Zəfər
Paradından Şuşaya qədər...
MÜDAFİƏ
NAZİRLİYİNİN ƏLAHİDDƏ
NÜMUNƏVİ HƏRBİ ORKESTRİNİN
RƏİSİ RÜFƏT AXUNDZADƏ:
"YAŞADIĞIMIZ BU SONSUZ SEVİNC VƏ QÜRUR
HİSSLƏRİNƏ GÖRƏ BİZ
HƏRBÇİLƏRİMİZƏ,
ƏSGƏRLƏRİMİZƏ,
QAZİLƏRİMİZƏ VƏ
ŞƏHİDLƏRİMİZƏ BORCLUYUQ"
26
iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi
kimi qeyd edilir. Əlbəttə, bu il bu bayramın daha özəl
və daha əlamətdar mənası var. Çünki məhz
bu gün yaranmasını bayram etdiyimiz rəşadətli
ordumuz sayəsində işğal altındakı
torpaqlarımız 28 il sonra öz azadlığına
qovuşub. Artıq orda doğma nəfəs, doğma səs
var. Bu gün şanlı ordumuzun hər bir üzvü
xüsusi diqqətəlayiqdir.
Biz də
"525-ci qəzet" olaraq, Silahlı Qüvvələr
Günü münasibətiylə müstəqillik
dövrümüzün bütün paradlarını, dövlət
tədbirlərini, xüsusən bir neçə ay öncə
Zəfər paradını və bir neçə gün
öncə Şuşada Azərbaycan və Türkiyə
liderlərinin görüşünə həsr olunmuş
möhtəşəm tədbiri idarə edən Müdafiə
Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrini yad
etdik.
Müsahiblərimiz
Orkestrin rəisi, Əməkdar incəsənət xadimi,
Bakı Musiqi Akademiyasının dosenti Rüfət Axundzadə
və onun atası, Xalq artisti,
professor, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi
Həyət Baş İdarəsi Hərbi Orkestr xidmətinin rəisi,
general-mayor Yusif Axundzadədir.
Suallarımızı
öncə Rüfət Axundzadə cavablandırdı:
***
-
Rüfət bəy, hərbi musiqiyə yönəlməyinizdə
atanızın bilavasitə rolu vardımı, yoxsa
özünüzün başqa səbəbiniz də oldu?
-
Atam artıq 51 ildir bu sahədə qulluq edir. Ona görə də
mən gözümü açandan bu hərbi formanı
görmüşəm. Uşaqlıqdan bu mühitin içərisində
böyümüşəm. Ona görə də adam istər-istəməz
başlayır sevməyə. Amma buna baxmayaraq, mən, əslində,
başqa sahəyə getmək istəyirdim, atam yönəltdi
bu istiqamətə. 8-ci sinifdən etibarən musiqiylə məşğul
olmağa başladım. İncəsənət
gimnaziyasında oxuyurdum. Nəfəs aləti olan trubanı
öyrənirdim. İllər keçdikcə gördüm ki,
bu, məndə yaxşı alınır. Getdikcə daha
çox tədbirlərdə, konsertlərdə, yerli və
beynəlxalq müsabiqələrdə iştirak edirdim.
Uğurlu nəticələr də qazanırdım. Fikrət
Əmirov adına müsabiqədə truba aləti üzrə
birinci yerə layiq görüldüm. Bundan sonra həvəsim
daha da artmağa başladı. Bu orkestrə çox gənc
ikən gəlmişəm. Hətta yeniyetmə idim, 16
yaşım vardı bu orkestrə gələndə. Artıq
24 ildir ki, burda fəaliyyət göstərirəm. Arada hərbi
xidmətə getdim, ordan sonra truba ifaçısı kimi
çavuş rütbəsi aldım. İnstitutu bitirəndən
sonra isə leytenant rütbəsi aldım və bu orkestrdə
rəis müavini təyin olundum. Bu vəzifədə bir
neçə il işlədim. Həmin müddətdə
bacardıqca orekstrin səviyyəsini qaldırmağa,
repertuarını daha da zənginləşdirməyə
çalışdım. Hətta Azərbaycanda ilk dəfə
olaraq bu orkestrın repertuarına sountreklər də
salmışam. Təxminən 10 il öncə orkestrlə birgə
ilk dəfə İspaniyanın, Braziliyanın və başqa
ölkələrin musiqilərindən istifadə edərək
sountreklər ifa etdik. Ondan başqa xaricdən zərb alətləri
gətirib orekstrə daxil etdik ki, musiqilər daha möhtəşəm
səslənsin. Ondan sonra da orkestrin rəisi vəzifəsinə
keçdim və bu günə kimi də bu vəzifədə
fəaliyyət göstərirəm.
