Arif
Məlikov: İri planda
BƏSTƏKAR
GƏNC YAŞINDA LAYİQ OLDUĞU FƏXRİ ADI
NİYƏ ALA BİLMƏDİ?
Normal məntiqə görə, hər bir xalq
yetişdirdiyi dühaları dünyaya tanıdıb buna həm
də özünü tanıtmaq, necə istedadlı bir xalq
olduğunu sübut etmək şansı kimi baxmalıdır. Çox təəssüflər
olsun ki, bizdə bu mədəniyyətə yiyələnmək
bir yana, bəzən hətta bunun əksini
həyata keçirmək üçün yarışa girirlər.
Mənim sizə danışacağım 2 vaqeə nə qədər
könül bulandırsa da, hər halda bunları bilməyimiz
də lazımdır -
fikirləşmək, nəticə
çıxarmaq, belə halların baiskarlarına aman verməmək,
onları lənətləmək üçün. Bu əhvalatların birini mənə mərhum bəstəkarımız
Arif Məlikov, digərini isə Qara Qarayevin oğlu Fərəc
Qarayev danışmışdı.
Beləliklə, 1-ci əhvalat.
A.Məlikov özünün şah əsəri olan
"Məhəbbət əfsanəsi" baletini yazanda
çox gənc imiş - cəmi 27 yaşı varmış. Balet 1961-ci ildə
ilk dəfə Leninqradda tamaşaya qoyulur və dərhal nəinki
o vaxtkı SSRİ-nin, hətta dünya musiqi ictimaiyyətinin
diqqətini cəlb edir. Baletin zəfər
yürüşündə olduğu, xalqımıza
şöhrət gətirdiyi həmin dövrlərdə
Moskvadakı partiya məmurları bu uğurun Sovet quruluşunun mahiyyətindən irəli
gəldiyini (burada müəyyən həqiqət də
vardı) dünyaya nümayiş etdirmək üçün
Bakıdakı funksionerlərə təklif edirlər ki, gənc
bəstəkara istisna hal kimi bu yaşında heç olmasa
Əməkdar artist fəxri adı verilsin ki, xaricdəki
düşmənlərimizə bizdə istedadların diqqətdən
kənarda qalması yönündə təbliğat aparmaq
şansı yaranmasın. Elə həngamə də
bundan sonra başlayır.
Bu məlumat
musiqi ictimaiyyətinə sızan kimi həmin vaxt baletin növbəti tamaşası ilə əlaqədar
vətəndən uzaqda ezamiyyətdə olan müəllifinə
qarşı Bakıda qara piar kampaniyası başlayır. Mərkəzi Komitəyə ünvanlanan anonim və
qeyri-anonim məktublarda guya müvəffəqiyyətdən
başı gicəllənən Arif Məlikovun xaricdə əyyaşlıq
edib milləti biabır etməsi sarıdan həyəcan təbilləri
çalınır, onun cəzalandırılması tələb
olunur. İş o yerə gəlib
çatır ki, bəstəkarı ezamiyyətdən geri - əlaqədar
orqanlara çağırıb izahat tələb edirlər.
Sonra baş verənləri Arif müəllimin öz dilindən
nəql edirəm:
- Mənim
qızıl kimi vaxtımın bir neçə ayı ona sərf
olundu ki, nəinki içki içib əyyaşlıq etmədiyimi,
ümumiyyətlə, içki içən adam
olmadığımı sübut edəm... Biz
görmüşük ki, normal paxıllar uzaq başı rəqiblərinin
bir ayağından yapışıb dartırlar ki, irəli
getməsinlər. Amma bizdə bəzən
hər 2 ayağı qamarlayırlar. Belədə
yerimək nədir, heç ayaq üstə dayanmaq da çətin
olur".
Düz sözə nə deyəsən?
ARİF
MƏLİKOVUN GƏNC JURNALİSTİ PƏRT, MƏNİ
İSƏ TƏBRİK ELƏMƏSİ
Aşağıda təsvir etdiyim əhvalatların
birincisini Arif müəllim özü mənə
danışmış, ikincisi isə öz başıma gəlmişdi.
