Yaxın
Tiflisin uzaq mənzərəsi
Deyirlər ki, istirahətin mövsümü olmur. Amma nə sirdirsə, elə
ki, yay gəldi, adam evdə qərar tutmur. Bir neçə günlük də olsa, harasa getmək
istəyirsən. Elə bu fikirlə də,
bir neçə gün bundan əvvəl dostumla qərara gəldik
ki, qısa müddətə də olsa, istirahət
üçün harasa gedək.
Sözün
düzü, istirahət deyəndə bir az
gur səslənir. Necə deyərlər, yetim əlində
qoğal gülməli göründüyü kimi,
kasıbın istirahətə getməsi də boynuna
biçilməyib. Aldığım az
maaş, sosial qayğılar, bir sürü problem, bank krediti
və sair və ilaxır. Təbii ki, şəxsi
problemlərimi yazıb oxucunu yormaq onu neqativə kökləmək
niyyətim də yoxdur. Keçək mətləbə...
Nə isə...
Qərara aldıq ki, gedək Tiflisə. Qədim
Tiflisə. Oranı
da seçməyimiz təsadüfi deyil. Tiflis
qədimdən Azərbaycan türklərinin tarixi məskəni,
Borçalının və ətrafların mənəvi mərkəzi
sayılıb. Borçalı ellərindən,
Sarvan, Başkeçid, Çörük-Qəmərli,
Barmaqsız, Ağbulaq, Qarayazı, Qaraçöpdən gələn
yolların tuşlandığı hədəf, Tiflis həndəvərində
Soğanlıqdan, Ortacaladan, Nəftuluxdan keçərək
şəhərə çıxır.
Tariximizin
izi ilə Sənan dağını, Narınqalanı, Təbriz,
Abbasabad, Tatar meydanlarını, Siracxana yoxuşunu,
Bülbül calasını, Müctəhid, Qeybulla, Qumarbazlar,
Nəbatat bağlarını, Koroğlu qayasını,
Qoşa qalanı, İsgəndər qalasını,
Aşağı məhləni, Paronbəyov, Təklə
karvansaralarını, Gümüşün yolunu,
Qoçoğlunun suyunu, Gorxananı, Seyidabadı,
Mirzaabadı, Basqalları, Şıxlını,
Şahtaxtını, Seyidləri, əcdadlarımızın
ruhunu yaşadan digər tarixi məntəqələrimizi
adlayıb, hədəfə yaxınlaşırsan. Hədəf də dediyim tarixi adlar, abidələr,
türk adıyla tarixə meydan oxuyan qədim-qayım yurd yerlərimizdir.
Əlqərəz...
Yolu əlimizə alıb, nağıllardakı kimi az getdik üz getdik, iynə yarım yol getdik, dərə
təpə düz getdik. Bakıdan Qazaxa, Qırmızı
Körpüdən də adladıq üzü o yana.
Yola
çıxmağın bir üstün cəhəti də var
ki, adam gördüyündən,
eşitdiyindən, bildiyindən danışır. Mən də dostumla yolboyu maraqlı mövzularda
söhbət etdik. İxtisasca
hüquqşünas olan dostum çox informasiyalı,
dünyanın gərdişindən az-çox hali insandır.
Onunla hər mövzuda söhbət eləmək
xoşdur. Bir sözlə, içi dopdolu
olan dostumla beş-altı saatlıq yolu necə gəldiyimizin
fərqinə varmadıq.
Gürcüstan sərhədini keçəndən sonra
yolboyu azərbaycanlıların sıx yaşadığı
kəndlər başlayır. Bu kəndlərə
baxa-baxa beynimdə qəribə fikirlər
dolaşırdı. Yolboyu sıralanan kəndlərin
evlərinin əksəriyyətində işıqlar
yanırdı. Ürəyimdən
keçdi ki, görəsən, maşını bu kəndlərin
birinə döndərib, qapılardan hər hansı birini
döysək, bizi qonaq edərlərmi? Beynimdə
bu və bu kimi onlarla sual dolaşırdı. Həm də fikirləşirdim ki, bu kəndlərdə
yaşayan həmyerlilərimiz indi evlərində öz
doğma dilimizdə danışır, övladları
doğma dilimizdə təhsil alırmı? Nə çarə ki, qosqoca tarixin yaddaşında
bir xalq olaraq tale yazımız bizi bir-birimizdən
ayırıb. Biz bu yanda, onlarsa
Borçalı mahalında qalıblar. Bizi bizdən
ayıranın da başına ayrılıqlar gəlsin...