Çalışırıq ki, həmişə orkestrin səviyyəsini
yüksəkdə tutaq. Ona görə də hər gün
burda çox ciddi məşqlər keçirilir.
Çünki bildiyiniz kimi, biz dövlət tədbirlərində
iştirak edirik. Yəni Azərbaycanda ən önəmli
orkestrlərdəndir. Dərk edirik ki, çox məsuliyyətli
işimiz var və biz daim formada qalmalıyıq.
-
Repertuar seçimiylə özünüz məşğul
olursunuz?
-
Xidmət rəisimiz, general-mayor, Xalq artisti Yusif Axundzadəylə
birgə seçirik, məsləhətləşirik. Amma
çox vaxt o mənə həvalə edir. Çünki bilir
ki, mən seçdiyim əsərlər yüksək səviyyədə
səslənir, yaxşı alınır. Ona görə də
mənə etibar edir. Şükür, bu günə kimi də
seçdiyimiz bütün əsərlər bütün dinləyicilərin
xoşuna gəlib, zövqünü oxşayıb. Hələ
heç vaxt narazılıq eşitməmişik bununla
bağlı.
-
Orkestrə üzv qəbul edərkən əsasən nəyə
diqqət edirsiniz?
-
Bizdə əsasən Musiqi Akademiyasını bitirən, ali
savadlı musiqiçilərdir. Çünki bayaq da dediyim
kimi, bu, bütün dövlət tədbirlərini, cənab
prezidentlə, müdafiə nazirləri, qərargah rəisləri,
səfirlər və digər dövlət nümayəndələriylə
bağlı bütün tədbirlərin hamısını
biz idarə edirik. Eyni zamanda, insani keyfiyyətlərə,
dünyagörüşünə də fikir veririk, yəni
seçəcəyimiz musiqiçini hərtərəfli
yoxlayır, hamını qane edəndən sonra isə
razılaşıb xidmətə götürürük.
- Hərbi
musiqiçini mülki musiqiçidən fərqləndirən
nədir? Biz sizə də dövlətimizin bir hərbi
qulluqçusu deyə bilərikmi?
-
Yüz faiz (gülür). Düzdür, biz hərbçilərdən,
xüsusi təyinatlılardan, tankçılardan
seçilirik, çünki incəsənət
insanlarıyıq. Yəni yarı musiqiçi, yarı hərbçiyik.
Amma əynimizə bu formanı geyiniriksə, demək ki, biz də
hərbçiyik və ona uyğun da davranmalıyıq. Biz də
daim vətənimizin keşiyində durmağa hazırıq.
Bu, birmənalı şəkildə belədir. Həmçinin,
biz də bütün tədbirlərdə hava şəraitinə,
heç bir özəl duruma baxmadan hərbçilərimiz
kimi bir sırada dayanırıq. Orada deyilmir ki, bu,
musiqiçidir, bu xüsusi təyinatlı, tankçı və
sair. Hamımız eyni sırada hərbçiyik. Və bu
cür də öz missiyamızı yerinə yetiririk. Lakin yenə
də biz Bülbül adına məktəb, İncəsənət
Gimnaziyası, Musiqi Akademiyasını bitirdiyimiz
üçün bütün hallarda az da olsa, seçilirik.
- Bu
24 ildə ən maraqlı hesab etdiyiniz,
unutmadığınız xatirələriniz varmı?
-
Maraqlı günlərimiz çox olub. Heç unudulmayanlardan
isə qısa müddətdə, bir neçə saat
içində başqa bir ölkənin dövlət himnini əzbərləməli
olduğumuz anlardır. Çünki hansısa ölkənin
nümayəndəsi tez müddətdə gəlir və onu
qarşılama tədbirində çıxış etməli
oluruq. Bizim orkestr bir neçə saatın içərisində
həmin himni əzbərləyib və çıxıb
yüksək səviyyədə o tədbirdə iştirak
etmişik. Hətta neçə ölkənin prezidentləri
bizə yaxınlaşıb təşəkkür ediblər
ki, heç öz ölkəmizdə bu cür möhtəşəm
səslənmir, çox sağ olun ki, siz belə ifa etdiniz.