Neçə illər əvvəl bir gənc jurnalist bəstəkara
telefon açır ki, bəs Arif müəllim, sizdən
musiqimizin problemləri barədə müsahibə almaq istəyirəm. Ürəyi
dolu olan bəstəkar razılaşır. Ertəsi gün Arif müəllimin mənzilində
görüşürlər. "Xoş-beş"dən
sonra Arif müəllimin iş otağına keçirlər və
jurnalist şəstlə diktafonunu çıxarıb qoyur
masanın üstünə. Arif müəllim həmsöhbətinin
musiqi zövqünə bələd olmaq üçün
soruşur:
- Bir halda
ki, özünə məni müsahib seçmisən, yəqin
yaradıcılığıma da az-çox bələdsən. Hansı əsərlərimi dinləmisən,
hansı daha çox xoşuna gəlib, bala?
Jurnalist dərhal
cavab verir:
- Hələ
heç birinə qulaq asmamışam, Arif müəllim. Amma müsahibədən sonra yəqin ki, qulaq asaram
(?!).
Arif
müəllim susur, bir siqaret yandırır və soruşur:
- "Sehirli xalat" filminə baxmısan?
- Ona kim
baxmayıb ki? O qədər...
Arif
müəllim:
Arif Məlikov
— Vikipediya
- Bilmirsən
onun musiqisini kim yazıb?
Jurnalist:
- Bilmirəm,
Arif müəllim. Amma öyrənib sizə deyərəm
(?!?!?!).
Arif
müəllim dözmür, ayağa qalxıb deyir:
- Gəl
dalımca, bala...
Jurnalist qalxıb Arif müəllim ardınca gedir. Gəlib mənzilin
giriş qapısına çatırlar. Arif müəllim
yavaşca qapını açlb deyir:
- Necə
xoş gəlmişdinsə, eləcə də xoş getdin. Mən
daha müsahibə verəsi olmadım....
***
Arif müəllimdən növbəti müsahibə
alanda aramızda maraqlı bir mövzu ətrafında
qızğın mübahisə düşdü. Necə oldusa, mən dedim
ki, musiqi sözlə, danışıq nitqi ilə ifadə
oluna bilməyən hisslərin, duyğuların mücərrəd
səs obrazları ilə ifadəsidir. Ona
görə də musiqinin məzmununu sözə, yazı mətninə
çevirmək mümkün deyil. Güman ki, Arif müəllim
məni başqa cür başa düşdü və etiraz
edib, dedi:
- Sən musiqi ilə öz sənətini
qarşı-qarşıya qoyur və üstünlüyü
musiqiyə verirsən ki, bu da düz deyil.
Gətirdiyim arqumentlər inandırıcı
alınmırdı və hər dəfə Arif müəllim
tərəfindən təkzib olunurdu. Axırda söhbətin
uzanacağını görən ustad maraqlı təklif verdi:
- Onsuz da
2-3 gündən sonra bir də görüşəcəyik.
Get daha inandırıcı arqumentlər tap. Məni
inandıra bilsən, özüm səni təbrik edəcəm.
İki
gündən sonra konservatoriyada görüşəndə birinci arqumentimi qoydum ortaya:
- Arif
müəllim, bizim nitqimiz müxtəlif səslərin
kombinasiyasından əmələ gəlir - məsələn,
"a", "el", "em" səsləri müəyyən
qanunauyğunluqla sıralananda "alma" sözünə
çevrilir və konkret bir cismi, yəni almanı bildirir. Musiqi də səslərin kombinasiyasıdır, lakin
bu səsləri min üsulla birləşdirsən də,
konkret, sözlə ifadə olunan heç nəyi bildirməyəcək,
çünki mücərrəddir. Deməli,
musiqinin dili sözə çevrilməyən səslərdir.
Hiss elədim
ki, fikirlərim Arif
müəllimə maraqlı gəldi. Lakin
razılaşmağa tələsmədi:
- Pis
deyil. Mülahizələrini daha nə ilə
arqumentləşdirə bilərsən?
