Vətəninə
layiq gənc olduğunu döyüşdə sübut etdi -
Azərbaycan Silahlı Qüvvələri 44
günlük Vətən müharibəsində misilsiz rəşadət
göstərdi. Vətən müharibəsi bizim
böyük zəfərimizlə bitdi.
Zəfərimizin
tarixi məqamı isə 28 il yarım
işğal altında qalan, hərbi-siyasi nöqteyi-nəzərdən
strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin
döyüş şücaəti göstərilərək
azad edilməsi oldu. Döyüşçülərimiz
dağlar, dərələr, meşələr keçərək,
Şuşa şəhərində
dişinə qədər silahlanmış düşmənə
qarşı texnikasız, yüngül silahlarla,
süngü-bıçaqla vuruşublar. Xalqımızın
belə fədakar oğullarından biri də çavuş
Əlizadə Nicat Elxan oğludur.
Çavuş
Nicat Əlizadə 1994-cü il noyabrın
9-da Şirvan şəhərində anadan olub. 2002-2012-ci
illərdə Şirvan şəhərindəki 3 saylı tam
orta məktəbdə təhsil alıb.
2013-cü ilin yanvar ayından 2014-cü ilin iyul ayınadək
Nicat Dövlət Sərhəd Xidmətinin N saylı hərbi
hissəsində müddətli həqiqi hərbi xidmət
keçib. Hərbi xidmətini bitirməsinə baxmayaraq,
torpaqlarımızın düşmən tapdağında
olması Nicatı hər zaman narahat etdiyi üçün
bundan sonrakı həyatını və işini hərbiyə
bağlamaq qərarına gəlir. O, 2015-ci ilin avqust
ayında Daxili Qoşunlarda müddətdən artıq xidmət
etmək üçün sənədlərini verərək,
Lənkəran rayonunda yerləşən N saylı hərbi
hissədə xüsusi vasitələrin tətbiqi dəstəsində
radiotelefonçu-atıcı vəzifəsinə təyin
olunub. 2017-ci ilin avqust ayında isə xüsusi
təyinatlı dəstədə eyni vəzifəyə
keçirilib. Vətən müharibəsi
başlayana qədər bu vəzifədə xidmət edən
Nicat xüsusi təyinatlıların sırasında
torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə
qoşulub.
44 gün davam edən müharibə zamanı Daxili
Qoşunların xüsusi təyinatlıları düşmənə
amansız zərbələr vurub, onların qəhrəmanlıq
nümunələri müasir hərb salnaməmizə
yazılıb.
Əvvəlcə Xocavənd rayonunun Hadrut qəsəbəsində
və Füzuli rayonunda mövqelərimizin müdafiəsi, ermənilərin
diversiya-kəşfiyyat qruplarının
qarşısının alınması üzrə
döyüş tapşırıqlarını yerinə yetirən
qazimizin daxil olduğu qrup sonra Şuşaya doğru istiqamət
alıb.
Döyüşçülərimiz Şuşaya meşə
və dağ keçidlərini aşaraq həmlə ediblər. Onlar Hadrutdan Şuşa
istiqamətində hərəkət edərkən düşmənin
minaatanlardan və tanklardan atəşinə məruz
qalıblar. Yaralı və şəhidlərin
olmasına baxmayaraq, Nicatın da daxil olduğu qrup
Şuşa-Xankəndi yolu istiqamətində irəliləyib.
Onlara Şuşadan Xankəndiyə gedən yolu
nəzarətə götürmək
tapşırığı verilib.
Qazimiz Şuşa ətrafında meşə və dərələrdə,
Şuşa-Xankəndi yolunda gərgin döyüşlərin
iştirakçısı olduğunu bildirdi. O qeyd etdi ki, Xankəndi
istiqamətindən düşmən tanklardan və
ağır artilleriyadan bizim qüvvələri atəşə
tuturdu. Nicatın daxil olduğu və digər
qruplar Şuşa-Xankəndi yolu üzərindəki yüksəklikdə
yerləşən düşmən postlarını alaraq,
Şuşaya gedən yolu nəzarətə
götürüblər. Lakin
Şuşa-Xankəndi istiqamətində qeyri-bərabər
döyüşlərdə düşmən qüvvələrini
məğlub edərək irəliləmək heç də
asan olmayıb. Çünki düşmənin
zirehli texnikası sürətlə mövqelərimizə
doğru irəliləyirdi. Bu isə çoxsaylı əsgər
ölümünə səbəb ola bilərdi.
Nicat düşmənin bir neçə zirehli
texnikasını sərrast atışları ilə
sıradan çıxaran, onun daxil olduğu qrupun irəliləməsində
böyük şücaət göstərən, onunla birlikdə
xidmət etmiş baş çavuş Kənan Kərimovun qəhrəmanlığının
unudulmayacağını bildirdi.
Qazimiz
noyabr ayının 6-da Xankəndi-Şuşa
yolunda düşmənin tankdan atəşi nəticəsində
mərminin yaxınlığına düşməsi nəticəsində
yaralanıb. Düşmənin atəşindən
yayınmaq üçün səngərə tullanarkən qəlpə
onun sol əlinin 2 barmağını aparıb, əlindəki
silahı isə 2 yerə bölüb.
