Tarixin
ibrət səhifələri
Nə
etməliyik?
1937-ci
il repressiyasının qurbanlarından biri Ömər Faiq Nemanzadənın
təxminən 115 il əvvəl yazılmış "Nə
etməliyik?" adlı bu məqaləsi "Elm və həyat"
jurnalının 2003-cü ildə nəşr edilən 1-ci
sayında, professor Şirməmməd Hüseynovun izahlı
yazısı ilə çap olunmuşdu.
Yazı
ilk dəfə 1906-cı il avqust ayının 4-də
"İrşad" qəzetinin 183 saylı nömrəsində
"Bir cavan" imzası ilə dərc edilib. Xalqımız
üçün çox ağrılı problemi - 115 ilə
yaxın bizi nəinki torpaqlarımızı tutmaq, hətta
bir xalq kimi məhv etmək, yer üzündən izimizi itirmək
istəyən erməni faşistlərinin niyyətini çox
uzaqgörənliklə, müdrikcəsinə duyan Ömər
Faiq Nemanzadənin bir qəzet məqaləsində
yazdıqları zaman-zaman özünü doğruldub. Bu məqaləni
yazarkən Nemanzadə yalnız 1905-ci il erməni-müsəlman
qırğınının şahidi olmuşdu. Qarşıda
daha qanlı 1918-ci il qırğını vardı. O, 1948 və
1988-ci illərdə azərbaycanlıların öz doğma
torpaqlarından amansızcasına qovulduğunu, deportasiya
olunduğunu, Sumqayıt hadisələrini, Xocalı faciəsini
görməmişdi. Ancaq düşmənin bütün gələcək
niyyətlərindən peyğəmbərcəsinə
uzaqgörənliklə duyuq düşmüşdü.
Düşmən adi düşmən deyildi. Hələ 1915-ci
il qətliamı uydurulmamışdı. Ancaq "özümə
yer edim, gör sənə nə edirəm", "yersiz gəldi,
yerli qaç", "adımı sənə qoyum, səni
yana-yana qoyum" deyə-deyə, yavaş-yavaş öz məkrli
niyyətlərinə doğru irəliləyirdi.
1906-cı
ildə Rusiyanın Tiflisdəki canişini Vorontsov Daşkovun əli
ilə 4 Bakı kəndinin - Ramana, Sabunçu, Suraxanı və
Balaxanı - sakinlərinin isti yuvalarından sürgün
olunub, orada erməniləri məskunlaşdırmaq niyyəti
axırıncı rus çarı II Nikolayın bu istəyə
qol qoymaması, razılıq verməməsilə baş
tutmamışdı. Rusiya imperiyası dağıldıqdan
sonra isə, 1918-ci ildə "Ermənistan" adlı
dövlətlərini yarada bilmişdilər. Onlar 70 il SSRİ
dövründə də "Böyük Ermənistan"
yaratmaq arzusunu yerinə "yetirirdilər". 200 il
onların bu arzusu havadarlarının səyi ilə
"çiçəklənirdi". Lakin zaman gəldi, vaxt
yetişdi, daşnakların bütün arzuları puç
oldu. Azərbaycan xalqı ayağa qalxdı və
intiqamını, tarixi torpaqlarının müəyyən
hissəsini böyük zəfərlə bitən müharibə
ilə aldı.
Professor
Şirməmməd Hüseynovun arxivini araşdırarkən
qarşıma bir vərəq çıxdı. Cəmi
üç sərlövhə-cümlə qeyd olunmuşdu.
Tarix də qoyulmuşdu - 18 may 2018-ci il. Sərlövhələrdən
biri belə idi: "BU GÜNÜMÜZÜN İLHAMI".
"BU
GÜNÜMÜZÜN İLHAMI" sərlövhəsinin
kimə və nəyə aid olduğunu dəqiq bilmirəm.
