Tarixi qardaşlıq yolu:
Batum müqaviləsindən Şuşa Bəyannaməsinə
2021-ci il iyun ayının 15-də Şuşa şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında tarixi bir sənəd - Şuşa Bəyannaməsi imzalandı.
Qardaş
ölkələrin həyatının
bütün sahələrini
əhatə edən bu sənədin hər iki dövlətin
bu günü və gələcəyi üçün son dərəcə
böyük əhəmiyyət
daşıması, onların
və ən azı regiondakı müttəfiqlərinin qarşısında
geniş perspektivlər
açması barədə
qısa müddət ərzində çox yazılıb, az
qala bütün məqamlar təhlil olunub. Hələ neçə müddət
də yazılacaq, deyiləcək və bütün incəliklərinə
qədər təhlil
olunacaq. Çünki bu Bəyannamə iki qardaş xalqın yenilməz iradəsinin ifadəsi, dostları sevindirən, düşmənləri ciddi
narahat edən qətiyyətinin təntənəsidir.
Bu tarixi sənədin maddələri ilə tanış olanda ixtiyarsız olaraq yadıma 103 il əvvəl Azərbaycanın
tamam fərqli bir durumda, real təcavüz və digər potensial təhdidlər qarşısında,
gün fərqi olsa da, eyni,
iyun ayında imzaladığı başqa
bir tarixi sənəd düşdü.
Osmanlı imperatorluğu
ilə onda cəmi bir neçə
gün əvvəl elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti arasında
1918-ci il iyun ayının 4-də bağlanan
"Osmanlı imperatorluğu
hökuməti ilə
Azərbaycan Cümhuriyyəti
arasında dostluq müqaviləsi" imzalanmışdı.
Bu sənədlərin ruhu oxşarlığı
ilə yanaşı, müdafiə və təhlükəsizlik sahəsində
əhatə etdikləri
məsələlərin dairəsi
də diqqəti cəlb edir. Onu da qeyd edim
ki, Batum konfransında həmin dövrdə bütövlükdə
Cənubi Qafqaz üçün taleyüklü
olan məsələlər
müzakirə edilmiş,
bir neçə mühüm sənəd,
o cümlədən, adını
çəkdiyim dostluq
müqaviləsi imzalanmışdı.
Batum konfransı Osmanlı dövləti və Zaqafqaziya seyminin nümayəndələri arasında
1918-ci ilin 11 may - 4 iyun
tarixlərində keçirilmişdi.
Konfransda Zaqafqaziya hökumətinin sədri və xarici işlər naziri Akaki Çxenkeli başçılıq etdiyi
Cənubi Qafqaz nümayəndə heyətinin
həlledici səsə
malik 6 üzvü arasında Məhəmməd
Əmin Rəsulzadə
və Məmmədhəsən
Hacınski də vardı. Qafqaz cəbhəsi Osmanlı
ordularının Baş
komandanı Mehmet Vehib paşanın da daxil olduğu
Osmanlı nümayəndə
heyətinə ədliyyə
naziri Xəlil bəy Menteşe rəhbərlik edirdi.
Həmçinin, konfransa
Almaniya təmsilçisi
fon Lossov
müşahidəçi statusu
ilə qatılmışdı.
Konfransda Türkiyə
nümayəndə heyətinin
başçısı Xəlil
bəy Menteşenin təqdim etdiyi, Osmanlı tərəfinin bir sıra yeni
tələb və təkliflərini özündə
əks etdirən
"Osmanlı imperiyası
ilə Transqafqaz Konfederasion Respublikası arasında sülh və dostluq haqqında" müqavilə
layihəsi müzakirəyə
çıxarılmışdı.
Bu sənədə münasibətdə,
xüsusi ilə ərazi və sərhəd məsələləri
ilə bağlı Cənubi Qafqaz nümayəndələri arasında
ciddi fikir ayrılıqları yarandığından
müzakirələr xeyli
uzanmışdır. Fərqli mövqelərin
dərinləşməsi, müxtəlif
xarici ölkələrdən
dəstək almaq meyllərinin daha açıq ifadə olunması konfransın işinə ciddi əngəl yaradırdı.
Belə ki, Azərbaycandan olan təmsilçilər
Osmanlı layihəsini
dəstəklədikləri halda, gürcülər almanlarla apardıqları məsləhətləşmələrdən
sonra fərqli mövqedə olduqlarını
gizlətmir, ermənilər
isə həmin layihəni tamamilə qəbul etmirdilər.