Bu fikirlərlə, bu suallarla gəlib Rustavi şəhərinə
çatdıq. Qərara aldıq ki, burada gecələyək.
Rustavi mənə bir az Sumqayıtı
xatırlatdı. Amma Sumqayıtla Rustavi arasında olduqca
böyük fərq var. Günü-gündən inkişaf edən
Sumqayıt gözəlliyi, füsunkarlığı ilə
Rustaviyə meydan oxuyar desək, lap yerinə düşər.
Səhər açılan kimi, gəzmək
üçün məhz elə Rustavini seçdik. Şəhərin görməli yerlərində
olduq. Rustaviyə turistləri cəlb edən əsas
səbəblərdən biri də başqa şəhərlərlə
müqayisədə buranın ucuzluq olmasındadır. İnsafən, olduğumuz yerlərdə bir neçə
turist ara-sıra gözümüzə dəyirdi.
Rustavidə
gəzməli-görməli yerləri bir az
dolaşıb, vaxt itirmədən Tiflisə getməyə qərar
verdik. Bir neçə saata Tiflisə
çatdıq. İlk baxışda Tiflisə
qanım qaynamadı desəm, lap yerinə düşər.
Şəhər mənə olduqca soyuq təsir
bağışladı. Bunun səbəbini
dinimiz və dilimizlə bağladım. Bəlkə
də hansısa müsəlman ölkəsində olsaydım,
Tiflisdən daha doğma qarşılayardım.
Şəhərdə
gəzdikcə bu soyuqluğu daha da çox hiss etməyə
başladım. Bir müddət sonra artıq bu
soyuqluğa alışdım. Gürcü
dilini bilmədiyimdən alış-veriş edəndə,
ünvan soruşanda rus dilindən istifadə edirdim. Amma rus dilində müraciət edəndə
gürcülər əhəmiyyət vermirdilər, elə bil
eşitmirdilər. Çox vaxt da
çalışırdılar ki, cavab verməsinlər.
İnsafən, yaşlı nəslin nümayəndələri
gənc nəslə baxanda bir az mərhəmətli
və bir az da diqqətli idilər. Elə bu
üzdən, hər dəfə də
çalışırdım ki, yaşlı nəslin
nümayəndələrinə müraciət edim.
80-ci illərin
axırları şovinist Qamsaxurdiyanın törətdiyi cinayətlərin,
türklərə qarşı nifrətin son akkordları bu
günün Gürcüstanında az da
olsa, hələ də hiss edilməkdədir. Şovinist
gürcülər dünyanın bu vaxtında belə, şəhərdə
turist olan türklərə də, yerli əhaliyə də
kin-küdurətlə baxırlar. Rus dilindən
imtina etməkləri də məlum siyasi gedişlərin nəticəsidir.
Tiflisdə xeyli gəzdik. Kifayət qədər
maraqlı təəssüratlarım oldu. Gəzə-gəzə
gəlib çıxdıq yəhudilərin ibadət elədiyi
sinaqoqa. Ravin bizi çox xoş
qarşıladı. Bakıdan gəldiyimizi
biləndə daha çox sevindi. Azərbaycan
və yəhudi xalqlarının tarixi dostluğundan,
bağlılığından söz açdı. Hər iki xalqın əsrlərdir
qarşılaşdığı məhrumiyyətləri dilə
gətirdi. Ermənilərin 30 ilə
yaxındır ki, torpaqlarımızı işğal etdiklərini,
tarixi yurd yerlərimizin dağıtdıqlarını bildirdi.
Bu arada söhbət əsnasında yəhudi ravinə bildirdim
ki, Birinci Qarabağ savaşında torpaqlarımız
uğrunda gedən döyüşlərdə azərbaycanlılarla
çiyin-çiyinə vuruşan yəhudi oğulları da az olmadı. Albert Aqarunov "Milli Qəhrəman"
adına layiq görüldü. Hər zaman xatırlanır, unudulmur, xatirəsi əziz
tutulur.