Lakin dünyagörmüş, müdrik
ağsaqqallarımızın Prezident İlham Əliyevə
xüsusi rəğbətinin, inamının olduğunu onun
televiziya verilişlərindəki
çıxışlarından yaxşı bilirdik. Aprel
çevrilişinə qədərki mətbuatımıza
(1920) bələd olan professor vaxtı ilə verdiyi müsahibələrində
erməni xislətini yaxşı bildiyindən demişdi:
"Biz xalqa başa salmalıyıq ki, erməni sənin
dostun deyil". O, erməniyə düşmən demirdi, lakin
vurğulayırdı ki, o, dost deyil. 2016-cı ilin Aprel
döyüşləri dünyagörmüş müəllimin
yaxın zamanlarda torpaqlarımızın işğaldan azad
olunacağına ümidini artırmış və o, belə
bir sörlövhə-cümlə qeyd etmişdi. Çox təəssüf
ki, o, möhtəşəm qələbəmizi görə
bilmədi.
Müasir
nəsil ermənilərin iştahlarının həmişə
iti olacağını unutmayıb, daim müharibəyə
hazır olmalıdır. Təxminən 115 ildə
gördüklərimizi heç vaxt unutmamalıyıq.
Bəşər
tarixi qanlı müharibələrlə "zəngindir".
İstilalar həmişə olmuş, şəhərlər
viran qoyulmuşdur. Lakin İkinci Qarabağ müharibəsi bəlkə
də analoqu olmayan müharibələrdəndir. Müharibələr
zamanı ən vəhşi düşmən belə məzarıstanlıqlara
toxunmazdı. Bəs görəsən, ermənilər
Qarabağda abad şəhərləri yerlə-yeksan etməklə,
əhalini buralardan didərgin salmaqla, qəbiristanlıqlarımızda
məzarüstü abidələri dağıtmaqla kifayətlənməyib,
qəbirlərdəki sümükləri
çıxarıblar. Niyə? Çünki məzarüstü
abidələr həmin ərazilərdə yaşayan
xalqın daş pasportlarıdır, sümüklər isə
ta qədimlərdən, lap min il bundan əvvələ aid olsa
da, bu ərazilərdə hansı xalqın
yaşadığını cavan genetika elmi vasitəsilə -
DNT tədqiqatlarla qədim ərazilərdə müasir
dövrümüzdə hansı xalqın əcdadlarının
yaşadığını dəqiqliklə müəyyənləşdirmək
mümkündür.
Ülkər
HÜSEYNOVA
***
TARİXİN
İBRƏT SƏHİFƏLƏRİ
Torpaq
xalqın namusu, qeyrətidir. Kim başqasının
torpağına göz dikirsə, müxtəlif hiylə və
bəhanələrlə ona sahib olmaq iştəhasına
düşürsə, çox böyük cinayət və xətaya
yol verir. Tarixi təcrübə bu həqiqəti dəfələrlə
sübut etsə də, yenə də bu təhlükəli əməldən
əl çəkməyənlər var, yəqin ki, gələcəkdə
də olacaqdır. Uzağa getməyək: neçə əsrlərdir
ki, erməni kilsəsi əvvəl "Ermənistan", sonra
"Böyük Ermənistan" yaratmaq işinə
başçılıq edir, bu xülyanı həyata
keçirmək üçün maddi və mənəvi
hazırlıq işləri görür. Beş əsrdən
çoxdur ki, 25 yaşına çatmış hər bir erməni
ildə "millət vergisi" verməyə məcbur edilir.
