Acı
taleli qız
(Əvvəli
ötən şənbə sayımızda)
Əlbəttə, bu, fantastik bir ideyadır, məgər
bir əsr əvvəl fantastik kimi görünənlər
sonra həyatda öz təsdiqlərini tapmadılarmı? Marsda bəlkə
də heç vaxt həyat olmayacaqdır. Həyat
Yer üzündə yaranmış və öz
mövcudluğunu burada davam etdirir. Lakin
kimsə Yer üzünün nüvə arsenalından bəşəriyyətin
birdəfəlik xilas olmasını təklif etmişdirsə,
onun bu nəcib təşəbbüsünü yalnız təqdir
etmək lazımdır.
Dünyada ticarət, kommersiya geniş miqyas aldı. Vaxtilə
avtarkiya yolu ilə özünü qidalandıran və idarə
edən dövlətlər də geniş ixrac-idxal əməliyyatlarına
qoşuldu. Hər bir ölkədəki mağazalar indi
dünya istehsalı nümunələrinin sərgisini
andırır, hamı istehsal edə bildiyi malı, əldə
etdiyi təbii sərvəti dünya bazarına
çıxarır, onun əvəzində özünə
lazım olan, bəlkə də, əvvəllər heç
tanımadığı ərzaq və sənaye
mallarını alır və əhalisinin təchizatına sərf
edir. Hər şey alınır və
satılır. 1620-ci ildə ilk amerikan kolonistlərindən
biri olan Yeni Plimut məntəqəsinin sakinləri öz
metropoliyaları İngiltərəyə
ovladıqları heyvanların xəzlərini
satırdılarsa, ABŞ-ın həmin Yeni İngiltərə
regionunda XIX əsrdə buz, qəribə də görünsə,
ən mühüm ixrac əmtəəsinə
çevrilmişdi. Regionun XX əsrdə
başlıca idxalı isə dünyanın hər tərəfindən
Harvard universitetində və Massaçusets texnoloji univesitetində
oxumağa gələn tələbələrdən ibarət
idi. Vaxtilə kasıb, geridə
qalmış bir ölkə olan Çin isə istehsal etdiyi
çox saydakı istehlak malları növləri hesabına
XXI əsrin ilk illərindən dünyanın bütün
guşələrini təmin edən nəhəng fabrikaya
çevrilmişdir.
Göründüyü kimi, ticarət istehsalın da
lokomotivi rolunu oynayır. Çox məhsul ixrac etməklə
böyük gəlir əldə etməyə
çalışan ölkələr texnologiyanın
inkişafına, istehsalın böyüməsinə və
diversifikasiyasına da ciddi fikir verir. Ümumi
daxili məhsul istehsalında liderlik edən ABŞ, Çin,
Yaponiya və Almaniya Federativ Respublikasının iqtisadiyyat sahəsindəki
nailiyyətləri hamı üçün nümunə
olmalıdır. İqtisadi inkişaf tənəzzülün
yaranmasına yol vermir, sivilizasiyanın tənəzzülü
isə daha çox daxili zəiflikdən meydana gəlir.
Daxili zəiflik qorxulu xəstəlik
olduğundan, ona qarşı daim peyvəndlənmə
aparılmalıdır.
Bütün tarixi inkişaf davam etdikcə insanlar da
mümkün olduğu qədər onlardan istifadə etməyə
çalışırdı. Min illər keçsə
də, insana üz verən sevinc də, kədər də
öz təbiətini dəyişmədi. Bəlkə
onlar başqa qaydada nümayiş olunurdu, çünki
ölçüləri də dövrə müvafiq olaraq dəyişilirdi.
İndinin özündə də biz kədərdən,
qəmdən-qüssədən qaçmağa
çalışırıq. Pessimist hisslər
heç də əlacsızlıq duyğusuna, fatalizmə
aparmamalıdır. İnsan daim mübarizə
aparmalıdır, yaxşı həyat naminə, eybəcərliklərə,
qüsurlara, haqsızlıqlara, nadanlığa qarşı.
