Zemfira Məhərrəmlinin "Bədii düşüncədə Qarabağ" kitabı təqdim olundu

 

Dünən "Azərkitab" kitab təbliğatı mərkəzinin nəzdindəki Cabir Novruz adına poeziya evində yazıçı-publisist, əməkdar jurnalist Zemfira Məhərrəmlinin "Bədii düşüncədə Qarabağ" kitabının təqdimat mərasimi keçirilib.

Müəllifin sayca 15-ci olan bu kitabında müəllif ədəbiyyatımızın görkəmli simalarının əsərlərində Qarabağ mövzusunun bədii inikasını araşdırıb. Müqəddəs mövzuya köklənmiş çağdaş ədəbiyyatımız ilk dəfə olaraq bu kitabda təhlilə cəlb edilib. Yazıçı-publisistin diqqətini çəkən, bu yöndə ədəbi mülahizələrinin məğzini təşkil edən, iztirab və kədərimiz, mücadiləmiz və möhtəşəm Zəfərimizdən söz açan, təhlilə cəlb olunmuş bədii mətnlər arasında söz sənətimizin tanınmış nümayəndələrinin - Rəsul Rza, Xəlil Rza Ulutürk, Anar, Elçin, Fikrət Qoca, Sabir Rüstəmxanlı, Nurəngiz Gün, Seyran Səxavət, Elçin Hüseynbəyli, Qulu Ağsəs, Firuzə Məmmədli, Oqtay Rza, Vaqif Bəhmənli, Rəşad Məcid, Qəşəm Nəcəfzadə və başqalarının əsərləri yer alıb.

Kitabın müəllifi Zemfira Məhərrəmli tədbiri giriş sözü ilə açaraq dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib.

Şair Vaqif  Bəhmənli yeni nəşr olunmuş kitabla bağlı fikirlərini bildirərkən deyib ki, Zemfira xanım Məhərrəmli bu yazıları sadəcə özünü göstərmək, yaxud imzasını aktual mövzularda sınamaq məqsədi ilə yazmayıb: "Həm bu, həm də buna qədər çapdan çıxan kitabları Zemfira xanım bunu candan, ürəkdən istədiyi üçün meydana gəlib. Əgər Zemfira xanımın kitablarını ardıcıllıqla izləsək, görərik ki, bu kitablarda Qarabağ probleminin yaranması, Qarabağ insanın çəkdiyi ağır, məşəqqətli qaçqın, məcburi köçkün həyatı, kişilərlə qadınların eyni cəbhədə göstərdiyi fədakarlıqlar öz əksini tapıb. Bu gün təqdim olunan kitab Azərbaycan bədii publisistikasında yeni bir səhifə açır. Bu da onunla bağlıdır ki,  kitab Qarabağ mövzusunda yazan ədiblərimizin yaradıcılığına işıq salır. Kitab Azərbaycanın çox görkəmli 31 sənətkarının əsərinə müraciət olaraq yazılıb. Ümid edirəm ki, Qarabağın dağıdılmasına, yurd yerlərinin viran qoyulmasına etiraz kimi yazılan bu kitab gələcəkdə Qarabağın qurulmasına həsr olunmuş daha geniş həcmli bir kitabla əvəz olunacaq".

Tanınmış yazıçı Seyran Səxavət çıxış edərək, bütün söz adamlarının əslində qohum olduqlarını bildirib: "Biz hamımız sözün belindən gəlmişik, biz hamımız qohum-əqrabayıq.  Zemfira xanımın bu kitabında bütün yazılanlar ədəbiyyatla, sözlə bağlıdır. Bu gün Azərbaycanda belə bir kitabın çap olunması çox sevindiricidir".

Şair Qəşəm Nəcəfzadə sözünə Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən öncə Azərbaycan xalqının çəkdiyi Qarabağ həsrətindən danışmaqla başlayıb: "İndi mən düşünürəm ki, görəsən, qələbədən əvvəl vətən həsrəti ilə bağlı yazılan əsərlər unudulacaqmı, tarixdən silinəcəkmi? Məncə, silinməyəcək. Bu da tarixdə yaşayacaq ki, nə vaxtsa belə bir hadisə olub, nə vaxtsa Ağdam, Laçın, Şuşa, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər həsrəti yaşanıb. Ağabəyim ağa Cavanşirin belə bir şeiri var, deyir, Tehran cənnətə dönsə, yaddan çıxmaz Qarabağ. Həmin bayatı böyük bir hadisəni yadda saxlayır. 30 ilə yaxın işğal altında qalan, sonra şanlı Ordumuz tərəfindən azad olunan ərazilərimiz haqqında yazılmış hər hansı bir şeir də o hadisələri yadda saxlayır. Mən bu kitabın ərsəyə gəlməsi münasibəti ilə Zemfira xanımı ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıqlar arzulayıram".

Tədbirdə çıxış edən digər şair və yazıçılar - millət vəkili Aqil Abbas, Xəyal Rza, Təranə Vahid, Nüşabə Məmmədli, Firuzə Məmmədli, İlham Qəhrəman, Emin Piri və başqaları kitabla bağlı fikirlərini bildirib, müəllifə yaradıcılıq uğurları arzulayıblar.

 

Aytac ASLAN

525-ci qəzet.- 2021.- 26 iyun. S. 12.