Bir əsrdən çoxdur ki, erməni millətçilərinin
Daşnaksütun Partiyası dünya ermənilərini
"Böyük Ermənistan" uğrunda səlib
yürüşünə səsləyir. XX əsr tarixinə
bələd olanlar keçən müddət ərzində ermənilərin
Qafqaz, Türkiyə və İran torpaqlarında nə
oyunlardan çıxdıqlarını, yəqin ki,
xatırlayırlar. Erməni millətçilərinin üzdəniraq
"plan"larında Azərbaycana xüsusi yer
ayrılır. Azərbaycanı parçalamaq, onun ata-baba
torpaqlarını tutmaq, əhalisini məhv etmək
üçün təkcə XX əsrdə dörd
böyük cəhd edilmişdir. Axırıncısı
Dağlıq Qarabağda və Ermənistanda baş vermiş
və davam etməkdə olan faciədir. Sual oluna bilər ki, nə
üçün məhz Azərbaycan bu cür hədəfə
çevrilmişdir. Soruşula bilər ki, bəs biz bu təcavüzə
son qoymaq üçün nə etməliyik? Keçən əsrin
əvvəllərində Azərbaycan torpaqlarını
tutmağa, əhalisini qırmağa cəhd edən qəddar,
hiyləgər, məkrli, təcavüzkar erməni millətçilərinin
hücumunu dəf etmək üçün "nə etməliyik"
sualına əli qələm tutan qeyrətli kişilərimiz
necə cavab vermişlər; Təxminən 100 il bundan əvvəl
ermənilərin Azərbaycanı istila planını bizə
çox dəqiq agah edənlərin tövsiyələrindən
bir nəticə çıxara bilmişikmi? Artıq İrəvan
və Qarabağ əldən gedib. Bu baxımdan Ömər
Faiq Nemanzadənin "İrşad" qəzetinin 1906-cı
il, 4 avqust tarixli 183-cü sayında "Bir cavan" imzası
ilə çap olunmuş "Nə etməliyik?" məqaləsi
diqqəti cəlb edir.
NƏ
ETMƏLİYİK?
Bir xeyli zamandır ki, ermənilərin
Naxçıvan, İrəvan, Qarabağ mahallarında
qurduqları duzax və tələlər, polis və qoşun əli
ilə gördükləri işlər öylə bilirdik məhəlli
xırda vəqələr ilə qurtarıb keçəcəkdir.
Öylə güman ediyorduq ki, erməni-müsəlman
toqquşması yalnız hökumət müftinlərinin və
onlara aldanan avam cəmaətin çıxartdıqları
müvəqqəti bir faciədir. Öylə sanırdıq
ki, iki qonşu arasına buraxılan bu dəhşətli və
xanimansuz od siyasi inqilaba Qafqazda bir sədd çəkmək
üçün yalnız hökuməti-müstəbidə
qulluqçuları tərəfindən meydana
çıxarılan gəlib-keçici bir mərəz və
bəladır. Məgər nə qədər aldanmışıq.
Məgər nə mərtəbədə qafil və bəsirətsiz
olmuşuq! Məgər nə dərəcədə bifəhv
və safdil olmuşuq ki, ermənilərin İrəvan və
Qarabağ səmtlərində hər cür
hazırlaşmaqlarını görə-görə, hər
cürə fitnə və fəsadlarını hiss edə-edə
hər nəvxainanu hərəkətlərini qana-qana
özümüzü lazımi yolda müdafiə etməyi
yadımıza belə gətirmədik.
Bəli,
yadımıza belə gətirmədik ki, ermənilər
çox-çox əvvəl, gecə-gündüz,
kişi-arvad hazırladıqları qanlı faciələri
bizim oğul-uşaqlarımızın başında
oynayacaqlar, hazırladıqları hədsiz-hesabsız
bombaların hamısını bizim başımızda
partladacaqlar.
Güman
etməzdik ki, rus generalları bizim sədaqət və itaətimizin
əvəzində ermənilər ilə bir olub bizi bu dərəcə
dəni vasitələr ilə qıracaqlar.
Bu
inanmaqlığımız, bu sadədilliyimiz səbəbilə
idi ki, böyüyümüz, kiçiyimiz,
yazıçımız, müxbirimiz... bir sözlə,
cümləmiz qonşu ermənilər ilə yenə qədim
sayaq üzrə, sülhanə rəftar edib rahat və
arxayın olmağı vəz və bəyan ediyorduq. Və bu
surətlə millətimizin gözünü qəfilanə
bağlayıb böyük bir təhlükə və
uçuruma sarı hazırlayırıq ki, o təhlükənin
əvvəlinci zərbəsini Qarabağ vüquatı
çox açıq meydana çıxartdı. İndi
lazımdır ki, bunlardan ibrət alıb gələcəkdə
aldanmamağa çalışaq.
İndi
lazımdır ki, ermənilərin niyyət və tədbirlərini
kəmal ilə bilib, ona görə özümüzü
mühafizə eyləyək.