Onların fikrinə görə, Osmanlı layihəsi ermənilərin
də yaşadıqları
bəzi ərazilərin
(Axalkalaki və Ahısqa qəzalarının
bütünlüklə, Sürməli,
Aleksandropol, Eçmiədzin
(Üçkilsə) qəzalarının
isə müəyyən
hissələrinin) Osmanlı
dövlətinə güzəştə
gedilməsini nəzərdə
tutdurdu. Bu isə
Cənubi Qafqazda Azərbaycanın mövqelərini
birmənalı olaraq qüvvətləndirə bilərdi.
Bütün bunlar Zaqafqaziya
seymi və hökumətinin dağılması,
müstəqil Cənubi
Qafqaz dövlətlərinin
yaranması ilə nəticələndi. Yeni siyasi
durumda Batum konfransının yarımçıq
qalması təhlükəsi
yarandı. Lakin Seymin müsəlman fraksiyasının Batum danışıqlarının davam
etdirilməsinə dair
1918-ci il 27 may tarixli qərarını digər tərəflərin
də dəstəkləməsi
konfransı uğursuzluqdan
xilas etdi. Yeni yaranmış Cənubi Qafqaz cümhuriyyətləri
Batum danışıqlarının
davam etdirilməsi ilə razılaşdılar.
Danışıqlar 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Cənubi Qafqaz respublikaları arasında ayrı-ayrılıqda
müqavilələr bağlanması
ilə yekunlaşdı.
Batum müqavilələri
ilə Osmanlı dövləti, Brest-Litovsk sülhünə
zidd olmasına baxmayaraq, 1828-ci il
sərhədlərini bərpa
etdi.
Konfransın Azərbaycan Xalq Cümhuriyyəti üçün
mühüm nəticəsi
oldu. 1918-ci il iyun
ayının 4-də Batumda
Osmanlı dövləti
ilə bağlanan ikitərəfli dostluq müqaviləsi (tarixə
Batum müqaviləsi adı ilə düşüb) gənc Cümhuriyyətin müdafiəsi
üçün etibarlı
hərbi-siyasi dəstək
oldu. Həmin vaxt Bakı
Xalq Komissarları Sovetinin əksəriyyəti
daşnak-bolşevik, erməni-rus
qüvvələrindən ibarət
qoşunları artıq
Gəncəyə doğru
yürüşə başlamışdılar.
Həmin
müqavilə türk
əsgərinin Azərbaycana
yolunu açdı.
Qısa müddətdə Nuru paşanın komandanlığı
ilə qardaş köməyinə göndərilən
Qafqaz İslam Ordusu Bakını və Azərbaycanın digər ərazilərini düşmən qüvvələrdən
təmizləyərək Şərdə
ilk müstəqil, demokratik
dövlətin qurulmasına
mühüm zəmin yaratdı.
Müqavilənin tarixi əhəmiyyətini
və bir çox maddələrinin
iyunun 15-də Şuşa
şəhərində Azərbaycan
Respublikası və Türkiyə Respublikası
arasında imzalanmış
Bəyannamənin maddələri
ilə səsləşməsini
nəzərə alaraq,
detallı paralellər
aparmadan Batum müqaviləsinin bəzi
maddələrini oxucuların
diqqətinə çatdırıram.
1-ci maddə. Osmanlı hökuməti
ilə Azərbaycan Cümhuriyyəti hökuməti
arasında daimi sülh və istiqrarlı dostluq hökm sürəcəkdir.
3-cü maddə. Azərbaycan Cümhuriyyəti
hökuməti ilə
Ermənistan Cümhuriyyəti
hökuməti arasında
sərhədin təyini
üçün tərtib
olunan protokol Osmanlı hökumətinə
təqdim ediləcək
və o protokol, bu maddənin ayrılmaz bir parçasını təşkil
edəcəkdir.
4-cü maddə. Azərbaycan Cümhuriyyəti
hökuməti tərəfindən
tələb hasil olduğu təqdirdə, Osmanlı hökuməti, daxili intizam və asayişin təmini üçün,
gərəkli silahlı
qüvvəylə yardım
edəcəkdir.
5-ci maddə. Azərbaycan Cümhuriyyəti
hökuməti, sərhədləri
daxilində heç bir qruplaşmanın təşkilinə və silahlanmasına imkan verməməyi və sərhədini keçən
bütün qrupları
tərksilah edərək
dağıtmağı vəd
edir.