Yəhudi ravin bizi sinaqoqa dəvət etdi. Burada yəhudilərin
ibadət etməsini izlədik. Bir az
sonra, sinaqoqu tərk edərkən, bir maraqlı hadisəylə
qarşılaşdıq. Ravin bizə, "xırda pulunuz
varsa, o adama verin" dedi. Mən də, dostum da əlimizi
cibimizə salıb xırda axtardıq. Və
hər ikimiz öz aramızda azərbaycanca
danışmağa başladıq. Bu an
bizə kimsə "Bakılısız", dedi. İkimiz də bir-birimizə baxdıq. Azərbaycanca
danışan bu insana yaxınlaşıb pul vermək istəyəndə,
həmin adam ildırım sürətilə
bizdən uzaqlaşdı. Xeyli təəccübləndik.
Səbəbini bilmədik. Bir az sonra Ravin bizə bildirdi ki, həmin adam ermənidir.
Erməni olduğuna görə də yəqin
sizdən pul götürməyib.
Bir anlıq boğazım qurudu. Bu adam sinaqoqun
qarşısında dilənir. Pula ehtiyacı
var. Üstü-başı da çox pis halda idi. Necə deyərlər, cındırından cin
hürkür. Ağzında dişləri
belə yox idi. Həyatın dibində olan
bu erməninin hikkəsi özündən çox-çox
böyük idi. Elə erməniydi ki erməni... Türkə olan nifrəti o qədər böyük
idi ki, müəyyən ehtiyacını ödəyəcək,
ən azından çörək alacağı pulu belə
bizdən götürmədi.
Bir millət
olaraq əsrlərdir bizim çörəyimizi yeyən,
torpaqlarımızda yaşayan, sonra bizə, tariximizə, tarixi
yurd yerlərimizə , musiqimizə, mədəniyyətimizə
qənim kəsilən bu erməni qocanın məkri əslində,
onun mənsub olduğu xalqın xisləti idi. Və
özünü qonşu dövlətdə, Allah evinin
qarşısında belə bir daha sübut etdi.
Mən, dostum və həmin ravin bir neçə saniyə
bir-birimizə baxdıq. Susmaqla bir-birimizin ürəyindən
keçənləri oxuyurduq sanki. Ravinlə
bir şəkil çəkdirib, sağollaşıb oradan
uzaqlaşdıq.
Gürcü provaslav kilsəsinin yanından keçəndə
qərara aldıq ki, buranı da ziyarət edək. Ortodoks Kilsəsi
Gürcüstanda ən çox təsirə malik qurumdur.
Əhalinin 80 faizindən çoxu patriarxa
inanır. Kilsədə ibadət edənlərə
tamaşa etdiyimizi görən patriarx bizə
yaxınlaşıb kimliyimizlə maraqlanır. Ona Bakıdan gəldiyimizi bildiririk. Patriarxla bir xeyli söhbət etdik. Dinlər haqqında xeyli müzakirələrimiz
oldu. Patriarx dini söhbətlərdən
daha çox gürcü xalqının başına gətirilən
müsibətlərdən, tarixdə gürcülərin məruz
qaldığı məşəqqətlərdən
danışdı.Təbii ki, dinin ən böyük mahiyyətlərindən
biri də siyasətdir. Və patriarxın
kilsədə siyasi söhbətlər aparması da
başadüşülən idi.
Kilsədən sonra yolumuzu Cümə məscidindən
saldıq. 18-ci əsrə aid bu tarixi yadigarı 20-ci əsrin əvvəllərində
milyonçu H.Z.Tağıyev təmir etdirib. Məscidə daxil olanda şiə və sünni
qardaşlarımızın ibadət etdiyini gördük.
Məscidin axundu ilə söhbət eləmək
istəsək də, alınmadı. Harasa
gedirdi deyə, bizimlə görüşə bilmədi.
