Qadın
halları...
Zaman su kimi axıb gedir. Buna görə bəzi
anlar dünən baş vermiş kimi canlanır zehnimizdə.
Bəzən illərin necə keçdiyinin fərqində
olmur, qırx yaşa çatıb otuz kimi hiss edir, otuzu
haqlayıb iyirmi havasında oluruq.
Şəkillərə baxanda eyni olduğumuzu
düşünür, yaşadıqlarımızı
xatırlayanda nə boyda yol qət etdiyimizi, nə qədər
dəyişdiyimizi fərq edirik. Yaxşı, bəs
insanın dəyişməyi mümkündürmü? Məsələn,
tamamilə, büsbütün... Araşdırmalar
bunun mümkün olduğunu göstərir. Amma bu, həmin şəxsin özü ilə
arasında həll edəcəyi məsələdir.
Əgər yanlış və zərərli xüsusiyyətinin
fərqinə varar, bundan sonrakı həyatını fərqli
formada davam etməyə qərar verərsə, dəyişimin
reallaşması mümkün ola bilər.
Təzyiqlə, deyingənliklə,
gözümçıxdıya salmaqla, gecə-gündüz
danışmaqla, hədiyyələr almaqla, başına
dolanmaqla heç kim dəyişmir. Stanford Universitetində aparılan tədqiqat bu
baxımdan olduqca maraqlıdır. Araşdırmaya
görə, insanları dəyişimdən uzaq tutan
mühakimə etmək, təcrid etmək, yanlış
anladığını göstərməkdir. Məsələn, mühakimə edilən insan dərhal
özünümüdafiəyə keçir. Doğru sözləri də rədd edir və
qapılarını qapadır, içində daha sərt
xarakter bəsləməklə məşğul olur. Təcrid etmək də işə yaramır. Çünki bu vaxt şəxs
haqlılığına daha çox inanır və
davranışlarından dörd əlli yapışır.
Yanlış anlaşıldığını
düşündükdə isə qurban psixologiyasına
bürünür, içində yaşadığı dram
onu daha betər olmağa sövq edir. Nəticədə
yenə aləm bir-birinə dəyir. İmkan
varsa bu dəyişim prosesinə başdan qol qoymamaq ən
yaxşısıdır. Amma təəssüf
ki, bu yöndəki elmi araşdırmalar, alimlərin
düşüncəsi, əldə edilən nəticələr
xüsusilə bizim qadınların bir çoxu
üçün boş söz yığını,
tullantı deməkdir. Təbii ki, ümid
etmək gözəldir, amma bu, birini dəyişdirmək
yönündə keçərli deyil. Adətən
qadınlar kişiləri dəyişmək üçün
girdikləri yolda ya yox olurlar, ya da sınıq-salxaq
çıxırlar.
Bu günlərdə ölkənin tanınmış həkimlərindən
biri ilə söhbətləşdik. Qadın ailə
qurduğu gündən son 7-8 ilə qədər özü
kimi tanınan və həmkarı olan əri tərəfindən
ağır şiddətə məruz qalıb. Dəfələrlə
döyülüb, ruhən bir yana
qalsın, fiziki travmalar alıb. Özü də beş, on il deyil, 27 il davam edib. Niyə
dözdüyünü soruşanda "sevdiyim
üçün" cavabını verdi. Şiddətə məruz qaldığı ilk illərdə
boşanmaq istəyib, ailəsi "papağımızı yerə
soxmaq istəyirsən" deyib və qadını bu fikirdən
daşındırıblar. Hələ də
birlikdədilər. Bir ara səsi titrəyərək,
"əvvəldən şiddətə meyilli olduğunu
bilirdim, amma elə fikirləşirdim ki, evlənəndən
sonra dəyişəcək. Sonra dözdüm, bir uşaq
olandan sonra dəyişəcəyini düşündüm,
amma dəyişmədi" dedi. Qanlı-qadalı
evlilikdən dörd övladları dünyaya gəlib. Hazırda şiddət davam edirmi deyə soruşdum.
