“Cümhuriyyətin “Azərbaycan” adlandırılması...”

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər dokoru, professor Solmaz Rüstəmova-Tohidinin “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” kitabı çapdan çıxıb.

Kitab müəllifin 2018-ci ildə Cümhuriyyətin 100 illiyi münasibətilə buraxılmış eyni adlı monoqrafiyasının yenidən işlənmiş, təkmilləşdirilmiş və əlavələr edilmiş ikinci nəşridir. Monoqrafiyada 1918-ci ildə Şimali Azərbaycanın tarixi ərazilərində yaradılan yeni müstəqil milli dövlətin “Azərbaycan” adlandırılması və bu hadisənin bir sıra xarici qüvvələr və ölkələr, ilk növbədə İran dövləti və mətbuatı tərəfindən birmənalı qarşılanmaması kimi məsələlər tədqiq edilir. Müxtəlif ölkələrin dövri mətbuatı, arxiv sənədləri, elmi tədqiqat əsərləri daxil olmaqla, geniş mənbələr əsasında yazılmış əsərdə “Azərbaycan” kəlməsinin hələ XIX əsrin sonları - XX əsrin əvvəllərində milli ruhlu Azəraycan ziyalıları tərəfindən Cənubi Qafqazın türkdilli mətbuatında və Azərbaycan ədəbiyyatında dövriyyəyə gətirildiyi, sonrakı mərhələlərdə Azərbaycan ictimai-siyasi fikrində və Azərbaycan xalqının şüurunda təsbit olunduğu və 1918-ci ildə yaradılan dövlətin məhz tarixi-milli zəmində “Azərbaycan” adlandırıldığı göstərilir.

Bu tarixi hadisə ilə bağlı İranda başlanan anti-Azərbaycan kampaniyasının gedişində İran mətbuatının, ayrı-ayrı yazar və müəlliflərin Azəraycan əraziləri və xalqının tarixinə dair mövqelərini Azərbaycan oxucusuna çatdırmaq məqsədi ilə həmin nümunələr fars dilindən tərcümə edilərək kitabın 2-ci nəşrində “Əlavələr” hissəsinə daxil edilib. İran mətbuatı və müəllifləri ilə polemikada iştirak etmiş M.Ə.Rəsulzadənin müvafiq əsərləri də bu hissədə yer alıb.

Kitab Azəraycan, İran və Osmanlı tarixi, azərbaycanlıların etnik-milli kimliyi, Azərbaycan Cümhuriyyəti və İran münasibətləri, M.Ə.Rəsulzadənin siyasi-publisistik irsi və digər məsələlərlə maraqlanan tədqiqatçılar, tələbələr və oxucu kütləsi üçün nəzərdə tutulub.

 

525-ci qəzet.- 2021.- 26 iyun. S. 13.