Vaxtını ayırıb bir neçə dəqiqəlik
də olsa bizə ümumi məlumat verə bilərdi. Amma çox təəssüflə qeyd edim ki, yəhudi
ravindən, gürcü patriarxdan fərqli olaraq Cümə məscidinin
axundu "seçildi". Gürcü
patriarxı kilsədə dini söhbətlərdən daha
çox siyasi söhbətlər etdiyinin mənasını,
sözün düzü, Cümə məscidində
qarşılaşdığım mənzərəni görəndə
anladım.
Ermənilər əsrlərdir tariximizə sahib
çıxır, tarixi torpaqlarımıza ərazi
iddiaları irəli sürür, elm-sənət, mədəniyyət
sahəsində bir çox uğurlarımızı
dünyanın əksər ölkələrində olduğu
kimi, Gürcüstanda da öz adlarına çıxır. Ən
azından hər birimiz istənilən yerdə mənfur erməni
xislətinə qarşı olmalıyıq. Həmçinin, cümə məscidinin axundu da gələn
xarici turistlərə tariximiz, torpaqlarımızın
işğalı ilə bağlı məlumat verməlidir.
Borçalı, qarapapaq türklərinin
qarşılaşdığı problemləri də məscidə
təşrif buyuran hər kəsə
açılmalıdır. Hər halda mən belə
düşünürəm...
Cümə məscidindən sonra yolumuzu "Görkəmli
Azərbaycanlılar panteonu" - Tiflisidə ictimai xadimlərimizin
dəfn olunduğu memorial qəbiristanlığa
salırıq.
Burada Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Fətəli
xan Xoyski, Həsən bəy Ağayev və onlarla şəxslər
dəfn edilib. Panteon Botanika bağının ərazisində,
köhnə müsəlman qəbiristanlığının
yerindədir.
Bura daxil olanda ənənəyə uyğun, qəbir əhlinin
ruhuna salavat verdim. Onu da deyim ki, burada özümü olduqca
rahat hiss eləyirdim. Səmimi etiraf edim ki,
Yəhudi sinaqoqunda erməni qocasının hərəkəti,
gürcü patriarxının siyasi söhbətləri,
Cümə məscidinin axundunun laqeydliyi məni olduqca
yormuşdu. Amma xalqımızın
aydınlarının uyuduğu məkanda kifayət qədər
rahatlıq tapdım. Onların məzarlarını
təmizlədim, gülləri suladım, ruhlarına dualar
oxudum. Demək olar hər biriylə bir
neçə dəqiqəlik "ürək söhbəti"
elədim. Müstəqil dövlətdə
yaşadığımı, onların arzuladığı,
görmək istədikləri cəmiyyətin bu gün var
olmasını, gənclərimizin ali savada
yiyələnməsini, elm, mədəniyyət, ədəbiyyat,
idman sahəsindəki uğurlarımızı, sivil,
demokratik, günü-gündən çiçəklənən
dövlətimizin olmasını onlara bildirdim. Müəyyən
qədər Axundov babamıza gileyləndim də. Ədəbiyyat və teatr sahəsində olan
boşluqları ona nəql elədim.
Dövrümüzün Hacı Qaralarından, daha doğrusu,
üz qaralarından Axundov babama danışdım. Dedim ki, bu
gün kifayət qədər imkanlı üz qaraları
vardır ki, onlar xaricdə təhsil alan tələbələrə
yardımlar etmirlər. Vaxtilə Tağıyev
çox tələbəyə təhsil haqqı vermişdi.
Öz cibinin puluyla onları dünyanın bir
çox ölkələrində oxutmuşdu. İndə də həmin Hacı Qaralar ciblərinin
pullarını eşq-işrət məclislərinə xərcləyir,
"müğənnilərə" bahalı geyimlər,
avtomobillər, dünyanın müxtəlif ölkələrində
evlər, malikanələr alırlar. Heç
dövlətin gələcəyi olan gənclər onların
yadına da düşmür, təhsilə sərmayə etmək
ağıllarına gəlmir.