Mən hazırlıqlı gəlmişdim. Odur ki dedim:
- Arif
müəllim, ustadınız Qara Qarayevin "Leyli və Məcnun" simfonik
poeması adlı gözəl bir əsəri var. Əsərin
konkret adı olduğundan onu dinləyəndə biz musiqi
obrazlarını konkret mövzu ilə asossiasiya edirik. İndi
belə bir mənzərə təsəvvür edək: tutaq
ki, həmin əsər ifa olunur, amma dinləyici onun
adını bilmir. Siz əminsinizmi ki, o,
eşitdiyi musiqi obrazlarını beynində mütləq Leyli
və Məcnun mövzusu ilə konkretləşdirəcək?
Arif
müəllim gülümsədi, şahmat oyununda məğlub
olan şahmatçı kimi əlini irəli uzadıb dedi:
- Təbrik
edirəm, mən təslim...
USTADIN
"QƏRİBƏLİKLƏRİ"
Qeyri-adi istedad sahiblərinin davranışında, fikirlərində
ilk baxışdan bizə qəribə görünən
qeyri-adiliklər də olur və bunu da təbii
qarşılamaq lazımdır. Axı onlar
"hamıdan biri" deyillər. Hamıdan
biri olmamaq isə elə "qəribəliyin" 1-ci şərtidir.
26 yaşında yazdığı baletlə dünyaya səs
salan Arif Məlikov da belə şəxsiyyətlərdən
idi. Dəfələrlə ünsiyyətdə
olduğum bu böyük insanın bir vaxtlar elə mənim
özümə də qəribə görünən 3 jesti
barədə danışmaq istəyirəm.
1.
Söhbətlərimizin birində Atif müəllimə
gün ərzində neçə saat işləməsi barədə
sual verdim. Arif müəllim dedi ki, onun iş vaxtı
limitsizdir - ola bilər sutkanın 18
saatını iş başında olsun. Mənim təəccübləndiyimi
görəndə gülümsədi, sağ qolunu irəli
uzadıb biləyinin iç tərəfindəki ətrafı
qapqara qaralmış dərin yara yerini göstərdi. -
"Bu, gənclik illərindən qalan bir nişanədir" - dedi. -
Şamı yandırıb biləyimi onun üstündə
tutur, qolumun ətinin yanmağına tamaşa edə-edə,
dözümümü, ağrılara tab gətirmək qabiliyyətimi təkmilləşdirirdim
ki, sonralar mənə çətin olmasın..."
2. Arif
müəllim möhkəm siqaret çəkən idi. Bəzən siqareti bir-birinə calayırdı.
Bir gün iş otağında söhbət edərkən bir
də gördüm ki, otaq siqaret tüstüsünün
dumanına bürünüb və artıq az
qala Arif müəllimin üzünü görmürəm.
Bunu hiss edən Arif müəllim qəfildən ayağa
qalxdı, otağınn küncündə divara söykədiyi
uzun taxta parçasını götürdü, pəncərəyə
yaxınlaşıb həmin taxtanın ucu ilə nəfəsliyi
açdı ki, otağın havası dəyişsin.
Başa düşdüm ki, bu qeyri-adi üsul Arif müəllimin
otağın havasını dəyişməkdə ən
sınaqdan çıxmış üsuludur.
3. Arif
müəllimin həvəskar rəssam olduğunu, boş
vaxtlarını molbert arxasında keçirdiyini bilirdim.
Söhbətlərimizin birində "Boş
vaxtlarınızda daha nə ilə məşğul
olmağı xoşlayırsınız?" sualıma ustad
belə cavab verdi:
- Zəif
musiqi əsərlərinə qulaq asıram, - Sonra mənim təəccübdən
bərələ qalmış gözlərimə baxıb əlavə
etdi - Zəif musiqini dinləmək gözəl musiqini dinləmək
qədər vacibdir. Ən azından ona görə
ki, belə əsər yazacağın təqdirdə çəkəcəyin
xəcalət, utanc hisslərini əvvəlcədən
yaşayıb öz aqibətini proqnozlaşdırasan və zəif
əsər yazmayasan.
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2021.- 25 iyun. S. 11.