Burasını
heç vaxt yaddan çıxartmayaq ki, ermənilər hər
nə cür olsa özləri üçün mütləq
bir "Ermənistan" vücudə gətirmək niyyət
qəbisindədirlər. Və bu niyyətlərini hüsula gətirmək
üçün də mütləq bizi İrəvan,
Qarabağ və Kars səmtlərindən çıxartmaq məcburiyyətindədirlər.
Bilməliyik ki, ermənilər bu niyyətlərinə
çatmaq üçün hər cür fədakarlığı
gözə almışlar. Müsəlmanları həyəcana
gətirib öz üstlərinə hücum etdirəcəklər,
özləri bilə-bilə qırılacaqlardır, sonra
durub Yevropaya öz məzlumiyyətlərini
ağlayacaqlardır. Yavaş-yavaş öz qəsdlərinə
planlar, yollar hazırlayacaqlardır. Öz gücləri ilə
bacara bilmədliklərini, bu uğurda cəm etdikləri
milyon-milyon pulların, rüşvətlərin zoru ilə rus
məmurlarına gördürəcəkdirlər. Kars,
Naxçıvan, İrəvan və Qarabağ səmtlərində
həmişə öz niyyətlərinin hüsuluna
çalışacaqlardır. Heç bir an bizi zəif və
zəlil etməkdən geri durmayacaqlardır. Gah fürsəti
qənimət bilib beşikdəki uşaqlarımızı
doğrayacaqlardır, gah işlərinin məsləhəti
üçün alçaqcasına yalvarıb
barışacaqlardır. Amma bilməli ki, bu barışıq
gələcəkdəki xainanə rəftarlarına pərdə
çəkmək üçün qurulan tülkü
duzağıdır. İndiyə qədər havaxt ki, ermənilər
müsəlmanları sülhə dəvətə can və
dil ilə gəliblər, həmişə deyirdim ki, bir
neçə gün sonra davaya hazır olmalı və həqiqətdə
də sülhü mütəaqib həmişə davayı
gözləmişik. Burasını yaxşı bilməliyik
ki, ermənilər ilə nə cür hüsn rəftar və
hətta qardaşlıq belə etsəm, onlar öz siyasi qəsdlərindən
əl çəkməyəcəklərdir. Həmişə
çalışacaqlardır ki, bizi bir fənd və hiylə
ilə yuxladıb, inandırıb, altdan öz işlərini,
tədarüklərini görsünlər.
Ermənilər,
Ermənistan dağlarında özlərinə məxsus əsgəri
yol qayırmağı çoxdan fikir ediyordular. Lakin
rusların qorxusundan böylə bir işə bir bəhanə
və dəstəvuz tapa bilmirdilər. Amma indi erməni-müsəlman
davası və yolların kəsilməsi onların əllərində
gözəl bəhanə oldu. Rus məmurlarının əqilləri
də ki, şükür Allaha bir toyuq qədər yox...
Bəli,
ermənilər indi ruslar ilə bir olub bizi İrəvan,
Qarabağ səmtlərindən zəiflətdikdən sonra gələcəkdəki
fürsətə intizar edib, Rusiyanın inqilab və zəfini
gözləyəcəklər. Və birinci fürsətdə
Rusiyadan qabaqca "avtonomiya" istəyib, yavaş-yavaş
özlərinə "Ermənistan" hazırlayacqlar.
Ermənilərin
osmanlıdan çoxdan əlləri çıxdı.
Ümidləri qaldı Qafqaza və İrana. İran da həm
də olsun tez-gec oyanıb vətənin namusunu mühafizə
edəcəkdir. Tək qalır ermənilər
üçün Qafqaz. Budur ki, burada gecə-gündüz min
hiylə və fənd ilə çalışacaqlar ki,
müsəlmanları öz ticari davaları ilə, rus tüfəngləri
ilə zəiflədib zamanın fürsətini gözləsinlər.
İşin
həqiqəti ap-aşkar belədir, ermənilər bizimlə
məhz siyasi niyyətləri üçün davaya məcburdurlar.
Yoxsa, bizimlə həmişəliyə heç vaxt
düşmən deyildirlər. Hakəza müsəlmanlar da
ermənilər ilə heç vaxt düşmən deyildirlər
ki, bu neçə qanlı davalara nihayət verilməsin. Nədən
ötrü Şəki, Şamaxı, Zaqatala, Batum, Axalsitdəki
müsəlman və ermənilər bir-birləri ilə
qardaşca yola gediyorlar? Ondan ötrü ki, orada ermənilərin
siyasi qəsdləri yox, orada müsəlmanları davaya məcbur
etmiyorlar.
