Əhməd
bəy Ağaoğlunun izi ilə...
"QİYAMƏTDƏN
MƏKTUBLAR" ƏSƏRİ ƏSASINDA
XX əsr
Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi
publisist, yazıçı, siyasətçi Əhməd bəy
Ağaoğlunun Türkiyədəki
yaradıcılığına və ictimai-siyasi fəaliyyətinə
nəzər salarkən bir insan ömrünə
sığmayan son dərəcə zəngin və gərgin həyat
yolunun olduğunu görürük.
O,
bir publisist, yazıçı, redaktor, mədəniyyətşünas,
siyasətçi və xalqın gələcəyi
üçün daim narahat olan ziyalı idi. Fəaliyyəti
çoxyönlü və hərtərəfli olub; həm bir
redaktor, müxbir, qurucu ("Həyat",
"İrşad" və "Tərəqqi",
"Axın" və s.), həm ictimai təşkilat rəhbəri
("Difai"), partiya üzvü və ideoloqu ("Ittihad və
Tərəqqi"), həm millət vəkili, həm də
bir müxalifətçi kimi yaşayıb-yaradıb.
Yaradıcılığı ilə tanış olarkən
görürük ki, Azərbaycan və Türkiyə
mühitində Ə.Ağaoğlu kimi ikinci bir şəxsiyyət
yoxdur ki, əsərlərini dörd dildə - azərbaycanca,
türkcə, fransızca və rusca yazmış və bu
ölkələrdə yayımlamış olsun, həm də
yaradıcılığı Azərbaycan və Türkiyə
mühitini, problemlərini eyni dərəcədə əhatə
etsin.
Araşdırdıqca
məlum olur ki, Əhməd bəy Ağaoğlu bütün
fəaliyyəti dövründə islahatçı, obyektiv,
sözünü açıq deyən, cəmiyyətin
çıxarıları üçün
çalışan, vətəndaşlığı hər
şeydən üstün tutan bir ziyalı olmuş, əsərlərində
də məhz belə bir ziyalı tipinin formalaşmasına
çalışmışdır. Zənginlik, yüksək vəzifə
naminə heç bir prinsipindən vaz keçməyən,
yeri gələndə Atatürkə etiraz edərək
prinsipial məsələlərdə ən sevdiyi dostlarına
da güzəşt etməyən barışmaz mücadiləçi,
haqqını hər mənada müdafiə edən bu dəmir
iradəli insanı sevənləri qədər sevməyənlər
də çox idi.
Ə.Ağaoğlu
Azərbaycandan Türkiyəyə gedərkən fərqli
siyasi və ictimai mühitə düşdüyündən
müxtəlif məfkurələr hərəkatının mərkəzində
yer alır. Mustafa Kamal Atatürk zəfər çalıb
Türkiyəni işğaldan azad edəndən sonra onun ən
yaxın silahdaşlarından biri də Əhməd bəy
Ağaoğlu olur. Atatürk onu mühüm bir vəzifəyə
- Baş mətbuat idarəsinə müdir təyin edir və
daha sonra Böyük Millət məclisinə deputat
seçilir. Atatürkün ona xüsusi diqqətlə və
qayğıyla yanaşması ətrafındakılardan bəzilərinin
qısqanclığına səbəb olur ki, bu da Əhməd
bəy Ağaoğlunun həyatının son illərinə qədər
dəyişmir.
Ağaoğluna
qarşı istifadə olunan ən ağır ifadələrdən
biri "Azəri türkü" idi ki, yeri gəldi-gəlmədi,
ona xatırladılırdı. Türkiyə üçün
bütün qəlbi ilə xidmətə sarılan
Ağaoğlu heç nəyə fikir vermir, dayanmırdı;
onun ensiklopedik zəkasına, tükənməyən enerjisinə,
qəzetçilik fəaliyyətinə yetə biləcək
zəka sahibi yox dərəcəsində idi. Atatürk də
bunu görür və dəyərləndirirdi, ətrafdan ona
Əhməd bəy haqqında gələn şikayətlərə
"mənim onun kimi dürüst və bacarıqlı insana
ehtiyacım var" deyərək susdururdu, onu qoruyur, dəyərləndirirdi.
Bu, hələ ki belə idi, bir neçə il sonra
Atatürkün əmri ilə yaradılacaq Sərbəst Firqə
Partiyası elə onun öz əmri ilə də bağlanacaq
və ... Ağaoğlu ömrünü adadığı
siyasətdən uzaqlaşdırılacaqdı.