9-cu maddə. Azərbaycan
Milli Hökuməti beynəlxalq poçt və teleqraf ittifaqı müqaviləsinə
qoşuluncaya qədər,
Osmanlı Dövləti
ilə Azərbaycan Cümhuriyyəti hökuməti
arasında poçt və teleqraf işləri, bu müqavilə təsdiqnamələrinin
qarşılıqlı təqdimindən
etibarən, beynəlxalq
Poçt və teleqraf ittifaqının müqavilə və nizamnamələrinə uyğun
bir şəkildə təsis ediləcək.
10-cu maddə. Brest-Litovskda Osmanlı Dövləti və müttəfiqləri ilə
Rusiya arasında bağlanan müştərək
sülh müqaviləsinin
hökmlərindən, bu
müqaviləyə zidd
olmayanlar, hər iki tərəf üçün qüvvədə
olacaq.
11-ci maddə. Bu müqavilə təsdiq olunacaq və təsdiqnamələri bir
ay içində, yaxud
mümkün olan ən qısa müddətdə Dərsəadətdə
qarşılıqlı olaraq
tərəflərə təqdim
ediləcək. Nümayəndələr, bu müqaviləni imza və möhürləri
ilə təsdiq etmişdir.
4 iyun 1334 (1918)
Müqaviləni Azərbaycan Xalq Cümhuriyyəti adından Məhəmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə, Osmanlı dövləti adından Xəlil Vahib paşa imzalamışdılar. Bu müqavilədə Azərbaycanda əmniyyət və asayişin qorunmasında Osmanlı dövləti tərəfindən istənilən əsgəri yardımın göstəriləcəyini təsbit edən maddənin olması hələ öz hərbi qurumlarını yaratmamış gənc respublika üçün son dərəcə müstəsna əhəmiyyət daşıyırdı. Müqavilənin şərtləri Azərbaycanı tamamilə təmin etməklə, onun xarici təcavüzlərdən müdafiəsinə əlverişli zəmin yaradırdı. Digər tərəfdən, bu müqavilə yalnız müdafiə və hərbi köməklik kimi həyati əhəmiyyətli bir məsələ ilə məhdudlaşmırdı, onun müddəaları bir sıra digər, siyasi, hüquqi və humanitar sahələrdə əməkdaşlıq məsələlərini də nəzərdə tuturdu.
Cənubi Qafqaz respublikaları arasında sərhədlərin müəyyənləşdirilməsi haqqında məsələnin ilk dəfə rəsmi surətdə əksini tapdığı hər 3 Cənubi Qafqaz respublikası ilə bağlanmış müqavilə sərhədlərin müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsi baxımından da xüsusi əhəmiyət kəsb edir. Batum konfransının yekunu kimi iyunun 4-də Gürcüstan Respublikası Osmanlı dövləti ilə "Sülh və dostluq müqaviləsi" imzaladı. Bu müqaviləyə əsasən, Batum, Ərdəhan, Ahıska və Ahalkələkin Türkiyəyə keçməsi təsdiq edilirdi. Bununla belə, Türkiyə tərəfi mayın 11-də elan etdiyi tələbləri bir qədər yumşaldaraq Abastuman və Askurun Gürcüstanda qalmasına razılıq verirdi. Doğrudur, Gürcüstan tərəfi müqavilə imzalandıqdan sonra Azərbaycan, Ermənistan və Türkiyə arasında gedən danışıqlarla bağlı bəyanat verdi. Bəyanatda qeyd edilirdi ki, bu ölkələr arasında sərhədlərin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi çoxtərəfli danışıqların obyektidir və bu məsələ öz həllini tapmalıdır.
Azərbaycan nümayəndəlrinin yardımı ilə Ermənistanla da 4 iyun 1918-ci ildə belə bir müqavilə bağlandı. Bu müqaviləyə görə, Ermənistan Brest-Litva müqaviləsinin şərtlərini qəbul edir, Eçmiədzin (Üçkilsə) və Aleksandropol Türkiyəyə keçirdi, habelə Türkiyə Aleksandropol-Culfa yolundan istifadə etmək hüququ əldə edirdi. Ermənistanın sərhədi İrəvan yaxınlığından keçirdi və Ermənistan Transqafqazda cəmi 10 min kvadratkilometrə yaxın bir əraziyə malik dövlət idi.
Son olaraq qeyd edim ki, Gürcüstan
və Ermənistanla imzalanmış müqavilələrə
əsasən, Ermənistan və Gürcüstan
respublikaları öz ərazilərində
yaşayan müsəlman əhalinin təhlükəsizliyi,
hüquq və azadlıqlarının təminatı
barədə öz üzərlərinə
təhəddüdlər götürürdülər.
Lətif
ŞÜKÜROĞLU
Tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2021.- 23 iyun.- S.11.