İnsanlığın sonsuz ehtiyacı - mehribanlıq

 

Uca Allah insanı sevgi ilə yaradıb, ona öz nurundan bəxş edib. Allah çox mehribandır və mehriban olanları da çox sevər.

Peyğəmbərimiz buyurub ki, insanları yalnız mallarınızla razı edə bilməzsiniz, onları gülərüzlə və gözəl xasiyyətlə razı sala bilərsiniz. Həqiqətən də, insana min yaxşılıq edib, bəlkə üzrlü səbəbdən bircə dəfə səsini eşitməyəndə bütün olanları unudur. Nədənsə, elə bil pislik daha çox yadda qalır.

İnsan lap dünyanın o başına da getsə, elədikləri, yəni özü öz qarşısına çıxır. Çünki insan özündən kənara çıxa bilmir, qazandıqları onun özünə qayıdır. Bir atalar sözündə deyildiyi kimi: Nə tökərsən aşına, o da çıxar qaşığına.

Amma insan bəzən özünə də, ətrafındakılara zülm edir. Məsələn, kişinin həyat yoldaşı xəstəxanadan müayinədən keçib gəlir. Elə evə addımını atan kimi kişi onu qışqırıqla, acı sözlərlə qarşılayır. Qadın deyir, həkimdən gəlmişəm, bir soruşmursan ki, necə oldu, nə dedilər, qışqırırsan elə. Kişi daha da alovlanır. Çünki qəlbi xəstədi, vasvasıdı, yazıqdı. Həm də elə yazıqdı ki... Bu cür adamla yol yoldaşı olandan sonra bir daha düşünürsən ki, dünyada ən qiymətli şey mehribanlıqdır, gülümsəməkdir... Onda ən çətin anda da özündə güc taparsan, yıxılmazsan. Amma üstünə gözlərini bərəltmiş biriylə havalanarsan, quyunun dibinə yuvarlanarsan.  

Bir qadın tanıyıram, gözəl, amma çox sərt xanımdı. Kimdənsə eşitmişdi ki, guya virus uşağa keçmir. Özü də heç "korona"ya inanmır, inananları acı dillə qınayırdı. Aylarla onu görmədim, virusa yoluxubmuş. Bir kobudluq, əsəbi atılan addım bəzən insanın bütün həyatına, gələcəyinə zərər verir. Çünki həyatda atdığımız addımlar zəncirvari şəkildə bir-birinə bağlıdır. Bəzən küsüb getdiyin yerə, ehtiyacın olsa da, qayıda bilmirsən. Və sən olanları unutsan da, geri dönsən də, xəbis, kinli adamlar sənə imkan verməyəcəklər. Odur ki, gərək belə adamlara fürsət verməyəsən. Fürsət verməyəsən ki, sabah sənin haqqına sahib ola bilməsinlər...

İnsan mehriban, gülərüz olduqca onu sevənlər də çox olar. Sevməsələr belə, ona hörmət etmək məcburiyyətində qalarlar. Dahi Nizaminin dediyi kimi:

 

Əziyyət eyləsən, cəfa görərsən,

Mehribanlıq etsən, səfa sürərsən.

 

Və ya:

 

Yamanlıq etməkdən uzaq ol, uzaq,

Pisliyin əvəzi pislik olacaq.

 

Deyir, kinli adam xoşbəxt ola bilməz. Gözəl xasiyyət, mehribanlıq isə insanı zinətləndirər, onu gözümüzdə daha dəyərli edər. Uca Allah da asanlıq göstərən və gülərüzlü adamı sevər.  Kini olanın dini olmaz. Necə deyərlər, kindar kimsə cənnətə daxil olmaz.

 

Yolboyu adamları müşahidə edirsən, doğma sandığın adamlarla görüşürsən. Salam verincə bəzən qarşındakı o yoxsul ürəkli biri kinli baxışları ilə səni vurmağa, yıxmağa çalışır. Özlərini dahi sanırlar kiminsə qoltuğunda cücərən, amma çürük bar verən özündən müştəbeh bəziləri... Deyir, milçək bir şey deyil, amma ürək bulandırır. Elə bu düşüncələr içində bir vaxt belə bir şeir yazmışdım:

 

Avtobusa bənövşə mindi, deyəsən,

Bənövşə qoxusu bürüdü dörd yanı...

adam istəsə bənövşə olar,

qızılgül olar, günəş olar, bulud olar...

Adam istəsə dünyanı dəyişər -

Müharibələr olmaz, uşaqlar ölməz...

Amma o dünyaya kin bəsləyir.

Adam İNSAN olmaq istəmir hələ,

robot olmaq istəyir.

 

Mina RƏŞİD

525-ci qəzet.- 2021.- 25 iyun. S. 13.