Bəzən
də prezidentlər özləri bizdən soruşublar ki, siz
necə əzbərdən ifa edirsiniz? Bizim orkestrin əsas
xüsusiyyəti məhz əzbər ifa etməkdir. Bunu da bizə
xidmət rəisimiz Yusif Axundzadə öyrədib. O, həmişə
bizə əsərləri əzbərlədib. Hətta Ulu
öndər Heydər Əliyev də bu sualı Yusif müəllimə
vermişdi ki, necə olur, mən digər ölkələrdə
görürəm, hamı notla ifa edir, amma siz bütün əsərləri,
himnləri əzbər ifa edirsiniz. Yusif müəllim də
cavab verdi ki, mən belə öyrəşdirmişəm
kollektivi. Çünki ola bilər ki, hava şəraiti not
kağızları üçün uyğun olmaz, onda
musiqiçi pis vəziyyətdə qalmamalıdır. Cənab
Prezident İlham Əliyevin də orkestrə
qayğısı, diqqəti və etimadı çox yüksək
səviyyədədir. Biz də hər zaman bu diqqətə
layiq olmağa, bu etimadı doğrultmağa
çalışırıq.
-
Orkestr çox böyükdür, kollektiv genişdir,
hamısı da sizə tabedir. Musiqiçilər bir az fərqli
təbiətli insanlar olurlar. Kollektivdə vahid nizam-intizam
yaratmaq üçün hansısa çətinliklərlə
qarşılaşırsızmı və öhdəsindən
necə gəlirsiz?
- Bəli,
cavan vaxtı, kollektivə ilk gələndə bir az çətin
olur. Amma məncə, bütün müəssisə rəhbərləri,
eləcə də, bizim sahədə orkestr rəisi, dirijor ilk
növbədə psixoloq olmalıdır. Rəhbər psixoloq
olmasa, hər insanı öz dilində danışdıra bilməsə,
kollektivlə işləməyi bacarmasa, heç bir halda
iş getməyəcək. Mən də
çalışıram ki, kollektivimizin hər üzvüylə
dost olub, onların ruh halını anlayım, onları dinləyim
və problemlərində kömək olum. Bu kollektivdə mənimlə
birgə hərbi xidmətdə olanlar, həmçinin, Musiqi
Akademiyasından tələbə yoldaşlarım var. Ona
görə də demək olar ki, çoxuyla dostluğumuz illər
əvvələ gedib çıxır. Digərləri ilə
də çox yaxşı münasibətdəyəm və
heç bir problemimiz yoxdur. Qarşılıqlı hörmət
və mehribanlıqla işləyirik.
- Siz
bir rəhbər kimi psixoloq olmaq öhdəliyini
götürmüsünüz. Bəs
sizin öz psixoloqunuz kimdir?
- Mənim
həm müəllimim, həm də psixoloqum məhz atam olub.
O məni bu sahəyə yönəldən, indi də ən
çox dəstək olan insandır. Eyni zamanda, Yusif müəllim
mənim həm də həyat müəllimimdir.
- Bu
sənəti seçərkən, nə vaxtsa Zəfər
paradını, Şuşada belə möhtəşəm
dövlət tədbirində çıxış edəcəyinizi
düşünərdinizmi?
-
Xeyr, heç vaxt bu haqda düşünməmişəm, bunu
ağlıma da gətirməmişəm. Amma çox
böyük sevinclə, qürurla, ruhla iştirak etdik.
Bizimçün çox fərəhli bir hadisə idi ki, Zəfər
paradını məhz Müdafiə Nazirliyinin Əlahiddə
Nümunəvi Hərbi Orkestri idarə etdi. Mənimçün
böyük şərəf və məsuliyyət idi ki, bizim
müzəffər Ali Baş Komandan və Türkiyənin
prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da
iştirak etdiyi o paradın bir rəhbər olaraq dirijor kimi
idarəçisi oldum. Həmçinin də Şuşada.
Şuşada tədbirin keçirilməsini bizim bütün
kollektiv həsrətlə gözləyirdi. Nəhayət, həmin
gün gəlib çatdı və bizə əmr verildi ki,
Şuşada keçiriləcək tədbirə
hazırlaşın. Biz də böyük həvəs və
qürurla bu tədbirə hazırlaşdıq. Orda
keçirdiyimiz hissləri sözlə ifadə etmək
mümkün deyil. Şuşa bizim Mədəniyyət
paytaxtımız, musiqi beşiyimizdir. Bu tərəfdən də
bizimçün şərəfdir ki, ora ilk dəfə olaraq,
bizim orkestrimiz məhz dövlət tədbirində
böyük ustalıqla iştirak etdi.
