Alim
ziyası, şair imzası
İnsan doğulduğu torpağa, ata yurdu
saydığı ev-eşiyə təbii mənəvi-ruhi
bağlılıqla yaşayır, illər bir-birinin
üstünə qalandıqca hər dəfə böyük
dünyaya yol aldığı kiçik kəndinə, ya
şəhərinə qədəm basdığında, lap
qocalığında belə, doğma ocaqdan güc alır,
sanki həyat eşqini körükləyən bir qüvvə
ona qol-qanad verir.
Haqqında
ürək sözlərimi qələmə aldığım
dəyərli həmkarım Məmmədağa Sərdarov
ölkəmizin füsunkar təbiəti və mərd
insanları ilə könül oxşayan Qusar rayonunun Gədəzeyxur
kəndində soyuq bir qış günündə - 1941-ci il yanvar ayının 1-də dünyaya göz
açıb. O ağır illərin uşağları da,
böyüklər kimi müharibənin
ağrısını-acısını çəkirdilər.
Sovet İttifaqının alman faşizminə qarşı
dörd ildən çox davam edən Böyük Vətən
müharibəsi hər bir evə, ailəyə soyuqluq, hər
an qara xəbər daxil ola bilən qorxulu
bir ab-hava gətirmişdi. Atası Əhmədkərimin
ailəsi də bu bəlanı çəkənlərdən
idi. Həmin dövrün uşaqları da
müharibə uşaqları idi, qələbə arzusu ilə
böyüyürdülər, vətən sevgisi ilə pərvəriş
tapırdılar, aclıq, ehtiyac kimi ağır sınaqlardan
keçərək yetkinləşirdilər, bərkiyirdilər.
Məmmədağa da belə çətin
şəraitdə özü-özünə yol
açmalı idi.
1957-ci ildə
Qusar şəhər 1 saylı Azərbaycan orta məktəbini,
1963-cü ildə M.F.Axundov adına Azərbaycan
Pedaqoji Dillər İnstitutunun Rus dili və ədəbiyyatı
fakültəsini bitirdi. Əmək fəaliyyətinə
hələ tələbə ikən fəhləliklə
başlayan Məmmədağa işlədiyi hər bir yerdə
özünün zəhmətsevərliyi və yüksək
nizamlılığı ilə diqqəti cəlb edirdi. Ali məktəbdən sonra İsmayıllı
rayonunda və Bakı şəhərinin Qaradağ rayonu məktəblərində
müəllim işlədi, sonra komsomol (o zamanın gənclər
təşkilatının qısa adı belə idi) işinə
irəli çəkildi, bu qurumun yerli və mərkəzi
orqanında rəhbər vəzifələrdə
çalışdı. Əmək fəaliyyətini
uzun müddət Respublika Xalq Nəzarəti Komitəsində
inspektor və baş inspektor vəzifələrində davam
etdirən Məmmədağa Sərdarov işlədiyi təşkilatların
yüksək mükafatları ilə yanaşı, Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə
və "Rəşadətli əməyə görə"
medalla təltif olundu. O, 1991-ci ildə ölkəmiz
istiqlalına qovuşandan sonra əvvəlcə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş mütəxəssis,
1993-cü ildən isə təqribən altı il Respublika Nazirlər Kabinetinin
Qaçqınlar və məcburi köçkünlərin
işləri üzrə şöbəsində böyük
referent vəzifəsində çalışdı. Həmin illərdə BMT tərəfindən Cenevrə,
Moskva, Minsk və Tiflis şəhərlərində
qaçqınlar və miqrasiya problemləri üzrə
keçirilən beynəlxalq tədbirlərdə iştirak
etdi.
