Sadə və mənalı Segah

 

Müzakirəmizin budəfəki mövzusu istedadlı yazıçı Sara İbrahimin "Segah" hekayəsidir.

Sara xanımın çoxlu sayda hekayələri "Yasaq sevgilər" romanını oxumuşam. Bu realist rəsvir üsuluna meyilli, özünəməxsus yazıçı haqqında qənaətlərimi roman haqqımda yazacağım məqaləyə saxlayır, hamıya uğurlar arzu edirəm.

Layihənin ideya rəhbəri moderatoru Əsəd Cahangir.

***

Almaz Bəyazid: Hekayəni oxudum. Özümün hərdən Poeziya Evində oxumağım yada düşdü. İbrahim deyir ki, həmən qarabağlı olduğun bilinir. Dili yaxşıdır. Hekayə özü isə normaldır. Müəllifə uğurlar arzu edirəm.

Leyla Cavanşirli: Mən bu hekayəni ikinci dəfə sevə-sevə, maraqla oxudum. Hekayənin dilinin sadəliyi gözəl yazı üslubu adamı sanki sehirləyir. Elə bil özün orada - hadisələrin baş verdiyi yerdə olmusan. Hər şey bir-bir oxucunun gözü önündə canlanır. Gözəl qələm sahibi Sara xanım, bu gözəl yolda sizə uğurlar arzulayıram.

Müşfiq Şükürlü: Sara İbrahim kənd lövhələri yaratmaqda bacarıqlıdır. Toy mağarı epizodu ilə başlayan "Segah" da bu hekayələrdəndir. Yazıçı dilin aydınlığı təsvir keyfiyyətlərində diqqətlidir. Hekayədə konflikt mahnı oxumağa bir xanım müğənni ilə rəqabətə girməyə çalışan Barxudarın səsinin batması ilə başlayır. Mənə elə gəlir, bu cür xırda konfliktlər Çexov hekayələrindəki daxili gərginlik, dramatizmlə müşahidə olunmalıdır. Yoxsa oxucu hekayədən gözlədiyini almaz. "Segah" hekayəsində Sara İbrahim Barxudarın utanc duyması, mağardan qaçıb uzaqlaşması ilə bu gərginliyi hardasa yaşatmağa cəhd edir. Amma məncə, müəllif daha dərin, psixoloji konflikt yaratmalı idi.

Fəridə: Müşfiq bəy, sizin bu tip şərhinizə bir dəfə rast gəlmişəm, amma xatırlamıram harda, mövzu idi. Mənə çox maraqlıdır. lütfən, belə elmi-bədii dildə yox, sadə şəkildə izah edə bilərsinizmi ki, dərin psixoloji-konfilikt nəyə deyirsiz? Neçənci dəfədir, bu iradınızı görürəm, orta məktəb ədəbi-tənqid dərsliyi gəlir ağlıma.

Müşfiq Şükürlü: Daxili gərginliyi demək istəyirəm. Çexovda bu gərginlik var, çünki hadisə üzdə yox, daxildə gedir. Məncə, elə anlaşılmaz deyil dediklərim. Sadəcə, redaktə ehtirasıdı sizdəki.

Fəridə: Haqlısınız, Sara xanımın hekayələri Çexov nəsrinə bənzərdir.

Nazilə Gültac: İnsanın özünü kəşf etməsi, təsdiqi üçün məqam axtarması verilib bu hekayədə. Müəllif göstərir ki, istedadsız insan yoxdur. Hər bir insan özünün hansı qabiliyyətə malik olmasını dərk etməli cəmiyyətdə özünü sübut etməlidir. Müəllifə yeni yaradıcı uğurlar arzu edirəm.

Mayya Əsəd: Bəyəndim, sadə mənalı yazılıb. Əsas da valideynin övladını hər halı ilə dəstəkləməsi önəmlidir.

Reyhan Kənan: Gözəl hekayədir, hadisələr göz önündə canlanır. Kaş, Bərxudar elə o toyda "Segah" oxuyub hamını heyran edəydi. Bilmirəm, müəllif niyə onu pis vəziyyətdə qoyub? Lap ürəyim ağrıdı.

