Yay məktəbi"nə geniş ictimai dəstək var

 

Bu təşəbbüs pandemiyanın təhsil prosesində yaratdığı boşluqları aradan qaldırmaq baxımından faydalı sayılır

 

Bir ildən artıq davam edən pandemiya şəraitinin fəsadları bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də öz mənfi təsirini göstərib, cari tədris ilinin böyük hissəsi distant formada təşkil olunub.

Etiraf edək ki, təhsil idarəçilərinin və təhsilverənlərin bütün səylərinə baxmayaraq, məsafədən təhsil şagirdlərə proqram materiallarının mənimsənilməsində müəyyən çətinliklər yaradıb. Bütün bunları nəzərə alan Təhsil Nazirliyi "Yay məktəbi"nin təşkil edilməsi ilə bağlı sorğu keçirib və sorğuda iştirak edən respondentlərin 44 faizi bu təşəbbüsə müsbət rəy bildirib.

Beləliklə, mövcud vəziyyətlə əlaqədar şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi, məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə iyunun 16-dan "Yay məktəbi"nə başlanılıb. Ödənişsiz və könüllü əsaslarla təşkil olunan "Yay məktəbləri"ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir.

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublunun sözlərinə görə, "Yay məktəbi" pandemiya şəraitində uşaqların öyrənmə vərdişlərində yaranmış boşluqların qismən də olsa bərpası üçün bir imkandır: "Yay məktəbi" Azərbaycan təhsil mühitində bir ənənə halını almalı və möhkəmlənməlidir. Qəbul etməliyik ki, öyrənmənin fəsli və qeyri-münbit dövrü olmur. Hər birimiz də bilirik ki, məktəb uşaqların ünsiyyət və öyrənməsi üçün ən yaxşı məkandır. Tez-tez istinad etdiyimiz inkişaf etmiş ölkələrdə şagirdlər artıq may ayından yay tətilini necə keçirəcəkləri, hansı müəllimlə məşğul olacaqları və hansı kitab klublarına yazılacaqları barədə məlumatlı olurlar. Uşaqlar oxuyub yazmağı, xarici dil öyrənməyi, rəqəmsal alətlərlə işləməyi, şəkil çəkməyi daha çox istəyirlər. Və ən başlıcası uzun müddət ünsiyyət azlığından əziyyət çəkən uşaqlar yaşıdları ilə birgə bölüşməyi hamıdan çox istəyirlər. Bunun üçün də şagirdlər məktəblərdə 16-30 iyun tarixlərində təşkil olunan iki həftəlik yay məktəblərindən lazımınca yararlanmalıdırlar. Necə deyərlər, mavi səma, canlı ünsiyyət, əyləncəli və öyrədici məzmun, ən başlıcası doğma məktəb sizi gözləyir, əziz şagirdlər!"

 

"Yay məktəbi" zamanı şagirdlər üçün təlim, seminar və informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil edilir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində "Yay məktəbi" çərçivəsində ekskursiyalar təşkil olunur.

 

Məktəblilər üçün ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını daha da inkişaf etdirmək, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaqdan ibarətdir.

 

Ekskursiyalar çərçivəsində məktəblilər Hərbi Qənimətlər Parkı, Heydər Əliyev Mərkəzi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Bakı Kitab Mərkəzi, Şirvanşahlar sarayı, "Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, görkəmli sənətkarların ev muzeylərinə və digər yerlərə səfərlər edirlər.

 

Hərbi Qənimətlər Parkına ekskursiya zamanı Vətən müharibəsində müzəffər ordumuzun göstərdiyi igidlik və qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat verilir. Hərbi Qənimətlər Parkına ekskursiya şagirdlərdə xalqımızın Vətən müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, qürurverici hisslər yaşadır.

 

Muzeylərə ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, xalçaçılıq, qədim zamanlarda yaşamış insanların həyat tərzi, onların gündəlik və döyüş geyimləri ilə yaxından tanış olurlar.

 

Bundan əlavə, məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edir, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilir. Şagirdlər muzeylərdə tarixi şəxsiyyətlər və hadisələr haqqında məlumatlandırılır, müxtəlif dövrlərə aid eksponatlarla tanış olurlar. Fərqli yaş qruplarına uyğun təşkil olunan ekskursiyalar zamanı qısa mühazirələr oxunur, yaradıcı oyunlar keçirilir.