Həyatının
son illərini haqsızlıqlarla mübarizəyə həsr
edən Əhməd bəy müxtəlif qəzetlərdə
ona qarşı qaldırılan ittihamlara cəsarətlə
cavab verir, mövqeyindən, əqidəsindən vaz
keçmirdi. Ayrı-ayrı illərdə yazdığı
"Sərbəst insanlar ölkəsində", "Sərbəst
firqə xatirələri", "Mən kiməm?",
"Könülsüz olmaz" və sair əsərləri,
eləcə də, yüzlərlə məqalələri və
məktublarında siyasi əqidəsini ortaya qoyurdu.
Belə
əsərlərindən biri də həyatının ən
qarışıq günlərində qələmə
aldığı "Qiyamətdən məktublar"
("Kıyametten mektuplar". "Her Ay" dergisi, 20 Haziran,
1937) əsəridir. Bu əsərində də, eynilə digərlərində
olduğu kimi, əsas qəhrəman yazarın
özüdür; bu dəfə də narahat, mücadilələrin
boşa getdiyini düşünən, qəlbi
qırılmış, susdurulmağa çalışılsa
da, susmayan üsyankar obrazla qarşımıza
çıxır.
Əsər
Orhan adlı dostu ilə müəllif arasında baş
vermiş bir xatirə ilə başlayır:
"Azizim
Orhan!
Vaadimi
yapmağa başlıyorum. Hatırlarsın: bir gün yine
karşı karşıya gelmiştik. Bermutad sağa sola,
aşağıya yukarıya bakındık, ikimiz de derinden bir
"Lahavle" çektik ve birbirimizin yüzüne dikildik;
sen bana:
-
Pekala ne olsun?! dedin,
Ben
sana:
-
Pekala ne olsun?! dedim.
Ve
birdenbire, deli gibi ikimiz de yüksek kahkahalar atmağa koyulduk;
nihayet, sen benim elimi tuttun ve dedin ki:
-
Karabağlı, hatırıma bir şey gelmiştir, bilmem
nasıl telakki edeceksin?
-
Söyle bakalım!
-
Söyliyecegim, sabret!.. Mademki bu böyledir, mademki bu fani
dünya işleriyle uğraşmak, hem zahmetli, hem
meşakkatlı ve hem de, ne bileyim, Allahın hangi
belasıdır. Kendi kendime dedim ki, daha iyisi ve kolayı ahret
işleriyle uğraşmaktır. Vakia sahih bir hadise göre
müminin dünyası ahiretinin bir kopyesidir, dünyası
olmıyanın ahireti olmaz. Fakat ben buna inanmıyorum. Bana
öyle geliyor ki senin ve benim ahiretlerimiz çok iyi, çok
keyifli olacaktır. Burada yaptıklarımızın semeresini
hep orada alacağız!"
Yazının
girişində və sonrakı hissələrdə dəfələrlə
özünə "Karabağlı" deyə müraciət
etdirən Əhməd bəyin Vətən nisgili çox incə
məqamdır. Artıq hər addımda
sıxışdırılan və bütün iş səlahiyyətlərinə
xitam verilən Ə.Ağaoğlu türk xalqı
üçün etdiyi fədakarlıqların cavabını
digər aləmdə "axtarmağa" üz tutur, "hem
burada üvey, hem orada! Bu ne yaman, ne menhus talih!" deyə
üsyan edirdi. Ə.Ağaoğlu əsər boyu tək
özünü düşünmür, dostlarını da
xatırlayaraq "Acaba kendimi ve arkadaşlarımı bu menhus
talihten kurtarmak imkanı yok mudur" - deyə çarə
axtarırdı.
Üzləşdiyi
haqsızlıqlara sitəm edən, apardığı
mücadilə ilə bağlı adı tez-tez qəzet
manşetlərində keçən Ə.Ağaoğlu
"Qiyamətdən məktublar" əsərində
artıq axirətdə də bir şeylərin "tərs
getdiyini" vurğulayır, Orhan obrazının dili ilə
şikayətini davam etdirərək deyir ki, "İyice bil
ki koca bir öte dünya veyahut ahret vardır ve senin
içinde bulunduğun dünyadan hiç de geri kalmaz. Burada
da işler hemen oradakı gibidir ve "açık
göz"denilen o maymunlar yok mu? Burada da işlerini
tıkır tıkır yürütmekdedirler; hayret etmez
misin?" - deyərək etiraz edir. Ağaoğlu
"açık göz meymunlar" deyərkən çəkinmədən
yaşadığı mühitdə başına gətirilən
haqsızlıqlara səbəb olan insanları işarə
edir, onların hər yerdə, hətta axirətdə də
kök saldıqlarını vurğulayır.