Halbuki
İrəvan və Qarabağda iş belə deyildir. Buralarda həmişə
düşmənçilik, həmişə qətl və qarət
ermənilərin ən birinci planıdır.
İndi
burasını qəti surətdə biləndən sonra bizə
lazımdır ki, düşmənin qabağına
düşmən kimi çıxaq. Öz hüququmuzu
mühafizə etmək üçün lazımdır. Bəlkə
fərzdir ki, "daşnaksütun" kimi qüvvətli
milli bir cəmiyyət təşkil edib, xain
qonşularımıza öz hədlərini tanıdaq. Hər
yerdə müntəzəm və gözətçi cəmiyyətimiz
olmalıdır. Bunun üçün şəkili,
şamaxılı, bakılı, qarabağlı,
dağıstanlı, bilməm haralı deməyib cümləmiz
bir vücud kimi müttəhid iş görməliyiz.
Ey bu
gün biqəm və bihiss yatan üzvlərimiz! Siz zənn
edirmisiniz ki, ermənilər sabah qüvvətli bir Ermənistan
təşkil etdikdən sonra sizləri yerinizdə rahat
qoyacaqlar. Xəyal edirmisiniz ki, bihəm bir millətə
fürsət verdikdən sonra rahat və arxayın
oturacaqsınız! Xeyr, xeyr, yatacaq zamanı deyildir. Bu gün
ermənilərin niyyətləri və bizim safdilliyimiz məlum
olduqdan sonra bilicilərimizə,
başçılarımıza, fərzdir ki, bir saat rahat
olmayıb, gələcək üçün
çalışalar. Bizə bu halda hər bir partiyadan
artıq qüvvətli bir milli partiya lazımdır. Qoy
içimizdə sosialist də, federalist də, kommunist də
olsun. Amma bu gün hamısından artıq hüquqi-milləti
müdafiə edən qüvvətli milli bir partiya
lazımdır.
Mən
elə bilirəm ki, sosial-demokratlıq məzlumluq
haqqını mühafizəyə çalışmaqdır.
Bu halda ermənilərin siyasi niyyətlərinə, məhz
milli istiqlallarına qurban olan bunca məzlum müsəlmanların
köməyinə çatmaq, zalımların əllərindən
xilas etmək ən birinci insaniyyətpərəstlikdir, ən
gözəl demokratlıqdır. Bu saətdə bizə əcələ
lazım olan milli bir cəmiyyətdir. Digər cəmiyyətlərimiz
də, əlbəttə, öz qaidələrində əmələ
gəlib davam edər. Qəlbi zəiflik, yalançı
insanlıq, bixəbəranə sosial demokratlıq vaxtı
deyil. Ən əvvəl, bu gün odlar içində yanan, zərurətdə
can verən yaxın qardaşlarımızın ah və fəryadlarına
çatmalıyıq. Bu gün insanlıq və sosializmin əmr
etdiyi vəzifə budur. Yoxsa yumşaq kürsülərin
üstündə oturub, insanlıqdan dəm vurmaq, yalnız
iki şahı mənfəətdən ötrü ittihad edib
sosial demokrat olmaq, mənfəətpərəstlikdən
özgə bir zad deyildir.
Xülasə,
keçmiş və indiki vuquatdan ibrət alıb, mətin qəlbli,
durbin nəzərli, salim fikirli zilqurba - hamisi olmalıyıq.
Hər şeydən əvvəl öz milli mənfəətimizi
nəzərə alıb, əcələ bir cəmiyyəti -
ittihad təşkil etməliyik.
Bir cəvan
(Ömər Faiq NEMANZADƏ)
"İrşad"
qəzeti, № 183, 4 avqust 1906.
Təqdim
edəni:
Şirməmməd
HÜSEYNOV
"Elm
və həyat", № 1-2, 2003
Ülkər
HÜSEYNOVA
525-ci qəzet.- 2021.-
26 iyun. S. 10-11.