Davranışlarımıza
hakim olan nədir?
Cinsiyyət
rolları, yoxsa sosial mənlik?
Biz
insanlar doğulduğumuz andan etibarən sosial mühitə
göz açırıq. "Mən və
başqaları" anlayışına sahib olduğumuz
kiçik yaşlardan etibarən doğulduğumuz sosial
mühiti də dərk etməyə, həmin mühitə
uyğun reaksiyalar verməyə başlayırıq.
Başqa
insanlarla aramızda baş verən sosial hərəkətlərin
təsiri ilə sosial mühitin xüsusiyyətlərini və
bu mühitdə varlığımızı ortaya qoymaq
üçün lazım olan anlayışları öyrənirik.
Beləcə, cəmiyyətdə sahib olduğumuz,
olacağımız rolları mənimsəyir, buna adekvat
davranışlarımızı demək olar ki, qeyri-iradi
formalaşdırırıq. Məsələn, əgər
dünyaya göz açdığımız evdə nənəmiz,
anamız, bibilərimiz hicablı qadınlardırsa, müəyyən
yaşa çatdıqda kiminsə bizə hicab geyinməyinizi
təkid etməsinə ehtiyac qalmayacaq. Bu geyim tərzi, hətta
həyat tərzi çoxdan bizim normalımıza
çevrilmiş olacaq. Eyni qaydada oğurluq,
yalançılıq, yaxud ailədaxili bir çox
davranış normaları bizim də qeyri-iradi mənimsədiyimiz
davranışlardır. Uşaqlıqdan mənimsənilən
bu rollar isə insan psixologiyası üzərində o qədər
güclü təsirə sahib olur ki, tamamilə başqa mədəni
mühitə düşsək də, xəmirimiz nə ilə
yoğrulubsa, əvvəl-axır ona çevrilmək
ehtimalı da daha yüksək olur.
Yuxarıda
qeyd etdiyimiz kimi, ailədə, cəmiyyətdə mənimsədiyimiz
rollar hər zaman bizim xeyrimizə olmur. Mənimsənilən
bu rollar yanımızda daşıdığımız alət
çantası kimidir. Hansı ki o çantadakı alətlərin
bəziləri nəinki işimizə yaramır, bizə
yük olur, həyatımızı çətinləşdirir
və getdiyimiz yolda tez-tez yorulub əldən düşməyimizə
də səbəb ola bilir.
Bu
rollardan biri də sosial cinsiyyət rollarıdır. Cinsi rollar
sosial mühitin əvəzolunmaz xassələrindən biridir.
Xüsusilə bu rol bir fərdin şəxsiyyətinin
formalaşması və cəmiyyətə özünü təqdim
etməsi prosesində ən güclü təsirə malikdir.
Sosial mühitdə fərdlərin öz cinsiyyətlərinə
uyğun və buna görə şəxsiyyət
formalaşdırması, həmçinin, sosial mühitin həmin
cinsdən gözlədiyi davranış modellərinə
uyğun olaraq özünü inkişaf etməsi gözlənilir.
Məsələn,
cəmiyyətimizdə kişilərin üzərinə
düşən rol modelləri hər zaman ağır və məsuliyyətli
olub. Kişilər ən ağır işləri görməyi
bacarmalı, qorxusuz və duyğusuz davranmalı,
savaşmalı, bütün ailənin yükünü öz
çiyinlərinə götürməli, həm namus təəssübü
çəkməli, həm də dolanışığı
təmin etməlidir. Üstəlik, ömrünün sonuna qədər
yaşlı valideynlərinə baxmalıdır. Sərt
olmalı, necə deyərlər, daşı sıxsa suyunu
çıxartmağı bacarmalıdır. Buna görə də
illərdir güc anlayışı kişi cinsinə adi
olunub. İndi bütün bunları bacaran insanlar yalnız
Amerika istehsalı filmlərindəki super qəhrəmanlar ola
bilər. Cəmiyyətimizdə də kişilərə
yüklənən bu rolları mənimsəmiş insanlara
münasibət, "lap köhnə kişilər kimi"
ifadəsi ilə bərabər tutulur. Çünki illər
keçdikcə informasiya bolluğu və məlumatlılığın
artması, nəsildən-nəsilə dəyişən,
aşınan bir sıra adət-ənənə yeni nəsil
kişilər üçün bu qəliblərin bir qədər
yumşalmasına səbəb oldu. Digər tərəfdən,
kapitalist sistemin əziciliyi ilə bərabər, bütün
bu rolları üstlənmiş insanın ömrünü
xoş və qayğısız keçirməsi çətin
məsələdir. Bu mənada, sosial cinsiyyət rolları
insanın zehin və mənlik proseslərinə, həyatdan
zövq almasına təsir edən ən vacib
faktorlardandır.
