Jurnalistika nədir? Televiziya
ekranından özünü göstərməkmi?
İbrahim
Nəbioğlu, jurnalist:
- Poznerin
təklifi
Vladimir Pozner çox mübahisəli bir fiqurdur. Ehtimal edirəm
ki, onu qəbul etməyənlər edənlərdən qat-qat
çoxdur. Di gəl ki,
professionallığı şübhəsizdir. Təcrübəsi
və intellekti mübahisə predmeti ola
bilməz.
Haqqin.az-da oxuyuram ki, Pozner jurnalistika fakültələrinin
ləğv olunmasını təklif edib. Tanınmış
teleaparıcının sözlərinə görə, insana əsər
yazmağı, rəsm çəkməyi və ya nota
oxumağı öyrətmək olar, lakin onu
yazıçı, rəssam və ya bəstəkar
olmağı öyrətmək mümkün deyil.
Jurnalistika ilə də eyni şeydir: əsl jurnalist müəyyən
istedadla doğulmalıdır.
"Məsələn, mən jurnalistika fakültələrini
ləğv edərdim və bunun əvəzinə alitəhsilli
olanlar üçün jurnalistika məktəbləri
yaradardım.
Onlar artıq həyatı bir az
tanıdıqları üçün jurnalistikaya niyə gəlmək
istədiklərini başa düşərdilər.
Anlayardılar ki, jurnalistika televiziya ekranından
özünü göstərmək deyil", - deyə Pozner
bildirib...
İnana bilməzdim ki, bir gün Poznerin hansısa bir
fikrini ikiəlli müdafiə edə bilərəm. İmzalarına,
yazı və dünya görüşlərinə hörmət
etdiyim jurnalistlərin böyük bir hissəsi jurnalist təhsili
almayıblar. Maraqlıdır ki, mənim
tanıdığım və Usta
saydıqlarımın böyük bir hissəsi heç
humanitar təhsil də almayıblar. Çoxluq
dəqiq elmlər, mühəndislik və iqtisadiyyat fakültələrindən
məzundur.
Poznerin bu fikrilə razılaşmayıb, tez-tələsik
əks-arqumentlər səsləndirməyə tələsənlərə
isə ənənəvi jurnalistika deyə bir şeyin
qalmadığını, dijitallaşmanın klassik
jurnalistikanı başqa axarlara sürüklədiyini
xatırlatmaq istəyirəm. Gəlin əvvəlcə
yeni platformlara ayaq uydurmağa çalışacaq.
Sonrası nisbətən asan olacaq...
Əfsaləddin
Ağalarov, jurnalist:
-
Ukraynanın tanınmış siyasi və hərbi ekspertləri
Yuriy Koçevenko, Dmitri Qromokov, Yuriy Cukro və Valentina Bikova
ilə olduqca mühüm və maraqlı müzakirələrimiz
baş tutdu. Azərbaycan və Ukrayna arasında
media əlaqələrinin qurulması istiqamətində fikirlərimizi
bölüşdük. Onların
Qarabağ müharibəsindəki böyük zəfərimizlə
bağlı yüksək fikirlərini dinlədik. Sevindirici haldır ki, ekspertlər Azərbaycan
ordusunun yüksək hərbi bacarıqları ilə
bağlı bir xeyli məlumatlı idilər.
Elxan
Şahinoğlu, politoloq:
- Rusiyanın Ermənistandakı səfiri Sergey
Kopırkin bildirib ki, Rusiya sərhədçiləri artıq
Ermənistanla Azərbaycan sərhədinin Zəngəzur hissəsində
xidmətə başlayıblar. Bu, İrəvanın
Moskvadan xahişi, daha doğrusu, çoxsaylı
yalvarışlarıdır. Ermənistan öz tərəfində
kimi istəyir yerləşdirə bilər, sadəcə erməni
siyasətçilərdən və ictimai xadimlərdən
biri özünə və cəmiyyətinə sual verməlidir
ki, onlar bu illərdə "qurduqları" hansı dövlətdən
danışırlar ki, ölkələrinin sərhədlərini
də (Türkiyə, İran və Azərbaycan) başqa
dövlətin - Rusiyanın hərbçiləri qoruyur?