Dünya, onun ölkələri və xalqları
haqqında, onların inkişaf yolu barədə qısa, icmal
xarakterli söhbət açdıq. İnsanlar özlərinin
məskunlaşdığı planet olan Yer kürəsinin
qorunub saxlanması qayğısına qalmalı, onun təbii
fəlakətlər, pandemiyalar, nüvə silahından istifadə
hesabına məhv olmasına yol verməməlidirlər.
Hər bir xalq həm də öz ölkəsinin
taleyi ilə yaşayır, onun çiçəklənməsi
üçün əlindən gələni etməyə
çalışır. Biz də öz vətənimizin
ərazi bütövlüyünün, sosial-iqtisadi, elmi və
mədəni inkişafının qayğısını
çəkirik. Südabə
xanımın general De Qollun sözündən istifadə edib
dediyi kimi, hər ölkənin göy qübbəsində
özünə məxsus ulduzu vardır və biz çox arzu
edirik ki, bizim ölkəmizə məxsus olan ulduz daha gur
parlasın, Azərbaycan öz vətəndaşlarının
əsl iftixar mənbəyinə çevrilsin. Ölkəmizin hərtərəfli çiçəklənməsi
üçün hər birimizin zəhmət çəkməsi,
biliyini, gücünü, əqli və fiziki imkanlarını
bütünlüklə bu işə sərf etməsini tələb
edir. Xalqımız fərasətlidir, zəhmətdən
qorxu hissi ona yaddır, bunu onun xarici ölkələrdə
yaşayan nümayəndələrinin əldə etdikləri
yaxşı ad bütünlüklə sübut edir.
Biz daha böyük inkişafa malik olmuş xalqlardan da
çox şey öyrənməliyik. Bəziləri qərblilərin
təcrübəsinə inamsızlıqla baxırlar,
onların təsirinin güclənməsindən ehtiyat edirlər.
Onları qınamaq da düzgün olmazdı.
Çünki tarixi təcrübə
ehtiyatlı olmaq lüzumunu daim yada salır. Ona görə də müəlliflər Şərqə
müraciət etmək, nəzərləri yaponlara cəlb etmək
istəyir. Hələ 1549-cu ildə missioner fəaliyyəti
ilə məşğul olmaq üçün Yaponiyaya gələn
iezuitlərin liderlərindən biri olan Fransisk Xavyer yaponlar barədə
tərifli fikir söyləmişdi: "Onlar yüksək mənəviyyatı
olan xalqdır və heç də qəzəbli deyillər".
Bu xalqın "dəstə şüurunu" qeyd edib,
yaponları gah arılarla, gah da qarışqalarla müqayisə
edirlər. Bu xalq həqiqətən əsl qarışqa
kimidir, heç bir maneə qarşısında dayanmır.
Qarışqalar qarşılarına gölməçə
çıxdıqda özlərini qurban verərək
körpüyə çevrilirlər, bu körpü ilə
onların yoldaşları keçib gedirlər. Digər həşaratlara da bu xüsusiyyət yad
deyildir. Çəyirtkələr Afrikanın
şimalından Fransanın cənubuna Aralıq dənizinin
üstündən uçarkən yorulur, aclıqla üzləşir,
bir hissəsi dalğaların üstünə oturur, arxadan gələnlər
onlardan istirahət divanı və yemək masası kimi istifadə
edir, həm dincəlir, həm də öz
qardaşlarını yeyib cana gəlirlər. Yaponlara
gəldikdə, onlar, həqiqətən də, inadkar qara
qarışqa dəstəsi kimidir. Bu
xalqın əsas xüsusiyyətlərindən biri şəraitə
uyğunlaşması, zəhmətsevərliyidir. Bu xüsusiyyətlərinə görə, yaponlar
dünyada indiki vəziyyətə çatmışlar,
qazandıqları nailiyyətlərinə görə məhz
bu əvəzolunmaz fərqliliklərinə borcludurlar. Onlar şəraitə uyğunlaşmağı
bacarır, onu özünə tabe edir və situasiyanın
faydasından istifadə edirlər. Yapon
danışıq apardığı adamla razılaşmayanda
belə, özünü elə göstərir ki, onunla
razılaşır. Bu, prinsipsizlikdir və
ya müdriklikdir? Əslində, bunu
"sağlam düşüncə" və "praktiki
yanaşma" hesab etmək olar.