Məmmədağa müəllim 1999-cu ildən elmi fəaliyyətlə
məşğuldur. 2006-cı ildə Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında "Müasir dövrdə Azərbaycanda
miqrasiya prosesləri: siyasi aspekt" mövzusunda dissertasiya
işini uğurla müdafiə etdi. Hazırda
Milli Elmlər Akademiyasının Fəlsəfə və
Sosiologiya İnstitutunun "Heydər Əliyevin siyasi irsi və
azərbaycançılıq fəlsəfəsi"
şöbəsinin aparıcı elmi işçisidir, siyasi
elmlər üzrə fəlsəfə doktoru, dosentdir. O,
dörd monoqrafiyanın, 70-dən artıq elmi məqalənin
müəllifidir. Hər bir azərbaycanlının
qəlbində yeri olan Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi illərdə məsul vəzifələrdə
çalışan Məmmədağa Sərdarov indi Ulu
öndərin tükənməz siyasi irsini
araşdırmağı özünə şərəf
işi bilir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyev haqqında əsər və ya məqalə yazmaq,
xatirələr söyləmək, bu böyük siyasi və
milli-mənəvi liderin həyat və fəaliyyətini təhlil
edib dəyərləndirmək şərəfli olduğu qədər
də məsuliyyətli və çətin işdir. Bunu səmimi
etiraf etmək hər birimizin, xüsusilə də tədqiqatçı
alimlərin borcudur. Məlum olduğu kimi,
Ulu öndər haqqında tanınmış alimlər,
dövlət xadimləri, jurnalistlər tərəfindən həm
ölkəmizdə, həm də onun hüdudlarından kənarda
çoxlu kitablar nəşr edilib, bir-birindən maraqlı
xatirələr yazılıb, sənədli filmlər çəkilib.
Heç şübhə yoxdur ki, bu istiqamətdə iş gələcək
nəsillər tərəfindən də davam etdiriləcəkdir.
Çünki Heydər Əliyev elə bir dahi şəxsiyyətdir
ki, onun həyat yolu, zəngin idarəçilik təcrübəsi,
doğma xalqı və vətəni qarşısında xidmətləri
müasir nəslimiz və gələcək nəsillər
üçün sözün əsl mənasında
böyük örnək, ən yaxşı nümunə və
əsl vətənpərvərlik məktəbidir. Bu
baxımdan Məmmədağa Sərdarovun ömrünün
80-ci baharında qələmə aldığı, Ulu öndər
Heydər Əliyevə həsr etdiyi "Mahir siyasətçi"
kitabındakı məqalələr və xatirələr
xüsusilə maraq doğurur. Kitabda yer alan məqalələrdə
qeyd olunur ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi
ilə yenidən hakimiyyətə qayıdan Heydər
Əliyev ölkəmizi labüd fəlakətdən xilas etdi,
artıq başlanmış vətəndaş müharibəsini
dayandırdı, separatizm hərəkətlərini aradan
qaldırdı, daxili sabitliyi və təhlükəsizliyi təmin
etdi, ölkənin daha çox ərazilərinin düşmənin
işğalına düşməməsi üçün atəşkəsə
razılıq verdi, beləliklə, yaranmış tənəffüsdən
istifadə edərək milli ordu quruculuğuna başladı,
vətənimizi geniş inkişaf yoluna çıxartdı,
daxili və xarici maneələri bir-bir dəf edərək
dövlət quruculuğunun möhkəm təməlini qoydu,
Azərbaycanın dövlət müstəqilliyinin dönməz
və əbədiliyinin təminatçısı oldu.
XIX əsrin
ikinci yarısından etibarən ilk cücərtiləri
meydana çıxan, XX əsrin əvvəllərində
müxtəlif formalarda təzahür edən vətənçilik
- azərbaycançılıq ideyasının sistemli, ardıcıl
və kamil dövlət ideologiyasına çevrilməsi Azərbaycanı
canından artıq sevən, özünün dediyi kimi, qalan həyatını
da xalqın xidmətinə həsr edən Ulu öndər Heydər
Əliyevin müstəsna xidmətidir. Bu proses, əlbəttə,
çox da asanlıqla başa gəlməmişdi. Müxtəlif daxili cərəyanlara, ziddiyyətli
fikir və yanaşmalara, həmçinin, məqsədli xarici
təsirlərə baxmayaraq, Ulu öndər gənc müstəqil
Azərbaycan dövlətinin milli dövlətçilik
ideologiyasını düzgün və həmişəlik
müəyyən etdi.
Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi həm SSRİ
dövründə, həm də müstəqillik illərində
uzun müddət ərzində müxtəlif məsul vəzifələrdə
çalışmış, Ulu öndərin rəhbərliyi
ilə keçirilən bir sıra hökumət tədbirlərinin
iştirakçısı olmuş müəllif
özünü Heydər Əliyev idarəçilik məktəbinin
şagirdlərindən biri hesab edir və təqdim olunan
kitabında Azərbaycan Respublikasının müstəqil
dövlətçilik yolunda, inkişaf və tərəqqisində
Heydər Əliyevin tarixi rolunu və xidmətlərini
işıqlandırmağa çalışır.
