Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!

 

 

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

 

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

 

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

 

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

 

shahane.mushfiq@gmail.com

 

***

 

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiri olan Şixamir Oruc oğlu Qaflanov 1986-cı il dekabrın 7-də Zaqatalanın Dombabinə (hazırda Üçüncü Tala) kəndində doğulub. Onun bir qardaşı - Asif Qaflanov 1991-1994-cü illərdə I Qarabağ müharibəsində savaşıb, bir qardaşı - Qurban Qaflanov isə "Bəbir" XTD-nin sıralarında xidmət edir.

 

Ş.Qaflanov 1993-2004-cü illərdə Zaqatala Dombabinə kənd tam orta məktəbində təhsil alıb.

 

Tam orta təhsilini başa vurduqdan sonra 2005-ci il yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2006-cı ilin iyul ayına qədər DİN Daxili Qoşunlarının Gəncədə yerləşən N saylı hərbi hissəsində "Pələng" XTD-nin sıralarında xidmət edib.

 

2006-cı ilin iyul ayında Azərbaycan Ordusunun sıralarından tərxis olunan Ş.Qaflanov 2007-ci ilin aprel ayında Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə başlayıb.

 

Onun əsas arzularından biri Daxili Qoşunların zabiti olmaq idi. Buna görə də o, 2008-ci ildə DİN-in nəzdində fəaliyyət göstərən Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə daxil olub. 2010-cu ildə "leytenant" hərbi rütbəsi alaraq təhsilini başa vurub.

 

Leytenant Qaflanov 2010-cu ildə Daxili Qoşunların Zaqatalada yerləşən N saylı hərbi hissəsində xidmətini davam etdirib. 2012-ci il oktyabrdan dekabra qədər Türkiyənin İzmir şəhərinin Foça ilçəsində Jandarma Komandan Məktəbi və Təlim Mərkəzi Komandanlığında "Zabit Komando" Kurslarında təhsil alıb. 2019-cu ilin fevralından iyun ayına qədər isə həmin Komandanlıqda "Jandarma Komando" Kurslarında təhsil alıb.

 

2020-ci il sentyabrın 27-də "Bəbir" XTD-nin Komandiri Şixamir Qaflanov və 40 nəfərdən ibarət olan şəxsi heyət Vətən müharibəsində savaşmağa başlayıb. Dəstənin ilk döyüşü Füzulinin Qaraxanbəyli istiqamətində olub və Qaraxanbəyli dəstə şəhid vermədən azad edilib.

 

Daha sonra "Bəbir" XTD Cəbrayıl rayonunun Lələtəpə istiqamətindən başlayaraq Arazboyu əməliyyatlara qatılıb. Döyüşlərin nəticəsi olaraq Cəbrayıl istiqamətində olan əlverişli mövqelər, həmçinin, yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilib.

 

Ş.Qaflanovun son döyüşü oktyabrın 19-da saat 16:00 radələrində Xocavənd istiqamətində olub. Həmin döyüşə qədər Ş.Qaflanovun rəhbəri olduğu "Bəbir" XTD-nin şəxsi heyətində bir nəfər belə şəhid verilməyib. Tabeliyində olan şəxsi heyətlə qatıldığı 23 döyüşdə erməni ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənən, Xüsusi Təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbi ilə tanınan Ş.Qaflanov oktyabrın 19-da Füzuli istiqamətində şəhidlik zirvəsinə yüksəlib. Həmin döyüşlərdə ondan başqa 3 nəfər hərbi qulluqçu da şəhid olub.

 

Şixamir Qaflanova şəhadətindən sonra Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

 

"Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Ailəli olan şəhidimizin 4 aylıq Mədinə adında bir qızı yadigar qalıb.

 

***

 

 

İmaməli Elman oğlu İbrahimov 17 yanvar 1995-ci ildə Lerik rayonunun Hovil kəndində anadan olub. Orta təhsilini əvvəlcə Lerik rayon Qılqılov kənd, sonra isə rayonun Siyov kənd tam orta məktəbində alıb.

 

Orta məktəbi bitirdikdən sonra 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. 2020-ci ilin yanvar ayından artıq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

 

Azərbaycan Ordusunun əsgəri olan İmaməli İbrahimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edərək Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, 8 noyabr 2020-ci ildə Laçın istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhidlik məqamına yüksəlib.