Yaşadığımız bu sonsuz sevinc və qürur hisslərinə
görə biz hərbçilərimizə, əsgərlərimizə,
qazilərimizə və şəhidlərimizə borcluyuq.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə
tezliklə şəfa versin.
-
Bildiyimiz qədəriylə, Zəfər paradında sizin
öz bəstəniz də səslənib, ilk dəfə
olaraq.
- Bəli,
Zəfər paradında mənim bəstələdiyim "Qələbə
marşı" da ilk dəfə səsləndi.
Düzdür, mən bəstəkar deyiləm, amma bu
müharibə və qazanılan qələbə bütün
hər kəs kimi məndə də elə bir ruh yüksəkliyi,
çoşğun duyğular yaratdı ki, mən belə bir
marş bəstələdim. Təbii ki, hər birimiz o ərəfələrdə
öz sahəmizdə xalqımızın, müzəffər
Ali Baş Komandanımızın, rəşadətli ordumuzun
haqq səsinə səs verməyə çalışır,
dəstəyimizi əlimizdən gələn kimi göstərirdik.
Bu marş da mənim bu savaşda xalqıma, orduma olan dəstəyimin
bir nümunəsi idi.
- 30
ilə yaxın bir müddətdən sonra işğaldan azad
olunmuş torpaqlara ilk səfər sizə hansı hissləri
yaşatdı?
- Biz
həmin dövrdə məktəbli idik.
Uşaqlığımız çətin, qarışıq
dövrə düşdüyündən heç vaxt
Qarabağda olmamışdım. Ona görə də ora gedəcəyimizi
eşidəndə çox sevindik. Hətta kollektivdə nə
qədər musiqiçi dostlarımız oldu ki, siyahıya
düşmədi. Mən onda onların istəyini, arzusunu
gördüm. Demək olar, hamısı xahiş edirdilər
ki, onlar da getsin Şuşaya. Təbii ki, məcburən məhdud
sayda musiqiçi aparmalı idik, hamını apara bilmədik.
Biz oraya Zəfər yoluyla getdik. Bu o yol idi ki, əsgərlərimiz
məhz bu yolla gedib Şuşanı azad etmişdilər. Həmin
yolla gedərkən çox qəribə hisslər
keçirirdik. Bilmirsən sevinəsən, bilmirsən
ağlayasan... O hisslər sözlə ifadə olunmaz. Bir
şeyi də qeyd edim ki, sanki orada orkestrin səslənməsi
də dəyişmişdi. Məşq edərkən fərqinə
vardım ki, elə bil, daha coşğulu, daha təmiz, daha
gözəl çıxır səs. Səbəbini çox
fikirləşdim. Mənə elə gəlir ki, bəlkə də
mədəniyyət paytaxtı Şuşanın o ruhuydu bizi
bu cür şövqə gətirən. Bəlkə də
musiqiçilərimiz o böyük məsuliyyəti dərk
edərək daha həvəslə ifa edirdilər. Axı həmin
an bütün dünyanın gözü bizdə idi. Biz də
layiqincə musiqimizi, mədəniyyətimizi nümayiş
etdirməli idik. Fikrimcə, bunu bacardıq.
-
Bundan sonrakı arzunuz, planınız nələrdir?
-
İnşallah, Qarabağda həyat bərpa olunandan sonra biz
orkestr olaraq orada böyük konsertlər vermək, tədbirlərdə,
müsabiqələrdə iştirak etmək istəyirik.
Musiqiçilərimizin də ən böyük arzusu budur.
Bizim repertuarımızda çox gözəl əsərlər,
milli, vətənpərvər mahnılar var. İnanıram
ki, biz özümüzün zəngin və gözəl
repertuarımızla Qarabağda bir-birindən möhtəşəm
konsert proqramlarıyla iştirak edəcəyik.
Rüfət
bəylə söhbətimizi yekunlaşdırdıqdan sonra
general-mayor Yusif Axundzadənin qonağı oluruq. Onunla da
çox maraqlı söhbətimiz alınır:
Zəfər
Paradından Şuşaya qədər... - <b
style="color:red">Müsahibə </b>
-
Yusif müəllim, Əlahiddə Nümunəvi Hərbi
orkestri yaratmaq fikri hardan qaynaqlandı və həmin proses necə
getdi?