Bu arada, Azərbaycan XİN-in açıqlamasına
ehtiyac var ki, Rusiyaya mədəni sürətdə
xatırladılsın ki, Azərbaycan-Ermənistan sərhədinin
tamamı müəyyənləşəndən sonra həmin
hissələrdə başqa dövlətin sərhədçiləri
xidmətə başlaya bilər. Misal üçün,
biz sərhəddə Qara gölün tamamına
iddialıyıq, çünki bizə aiddir. İndi Rusiya sərhədçiləri sərhədin
həmin hissəsində harda xidmət keçməyi
planlaşdırırlar?
Asif Nərimanlı,
jurnalist:
- Araikin
etirafı: Qarabağda cəmi 35 min erməni var...
Seçkilərdə Paşinyanın qərargahında
olduğu üçün Xankəndidə etirazla
qarşılaşan separatçıların
başçısı Araik Arutyunyan bunun səbəblərini
izah edərkən, "Ermənistana möhtac
olduqlarını" deyib və ciddi bir faktı etiraf edib.
"Ermənistanla əlaqələr qurmadan 35 min "vətəndaşın"
sosial probleminin həllini necə təsəvvür
edirsiniz?"
- separatçıların
başçısı bununla Paşinyana dəstəyini izah
etməyə çalışıb.
35 min
"vətəndaş": Araik hazırda sülhməramlıların
nəzarət etdiyi ərazilərdə 35 min erməninin
olduğunu etiraf edir.
Halbuki Rusiya Müdafiə Nazirliyi və
separatçıların yaydığı məlumatlarda bu rəqəm
iki dəfə və daha çox şişirdilir.
Rusiya
Müdafiə Nazirliyi: sonuncu dəfə 52700 erməninin
Qarabağa qaytarıldığını
açıqlayıb;
Separatçılar:
105 min erməninin qayıtdığını iddia edirdi;
Bu rəqəmlərin şişirdildiyi bilirdik, amma
Araikin dediklərini bunun sübutu hesab edə bilərik.
Qarabağa qayıdan ermənilərin bir qisminin verilən
yardımı almaq üçün gəldiyi, daha sonra geri
qayıtdığı haqda da məlumatlar var.
***
- Erməni
mənbələri Azərbaycanla Ermənistan sərhədinin
Geğarkunik bölgəsində Rusiya hərbçilərinin
yerləşdiriləcəyi məlumatlarını yayıb. Ermənistanın Təhlükəsizlik
Şurasının katibi Armen Qriqoryan və baş qərargah
rəisi Artak Davtyan məlumatı təsdiqləyir.
Məlumatda diqqət çəkən məqam Rusiya hərbçilərinin
sərhədin Azərbaycan yox, Ermənistan tərəfdən
olan hissəsində və Sotk-Xoznavar istiqamətində yerləşəcəyidir.
Bu, proseslərin
iki mümkün istiqamətdə inkişaf etdiyi
ehtimalını önə çıxarır:
Birincisi,
Azərbaycan hərbçiləri sərhəddə mövcud
olduqları mövqelərdən geri çəkilmir və sərhədlərin
müəyyənləşməsi SSRİ xəritələrinə
uyğun həyata keçiriləcək;
İkincisi, sərhədlərin müəyyənləşməsi
ilə bağlı mövcud olan "beynəlxalq
müşahidəçi" təklifi arxa plana keçib.
İkinci məqam həm də Rusiyanın vasitəçiliyi
ilə sərhədlərlə bağlı yeni müqavilənin
aktuallığından xəbər verir.
Nikol
Paşinyan sərhədlərin müəyyən edilməsi
üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin
iştirakı ilə "beynəlxalq müşahidəçilərin"
yerləşdirilməsini təklif etmişdi: bu, Azərbaycan
və Ermənistan dövlət sərhədinin bütün
istiqamətini yox, Kəlbəcər istiqamətində -
Sotkdan (Söyüdlü) Qafanın Xoznavar (Xəzinəvar) kəndinə
qədər olan ərazini nəzərdə tuturdu.
Qərb
ölkələrinin "beynəlxalq müşahidəçi"
adı altında bölgəyə gəlməsi məsələsinin
gündəmdən çıxması bir neçə
kontekstdə əhəmiyyətlidir:
1.