 

İmaməli İbrahimov şəhadətindən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

 

***

 

 

Əhməd Qurban oğlu Laçınov 28 iyul 1999-cu ildə Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində dünyaya gəlib. Ailəsinin  sonbeşiyi, 3 bacının 1 qardaşı olub. Əhməd idmanı çox sevib, hələ Yuxarı Çardaxlar kəndindəki şəhid Ramazan Muradov adına tam orta məktəbində təhsil aldığı dövrdən döyüşkən ruhlu olub, hərbi hazırlıq dərslərində həmişə fərqlənib. Rayonda keçirilən hərbi idman yarışlarında dəfələrlə yüksək nəticələr göstərib. 2015-ci ildə 9-cu sinifi bitirdikdən sonra Zaqatala İdarəetmə və Texnologiya Kollecinə daxil olub və 2019-cu ildə oranı bitirib. Elə həmin ilin iyul ayının 8-də Milli Ordu sıralarına həqiqi hərbi xidmətə yollanıb.

 

Əvvəlcə Gəncə şəhərindəki N saylı hərbi hissədə xidmət edib, andiçmə mərasimindən sonra hərbi xidmətini Cəlilabad rayonunda davam etdirib. O, hərbi xidmətə çağırılandan Xüsusi Təyinatlılarda xidmət etmək istəyirdi. Xüsusi qabiliyyəti ilə seçilən hərbçi kimi Xüsusi Təyinatlıların Dəstəsinin tərkibinə təlimlərə göndərilir.

 

Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Əhməd Laçınov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb.

 

Əhməd Laçınov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

***

 

 

Xəqani Kamran oğlu Nəsirov 1982-ci il iyunun 29-da Xankəndi şəhərində anadan olub. Xocalıdan məcburi köçkün olan X.Nəsirov orta təhsilini Xocalı şəhər 2 saylı tam orta məktəbdə alıb. 2014-cü ildə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsindən hərbi xidmətə yollanıb. 2016-cı il Aprel döyüşlərində də xidmət edib.

 

Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Nəsirov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Bərdə Şəhidlər xiyabanında dəfn edilib.

 

Ailəli olan şəhidimizin bir oğul və bir qız övladı vətənə əmanət qalıb.

 

Xəqani Nəsirov şəhadətindən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

 

***

 

 

Fuad İmaməddin oğlu Məhərrəmov 5 aprel 1994-cü ildə Goranboy rayonunun Zeyvə kəndində anadan olub. 2011-ci ildə S.Məmmədov adına tam orta məktəbi əla qiymətlərlə bitirərək Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub.

 

2016-cı ildə leytenant rütbəsi alaraq təyinatla Lənkəran şəhəri N saylı hərbi hissədə xidmətə başlayıb. 3 ay sonra Beyləqan şəhəri N saylı hərbi hissədə təyinatla xidmətə başlayır. 3 il həmin hissədə şərəflə xidmət edir, 2018-ci ildə Baş Leytenant rütbəsi alır. Xidmətdə fərqləndiyinə görə 2018-ci ildə Tərifnamə və medalla təltif olunub.

 

27 sentyabr 2020-ci ildə başlayan İkinci Vətən müharibəsinin birinci günündən döyüşlərə qatılıb. Fuad neçə-neçə döyüş yoldaşını yaralı halda döyüş meydanından çıxarıb. Qrup Komandiri kimi 10-a qədər uğurlu əməliyyata imza atıb. Bölük komandiri kimi Füzulinin və kəndlərinin işğaldan azad edilməsində iştirak edib. Çoxlu sayda düşmən texnikasını məhv edib.

 

O, 17 oktyabr 2020-ci ildə Füzuli şəhərinin Qaraxanbəyli kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şahid olub.

 

Fuad Məhərrəmov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

***

 

 

Sənan Arif oğlu Miriyev 1998-ci il mart ayının 1-də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub. Xocalı şəhər sakinidir. Xocalı şəhər 4 saylı orta məktəbin məzunu olub. Sənan 2016-cı ilin aprel ayında hərbi xidmətə çağırılıb. Dövlət sərhəd xidmətində çavuş kimi hərbi xidməti başa vurduqdan sonra ehtiyata buraxılıb. Lakin onun hərb peşəsinə olan məhəbbəti yenidən hərbi forma geyməsinə səbəb oldu. Atasının digər sahədə çalışma istəyinin əksinə çıxaraq hərbçi olmağı üstün tutdu.

