Azərbaycanlı
şair "Alaş" mükafatından niyə imtina etdi?
Tanınmış
şair, tərcüməçi Akif Əhmədgil uzun illər
Azərbaycan-Qazaxıstan mədəni əlaqələrinə
töhfə verib.
Hələ
keçən əsrin 80-ci illərində, Qazaxıstanın
ziddiyyətli dövründə şair Əjdər Ol ilə
birlikdə orada səfərdə olub. Həmin dövrdə -
qazaxların arasında millətçilik ab-havası hökm
sürdüyü illərdə Sovet rejiminə qarşı
çıxışlar, üsyanlar geniş vüsət
alıb. Almatıda gənc şair Sovetin əleyhinə
şeirlər yazdığı üçün həbs olunub
və haqqında ölüm hökmü verilib. Hökm verilsə
də, qərar icra olunmayıb. Bu hadisədən 7 ay sonra
Almatıda gənc şairlərin festivalı keçirilirmiş.
Azərbaycandan adlarını çəkdiyim 2 ədib
Qazaxıstana yollanıblar. Orada fikir irəli
sürülüb ki, həmin gənc şairə verilən
hökmə protest olaraq Qazaxıstan Ali Sovetinə məktub
yollanılsın. Həmin festivalda bir sıra ölkələrdən
ədiblər iştirak edirmiş. Bir neçə yazar istisna
olmaqla, hamı məktuba imza atıb. Bu hadisədən sonra
Qazaxıstanda səs-küy yaranıb. Mərkəzi komitənin
katibi Nursultan Nazarbayev məktuba imza atan bütün şairləri
toplayıb və olduqca maraqlı, təmkinli söhbətlər
edib.
Həmin
dövrlərdə Qazaxıstan Yazıçılar Birliyinin
sədri Oljas Süleymenov olub. Bütün qonaqlara xüsusi münasibət göstərən
Oljas Süleymenovun özü də bu məsələlərə
görə sıxışdırılırmış. Həmin
səfər zamanı Akif Əhmədgillə Oljas
Süleymenov arasında səmimi münasibət yaranıb. Bu
münasibət genişlənərək dostluq əlaqələrinə
çevrilib. Akif Əhmədgilin şeilərini həmin illərdə
Qazaxıstanın "Ədəbiyyat" qəzetində
çap ediblər. Bu münasibətlərdən
sonra Akif Əhmədgil Oljas Süleymenovun silsilə şeirlərini
Azərbaycan dilinə tərcümə edib. Sonralar Tərcümə
Mərkəzinin o vaxtkı rəhbəri mərhum Aydın Məmmədovun təşəbbüsü
ilə Akif Əhmədgil dəfələrlə Almatıda
olub. A.Əhmədgil Oljas Süleymenovun 7-8 şeir
kitabını dilimizə çevirib.
Bunları
qeyd eləməklə Akif Əhmədgilin Qazaxıstanla
sıx əlaqəsini, onun bu istiqamətdə
gördüyü işləri, Azərbaycan-Qazaxıstan mədəni
əlaqələrinə verdiyi töhfələri nəzərinizə
çatdırmaq istədik. Amma bu yaxınlarda arzuolunmaz bir
hadisə baş verib.
Bu
ilin fevralında Akif Əhmədgil "Alaş" beynəlxalq
ədəbi mükafatına layiq görülüb. Bu xəbəri
ona Qazaxıstan Yazıçılar Birliyinin sədri
Uluğbek Esdevlet verib. "Alaş" mükafatı
birbaşa olaraq Qazaxıstan Prezidentinin razılığı
ilə verilir. Bu ilin may
ayında Akif Əhmədgil Azərbaycan Yazıçılar
Birliyinin xətti ilə həm
Oljas Süleymenovun 85 illik yubiley tədbirində iştirak etmək
üçün, həm də mükafatı almaq naminə
Almataya yollanacaqmış. Həmin yubiley gecəsinin
planında birinci Akif Əhmədgilin
çıxışı nəzərdə tutulubmuş və
Akif müəllim Oljas Süleymenova Azərbaycanın mədəni
irs nümunəsi olan saz hədiyyə edəcəkmiş.
Akif
Əhmədgil Azərbaycan Yazıçılar Birliyi tərəfindən
Qırğızıstana, daha sonra Qazaxıstana ezam olunub. Bu
il aprel ayında Qırğızıstanın Batken şəhərində
35 qırğız öldürülüb, 200 nəfərə
yaxın qırğız qanına qəltan edilib. Bu səbəbdən
Akif Əhmədgil həmin qaynar nöqtəyə səfər
edib, ölənlərin ailəsinə
başsağlığı verib, yaralılarla
görüşüb.
Bişkekdən
Almatıya yollanmaq istəyən Akif Əhmədgili Batken
şəhərində olmasını bəhanə gətirərək
sərhəddən buraxmayıblar. Halbuki, sənədlərdə
də göstərilib ki, o dəfələrlə
Qazaxıstanda olub, Bakıdan İstanbula, İstanbuldan
Qırğızıstana yollanıb. Amma buna baxmayaraq onu sərhəddən
buraxmayıblar. O, 3-4 gün sərhəddə gözləyib,
hətta Qazaxıstanın Yazıçılar Birliyinin sədri
dəfələrlə zəng eləsə də, problem həllini
tapmayıb. A.Əhmədgil bir müddət gözləyəndən
sonra zəng edərək mükafatdan imtina etdiyini bildirib və
Bakıya qayıdıb.
Nadir YALÇIN
525-ci qəzet.- 2021.-
26 iyun. S. 11.