Moşulara
deyin ki…
İnsana
xas elə xüsusiyyətlər var ki, onları istənilən
vaxt görmək də, ifadə etmək də, lap elə təyin
etmək də asan deyil. Məsələn,
istedad kimi. Gözəllik kimi fərdi və
spesifik zövqdən ibarət anlayışı da hansısa
standartlara əsasən müəyyən etməyə
çalışırlar. Boy, çəki, üz cizgiləri
və s. İstedadı isə bu cür təyin etmək
mümkün deyil. Nəinki başqasında, elə
öz-özündə də.
Kimlər ki, həyatın ona bəxş etdiyi bu hədiyyədən
vaxtında xəbərdar olur və vaxtında enerjisini bura
yönləndirir, o adamın uğurlu olması daha real olur. Ancaq kimlər
ki, özünü istedadı olmadığı halda
aldadır, özünə yalan danışır, bax, həmin
o adamlara həqiqətən yazığım gəlir.
İstedadsız olduğun halda özünü aldatmaq dənizə
yelkənsiz çıxmaq kimi bir şeydir. Təbii ki,
insanların özləri ilə olan dialoquna, o dialoq zamanı
özünə dediyi yalanlara müdaxilə edə bilmərik.
Ancaq bir şeyi də daim xatırlamaq
lazımdır ki, insanın özünə dediyi yalanlarda ətrafındakılardan
eşitdiyi yalanların böyük rolu olur. Çalışaq, istedadsız olduğu halda
heç kimə "sən istedadlısan" yalanını
deməyək. Bu yalanı demək
üçün hansısa bir yarışmada münsif
kürsüsündə oturmağa ehtiyac yoxdur. Bizim bunu demək üçün həyatda kifayət
qədər imkanımız olur. Boş
söz yığınından ibarət şeirini sizə
göstərib "Necədir?" soruşan dostunuzdan cızma-qara
təsvirlərini göstərib "Bu, şedevrdir" deyən
dostunuza qədər. Çünki
hamımızın ətrafında ara-sıra dahilik
xülyasına qapılanlar olur. O insanlara edə biləcəyiniz
ən böyük yaxşılıq şeir
adlandırdığı boşboğazlığın əslində,
şeir olmadığını deməkdir. Özü
də ən sərt şəkildə. Bəlkə
də, o, sizin sözünüzü eşidib həmin dəqiqə
şairlik xülyasından əl çəkməyəcək.
Ancaq siz öz öhdənizə düşəni
etmiş olacaqsınız. Təbii ki, fikir
bildirdiyiniz sahədən az-çox anlayışınız
varsa, bunu təyin edib fikir bildirə bilərsiniz. Ola bilər ki, sizə mənasız görünən
bu əsər həqiqətən də yaxşı əsərdir.
Yox, anlayanda ki, şeir adı ilə oxuduğunuz sözlər
mənasız sözlərdir, bax, o vaxt yuxarıda da qeyd
etdiyim kimi, ən sərt şəkildə demək
lazımdır ki, get özünə iş tap. Bunu
deməkdən qorxmaq lazım deyil. Qoyun qəlbi
qırılsın, incisin, lap belə sizdən zəhləsi
getsin. Amma siz yenə də düzünü deyin.
Çünki bir insanın həqiqətən istedadı
varsa, kim nə deyirsə desin, o, yenə də
tutduğu yolda davam edəcək, istedad ona dinclik verməyəcək.
Yox, əgər bu, yoxdursa, insan özü ilə
baş-başa qalıb, özünü
sorğulamalıdır. Tənqid isə bu
sorğulamanı tezləşdirə bilər. Əmin olun, siz bunu deməklə daha çox
yaxşılıq etmiş olursuz. Düzdür,
bu gün hər şeyi tərbiyəyə, təhsilə
bağlayan və bir çox şey kimi, istedadın da sonradan
qazanıla bilən bir məfhum olduğunu iddia edən
yanaşmalar da var.
Mən düşünürəm ki,
yaradıcılıq sahəsində bunlar hamısı ikinci
plandadır.
İnsan çox çalışıb yaxşı həkim ola bilər, yaxşı riyaziyyatçı,
yaxşı mühəndis ola bilər, ancaq
çalışmaqla şair olmaq olmaz. Uzağı,
şairə qafiyə, rədif öyrədib onu daha
yaxşı şair etmək olar, lakin heç kimi şair etmək
olmaz. Mən belə düşünürəm,
buna inanıram.
Moşuların fərsizliyində onları daim tərifləyən
Söylülərin də günahı çoxdur. Əgər
sevdiyiniz adamların bir ömür "xoşbaxtlıq"
sözünə qafiyə axtarıb bədbəxt
olmasını istəmirsinizsə, həqiqətləri deməkdən
çəkinməyin. Yazımı Əbu Turxanın
çox sevdiyim bir sözü ilə bitirmək istəyirəm:
"Siz istedadsızları yazıqlaya-yazıqlaya
istedadlılara qənim hazırlamış olursunuz".
Aytac SAHƏD
525-ci qəzet.- 2021.- 26 iyun. S. 19.