- Bu
kollektivin tarixi uzaqlara gedib çıxır. Çünki belə
bir kollektiv Azərbaycanda ümumiyyətlə olmayıb. Hərbi
orkestrlər Sovet vaxtı olub. Amma müstəqillik
zamanımızda yox idi. Mən eşidəndə ki, Ulu
öndər Heydər Əliyev Azərbaycana qayıdır,
onda müdafiə nazirinə məruzə elədim ki, mütləq
belə bir orkestr yaranmalıdır. Çünki Heydər
Əliyev qayıdırsa, o, seçiləcək və ölkənin
prezidenti olacaq. Bundan sonra da şübhəsiz, müxtəlif
ölkələrin prezidentləri ölkəmizə qonaq gələcəklər.
Onları da qarşılamaq üçün sanballı,
professional orkestr lazımdır. O zaman Prezident Qvardiyası
mövcud idi, onların da fəxri qarovulu vardı.
Qarşılama mərasimində də mütləq fəxri
qarovul və orkestr olmalıdır. Məni eşitdilər və
Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi
Orkestri ştatı yaradıldı. Mənim əmrim verildi hərbi
orkestrin rəisi vəzifəsinə və işə
başladım. Bu binada - Həzi Aslanov adına Zabitlər
Evinin binasında mən tək idim, kimsə yox idi. İndi
maşallah, burada 100 nəfərə yaxın hərbçi
xidmət edir. Bu kollektiv yaranandan sonra Azərbaycana gələn
bütün rəsmi şəxsləri bu kollektiv
qarşılayıb, keçirilən dövlət tədbirlərində
bu kollektiv iştirak edib. Yəni bu kollektivin yaranmasına
ehtiyac vardı.
Onu
da deyim ki, Cəmşid Naxçıvanski adına Hərbi
liseyin yaradıcısı Heydər Əliyevdir. O, gələndə
mən həmin məktəbin də orkestrinin
yaradılması məsələsini qaldırdım və
buna da nail oldum. Çünki bu, Ulu öndərin arzusu idi.
Bilirsiniz, harada işləməyindən asılı olmayaraq,
işində yararlı olmağa, fikirləşib ən
yaxşını tapmağa çalışmalısan. Mənə
deyən yox idi ki, hərbi orkestr yaranmalıdır, ya da liseyin
orkestrı olsun. Bunların hamısını mən fikirləşib
təklif etmişdim. Və baxın, necə gözəl nəticələri
oldu. Hətta bu orkestr böyük qələbəmizə həsr
olunmuş Zəfər paradını, Şuşada iki
böyük prezidentin qatıldığı möhtəşəm
tədbiri idarə etdi. Hər iki tarixi tədbirdə yüksək
səviyyədə iştirak etdi.
-
Oğlunuz Rüfət Axundzadənin hərbi musiqiyə
yönəlməsi üçün qarşısında sizin
kimi nümunə vardı. Bəs sizin bu sənəti
seçmək səbəbiniz kim və ya nə idi?
- Mənim
qarşımda belə bir nümunə yox idi. Çünki ailəmizdə
heç musiqiçi olmayıb. Məsələ bundadır
ki, mən hələ uşaq ikən bu təşəbbüs
anamdan gəlib. Anam nə üçünsə, heç məndən
soruşmadan da istəyib ki, mən musiqiçi olum. Məni
aparıb Bülbül adına musiqi məktəbinə. O
zaman ora daxil olmaq da çox böyük problem idi.
Çünki ora hər adamın uşağını da qəbul
etmirdilər. Düşünün ki, mən ora qəbul olan
il mənlə birgə Səid Rüstəmovun oğlu,
Cahangir Cahangirovun qızı, Qurban Pirimovun nəvəsi və
bu kimi tanınmış insanların uşaqları da daxil
olmuşdular. Mən də onların arasında idim. Ora qəbul
ola bilməyimçün anam məni düz iki il müəllim
tutaraq hazırlaşdırıb. Beş yaşımdan yeddi
yaşıma kimi ora daxil olmaq üçün
hazırlaşmışam. Qəbul imtahanları da çox
maraqlı idi. 1-ci sinfə uşaq götürmək
üçün imtahanda professorlar oturmuşdular. Beləcə,
daxil oldum ora. Oranı bitirdikdən sonra indiki Musiqi
Akademiyasında oxudum. Sonra hərbi xidmətə getdim və
qayıdandan sonra da elə həyatım hərbiylə
bağlandı. 1970-cı ildən bu günə kimi hərbi
xidmətdəyəm.
