Sadə və mənalı
"Segah"
Müzakirəmizin
budəfəki mövzusu istedadlı yazıçı Sara
İbrahimin "Segah" hekayəsidir.
Sara
xanımın çoxlu sayda hekayələri və "Yasaq
sevgilər" romanını oxumuşam. Bu realist rəsvir üsuluna
meyilli, özünəməxsus yazıçı haqqında
qənaətlərimi roman haqqımda yazacağım məqaləyə
saxlayır, hamıya uğurlar arzu edirəm.
Layihənin ideya rəhbəri və moderatoru Əsəd
Cahangir.
***
Almaz Bəyazid:
Hekayəni oxudum. Özümün hərdən
Poeziya Evində oxumağım yada düşdü. İbrahim deyir ki, həmən qarabağlı
olduğun bilinir. Dili yaxşıdır.
Hekayə özü isə normaldır. Müəllifə uğurlar arzu edirəm.
Leyla
Cavanşirli: Mən bu hekayəni ikinci dəfə də sevə-sevə,
maraqla oxudum. Hekayənin dilinin sadəliyi və
gözəl yazı üslubu adamı sanki sehirləyir. Elə bil özün də orada - hadisələrin
baş verdiyi yerdə olmusan. Hər şey
bir-bir oxucunun gözü önündə canlanır. Gözəl qələm sahibi Sara xanım, bu gözəl
yolda sizə uğurlar arzulayıram.
Müşfiq
Şükürlü: Sara İbrahim kənd lövhələri
yaratmaqda bacarıqlıdır. Toy mağarı
epizodu ilə başlayan "Segah" da bu hekayələrdəndir.
Yazıçı dilin aydınlığı və
təsvir keyfiyyətlərində diqqətlidir. Hekayədə konflikt mahnı oxumağa və bir
xanım müğənni ilə rəqabətə girməyə
çalışan Barxudarın səsinin batması ilə
başlayır. Mənə elə gəlir,
bu cür xırda konfliktlər Çexov hekayələrindəki
daxili gərginlik, dramatizmlə müşahidə
olunmalıdır. Yoxsa oxucu hekayədən
gözlədiyini almaz. "Segah" hekayəsində
Sara İbrahim Barxudarın utanc duyması, mağardan
qaçıb uzaqlaşması ilə bu gərginliyi hardasa
yaşatmağa cəhd edir. Amma məncə,
müəllif daha dərin, psixoloji konflikt yaratmalı idi.
Fəridə:
Müşfiq bəy, sizin bu tip şərhinizə bir dəfə
də rast gəlmişəm, amma xatırlamıram harda,
mövzu nə idi. Mənə çox
maraqlıdır. Və lütfən, belə
elmi-bədii dildə yox, sadə şəkildə izah edə
bilərsinizmi ki, dərin psixoloji-konfilikt nəyə deyirsiz?
Neçənci dəfədir, bu
iradınızı görürəm, orta məktəb ədəbi-tənqid
dərsliyi gəlir ağlıma.
Müşfiq
Şükürlü: Daxili gərginliyi demək istəyirəm.
Çexovda bu gərginlik var, çünki hadisə
üzdə yox, daxildə gedir. Məncə,
elə də anlaşılmaz deyil dediklərim. Sadəcə, redaktə ehtirasıdı sizdəki.
Fəridə:
Haqlısınız, Sara xanımın hekayələri
Çexov nəsrinə bənzərdir.
Nazilə
Gültac: İnsanın özünü kəşf etməsi,
təsdiqi üçün məqam axtarması verilib bu hekayədə.
Müəllif göstərir ki, istedadsız
insan yoxdur. Hər bir insan özünün
hansı qabiliyyətə malik olmasını dərk etməli
və cəmiyyətdə özünü sübut etməlidir.
Müəllifə yeni yaradıcı uğurlar
arzu edirəm.
Mayya
Əsəd: Bəyəndim, sadə və mənalı
yazılıb. Əsas da valideynin
övladını hər halı ilə dəstəkləməsi
önəmlidir.
Reyhan Kənan:
Gözəl hekayədir, hadisələr göz önündə
canlanır. Kaş, Bərxudar elə o toyda
"Segah" oxuyub hamını heyran edəydi. Bilmirəm, müəllif niyə onu pis vəziyyətdə
qoyub? Lap ürəyim ağrıdı.