Nicat
yaralanan zaman ona Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən
N saylı hərbi hissəsinin xüsusi təyinatlısı,
gizir Şiraz Həsənovun ilkin tibbi yardım göstərdiyini
söylədi: "Mənə dərhal Şiraz ürək-dirək
verərək ilkin tibbi yardım göstərdi. Qanaxmanı dayandırmaq üçün qolumu jqutla
möhkəm bağladı, sonra barmaqlarımın
parçalanmasını görməyim deyə əlimi tənziflə
sarıdı. Daha sonra mənim təxliyyə
olunmağıma köməklik etdi".
Qazimiz müharibədə ən ağır
sarsıntının gözlərinin önündə
silahdaşlarının şəhid olduqları anlarda
yaşandığını bildirdi. Yaralandığı zaman
qoşunların N saylı hərbi hissəsinin Cəlilabad
rayonundakı ayrı yerləşən patrul taborunun xüsusi
təyinatlısı baş əsgər Pərviz Həsənovun
(ölümündən sonra "Vətən uğrunda",
"Füzulinin azad olunmasına görə" və
"Şuşanın azad olunmasına görə"
medalları ilə təltif edilib) yanında başından
aldığı qəlpə yarasından şəhid
olduğunu ürək ağrısı ilə qeyd etdi.
Nicat yaralanmasına baxmayaraq, 3 gün, Şuşanın
işğaldan azad olunduğu günə qədər
döyüş bölgəsindən ayrılmayıb. Noyabrın 8-i
şəhərin azad olunması xəbərinin Azərbaycan
Respublikasının Prezidentinə məruzə edilməsi onun
ağrılarını belə unutdurub.
"Noyabrın 8-i xalqımızın tarixində əbədi
qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhəri
Azərbaycan hərbçilərinin böyük qəhrəmanlığı,
peşəkarlığı, milli ruhu sayəsində
işğaldan azad edilib". Bu sözləri
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyev öz nitqində
deyib.
Azərbaycan Nicat kimi oğulların sayəsində
üçrəngli bayrağını azad olunan
torpaqlarımızın hər guşəsində
dalğalandıra bilib.
Hərbi qulluqçumuz noyabrın 8-də sanitar
maşını ilə Hadruta gətirilib. Şuşa
azad edilən günün səhəri - noyabrın 9-da isə
Füzuli Rayon Xəstəxanasına aparılıb. Tibb işçiləri Nicata xüsusi diqqət və
qayğı göstərməklə yanaşı, həm də
doğum gününü qeyd ediblər. Nicat
üçün bu doğum günü həyatında
heç vaxt unudulmayacaq bir doğum günü olub. O, bu
yeni yaşında qürurlu anlar yaşadığını
vurğuladı. "Vətənimi sevərək, onun layiqli
övladı olmağa çalışmışam" deyən
Nicat bildirdi: "Barmaqlarımı itirmişəm, canım
belə Vətənə qurbandır. Uzun illər
həsrətində olduğumuz Şuşamıza qovuşduq.
Bu, mənim və silahdaşlarımın həyatında
ən dəyərli gündür".
Daha sonra
bir gün Şirvan Xəstəxanasında müalicə alan qazimiz noyabrın 11-dən müalicəsini
Daxili Qoşunların Hərbi Hospitalında davam etdirib.
Daxili işlər naziri Daxili Qoşunların Hərbi
Hospitalında müalicə olunan yaralı hərbi
qulluqçularımıza baş çəkərkən
çavuş N.Əlizadənin vəziyyəti ilə də
maraqlanıb.
Nicatın sol əlinin iki barmağının
olmamasına baxmayaraq, onun xidmətini polis orqanında davam
etdirməsini təklif edib. Hərbi
qulluqçumuz bu təklifi minnətdarlıq hissi ilə qəbul
edib.
Hal-hazırda polis serjantı Nicat Əlizadə Şirvan
Şəhər Polis Şöbəsinin ictimai təhlükəsizlik
bölməsinin sahə polis nəfəri vəzifəsindədir.
N
saylı hərbi hissədə "Gürzə" şərti
adı daşıyan xüsusi təyinatlı dəstənin
komandiri, "Zəfər" ordeni, "Füzulinin azad
olunmasına görə" və "Şuşanın azad
olunmasına görə" medalları ilə təltif
edilmiş kapitan Cavid Tağıyev dəstədə xidmət
etmiş çavuş N.Əlizadənin Vətən
müharibəsində tabeliyində olan qrupun tərkibində
döyüşdüyünü bildirdi: "Yüksək iradə
və cəsarət nümunəsi göstərən Nicat bir
addım belə düşmənin güllə, mərmi atəşi
altında geri çəkilməyib, hədəfə çatanadək
düşmən üzərinə həmlələr
edib".
Azərbaycan
Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 25 dekabr 2020-ci
il tarixli və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları
ilə çavuş Nicat Əlizadə "Döyüşdə
fərqlənməyə görə", "Füzulinin azad
olunmasına görə" və "Şuşanın azad
olunmasına görə" medalları ilə təltif
edilib.
Nicat Vətəninə və xalqına layiq gənc
olduğunu döyüş sınağında sübut etdi.
Sadıq Rəfiyev
DİN-in Daxili
Qoşunlarının mətbuat xidmətinin zabiti, kapitan
525-ci qəzet.- 2021.- 25 iyun. S. 14.