Fikrimizcə, Ulu öndərin zəngin siyasi irsində hər
bir fikir adamı və tədqiqatçı üçün
tükənməz materiallar vardır və Məmmədağa
Sərdarovun adı çəkilən kitabı da bu sahədə
bir növbəti addım kimi təqdirəlayiqdir.
6 bədii və publisist kitabın müəllifi olan Məmmədağa
müəllim Azərbaycan Yazıçılar Birliyinin və
Respublika Jurnalistlər Birliyinin üzvüdür. Bədii
yaradıcılığında Məmmədağa Sərdar
imzası ilə çıxış edən həmkarımın
200-ə yaxın məqalə, oçerk və felyetonu mətbuatda
dərc olunub. O, yaradıcılığa şeirlə
başlayıb, tədricən nəsrlə də məşğul
olaraq maraqlı hekayələr yazıb və yazmaqda da davam
edir. Mənəvi saflıq və kamillik,
yüksək insani keyfiyyətlər, vəfa və sədaqət,
ailə dəyərlərinə yüksək ehtiram və
bağlılıq onun hekayələrinin əksəriyyətinin
ana xəttini təşkil edir. Əslində,
bu hekayələrin çoxu elə onun öz həyatının
hekayəsidir. Hələ 20 il bundan əvvəl
gənclik illərinin dostu Vilayət Rüstəmzadə ona həsr
etdiyi şeirində deyirdi
Qılıncsan
- korşalmaz ovxarlığın var,
Kənarda
gözün yox, tox varlığın var,
Uzaqdan
baxanda oxşarlığın var,
Zirvəsi
bəmbəyaz qocaman dağa,
Sərdarov
Məmmədağa!
Məmmədağa
Sərdarın şeirləri də hekayələri kimi, onun zəngin
daxili aləminin, Vətən sevgisi dolu geniş qəlbinin
çırpıntılarının sanki notlarıdır:
Anama
"can" demişəm,
Balama
"can" deyirəm.
Sənə
də doğma torpaq,
Canım qurban deyirəm.
...Qoy
sülh olsun torpağında,
Gül
olsun hər bucağında,
Ölüm
sənin qucağında,
Azərbaycan,
Azərbaycan!
Məmmədağa Sərdarın sonsuz Azərbaycan
eşqində heç vaxt təravətini itirməyən ilk
məhəbbətinin - Qusar sevgisinin ayrıca yeri var.
Oğlanları və nəvələri ilə ölkəmizin
bu Şahdağlı bölgəsinə hər gedişi ona
qol-qanad verir, pərvazlandırır. Şeirlərindən biri görkəmli
bəstəkarımız Eldar Mansurovun musiqi bəstələdiyi
"Mən Qusara gələndə" mahnısına
çevrilib:
Doğma,
şirin səs gəlir,
Yeni bir nəfəs
gəlir,
Könlümə
həvəs gəlir,
Mən Qusara gələndə.
...Başına
dönüm sənin,
Sənsən arzum, diləyim.
Ömrüm
uzanır mənim,
Mən Qusara gələndə.
Məmmədağa
Sərdarın bu yaxınlarda nəşr edilmiş "Elə
yaşa ki..." hekayələr kitabında onun çox
ehtiram bəslədiyi mərhum akademik Fuad Qasımzadənin
bir kəlamı epiqraf olaraq yer alıb: "İnsan yalnız
o zaman yaşadığı ömrü şərəfli saya
bilir ki, xalqına nəsə bir fayda vermiş olsun". Bu
baxımdan yanaşaraq arxayınlıqla deyirəm ki, əziz
həmkarım, hörmətli Məmmədağa müəllim, xatircəm ola
bilərsiniz, əməyinizlə, qələminizlə, əsl
vətəndaş mövqeyinizlə, yetişdirdiyiniz vətənsevər
övladlarınız və nəvələrinizlə
xalqımıza xidmət edib fayda verirsiniz və bundan sonra da
fayda verəcəksiniz.
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə
institutunun elmi işlər üzrə direktor müavini, tarix
elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir
525-ci qəzet.- 2021.- 26 iyun. S. 21.