Yaponlar dini seçəndə də onun dünyəvi
fayda gətirənini, bu, ya var-dövlət əldə etmək,
ya müharibədə qələbə çalmaq və ya xəstəlikdən
yaxa qurtarmaq olsun - qəbul edir.
Onu da yaddan çıxarmaq olmaz ki, vaxtilə yapon kəndlisinin
adı və soyadı da yox idi, tanınması yalnız
peşəsinə görə idi. Əsrlər ərzində yapon kəndlisi
əsl iş heyvanı kimi zəhmət çəkir, heyvan
kimi də ölürdü. Əzablı həyat
və ya əzabla ölüm - alternativ bundan ibarət idi.
Lakin onlar buna dözürdülər. Yaponiyada sərt asketizm həmişə ləyaqət
dərəcəsinə qaldırılmışdı. Var-dövlət hərisliyi gözə
çarpmırdı. Yapon
üçün ən vacib cəhət birinci növbədə
mənəvi borc hissi idi. Yaponlar daim
mülayim təbiətlilikləri,
dözümlülüyü, çətinliyə davam gətirmələri,
vəziyyətdən çıxmaq qabiliyyətləri ilə
seçilmişlər. Yaponların zəhmətsevərliliyinə
isə yalnız həsəd aparmaq olar, bu məsələdə
onları təqlid etmək belə müşkül məsələdir.
Onların təkcə həyat tərzi deyil,
düşüncə tərzi və davranışları,
milli xarakterləri də fərqlidir.
Meyci Bərpasına
qədər samuray sinfi arasında dəbdə olan və özünü
intiharın mərasim forması sayılan seppuku
döyüşçüyə imkan verirdi ki, öz əli ilə
ölməklə malik olduğu xarakterə və
namusluluğa sadəcə hörmətini göstərsin. Samuray bu vaxt gödək qılıncla
qarnını yarırdı. Yüksək
mənəvi xarakterə malik olan həmin adamlara
"qarına malikdir" deyirdilər, yəni o, həqiqətən
də dəqiq prinsiplərə sahibdir.
Yaponiya təkcə uzun tarixi, köhnə məbədləri,
kilsələri və bağları ilə deyil, əyalət
bayramları ilə də seçilir. Başqa xalqlardan ən
böyük fərq isə yaponların çox hallarda ilk anda
bir qəribə təəssürat yaratmasıdır.
XIX əsrin sonunda Yaponiyada yaşamış ingilis Lafkadio Hiyan
bu barədə yazırdı: "Yaponun təbəssümü
ilk növbədə adamı heyran edir, bu təbəssüm
qeyri-adi şəraitlərdə də eyni qaydada
özünü büruzə verir... Ən çox xoşa gələn sifət təbəssümlü
sifətdir. Hətta baxmayaraq ki, həmin vaxt ürəyindən
qara qanlar axan adam da igidcəsinə
gülümsəməklə, öz sosial borcunu yerinə
yetirir".
Biz sizi milli təfəkkürdən uzaqlaşıb,
yapon düşüncə tərzinə yiyələnməyə
səsləmirik. Lakin adamları yaponlar kimi zəhmətsevərliyə,
işgüzarlığa, nikbinliyə, azacıq da olsa bal arılarına və qarışqalara bənzəməyə
çağırırıq. Zəhmət də,
bilik də hava və su kimi hər bir fərdin həyatı
üçün vacib şərt sayılmalıdır,
mümkün qədər təbii tələbata çevrilməlidir.
Biz daha bilikli, daha zəhmətsevər olsaq,
ölkəmiz daha gur inkişaf edər, bədxahlarımızın
paxıllığına səbəb olacaq bir şəkildə
daha gur çiçəklənə bilər. Bunu kimsə pis arzu saya bilərmi?