"Yox" dedi, "qaynanam öldükdən sonra kabus
bitdi" söylədi. Demə, qaynanasına
xoş getsin deyə döyülürmüş. Qaynanasının ölümü
isə qadının 50-55 yaşlarına, yəni özü
bir neçə nəvə sahibi olana təsadüf edib.
Qızlarını soruşdum, zəngin adamlara ərə
verdiyini, lüks həyat yaşadıqlarını söylədi.
Şəkillərini göstərdi.
Söhbət bir az da dərinləşəndə
məlum oldu ki, qızları da onun yaşadığı həyatı
yaşayır. Biri dalaşır, tez-tez ata evinə
qayıdır, digəri isə ağır dozalı
antidepresant həblər qəbul edir. Amma
buna rəğmən, israrla qızların xoşbəxt
olduğunu, ərlərinin qızlara yaxşı
baxdığını deyir. Maddiyyatı nəzərdə
tuturdu. Mənəvi olaraq isə
qızlardan biri məhv olmuş vəziyyətdədir. Burada sətirlərə yaza bilməyəcəyim qədər
ağır dönəmlər yaşayır.
Boşansın dedim. Qadın son dərəcə
iddialı və özündən əmin şəkildə,
"mən necə dözmüşəmsə, o da
dözsün, üç uşaqla boşanıb camaat
içinə necə çıxacaq. Həm
boşansa, əri onun başını kəsər".
Qızın əri də
tanınmışlardandır. Qadının
ərindən fərqli olaraq bu şəxs qızı
döymür, amma aralarında nə baş verirsə, qız
artıq dəli olmaq həddinə çatıb. Qadın qızın qapalı olduğunu və
heç nə danışmadığını deyir. Bunu son dərəcə rahatlıqla söyləyir.
İmkanların sonsuz olduğu 2021-ci ildə
"əşşi dəyişər, dözsün, eybi yox,
düzələr" demək cahillikdir.
Qadın danışdıqca İbn Sinanın bir hekayəsini
xatırladım. Rəvayətə görə, eyni kilo və
eyni yaşda və eyni cinsdən olan iki quzunu eyni şərtlərdə
iki ayrı qəfəsə qoyurlar. Bu iki qəfəsin
yanında bir qəfəs də olur. Ora isə
bir canavar salırlar. Ancaq canavarın
olduğu qəfəsi sadəcə quzulardan biri görür.
Aradan bir müddət keçir canavarı
görən quzu yeməkdən içməkdən kəsildiyini
sezirlər. Onu görməyən quzunun
kefi isə göylə gedir. Aradan bir az
da keçir görən quzu xəstələnərək
ölür, digər isə yaşamağa davam edir.
Əslində, qurdu görən quzu üçün
heç bir təhlükə yoxdur, nəticədə hər
biri öz qəfəslərindədir. Ancaq mütəmadi
qurdla göz-gözə gəlməyi onu narahat edir, yemək,
içməkdən kəsəcək qədər onu stressə
salır. İndi həmin qız da belədir, ola bilər ki, döyülmür, amma nə
yaşayırsa, hər gün biraz yox olur. Bəzən didilmək,
parçalanmaq yox, üz-üzə, göz-gözə olmaq da
məhv olmaq üçün böyük səbəbdir. Söhbətin
sonunda dərindən nəfəs alan
qadın, "dəyişər" dedi. Öz özümə,
hər halda dünyada bu axmaq fikrə inanan qadınlar təkcə
Azərbaycandadır dedim. İnsanların dəyişməyinin
asan olmadığını anlamaq istəmir bu "sevdaya"
düşənlər. Əlbəttə,
mümkündür, amma yalnız insan özü istəyərsə...
Türkan Turan
525-ci qəzet.- 2021.- 26 iyun. S. 19.