 

2020-ci il sentyabrın əvvəlində könüllü olaraq ordu sıralarına ərizə verdikdən sonra Azərbaycan Ordusunun əks-kəşfiyyat bölüyünə yazılaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Onun çoxdankı arzusu əmisi oğlu Miriyev Surət kimi Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək idi. Sənanın kəşfiyyatçı olmaq arzusu gerçək olur. Lakin onun ən böyük arzusu hələ həyata keçməmişdi. Uşaq yaşlarından Qarabağın bütünlüklə işğaldan azad olunmasını, erməni quldurlarının məhv edilməsini görmək istəyirdi. Onun arzusu qisas hissi ilə daha qüvvətlənirdi. Vətən müharibəsində cəsur döyüşçü kimi iştirak edərək 27 sentyabr tarixdə Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Ağcabədi rayonu Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Miriyev Sənan şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

***

 

 

Qara Əmirxan oğlu Balakişiyev 1994-cü il iyulun 11-də Xocavənd rayonunun Əmiranlar kəndində anadan olub.

 

Qara Balakişiyev 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

 

Azərbaycan Ordusunun kiçik çavuşu olan Qara Balakişiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qara Balakişiyev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Horadiz şəhərində dəfn olunub.

 

Qaranın atası Balakişiyev Əmirxan İmayıl oğlu da I Qarabağ müharibəsi zamanı polis kimi xidmət edib, müharibə veteranıdır. O cümlədən, Qaranın bir qardaşı Balakişiyev Mirqamət, iki dayısı oğlu Rəhimov Alqayıt, Rəhimov Səbuhi də 44 günlük Vətən müharibəsində iştirak edib. Əmisi oğlu İsmayılov İsmayıl isə 44 günlük bu şərəfli savaşda yaralanıb, hazırda müalicə olunur.

 

Ailəli olan şəhidimizin 2 qızı yadigar qaldı.

 

Qara Balakişiyev şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

Anar Hüseyn oğlu Hüseynov 1982-ci il oktyabrın 8-də Tovuzun Əlibəyli kəndində anadan olub. 1988-1999-cu illərdə Q.Rzayev adına Hacallı kənd tam orta məktəbində təhsil alıb.

 

A.Hüseynov 2000-2002-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

 

Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Hüseynov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Hüseynov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Əlibəyli kəndində dəfn edilib.

 

Ailəli olan şəhidimizin bir qızı və bir oğlu yadigar qaldı.

 

Anar Hüseynov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

***

 

 

Azər Dilafət oğlu Əliyev (rəsmi sənədlərdə Azər Dilafər oğlu Əliyev) 1 noyabr 1997-ci ildə (rəsmi sənədlərdə 6 yanvar 1999) Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub.

 

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Azər hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

 

Azərbaycan Ordusunun əsgəri olan Azər Əliyev 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində iştirak edib, Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 15 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

 

Azər Əliyev "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

 

Uzun müddət koma vəziyyətində olan Azər 28 yanvar 2021-ci ildə müalicə aldığı xəstəxanada şəhid olub. 29 yanvar 2021-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində torpağa tapşırılıb.

 

Ailəli olan şəhidimizin bir azyaşlı qızı və şəhid olmasından sonra doğulan Əli adlı oğlu yadigar qaldı.

 

***

 

 

Bəxtiyar İlqar oğlu Aslanov 28 dekabr 1998-ci ildə anadan olub. Əslən Şuşa şəhərindən idi. Qarabağ müharibəsində, 8 may 1992-ci ildə Şuşa işğal edildikdən sonra Bəxtiyarın ailəsi Naftalanda məskunlaşıb.

 

Bəxtiyar orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmət müddəti bitən Bəxtiyar yenidən ordu sıralarına qayıdır və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirir. O, Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qulluq etdib.

 

Azərbaycan Ordusunun əsgəri olan Bəxtiyar Aslanov 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. Əməliyyatlar nəticəsində onun da arasında olduğu zabit-əsgər heyəti Ağbaba yüksəkliyini azad edirlər. Bundan sonra, Bəxtiyar Aslanov və təxminən 7 döyüşçü silahının bitdiyinə görə əlbəyaxa savaşırlar. Ailəsi ilə sonuncu dəfə 27 sentyabr 2020-ci ildə əlaqə saxlayan Bəxtiyar 30 sentyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlib. Uzun müddət itkin olaraq axtarılan Bəxtiyarın nəşi 137 gün sonra Murovdağın Ağbaba yüksəkliyində tapılıb və 13 fevral 2021-ci ildə ailəsinin istəyi ilə Goranboy rayonunun Balakürd kəndində torpağa tapşırılıb.

