"Sirlər xəzinəsi"nin Türk dünyası
Nizami yaradıcılığının
türk-müsəlman mənşəyi,
ideologiyası və estetikası dahi şair-mütəfəkkirin ilk poeması olan "Məxzənül-əsarar" ("Sirlər xəzinəsi"ndən)
özünü bütün
mümkün miqyasları
ilə hiss etdirməyə
başlayır.
Əsas
hiss edilən də odur ki, öz
söz xəzinəsinin
qapılarını səxavətlə
açan sənətkar
artıq keçmiş
əyyamlarda (Firdovsi dövründə) olduğu
kimi cəngavərlik dastanı danışmır,
ümumən insanın
(və insanlığın!)
sözün geniş mənasında həyatından,
cəmiyyətin müxtəlif
təbəqələrinin "tərcümeyi-hal"ından bəhs
edir. Və bu, onun ideya-estetik mövqeyini əks etdirən elə bir strateji
əlamətdir ki, türklüyə (və türk dünyasına) münasibətini də müəyyənləşdirir. Belə ki, "Sirlər xəzinəsi"ndən başlayaraq
Nizamidə türklük
özünü hərbi-siyasi
yox, mənəvi cəngavərlikdə -ərənlikdə
göstərməyin klassik
təcrübələrini verməklə
postepos dövrü üçün səciyyəvi
olan xüsusiyyətlər
təqdim edir.
1170-ci illərin ortalarında
Ərzincan hakimi Məlik Fəxrəddin Bəhram şaha (1162-1225)
ithafən qələmə
alınmış əsərin
əvvəlində Bəhram
şahın şəxsiyyəti
olduqca yüksək qiymətləndirilir. Lakin Səlcuqlular dövrünün
hər nə qədər nüfuzlu olsa da, adi
bir türk hakiminə göstərilən
həmin ehtiram, "Sirlər xəzinəsi"nin
azərbaycancaya filoloji
tərcüməsinin (məqaləmizdə
əsərdən örnəklər
də məhz bu tərcümədən
gətirilir) müəllifi
görkəmli nizamişünas
Rüstəm Əliyevin
də dediyi kimi, sonrakı katib-şairlər tərəfindən
o dərəcədə vulqarlaşdırılmışdır
ki, istər-istəməz
dahi şairə yaraşdırılması heç
cür mümkün olmayan bir məddah
obrazı meydana çıxmışdır. Halbuki Nizaminin
elə "Sirlər xəzinə"sindən özünü
mükəmməl bir
şəkildə təzahür
etdirən ədəbi
əqidəsi hər cür məddahlığa
qarşı dayanmaqla zəmanəsinin intellektual
olduğu qədər
də cəsarətli
sözünü deməkdədir.
"Sirlər xəzinəsi"ndə Nizaminin özünəməxsus mövzuları, eləcə də idealları mövqeyindən ən çox maraq doğuran hekayələrdən biri "Qarı və Sultan Səncərın hekayəsi"dir. Ona edilən haqsızlıqlardan təngə gəlmiş bir qarı Sultan Səncərin (1117-1157) ətəyindən tutub deyir: "Ey məlik, sənin qayğını mən az görmüşəm, lakin bütün ili səndən zülm görmüşəm... Mənim dadıma çatmasan, ey şəhriyar, bu hesabı hesab günü səndən alarlar... Türklərin dövləti ona görə ucaldı ki, məmləkətdə ədalət hakim oldu. Sən isə zülmkar bəslədiyin üçün türk deyil, bir quldur hindlisən... Şəhərlilərin evini yıxmısan, kəndlilərin xırmanını dənsiz qoymusan".
Şair əlavə edir ki, "Xorasan vilayətini tutmuş Səncər bu sözə əhəmiyyət verməyib özünə ziyan verdi". Və ümumiyyətlə, zəmanəsində ədalətin olmadığını, göy üzündə utanmaq qabiliyyətinin, yer üzündə abır-həyanın qalmadığını deyir.
Nizami başqa bir türk hökmdarının - Sultan Mahmud Qəznəvinin də "bir-iki kişinin incimiş hümməti" qarşısında bəlalara düçar olduğunu xatırladır ki, bundan da əsas məqsəd "zülmkar şah və hakimləri məzlumların ah-naləsi, bəddua və qarğışları ilə qorxudub zülmkarlıqdan saqındırmaqdır" (Rüstəm Əliyev).