Həcər Paşayeva: Bu əsər nələri xatırlatmadı, nələri yadıma salmadı, nələrə işarə etmədi... O anlar, səfərlərim, o insan ayağı dəyməyən qalın meşələrin içi ilə keçdiyim cığırlar... Meşədə quzu otaran uşaqların oxuduğu "Segah", muğamatlar, nəğmələr... Cingildəyən qayalar... Silkələnən meşələr... Yarpaqlar sanki əl çalırdı. Allah sizə insaf versin. O uşağın oxuması üçün toy mağarı yox, geniş çöl, doğma təbiət, quzuların incə dişləri ilə otları qırpması, onun iştahaçan xırtıltısına qulaq asmaq, bulağın zümzüməsini dinləmək, başın üzərində doğma vətənin səmasını görmək, təmiz havasını udmaq - bunlardır Barxudarın səsinə güc verən. Toy mağarının süni parıltıları, sərxoş adamların qızarmış gözlərinin baxışları, şıq geyimlər barxudarlarda səsmi qoyar? Çox belə səslər ayağı Qarabağdan üzüldüyü üçün batıb getdi. Nə eşitmək istədiyinizi dedim artıq. Və çox geniş, ürəyim yana-yana "Yalquzaq olmalısan"da bunlardan danışmışam.

Əsərin dili sadə, anlaşıqlıdır. Oxucunu kiçik bir hekayədə mətləbi uzatmadan, yeddi mərtəbəli ibarələr işlətmədən həqiqətin aydın işığına apara bilib. Müəllifə uğurlar.

Vüqarlı Qönçə: Sara xanımın daimi izləyicisi, əsərlərini, hekayələrini sevə-sevə oxuyanlardanam. Yazar xanımın digər əsərləri kimi, "Segah" hekayəsi də möhtəşəmdir, hekayəni oxuduqca, sanki bir film izləyirsən, özünü hekayənin içində hiss edirsən, yaşayırsan. Hekayəmizin qəhrəmanı Barxudar sadəcə seçimini düzgün etmədi, onun Qarabağın bulaqlarından, çaylarından, təbiətindən gələn şaqraq səsi məhz, bal kimi "Segah", muğam, şikəstə üçündü. Yeniyetmə Barxudar bəlkə də şəhərli qızın xoşuna gəlmək üçün seçimində yanlışlığa yol verdi. Amma istedad varsa, o, özünü doğruldacaq. Məhz valideynlərinin övladlarına düzgün münasibəti, dəstəyi onun özünə inamını qaytarır, özünü bir daha sübut edir. Gözəl, istedadlı yazarımız Sara xanım, uğurlarınız davamlı olsun

İlham Əziz: Əladı, ustalıqla yazılıb.

Şəfəq Abdullayeva: Əla təşəbbüsdü, tanımadığımız yazarları tanıdırsız. Sadə dildə, necə var, elə yazılmış normal həyat hekayəsidir. Müəllif xanıma uğurlar arzulayıram.

Etibar Yaqubov: Sadə dili, maraqlı süjet xətti var. Uşağın əzmkarlığı qələbəsini təmin edir. Müəllifə yaradıcılıq uğurları arzulayıram.

Sona İsmayılova: Mükəmməl... Ancaq uğurlu yaradıcılıq arzulayıram. Böyük zövqlə oxudumçox bəyəndim.

Murad Süleyman: "Segah" muğam dəstgahıdır. Harada oxunsa, orada saf, təmiz dəstgah olmalıdır. Bu yazı mənim könlümə yazı gətirdi? Gətirdi. Bir toya da virtual dəvət aldım. Oturub oxudum, qiyabi "Segah"a qulaq asdım. Gəncin hisslərin anladım onun yerinə mən məyus oldum. Bir daha "Segah" nədir?" dedirdən yazıdır. Yəni "Segah"ı hər məkanda oxumaq olmaz. Oxunan yerdə hörmət istər MUĞAM. Segah müqəddəsdir. Uğurlar, canına, zehninə sağlıq. Toy - toplantı, məclis, yığıncaq deməkdir. Toy həmişə xoş niyyətlə qurulmur. "Sənə elə toy tutaram ki, adın yadından çıxar".