 

Müəllim Nigar Əhmədova deyir ki, uşaqlar "Yay məktəbi"nə ənənəvi dərslərdən daha maraqla gəlirlər. Onun sözlərinə görə, "Yay məktəbi"ndə  şagirdlərə onlayn dərslərdə qavramadıqları mövzular təkrar öyrədilir. Şagirdlər  dərsləri əylənərək daha tez qavrayır və maraq göstərirlər: "Birinci dərsdə "Əkinçi və Canavar" nağılını əvvəlcə üzündən oxuduq. Daha sonra şagirdlər bu nağılı böyük maraqla səhnələşdirdilər. Sinifdəki sünbül vasitəsilə onlar çörəyin necə ərsəyə gəldiyini öyrəndilər. Bundan sonra biz açıq havada halqalarla oyun keçirdik. İndi isə, gördüyünüz kimi, şagirdlər plastilin və kibrit çöpləri ilə fəza fiqurlarını modelləşdirirlər". Müəllim şagirdlərin "Yay məktəbi"ndə fəal iştirak etməsinin onu da həvəsləndirdiyini bildirib: "Şagirdlər dərsə o qədər maraq göstərirlər ki, biz üç saatın necə gəlib-getdiyini hiss eləmirik".

 

"Yay məktəbi"ndə iştirak edən şagird Məryəm Cəbrayılsoy "Yay məktəbi"ndən razılığını bildirib. O, burada iştirak etməyən digər sinif yoldaşlarının ondan tez-tez "Yay məktəbi" haqqında məlumat aldıqlarını, həmin şagirdlərin burada olmadıqları üçün təəssüfləndiyini də bizlərə dedi: "Vaxtımı burada daha xoş, daha səmərəli keçirirəm. Müəllimlər hər oyun bitəndə bizə ulduzlar verir. Kimin həftənin sonunda daha çox ulduzu olsa, ona hədiyyə verilir. Özümə yeni dostlar tapmışam. Burada birlikdə olmağı, çətin zamanlarda nə etməli olduğumuzu öyrətdilər. Öyrəndiklərim düşünürəm ki, gələcəkdə mənə çox lazım olacaq".  Şagird "Yay məktəbi"ndə çoxlu məlumatlar əldə etdiyini, bilmədiyi şeyləri öyrəndiyini də dedi: "Burada bir çox Azərbaycan filmləri izlədim ki, həmin filmləri ilk dəfə idi görürdüm. Bundan başqa, yol hərəkəti qaydaları, özündən böyüklərlə necə davranmalı olduğumuzu da bizə yaxşı başa saldılar". M.Cəbrayılsoy "Yay məktəbi"ndə keçirdiyi günlərin onun xatirəsində xoş izlər buraxdığını qeyd edib.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov yay məktəblərinin təşkilinin zəruri olduğunu vurğulayıb: "Məlumdur ki, pandemiya son iki tədris ilində təhsilimizə xeyli zərbə vurdu. Bunu kompensasiya etməyin ən yaxşı çıxış yollarından biri "Yay məktəbi"nin təşkili idi.  Qeyd edim ki, yay məktəbində şagirdlər bir-biri ilə canlı təmasda olurlar. Nəzərə alaq ki, uşaqlar bir yerdə olmaq üçün də darıxıblar. Bundan başqa, mühit də dəyişir. Onu da qeyd edim ki, qavrama prosesində mühitin dəyişməsi önəmli məsələdir. Ən əsası şagirdlərimiz nə qədər çox sosial hadisələrin iştirakçısı olarlarsa, bir o qədər də kamilləşərlər. Təhsil Nazirliyinin "Yay məktəbi"nin təşkili ilə bağlı qərarını dəstəkləyirəm".

 

Ş.Əsgərov deyir ki, pandemiya dövründə təhsildə fasilələr, təhsilin formasının tez-tez dəyişməsi şagirdlərə bir il ərzində lazımi bilikləri əldə etməyə imkan verməyib. Yay məktəblərinin təşkili onlayn təhsilə qoşula bilməyən şagirdlərin öyrənə bilmədiyi dərsləri mənimsəməsinə imkan yaradır: "Müəyyən fənlər vardı ki, onları onlayn qaydada şagirdlər mənimsəyə bilmirdilər. Yay məktəblərində həmin şagirdlər öyrənə bilmədikləri və zəif öyrəndikləri mövzuları təkrar keçəcəklər. Sorğuda 44 faizin yay məktəblərinin keçirilməsinə müsbət rəy verməsi də onu göstərir ki, valideynlər bu dərslərin keçirilməsini istəyir".

 

Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili baxımından "Yay məktəbi" çox faydalıdır.  Çünki burada şagirdlər həm əylənir, həm də öyrənirlər. "Yay məktəbi" təkcə şagirdlərin zəif mənimsədikləri mövzuları təkrar öyrənməsinə deyil, pandemiyada  məsafədən təşkil edilən müəllim-şagird münasibətlərinin yenidən, daha isti, daha sıx qurulmasına şərait yaradır.Valideynlər də yay məktəblərinin könüllü və ödənişsiz olmasından razıdırlar. Bu, onlara seçim etmək imkanı yaradır.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2021.- 25 iyun. S. 8.