Dünyaya nə qədər böyük maraq göstərsək
də, qəlbimiz öz doğma vətənimizlə
döyünür. O, bizimkidir və biz ona məxsusuq. Əlbəttə,
Azərbaycan ərazi cəhətdən kiçik ölkədir,
onun əhalisinin sayı da çox deyildir. Lakin biz böyük xeyirxah ambisiyaları, ümidləri,
arzuları olan bir xalqıq. Bizim
inkişafımıza mane olmaq istəyən qonşumuz
vardır və XX əsrin əvvəlində və sonunda
ölkəmiz onun təcavüzünə məruz
qalmışdır, lakin xalqımız feniks quşu kimi yenidən
dolğun həyata qayıtmış, dünyanın da etiraf
etdiyi böyük inkişaf səviyyəsinə
çatmışdır. Hər birimiz
özümüzün, ailəmizin, uşaqlarımızın
taleyini düşündüyümüz kimi, ölkəmizin,
xalqımızın da taleyinə biganə qalmamalı, onu daim
ön plana çəkməliyik. Biz öz
kiçikliyimizdə də, əlbəttə, burada söhbət
yalnız ərazinin və əhali sayının böyük
olmamasından gedir, mənəvi, mədəni
böyüklüyümüzü göstərməliyik.
Bu, heç də dairənin kvadraturasını
həll etmək deyildir, bizim irəliyə doğru hərəkətimizin
yol göstəricisidir, hər bir azərbaycanlının həyat
kredosudur.
Azərbaycan xalqı sülhsevər xalqdır, lakin
öz qeyrətinə bərabər saydığı
torpağını da qanı ilə, canı ilə
qorumağa daim hazırdır. Yeni Azərbaycan ordusu
ölkə ərazisinin bütövlüyü vəzifəsini
ləyaqətlə yerinə yetirdiyindən, bizim onunla fəxr
etməyə mənəvi haqqımız vardır.
Xalqımıza isə Uinston Çörçillin öz
xalqı barədə dediyi sözlər "O elə millətdir ki,
... şir ürəyinə malikdir" bütünlüklə
uyğun gəlir. Azərbaycan xalqı heç
kəsin torpağına göz dikməmiş, təcavüz
etməmişdir, lakin malik olduğu şir ürəyini də
ən çətin sınaq anlarında nümayiş etdirməyi
bacarmışdır.
Əsər bir nəfərin taleyindən bəhs etdiyi,
bir qızın saqasına həsr olunduğu halda yekunda vətənin,
nəhayət dünyanın da taleyinə toxunuldu. Vətən
hamımızın birgə evi, ümumi yaşayış məkanıdır,
onun təhlükəsizliyi, abadlığı, çiçəklənməsi
hər birimizdən özünü bu müqəddəs vəzifəyə
həsr etməyi tələb edir. Vətənin
hər bir qarışının əzizliyi bizim
üçün əsl həyat əhəmiyyətli bir vəzifə
olaraq qalır.
İnsan daim axtarışda olmalıdır, xoşbəxt
yaşamaq uğrunda, nəcib əməlləri icra etmək
üçün. Bu mənada bəşəriyyət, hər
bir fərd daim axtarışda, daim yoldadır. Hər bir
adam özünü xilas və təsdiq edən
yol axtarıb tapmalıdır. Digər müəllif
sirdaşımın da ruhu adından, həm də öz
adımdın hamıya və hər bir kəsə xoşbəxtliyə
aparan bir yol arzulayıram. Bu, həm də mənim həyat
yoldaşımın, gənc ömründə həyatın həm
qara, həm də ağ üzünü
görmüş, acısını və şirinini
dadmış, səmimiyyətinə şübhə edilməyən
bir ləyaqətli xanımın sizə müraciəti və
xeyir-duasıdır.
SON
11 noyabr
2020-ci il
Telman ORUCOV
525-ci qəzet.- 2021.- 26 iyun. S. 22.