Düşünsək ki, əsərin yazıldığı
illərdə (1937) Ə.Ağaoğlunun bütün səlahiyyətlərinə
xitam verilmişdi və məqalələrini qəzetlərdə
çap edilməsinə maneələr var idi, o zaman
yazarın nə demək istədiyini aydın başa
düşmək mümkündür.
Əsər
boyu Orhanın dilindən Arafın (cənnət və cəhənnəm
arasında bir yer) necə bir məkan olduğu təsvir edilir,
oranın "çok arzu edilir bir yer" olmadığı
söylənilir. Çünki "burası da sağa sola
yalpa vuran renksiz, benliksiz varlıklara mehsustur. Fani dünyada
bunlara idarei maslahatçı, hünsa, kıdış
derler..." deyərək üzüntüsünü dilə
gətirir. Orhan nə cəhənnəmi, nə də cənnəti
bəyənmədiyini söyləyir, fani dünya
üçün darıxdığını dilə gətirir,
çünki artıq bütün "dünya"ların
eyni olduğu qənaətindədir və "Cəhənnəm
də orayı andırdığı için şimdi beni
çekiyor" - deyərkən yaşayaraq gəldiyi
dünya ilə cəhənnəm arasında fərq görmədiyini
deyir.
Orhanla
cənnətin qapısını qoruyan Rıdvan adlı bəkçi
ilə aralarında keçən dialoq da çox
maraqlıdır. Cənnətə "dühuliyesiz" (icazə
kağızı) olmadan keçmək istəyən ərəbi
qapıdan qovan Ridvana özü haqqında deyir ki, "...Ben
fani dünyada bir mektep hocası idim. Bu hakikat dünyasına
göç ettim. Beni sorğuya, suale çektiler. Fani
dünyada ben idealist denilen zümreye mensuptum. Ömrümde
kimseye fenalık etmedim ve emrolunan bütün vecibeleri ifa ettim.
Kendim ve herkes zannediyordu ki, buraya gelir gelmez Cennetin mükemmel
bir köşesine yerleşib keyif sürecegim ve fani
dünyadakı mahrumiyyetlerimin mükafatını
görecegim..." deyə qarşılaşdığı
haqsızlıq nəticəsində qəlbində olan
hayqırtını dilə gətirir. Ridvanın onu ələ
salaraq giriş kağızı olmadığını
xatırlatmasından sonra böyük təəssüflə
"Böyle şeyler öteki dünyada vaki oluyordu, fakat biz
orada hiç olmasa bu hakikat dünyasında bunların
olmıyacağı ve herkesin liyakatine göre mukafat
alacağı ümidi ile müteselli oluyorduk"... deyərək
təəssüfünü bildirir.
Əfsuslar
olsun ki, əsərin sonunda "ardı var"
yazılmasına baxmayaraq, hələ də, ikinci hissəsini
əldə etmək ümidilə axtarışdayam.
Görünür ki, ya Ə.Ağaoğlu əsərin
davamını yazmamışdır (bu ehtimal azdır,
çünki o, xarakter olaraq heç bir işi
yarımçıq saxlamağı sevməzdi), ya da ki, yazılarının
nəşrinə qoyulan qadağa səbəbi ilə əsərin
ardını çap etdirə bilməmişdir. İkinci
ehtimal daha böyükdür, çünki 1937-1938-ci illərdə
Əhməd bəyin müxtəlif qəzetlərdə
yalnız üç-dörd məqaləsinə rast gəlinir.
Bu da ömrünə sayılı günlər qalanadək
yazan bir qələm adamı üçün əsəri
tamamlamamağı haqqında şübhələrə cavab
ola bilər.
"Qiyamətdən
məktublar" əsəri bir daha onu göstərdi ki,
Əhməd bəy Ağaoğlu irsində hələ də
"əl dəyməyən", gözdən iraq qalan əsərlər,
məqalələr var ki, araşdırılmasını
gözləyir. Ə.Ağaoğlunun zəngin ədəbi,
publisistik, elmi, bədii, fəlsəfi irsini təşkil edən
əlyazmaları və kitabları, yüzlərlə məqaləsi
Azərbaycana gətirilərək müxtəlif istiqamətlər
və problemlər baxımından fundamental araşdırmaya
cəlb edilməlidir. Bu, türk dünyasının görkəmli
məfkurəçisinə olan vəfa borcumuzdur.
Mədinə KARAHAN
525-ci qəzet.- 2021.-
26 iyun. S. 16.