 

***

 

 

Asim Bəkir oğlu Quliyev 1996-cı il martın 2-də Bakı şəhərində anadan olub. 2002-2011-ci illərdə 107 saylı Bakıxanov qəsəbə tam orta məktəbində, 2011-2013-cü illərdə Sumqayıt şəhərində kompüter ixtisası üzrə kollecdə təhsil alıb. Orta məktəbdə oxuyarkən idmana böyük həvəsi olduğundan boksla məşğul olub. Bakı üzrə keçirilən yarışlarda 1-ci, Respublika üzrə keçirilən yarışlarda 2-ci yeri qazanıb. Subay idi. Əslən Cəbrayıl rayonunun Hovuslu kəndindən olub.

 

Asim Quliyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Xidməti dövründə 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərdə savaşıb.

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asim Quliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb və oktyabrın 12-də Hadrut döyüşləri zamanı snayper gülləsinə tuş gələrək şəhid olub. Bakıxanov qəsəbəsindəki Şəhidlər məzarlığında dəfn edilib.

 

Asim Quliyev şəhadətindən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

Qurbani Ziyafəddin oğlu Əlizadə 1992-ci il iyunun 10-da Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində Ziyafəddin və Gülnarə Əlizadələrin ailəsində anadan olub.

 

1999-2009-cu illərdə R.Əkbərov adına tam orta məktəbdə təhsil alıb.

 

Azərbaycan Ordusunun çavuşu olan Qurbani Əlizadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhidlik məqamına ucalıb.

 

Qurbani Əlizadə şəhadətindən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

Kamal Eynulla oğlu Babayev 27 may 1991-ci ildə İsmayıllı rayonunda anadan olub. 1997-ci ildə İsmayıllı rayon Xanəgah kənd ümumi orta məktəbinin 1-ci sinfinə gedib, ardınca orta təhsilini İsmayıllı rayonun 1 saylı məktəbində tamamlayıb. 2008-ci ildə 11 illik təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis etdiyi təhsil müəssisəsində sürücü ixtisasına yiyələnib.Subay idi.

 

Kamal Babayev 2009-cu il iyulun 8-i həqiqi hərbi xidmətə yollanıb. N saylı hərbi hissədə xidmətini sürücü kimi davam etdirib.2 yanvar 2011-ci ildə hərbi xidmətini başa vurub.

 

Azərbaycan Ordusunun əsgəri olan Babayev Kamal 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Cəbrayıl rayonlarının və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. Kamal Babayev oktyabrın 5-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

 

Kamal Babayev şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

***

 

 

Cəbrayıl Dövlət oğlu Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhəri Corat qəsəbəsində anadan olub. Əslən Zəngilan rayonundan idi.

 

Orta məktəbi bitirdikdən sonra, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

 

Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Sərhəd Qoşunlarında xidmət etsə də, öz ərizəsiylə könüllü şəkildə döyüşlərə qoşulub. O, Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb və sentyabrın 28-də Murovdağ döyüşləri zamanı silah yoldaşlarının həyatını xilas etmək üçün özünü qabağa verib, yüksək rütbəli erməni zabitlərini əlbəyaxa döyüşdə boğaraq öldürüb, özü isə qəhrəmancasına şəhid olub. II Şəhidlər xiyabanında, Milli Qəhrəmanımız, şəhid general Polad Həşimovun yanında dəfn olunub.

 

Cəbrayıl Dövlətzadə şəhadətindən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

***

 

Tahir Mahir oğlu Əliyev 2001-ci il iyulun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. 2009-2019-cu illərdə Sabunçu rayonunun Maştağa qəsəbəsində Əliağa Vahid adına 293 nömrəli tam orta məktəbdə təhsil alıb.

 

2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

 

Azərbaycan Ordusunun əsgəri olan Tahir Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 13-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik məqamına yüksəlib. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub.

 

Tahir Əliyev şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 24 iyun.- S.14-15.