Həcər
Paşayeva: Bu əsər nələri xatırlatmadı, nələri
yadıma salmadı, nələrə işarə etmədi...
O anlar, səfərlərim, o insan ayağı dəyməyən
qalın meşələrin içi ilə keçdiyim
cığırlar... Meşədə quzu otaran
uşaqların oxuduğu "Segah", muğamatlar, nəğmələr...
Cingildəyən qayalar... Silkələnən meşələr...
Yarpaqlar sanki əl çalırdı. Allah sizə insaf versin. O uşağın
oxuması üçün toy mağarı yox, geniş
çöl, doğma təbiət, quzuların incə
dişləri ilə otları qırpması, onun
iştahaçan xırtıltısına qulaq asmaq,
bulağın zümzüməsini dinləmək,
başın üzərində doğma vətənin səmasını
görmək, təmiz havasını udmaq - bunlardır
Barxudarın səsinə güc verən. Toy
mağarının süni parıltıları, sərxoş
adamların qızarmış gözlərinin
baxışları, şıq geyimlər barxudarlarda səsmi
qoyar? Çox belə səslər
ayağı Qarabağdan üzüldüyü
üçün batıb getdi. Nə eşitmək istədiyinizi
dedim artıq. Və çox geniş, ürəyim
yana-yana "Yalquzaq olmalısan"da bunlardan
danışmışam.
Əsərin dili sadə, anlaşıqlıdır. Oxucunu
kiçik bir hekayədə mətləbi uzatmadan, yeddi mərtəbəli
ibarələr işlətmədən həqiqətin
aydın işığına apara bilib. Müəllifə
uğurlar.
Vüqarlı
Qönçə: Sara xanımın daimi izləyicisi, əsərlərini,
hekayələrini sevə-sevə oxuyanlardanam. Yazar
xanımın digər əsərləri kimi, "Segah"
hekayəsi də möhtəşəmdir, hekayəni oxuduqca,
sanki bir film izləyirsən, özünü hekayənin
içində hiss edirsən, yaşayırsan. Hekayəmizin
qəhrəmanı Barxudar sadəcə seçimini
düzgün etmədi, onun Qarabağın bulaqlarından,
çaylarından, təbiətindən gələn şaqraq
səsi məhz, bal kimi "Segah",
muğam, şikəstə üçündü. Yeniyetmə
Barxudar bəlkə də şəhərli qızın
xoşuna gəlmək üçün seçimində
yanlışlığa yol verdi. Amma istedad varsa, o, özünü doğruldacaq.
Məhz valideynlərinin övladlarına
düzgün münasibəti, dəstəyi onun özünə
inamını qaytarır, özünü bir daha sübut edir.
Gözəl, istedadlı yazarımız Sara xanım,
uğurlarınız davamlı olsun
İlham
Əziz: Əladı, ustalıqla yazılıb.
Şəfəq
Abdullayeva: Əla təşəbbüsdü,
tanımadığımız yazarları
tanıdırsız. Sadə dildə, necə
var, elə yazılmış normal həyat hekayəsidir.
Müəllif xanıma uğurlar arzulayıram.
Etibar
Yaqubov: Sadə dili, maraqlı süjet xətti var.
Uşağın əzmkarlığı qələbəsini
təmin edir. Müəllifə
yaradıcılıq uğurları arzulayıram.
Sona
İsmayılova: Mükəmməl... Ancaq
uğurlu yaradıcılıq arzulayıram. Böyük zövqlə oxudum və çox bəyəndim.
Murad
Süleyman: "Segah" muğam dəstgahıdır. Harada oxunsa, orada saf, təmiz dəstgah
olmalıdır. Bu yazı mənim
könlümə yazı gətirdi? Gətirdi.
Bir toya da virtual dəvət aldım. Oturub oxudum, qiyabi "Segah"a qulaq asdım. Gəncin hisslərin anladım və onun yerinə mən
də məyus oldum. Bir daha "Segah" nədir?"
dedirdən yazıdır. Yəni
"Segah"ı hər məkanda oxumaq olmaz. Oxunan yerdə hörmət istər MUĞAM. Segah müqəddəsdir. Uğurlar,
canına, zehninə sağlıq. Toy - toplantı, məclis,
yığıncaq deməkdir. Toy həmişə
xoş niyyətlə qurulmur. "Sənə
elə toy tutaram ki, adın yadından çıxar".
