsun. Bina muzey, kitabxana və idari hissələrdən ibarət ola bilər. Çünki orada tədbirlər də keçirmək lazımdır. Bildiyiniz kimi, bizdə ev muzeyləri simvolik olur. Məsələn, elə muzeylər var ki, sadəcə dövrə aid materiallar toplayıblar və filan yazıçının adına elan ediblər. Mən daha çox praktik muzey istəyirəm. Məndə nələr var? Ən önəmli eksponatım Əhməd bəyin Malta adasında olarkən tutduğu gündəlik dəftər və bloknotlardır. Eləcə də Malta fotoşəkil albomu və sair. Əhməd bəyə aid ayrıca 20 foto, oğlu Səməd bəyə aid 70 foto və xeyli sənəd var. Həmçinin, qızları Tezer və Sürəyya xanımlara aid onlarla foto, yüzdən çox sənəd və sair. Eləcə də xeyli kitab əldə etmişəm. Yəni bir muzey qurulacaq qədər materialımız var".

 

Ə.Ağaoğlunun nəticəsi, məşhur musiqiçi Əhməd Güvənç də HafizTimes.com saytına müsahibə verərkən bu təkliflərə də münasibət bildirib: "Babam Əhməd bəy Ağaoğlunun Şuşadakı evinin yenidən tikilməsi, orada ev muzeyinin olması məni çox xoşbəxt edər. İnşallah, belə də olacaq. Onun da ruhu şad olar. Məni də Şuşaya dəvət etsələr, qürur duyaram və sevinə-sevinə gedərəm. Şuşa mənim baba yurdumdur".

 

Ə.Ağaoğlunun qardaşı Həsən bəyin nəvəsi Nigar xanım Axundova "525-ci qəzet"ə açıqlamasında bu mövzu ilə bağlı ailə olaraq əllərindən gələn hər şeyi etməyə hazır olduqlarını dedi: "Bu mövzu bizim üçün çox həssas və vacib bir mövzudur. Ona görə ki, biz özümüz də bu məsələdə yaxından iştirak etməyə hazırıq. İlkin məsələ evin özünün tapılmasıdır. Bizim əlimizdə bir dənə şəkil var. O şəkil vasitəsiylə evi tapmalıyıq. Həmçinin, bizdə Vilayət Quliyev vasitəsiylə belə bir məlumat var ki, o evdə sonralar məktəb yerləşib və o məktəbə də şuşalılar öz aralarında "Lesnoy" deyiblər. Anamdan eşitdiyimə görə də, o ev Qurdlar məhəlləsində olub. O ev mənim ulu babam Mirzə Həsən bəyin evidir. Mənim babam Hüseyn bəy və qardaşı Əhməd bəy o evdə anadan olublar. Əlimizdəki məlumatlar bunlardır.

 

O ki qaldı ailəmizin bu məsələdə iştirakına, biz əlimizdən gələn hər cür köməyi göstərməyə hazırıq. Onu da deyim ki, mən 1988-ci ildə ilk dəfə Türkiyəyə gedərkən onların evindən, şəxsən Sürəyya xanımın əliylə mənə bir sıra kitablar, sənədlər bağışlanıb. Ondan sonra da mən onlara aid kitab, sənəd, arxiv materiallarını yığmağa davam etdim. Beləcə, xeyli materiallar yığmışdım. Jurnalistlərə, yazıçılara, araşdırmaçılara lazım olanda ordan götürüb istifadə edə bilsinlər deyə onların bir hissəsini Tarix muzeyinə bağışlamışdım. Çünki mən Bakıda yaşamıram. Amma təbii ki, inşallah, Şuşada ev muzeyi yaranandan sonra bizdəki bütün bu sənədlər, kitablar, nadir fotoların hamısı həmin muzeydə eksponat kimi öz yerlərini alacaq.

 

Eyni zamanda, bu işin təşkilati məsələlərində də nə lazımdırsa, etməyə hazırıq. Məsələn, harasa müraciət etmək, məktub yazmaq, bu mövzuda çıxış etmək lazımdırsa, ailə adından bunu etməyə hazıram.