SSRİ xəritəsinə uyğun sərhədlərin
müəyyənləşməsi ilə bağlı yeni
müqavilə imzalanacaq: "beynəlxalq müşahidəçi"lərin
gəlişi bu prosesdə əsas əngəl ola
bilərdi;
2. Bu
müqavilə Azərbaycan və Ermənistanın bir-birinin
dövlət sərhədinin tanıması, İrəvanın
Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməsi deməkdir;
3. Qərb-ABŞ
bölgədə Rusiyaya qarşı alternativ kimi Türkiyənin
mövcudluğunu qəbul edir və bu, həm sərhəd, həm
Qarabağ məsələsində Bakının əlini
ikiqat gücləndirir.
Elçin
Alıoğlu, jurnalist:
-
Sentyabrın ortalarında Ermənistanın Azərbaycanla
ölkəmizin ərazi bütövlüyü və sərhəd
toxunulmazlığını rəsmən tanıyacağı
anlaşma imzalayacağı gözlənilir.
Mirsəməd
Cəfərli, jurnalist:
-
Yaxşı, maksimum 150 nəfərin iştirakı ilə
toy. Axı bəzi adamların sosial statusuna
heç uyğun gəlməyəcək? Onlar öyrəşiblər genliyə,
bolluğa...
Bir vaxtlar
toy ətrafında nə qədər pullar
fırlanırdı, nə qədər israfçılıq,
bədxərclik olurdu...
Foto-video sahəsində işləyən bir dostumuz
danışır ki, bir toy üçün sifariş
alırlar, qiymət təyin edirlər, 4000 manat.
Bəy çıxarıb 500 manat beh verir, qalanı da
toydan sonra.
Uşaqlar da sevinib, gedirlər pivə içməyə.
Axşam
bəydən zəng gəlir ki, u
şaqlar,
bu 500 manat behi saxlayın özünüzə, amma toyda
başqa adamlar çəkiliş edəcək.
Bəs niyə?
Bəy
deyir, nişanlısı eşidəndə ki, foto-videoya cəmi
dörd min manat xərclənəcək, etiraz edib, deyib niyə
belə ucuz, onların gördüyü iş nə olacaq?
Aqşin
Yenisey, şair:
- 18-20
yaşı var, yazıb ki, yaşamağı bacarmadım. Sən nə yaşadın ki, bu işi
bacarmadığına əmin oldun? Kütləvi
savadsızlıq!
Bir dəfə 22 yaşlı gənc şair müsahibə
vermişdi, 21 yaşında başına gələn əhvalatı
"mazide kalan" xatirə kimi danışmışdı.
Azərbaycanda qocalıq kultu o qədər dominantdır
ki, gənclər xoşbəxtliyi vaxtından əvvəl
qocalmaqda, hətta tələm-tələsik ölməkdə
görürlər.
Cənazə
şöhrəti!
Rövşanə
Ağasəfqızı, jurnalist:
- Uzun illərdir
efirdəyəm... Kamera ömür dostum... Kimləri görmədim
ki... Kameranın işığı aydınlatdı dəyişən
üzləri... Özünü
ağıllı göstərəni, riyakarı, yalancı
pafosu, dərs verəni, dərs deyəni, vedrə
danqıltısı çıxaranın zəkadan
danışmasını, mövqesizi, simasını satanı
gördüm. Qalstuklu zəki
görüntü, dayaz düşüncə, silikonlu gözəlçə,
efir hesabına ortalıqda parıltı yaradan məzmunsuz
varlıqlar gördüm. İstedadsızın millətə
özünü necə sırıdığını,
şeirdən bixəbərin söz
yığnağının şahidi oldum, qiraətdən xəbərsizin
cır səsindən qulağım batdı, heç kimə lazım
olmayan təşkilat sahiblərinin gözə girməyindən
gözlərim kor oldu, xoruz banını susduran səslər,
hüquq qoruyan kəslər... Kameranın da
gözü qamaşdı deyəsən.
İşıq
düz üzümüzə düşür... Lap
güzgü kimi...
Elçin
İlqaroğlu, jurnalist:
- Fərz edək ki, il yarımdır nişanlı qalan cütlüyün 10 gün sonra toyudur. Gəlinin COVİD-19 pasportu olsa da, bəy hələ ki vaksinasiya olunmayıb. İndi nə olacaq, yazıq gəlin masanın arxasında tək oturacaq?
Özüm ölüm, xataya
düşmüşük də...
525-ci qəzet.- 2021.-
25 iyun. S. 6.