Nizami müasiri olduğu türk dünyasının coğrafiyası, onun hüdudları barədə olduqca mükəmməl biliyə malik idi. Və Gəncədən çox da kənara çıxmasa da, elmi təsəvvürləri hər sahədə olduğu kimi, bu sahədə də geniş idi... Adəmin günahlardan təmizlənməsi barədə bəhs edərkən şair yazır ki, "o, Ay kimi Xətay türkü oldu və xəta zülfünü papağının altında gizlətdi". Bu isə o deməkdir ki, ilk insan olaraq bu dünyaya qovulmuş (əslində, təşrif buyurmuş) İnsanın simasında türk çöhrəsinin hər cəhətdən müsbət məna ifadə edən ağlığı (işığı!) var. Və həmin ağlığı (və işığı) mifoloji zamandan bu günə qədər daşıyan türkün mənəvi qüdrəti həm də bir ilahi təqdirin təcəllası kimi dəyərləndirməyə hər hansı halda əsas verməlidir.
Nizami türk-müsəlman dünyasının coğrafiyaçısı olduğu qədər də tarixçisidir. Və bu tarixçilikdə özünəməxsus bir təəssübkeşliyin olduğu da, əslində, ona görə müzakirə predmeti olmamalıdır ki, Nizami üçün insanlığın fəlsəfəsini dərketmə sahəsi olaraq onun özünün mənsub olduğu etnososial (və etnomədəni) sistemdən daha yaxın obyekt ola bilməzdi.
Akademik Teymur Kərimli yazır:
"...Məhəmməd peyğəmbər Nizami poemalarında konkret tarixi şəxsiyyət kimi deyil, bütün dövrlərin və xalqların ən ideal insanı kimi... çıxış edir". Odur ki, Nizaminin bütün ədəbi-fəlsəfi məntiqi ilə diktə olunan "dünyada gözəl, dəyərli və ilahi nə varsa türkdür" prinsipinə görə, əslində, həzrət peyğəmbərimizi "türk" saymaqda ona görə elə bir ciddi yanlışlıq yoxdur ki, "Sirlər xəzinəsi" müəllifi etnik mənşəcə türklüyü mübahisə doğurmayan istənilən bir zülmkar türk hökmdarına qoca bir qarının dili ilə (və cəsarətlə!) "sən türk deyilsən" deyə bilər.
Nizami "türk" sözünə bütün yaradıcılığı boyu verdiyi ideya-estetik şərhləri "Sirlər xəzinəsi"ndən başlayır:
Türkə (oxşar) yasəmən öz çadırını səhrada qurmuşdu,
Çadırın aycığı isə Sürəyyaya ucalmışdı.
...Lalənin hindciyi və yasəmənin türkü
(Elə bil biri) ərəb qarğası, o biri isə Yəmən Süheyli idi.
***
Türk gözəllərinin gülüşlərindən
şəkər xəcalət çəkirdi,
Onların nəzəri ceyranların
gözündən sürməni aparırdı.
Mənim kətan geymiş ayabənzər türk gözəlim
Ürəyimə kətan kimi rəxnə salmışdı
və s.
Nizaminin"türk"ləri yalnız "gözəl" deyil, həm də "basqınçı" olduğu qədər də "müdafiəçi"dir:
Sənin saçlarının (ölkəsinə)
Həbəşistandan Taraza kimi
Ərəblər və türklər basqın ediblər.
***
Heç kim hələ türkü qarət edə bilməyib,
Heç kim öz evini hindliyə tapşırmayıb
və sair.
Nizami "Sirlər xəzinəsi"ndə doğulduğu ata-baba yurdu Gəncəni həm vəsf etmiş, onu "mənim Babilim" adlandırmış, həm də bu şəhərdə qəfəsə
salınmış bir bülbül
olduğunu söyləməklə
şairlik-yaradıcılıq qüdrətinin həmin qəfəsə
sığmadığına da eyham vurmuşdur: "Gəncə
mənim yaxamı düyünləyibdir, bu
düyün olmasaydı, İraqın xəzinələri
mənim olardı. Bütün dünya bar-bar bağırır
ki, ey qulam,
Gəncə hara, Nizami hara!"
"Sirlər xəzinəsi"ndəki
türk ruhunun təsiridir ki, çox keçmədən
ona türkcə nəzirə-cavablar yazılmışdır. XIV əsrin
sonu, XV əsrin əvvəllərində Heydər
Xarəzmi əlinə
qələm alıb əsər yaratmaq eşqinə düşəndə,
özünün dediyi
kimi, Nizaminin ruhu ona məsləhət
görür ki, "mənim yolumla get, ancaq türkcə yaz, bu gün
dövran türklərin
dövranıdır". Nizamiyə bu
cür türk təəssübkeşliyilə münasibət özünü
XV əsr başqa bir dahi türk-özbək
şairi Əlişir
Nəvaidə də göstərir.
Artıq neçə on illərdir
ki, nizamişünaslar
dahi şair-mütəfəkkirin türkcə
yazmış olduğu əsərləri
axtarır, lakin tapa
bilmirlər. Görünür, onunla kifayətlənmək lazım gələcək
ki, Nizami öz dövrünün populyar ədəbi dili olan farscada məhz
türkcə yazmışdır.
Nizami
CƏFƏROV
525-ci qəzet.- 2021.- 24 iyun.- S.10.