Mətbuat Şurasında Vətən müharibəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib

 

İyunun 23-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 2029-ci ilin Vətən müharibəsində əsgər və zabit kimi iştirak etmiş jurnalistlərlə görüş keçirilib. 26 İyun –Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş toplantı torpaqlarımızın azadlığı uğurunda canından keçmiş Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 44 günlük müharibəndə iştirak etmiş Vətən övladlarının qəhrəmanlığı dillərdə dastandır. Vətən müharibəsi xalqımızın əzminin və iradəsini təcəssümüdür: “Media ictimaiyyətinin nümayəndələri olaraq fəxr edirik ki, bu müqəddəs savaşda jurnalistlərimiz də iştirak etdilər, Vətənin çağırışına səs verərək özlərinin vətəndaşlıq borclarını yerinə yetirdilər. Mətbuat Şurası olaraq Vətən müharibəsi iştirakçısı həmkarlarımızın fədakarlıq və təəssübkeşliyini yüksək qiymətləndiririk. İstədik ki, Silahlı Qüvvələr Günü ərəfəsində sizləri bir araya toplayaq. Unutmayın ki, keçdiyiniz şərəfli yol böyük örnəkdir. Həm də ona görə örnəkdir ki, sizlər qələminizi süngüyə dəyişmək cəsarətini göstərdiniz. Bir daha minnətdarlığımı bildirirəm”.

 

Ə.Amaşov vurğulayıb ki, Vətən müharibəsi gedişində Mətbuat Şurası İdarə heyətinin üzvləri cəbhədə döyüşən jurnalistləri diqqətdə saxlayıb, onların ailə üzvləri ilə mütəmadi təmas yaradıblar.

 

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli bildirib ki, müharibə müddətində qələmini süngüyə dəyişmiş jurnalistlərimiz böyük peşəkarlıq göstərdilər. Onlar konkret olaraq hərbçi funksiyasını yerinə yetirdilər. Ermənilər çalışırdılar ki, döyüşlərə qatılmış jurnalistləri ən qaynar nöqtələrə aparsınlar və orada onların üzləşəcəyi hər hansı durumu Azərbaycan tərəfinin jurnalistikaya təzyiqi kimi qiymətləndirsinlər. “Azərbaycan Mətbuat Şurası bu sayaq məsələlərlə bağlı beynəlxalq media qurumlarına müraciət ünvanladı. Onların diqqətini bu faktlara yönəltdi”, - deyə M.Ələsgərli əlavə edib.

 

Görüşdə çıxış edənlər Mətbuat Şurasının saytında Vətən müharibəsində döyüşmüş jurnalistlərlə bağlı ayrıca bölmənin yaradılmasını, onlarla əlaqədar bilgilərin sistemləşdirilməsini təklif ediblər. Müharibə şəraitində jurnalist peşəkarlığının müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.

 

Vətən müharibəsi iştirakçısı olmuş jurnalistlər Mətbuat Şurasının “Qələmdən süngüyə” mükafatı ilə təltif ediliblər.

 

525-ci qəzet.- 2021.- 25 iyun. S. 5.