 

Ola bilər ki, bərpa fondu yaradılsın, ona da dəstəyimi göstərərəm. Uzun illər Memarlıq və İncəsənət İnstitutunda çalışmışam. Ona görə də memarlar sırasında çox tanışlarım var. Bu tərəfdən də bəlkə hansısa yardımımız toxuna bilər.

 

Eləcə də, qeyd edim ki, biz indi Əhməd bəy Ağaoğlu Araşdırmalar Mərkəzi yaradırıq. Düşünürəm ki, o mərkəzin vasitəsiylə də biz bir çox işlər görə bilərik".

 

Nigar Axundovanın fikrincə, bu, təkcə Əhməd bəy Ağaoğluna aid muzey olmayacaq, eyni zamanda, Şuşanın həmin dövrə aid mühitini də əhatə edəcək: "Bu muzey, həmçinin, Şuşa mühitini, Əhməd bəyin ətrafında olan ziyalılar haqqında məlumatları da özündə əks etdirəcək. Çünki onun həyat və yaradıcılığını daha dərindən öyrənmək üçün bunlar da mütləq lazımdır. Həm də Əhməd bəyin ailəsi də çox maraqlı olub. Onun övladları da çox mühüm yerlərə gəliblər, öz sahələrində tanınmış şəxsiyyətlər olublar. Sürəyya xanım Ağaoğlu Türkiyənin ilk qadın vəkilidir. Mənim qızım Sara Axundovanın təşəbbüsüylə Vilayət Quliyev onun kitabını tərcümə edib və Bakıda çap etdirmişik. Orda da bu ailə haqqında çox dəyərli və maraqlı məlumatlar var".

 

Əhməd bəyin doğulduğu evin dəqiq hansı olmasıyla bağlı fikir ayrılıqları mövcuddur. Bəziləri o evin tamamilə dağıldığını, başqaları isə həmin evin Şuşanın başqa səmtində yerləşdiyini və çox da dağıntıya məruz qalmadığını iddia edir. "Şuşa" qəzetinin redaktoru, araşdırmaçı, tədqiqatçı-jurnalist Vasif Quliyev də o evin yerini dəqiq bildiyini, hətta Şuşaya gedərkən gördüyünü deyir: "Əhməd bəy Ağaoğlunun ev muzeyinin yaradılması ideyası çox mühüm məsələdir. 1980-ci illərdə Əhməd bəyin oğlu Səməd bəy Azərbaycana gələndə Şuşaya getmiş, həmin evi tapmışdı. Ona görə də o evin dəqiq yerini bilirəm. Şuşa azad olunandan sonra oraya gedərkən də həmin evi tapdım. Əlbəttə, baxımsızlıqdan yararsız haldadır, amma top mərmisi və ya başqa bir silah dəyməyib, çox da dağılmayıb, bərpa oluna bilər. Mən təklif edərdim ki, yaradılan muzey təkcə Əhməd bəyin adıyla çərçivələnməsin, ümumilikdə Ağaoğlular ailəsinin muzeyi yaradılsın. Çünki bu, çox böyük ailədir, tarixdə, mədəniyyətimizdə önəmli izləri var. Bu ailənin xatirəsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün həmin evdə Ağaoğlular muzeyinin yaradılmasını təklif edərdim".

 

Qarabağın, Şuşanın azadlığı Əhməd bəy Ağaoğlu da daxil olmaqla, orda doğulmuş ziyalılarımızın ruhunun azadlığa qovuşmasıdır. Ümid edir və inanırıq ki, yaxın gələcəkdə Əhməd bəy Ağaoğlu kimi Azərbaycan tarixində önəmli izləri olan bu vətənpərvər şəxsiyyətin xatirəsi doğulub, boya-başa çatdığı evdə, doğma Şuşa torpağında əbədiləşdiriləcək.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 23 iyun.- S.14.