Toy qapısı adamla doluydu? Toy evinin qapısı... Toy olan mağarın qapısına... yığışanda, məncə, yaxşı olar. Bu, məncədir. Yanıla bilərəm? Bilərəm. Bundan heç kim sığortalanmayıb.

Varis: Hekayəni bəyəndim, bir kiçik həyat lövhəsi ustalıqla qələmə alınıb, psixoloji gərginlik yüksəkdir, obrazlar canlıdırlar. Təhkiyə gözəldir. Müəllifə uğurlar arzulayıram!

Fəridə: Sara xanımın hekayələri həyatdan bir kadr kimi olur həmişə. O, hekayəni danışa bilir, oxucunu əsla yormur maraqla izləyirsən. Bu, məncə, bizdə çox az müəllifdə rast gəlinən haldır. Hoqqa çıxarmır, mənasız, uzun-uzadı "duyğu somurusu" eləmir, isteriya salmır, sakitcə öz hekayəsini danışır müəllif sən məmnuniyyətlə dinləyirsən. Sara xanıma daha böyük uğurlar arzulayıram.

Narıngül Nadir: Uğurlu hekayədir. Dil, təhkiyə, üslub aydın koloritlidir. Hadisəçilik öndə olmasa da, müşahidələrin detallarla işlənməsi çox gözəldir. Klassik nəsr əsərlərini xatırlatdı.

Bahəddin Salman: Sara xanımın yaradıcılığı ilə ilk dəfə tanış oldum. Məncə, hadisələrə bir az səthi yanaşmaq əvəzinə, bir azca dərindən yanaşılsaydı, hekayə haqqında fikirlərim tamlıq təşkil edərdi. Amma hekayəni bəyəndim. Sara xanıma yaradıcılıq uğurları arzu edir hekayədən dolayı təbrik edirəm!

Sara İbrahim: Dəyərli Əsəd müəllim, bu layihəyə görə sizə təşəkkür edirəm. Oxucuların hələ yaxşı tanımadığı imzaları təqdim etməklə xeyirxah görürsünüz. Mənim hekayəmi layiq bilib müzakirəyə çıxardığınıza görə sizə  minnətdaram. Müzakirədə iştirak edib rəy yazanların hamısına sağ olun demək istəyirəm. Dostlar, yaxşı fikirləriniz müəllifləri yeni əsərlər yaratmağa ruhlandırır, tənqid təklifləriniz isə nəticə çıxarmağa yardım edəcək. Ümid edirəm ki, Əsəd müəllim bundan sonra müzakirə olunmağa layiq yeni, gözəl hekayələrlə bizi sevindirəcək.

Əsəd Cahangir: Sara xanım, sizi uğurlu müzakirəyə görə təbrik edirəm. Müzakirənin ilk günündən FBM-in fəal üzvlərindən birisiniz. Yəqin özünüz müşahidə etdiniz ki, artıq neçənci müzakirənin getdiyi klubumuzda sizin "Segah"ınız necə "dinlənildi". Ondan qabaq "Ədəbiyyat qəzeti"nda oxunma sayına görə hekayəniz həftənin birincisi oldu. Bu, onu göstərir ki, qələminizə oxucu tələbatı var. Bu, hamıya nəsib olmur.

Mənə elə gəlir ki, siz gerçəkliyə, həyat hadisələrinə maksimum yaxınlaşmağı bacaran nasirsiniz. Ona görə əsərləriniz oxuculara doğma təsir bağışlayır. "Segah"ı oxuyanda mənə elə gəldi ki, vaxtilə kəndimizdə yüz dəfələrlə gördüyüm, iştirakçısı olduğum toy məclislərindən birindəyəm. Sizə toy, şənlik büsatlı bir yaradıcılıq həyatı arzulayır, daha böyük uğurlara imza atacağınıza şübhə etmirəm.

Biz həyatı sevər olduq, kədər bizdən uzaq olsun...

 

525-ci qəzet.- 2021.- 26 iyun. S. 20.