Toy qapısı adamla doluydu? Toy evinin qapısı... Toy olan mağarın qapısına...
yığışanda, məncə, yaxşı olar. Bu, məncədir. Yanıla bilərəm?
Bilərəm. Bundan heç kim sığortalanmayıb.
Varis:
Hekayəni bəyəndim, bir kiçik həyat lövhəsi
ustalıqla qələmə alınıb, psixoloji gərginlik
yüksəkdir, obrazlar canlıdırlar. Təhkiyə
də gözəldir. Müəllifə uğurlar
arzulayıram!
Fəridə:
Sara xanımın hekayələri həyatdan bir kadr kimi olur həmişə.
O, hekayəni danışa bilir, oxucunu əsla yormur və
maraqla izləyirsən. Bu, məncə, bizdə çox az müəllifdə rast gəlinən
haldır. Hoqqa çıxarmır, mənasız,
uzun-uzadı "duyğu somurusu" eləmir, isteriya
salmır, sakitcə öz hekayəsini danışır
müəllif və sən məmnuniyyətlə dinləyirsən.
Sara xanıma daha böyük uğurlar
arzulayıram.
Narıngül
Nadir: Uğurlu hekayədir. Dil, təhkiyə,
üslub aydın və koloritlidir. Hadisəçilik
öndə olmasa da, müşahidələrin detallarla işlənməsi
çox gözəldir. Klassik nəsr əsərlərini
xatırlatdı.
Bahəddin
Salman: Sara xanımın yaradıcılığı ilə
ilk dəfə tanış oldum. Məncə,
hadisələrə bir az səthi
yanaşmaq əvəzinə, bir azca dərindən
yanaşılsaydı, hekayə haqqında fikirlərim
tamlıq təşkil edərdi. Amma hekayəni
bəyəndim. Sara xanıma yaradıcılıq
uğurları arzu edir və hekayədən dolayı təbrik
edirəm!
Sara
İbrahim: Dəyərli Əsəd müəllim, bu layihəyə
görə sizə təşəkkür edirəm.
Oxucuların hələ yaxşı tanımadığı
imzaları təqdim etməklə xeyirxah iş
görürsünüz. Mənim hekayəmi layiq bilib
müzakirəyə çıxardığınıza
görə sizə
minnətdaram. Müzakirədə
iştirak edib rəy yazanların hamısına sağ olun demək
istəyirəm. Dostlar, yaxşı fikirləriniz
müəllifləri yeni əsərlər yaratmağa
ruhlandırır, tənqid və təklifləriniz isə nəticə
çıxarmağa yardım edəcək. Ümid edirəm ki, Əsəd müəllim bundan
sonra müzakirə olunmağa layiq yeni, gözəl hekayələrlə
bizi sevindirəcək.
Əsəd
Cahangir: Sara xanım, sizi uğurlu müzakirəyə görə
təbrik edirəm. Müzakirənin ilk
günündən FBM-in fəal üzvlərindən birisiniz.
Yəqin özünüz də müşahidə
etdiniz ki, artıq neçənci müzakirənin getdiyi
klubumuzda sizin "Segah"ınız necə "dinlənildi".
Ondan qabaq "Ədəbiyyat qəzeti"nda
oxunma sayına görə hekayəniz həftənin birincisi
oldu. Bu, onu göstərir ki, qələminizə
oxucu tələbatı var. Bu, hamıya nəsib olmur.
Mənə elə gəlir ki, siz gerçəkliyə,
həyat hadisələrinə maksimum
yaxınlaşmağı bacaran nasirsiniz. Ona görə
əsərləriniz oxuculara doğma təsir
bağışlayır. "Segah"ı
oxuyanda mənə elə gəldi ki, vaxtilə kəndimizdə
yüz dəfələrlə gördüyüm,
iştirakçısı olduğum toy məclislərindən
birindəyəm. Sizə toy, şənlik
büsatlı bir yaradıcılıq həyatı
arzulayır, daha böyük uğurlara imza
atacağınıza şübhə etmirəm.
Biz həyatı
sevər olduq, kədər bizdən uzaq olsun...
525-ci qəzet.- 2021.-
26 iyun. S. 20.