Babamız
Axundova gileylənsəm də, heç kim
mənə cavab vermədi. Mirzə Şəfi
tamam susmuşdu. General Abdulla-ağa Bakıxanov, Məmməd-Həsən
Hacınski, yazıçı və publisist Əliqulu Qəmküsar,
aktyor və rejissor İbrahim İsfahanlı, şair Mehdiqulu
xan Vəfa, diplomat Behbud ağa Şahtaxtinski, İsa Sultan
Şahtaxtinski, Adilə Şahtaxtinskaya, yazıçı və
publisist Eynəli bəy Sultanov, yazıçı və
publisist Rzaqulu Nəcəfov, Hüseyn Əfəndi Qayıbov,
Nazlı xanım Məmmədquluzadə, Həmzət bəy
Qayıbov, Müzəffər Nərimanov, Fərəc bəy
Sultanov, Mirzəli Abbasov, Abbas Qurbanov, Mustafa Vəliyev, Yusif
Hacızadə, Hüseyn Bəhmənov, Rzabala Rzayev kimi
aydınlarımız da mənim gileyimə sükutları ilə
şahidlik etdilər.
Oradan ayrılmaq istəmirdim. Kifayət qədər
mənəvi rahatlıq tapmışdım.
Bu müqəddəs məkandan sonra yolumuzu Tiflisin mərkəzində
yerləşən bir məkana saldıq. Amma burada
gördüklərimiz bizi sözün əsl mənasında
təəccübləndirdi. "Kamança"
adlanan dükanda ermənilər demək olar ki, hər şey
satırdılar, özlərinə aid olmayan hər şey.
Buna misal olaraq deyim ki, bu dükanda türk
kimliyini ehtiva edən çox şeyə rast gəlmək
olar. Qədim xalçalardan tutmuş,
musiqi alətləri, saxsı qablar, geyim əşyaları, hətta
yeməklərə belə. Dükanda erməni
satıcıdan soruşanda ki, bəs bu qabda olan yeməyin
adı nədir və hansı xalqa mənsubdur. Erməni satıcı yarpaq dolmasını göstərib,
"Bu, qədim erməni milli xörəyidir", deyəndə,
necə deyərlər, kalım dura-dura yetişmişim
töküldü. Anladım ki, bunların
məqsədi bu dükanda nəyisə satmaq deyil. Bura gələn turistlərə satdıqları hər
şeyin ermənilərə məxsus olduğu kimi təqdim
etməkdir. Bir anlıq təsəvvür
edin ki, həmin dükanda Gürcüstanda yaşayan
soydaşlarımıza məxsus xalçaları, saxsı
qabları ucuz qiymətə alıb həmin dükanda erməni
mədəniyyəti nümunəsi kimi təqdim edirlər.
Dəmir qabda dovğanı, ayranı da ermənilərə
məxsus hesab edirlər.
Amma bu hiyləgər, tarixi olmayan xalqın
dovğanı, ayranı, dolmanı, xalçanı öz
adlarına çıxıb adını "Kamança"
qoyduğu dükanda satmağı da təsadüf deyil. Tam ideoloji bir
xətlə bu işi görürlər. Adıçəkilən
dükanın arxasında onlara məxsus kilsəyə daxil
olsanız görərsiniz ki, onlar öz iyrənc əməllərini,
türkə olan nifrətlərini, dənizdən dənizə
böyük Ermənistan xülyalarını da məhz kilsələrində
həyata keçirirlər. Kilsələrində
azyaşlı və digər yaş qruplarına məxsus
olanlara bu dediklərimi bir-bir aşılıyırlar.
Təbii ki, ermənilərin bu cür təbliğatı
dünyanın müxtəlif ölkələrində müxtəlif
cür aparılır. Gürcüstanda olması da məni
heç təəccübləndirmədi. Amma Gürcüstanda yaşayan
soydaşlarımızın ermənilər qədər fəal
olmaması, yaşadıqları ərazini tərk edib
Bakıya və digər ölkələrə köçmələri
bizə heç bir halda sərf etmir. Düşmən
dəyirmanına su tökmək kimi bir məna
daşıyır. Orada qalıb dövlət və xalq adına bütün imkanlardan istifadə etməyi
daha məqsədəuyğun hesab edirəm.
Savalan TALIBLI
525-ci qəzet.- 2021.- 26 iyun. S. 18-19.