Digər
tərəfdən, sosial cinsiyyət rollarının
qadınlar üzərindəki əzici və
aşağılayıcı təsirlərini, qadın cinsində
doğulmağın bəzi mədəniyyətlərdə
ikinci dərəcəli insan rolunda olmaq kimi
anlaşıldığını da gözardı etmək
olmaz. Qadın kimi doğulan bir uşağın aid olduğu
sosial mühitdə "qadın sənəti",
"qadın zəif məxluqdur", "ismətini
qorumaq" , "yanında kişi olmadan təkbaşına səyahət
edə bilməmək", "çox gülməmək",
"başı aşağı olmaq" və sair kimi sosial
şərtlənmələr çərçivəsində
böyüdüyünü müşahidə edə bilərik.
Gördüyümüz
kimi, hər iki cinsə adi olan insanların sosial cinsiyyət
rolları əsrlərdən bəri yetərincə
ağır və məşəqqətli olub. Biz hələ
özünü bu iki cinsə də aid hiss etməyən,
yaxud qadın kimi doğulub özünü kişi kimi hiss edən,
yaxud kişi cinsində doğulsa da, özünü qadın
kimi hiss edən insanlara qarşı cəmiyyətin ən qəddar
olduğundan və onların heç bir sosial cinsiyyət
rolunun olmadığından, insan kimi cəmiyyətdə
tamamilə gözdən çıxarıldıqlarından bəhs
etmirik. Həmin insanlara qarşı böyük qəddarlıq
da budur ki, onların cəmiyyətdə mövcud ola bilməsi
üçün iki cinsiyyət rolundan birini seçib, bu
rolların şərtlərini qəbul etmələri cəmiyyət
tərəfindən tələb olunur. İki ayrı qəlib
rol var, şəxsiyyət olaraq özünü kim və necə
hiss etməyindən asılı olmayaraq, cəmiyyətdə
qəbul edilmək istəyirsənsə, bu iki qəlibdən
birini seçib özünü o formaya salmalısan. Bu səbəbdən
də həmin qəliblərin ayrı-ayrı insanlar tərəfindən
əsrlərdən bu yana qırılmağa
çalışılması, sosial rolların getdikcə zəifləməsi
və insanların bu rollardan imtina etməsi əslində,
normal sayıla bilər. İnsan cəmiyyəti kollektiv
yaşayış tərzindən fərdləşməyə
doğru təkamül etdikcə sosial rollar zəifləyir,
sosial mənlik daha da güclənir.
Bəs
sosial mənlik nədir?
Ümumilikdə
deyə bilərik ki, mənlik insanın özü ilə
bağlı düşüncələrinin, hisslərinin,
inanclarının cəmidir. Sosial rollar kimi, sosial mənlik də,
başqaları ilə ünsiyyətdə formalaşır.
Amma sosial rollarımız bizim qeyri-iradi və məcburi mənimsədiyimiz
normalardır. Sosial mənlik isə ünsiyyət prosesində
duyğu və düşüncələrimizin iştirakı
ilə könüllü formada sahib olmağa
başladığımız normadır. Buna görə də,
sosial mənlik əslində, bir prosesdir. Onun insanın
bütün həyatı boyu dəyişdirə və daha
yaxşı formaya gətirə biləcəyi xüsusiyyəti
var. Digər tərəfdən, həm sosial rollar, həm də
sosial mənlik insanın yaşadığı cəmiyyətdə
var olması, digərləri tərəfindən qəbul edilməsi
üçün lazım olan normalardır - birincisi, istəmədiyimiz
və seçmədiyimiz, bizə zorla tətbiq olunan, digəri
isə könüllülük əsasında mənimsədiyimiz
normalar. Bunlardan hansının həyatla bağlı məmnunluğumuzun
artmasına, hansının azalmasına səbəb ola biləcəyinə
isə fərd olaraq özümüz cavab tapmalıyıq.
Sosial
mənlik və şəxsiyyət insanın başqaları
ilə qarşılıqlı münasibəti zamanı ortaya
çıxan və onun ətrafında baş verən hadisələri
anlamasına, qiymətləndirməsinə, seçə bilməsinə
imkan verir. Sosial rollar isə, insanın içərində
doğulduğu, aid olduğu mühitdə həyatda
qalması üçün öz duyğu və
düşüncələrini basdıraraq məcburi surətdə
mənimsədiyi qəlib davranış və düşüncə
tərzləridir. Bu səbəbdən də deyə bilərik
ki, sorğulamadan qəbul etdiyimiz bütün sosial rollar şəxsiyyət
və mənlik formalaşdırmağımıza mane olan əsas
amillərdəndir.
Bu
yazıda məqsədimiz sizə insanın sosial
varlığı və sosial kimliyini
qarşılaşdıraraq mənlik, sosial rollar
konsepsiyasını ayrı, müstəqil quruluşlar və
proseslər kimi təqdim etmək idi. Amma bunu da qəbul etməliyik
ki, sosial mənlik və sosial rol anlayışları
ayrılmaz və insanın cəmiyyətdə öz
varlığını ortaya qoya bilməsi üçün
iki əvəzolunmaz elementdir.
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.-
26 iyun. S. 17.