- Hərbi
xidməti başa vurduqdan sonra necə oldu ki, yenidən davam
etdirdiniz?
- Məni
Ali Hərbi Dənizçilik Məktəbinin orkestrinin rəisi
vəzifəsinə dəvət etdilər, zabit rütbəsi
də verirdilər. Mən də iki ay düşünəndən
sonra razılaşdım. O zaman rütbə almaq da asan deyildi.
Yalnız Moskvaya tabe idik. Ona görə də SSRİ
Müdafiə Nazirliyinin əmri ilə mənə 1971-ci ildə
leytenant rütbəsi verildi. Beləcə, 22 il Sovet ordusunda,
28 il də Milli Orduda xidmət edirəm.
-
Heç kimə sirr deyil ki, hərbçiylə
musiqiçinin ruh halı, xarakteri bir-birinə tamamilə ziddir.
Siz bu iki bir-birinə zidd sahəni özünüzdə necə
tənzimləyə bildiniz?
- Hər
şey adamın özündən asılıdır. Bəli,
mən musiqiçi idim. Sonra isə bu sahədə təklif
aldım və hərbiyə yönəldim. Onda
öz-özümə dedim ki, indidən sonra sən həm də
hərbçisən və ona uyğun davranmalısan. Beləcə,
yavaş-yavaş yiyələndim bu sənətə və
öz içimdə bu iki sahəni tənzimləməyə
başladım. Sevinirəm ki, heç zaman da işimdə
irad tutulmadı, hər zaman ən yüksək şəkildə
icra etdim. Ona görə də bu günə kimi xidmət edirəm.
-
Musiqiçi kimi hansı istiqamətdə idiniz?
-
Bakı Musiqi Akademiyasını fleyta aləti üzrə
bitirmişəm. Orda oxuya-oxuya da mənə çox dəvətlər
gəlirdi. Məsələn, o dövrdə Musiqili Komediya
Teatrının baş dirijoru işləyən bəstəkar
Süleyman Ələsgərov məni ora dəvət elədi.
"Dan Ulduzu" ansamblının rəhbəri Gülarə
Əliyeva məni akademiyadan gəlib apardı öz məşqlərinə.
Yəni mən daima musiqiylə məşğul olurdum. Hərbi
orkestr də musiqidir də. Düzdür, hərbi musiqidir, amma
yenə də musiqidir deyə, mənimçün
böyük problem olmadı. Bəzən insanlar olur ki, 10-15-20
il xidmət eliyəndən sonra yorulurlar, gileylənirlər.
Onda deyirəm ki, bəs mən 50 ildir xidmət edirəm
axı. Deməli, əgər sən işini sevirsənsə,
illər də, çətinliklər də səninçün
problem deyil, işləyəcəksən. Mən də uzun illərdir
xidmət etmişəm, edirəm, edəcəyəm də. Mən
hərbçiyəm, nə əmr verilirsə, onu da yerinə
yetirirəm.
- Hətta
sənətinizi o qədər sevirsiniz ki, oğlunuzu da bu sahəyə
yönləndirmisiniz.
- Bəli.
Oğlum uşaq vaxtı başqa sahəni istəyirdi. 7-ci
sinifdə oxuyanda soruşdum ki, kim olmaq istəyirsən? Dedi, zərgər.
Əl qabiliyyəti, istedadı vardı. Dedim, zərgərlik
çox yaxşı sənətdir. Amma məsələ
ondandır ki, professional zərgər olmaq üçün sənin
işləməyə materialın olmalıdır. Sənin
bir çamadan qızılın var?
Dedi yox. Dedim onda musiqiylə məşğul ol. Beləcə,
trubanın iziylə gedə-gedə gəlib oldu orkestrın rəisi,
İncəsənət Xadimi və dosent. Əlbəttə,
bir valideyn olaraq, övladlarımızı yönəltmək
lazımdır. Mən cavanlara da deyirəm bunu, istiqamət
göstərirəm. Kim anlayır, eşidirsə, gedir qabağa,
uğurlar da qazanır. Kim tənbəldirsə, işləmək
istəmirsə, elə öz yerində də sayır.
Şübhəsiz, belə də olmalıdır. Həyatda hərə
bir cür olur.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.-
26 iyun. S. 14-15.