"Siyasi islahatlar iqtidar-müxalifət münasibətlərinin sivil formaya düşməsinə zəmin yaradıb"

 

Teyyub Qənioğlu: "Dialoq kənar müdaxilə olmadan aparılmalıdır"

 

"Siyasi dialoq" rubrikasının növbəti qonağı Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğludur.

 

- Teyyub bəy, bir ildən artıqdır, ölkəmizdə iqtidarla siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Ümumilikdə bu prosesi necə qiymətləndirirsiniz?

 

- O dövlət güclüdür ki, onun güclü iqtidarı və güclü, vətənpərvər müxalifəti, onların arasında dövlətin inkişafı, möhkəmlənməsi naminə sivil dialoq və sivil mübarizə mövcuddur. Artıq Azərbaycanda çoxpartiyalı sistem formalaşıb, müxtəlif yönümlü siyasi partiyalar fəaliyyət göstərir. Bu partiyalarla, xüsusilə də, müxalifət partiyaları ilə iqtidarın münasibətlərinin normal, sivil məcraya yönəldilməsinə ciddi ehtiyac duyulurdu. Təkamül Partiyası olaraq 2019-cu ilin sonlarından etibarən iqtidarın bu sahədə atdığı addımları, xüsusilə Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasını müsbət qiymətləndiririk. Şöbənin müdiri, hörmətli Ədalət Vəliyevin müxalifət partiyalarının sədrləri ilə görüşlərini iqtidar-müxalifət dialoqunun başlanğıcı hesab edir və bunu təqdir edirik. Azərbaycan Prezidenti İlham Əliyev Kamran Əliyevi ölkəmizin Baş prokuroru vəzifəsinə təyin etdikdən sonra onu videoformatda qəbul edərkən demişdi: "...hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir". Prezidentin bu mövqeyi ölkəmizdə iqtidar-müxalifət münasibətlərinin sivil formaya keçməsinə əsaslı şərait yaradıb. Göründüyü kimi, iqtidar-müxalifət münasibətlərinin yaxşılaşdırılması istiqamətində siyasi iradə mövcuddur. Təkamül Partiyası olaraq bunu müsbət qiymətləndiririk və ölkəmizdə iqtidar-müxalifət münasibətlərinin sağlam məcraya yönəldilməsi istiqamətində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyətini təqdir edirik.

 

- Ötən müddətə nəzər salanda, dialoqun nə kimi nəticələri olub?

 

- Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılana qədər istənilən səviyyədə iqtidar yetkililərinin, mövqeyindən asılı olmayaraq, müxalifət partiyalarına, onların rəhbərlərinə, hətta sıravi üzvlərinə neqativ münasibət bəsləməsi danılmaz faktdır. Qeyd edilən şöbə yaradıldıqdan sonra onun rəhbərinin və şöbənin işçilərinin fəaliyyəti, xüsusilə hörmətli Ədalət Vəliyevin müxalifət partiya sədrləri ilə müntəzəm görüşləri (videoformatda) yüksək çinli iqtidar nümayəndələrinin müxalifət partiyalarına münasibətlərinin əsasən müsbət istiqamətdə dəyişməsinə səbəb olub. Ancaq idarə, müəssisə, təşkilat və digər  səviyyədə bu istiqamətdə görüləsi xeyli işlər var.

 

- Sizin rəhbərlik etdiyiniz partiya dialoq  çərçivəsində hansı təklifləri verib və onlardan reallaşan olubmu?

 

- Siyasi partiyaların, o cümlədən, Təkamül Partiyasının fəaliyyəti çoxistiqamətli və çoxcəhətlidir. Təkamül Partiyası ölkədə baş verən siyasi-iqtisad-sosial prosesləri müntəzəm olaraq izləyir, müsbət istiqamətləri təqdir edir, çatışmazlıqları obyektiv mövqedən tənqid edir və müvafiq təkliflərini verir. Ancaq bizim irəli sürdüyümüz təkliflərin mütləq əksəriyyətinin  reallaşdırılması Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin səlahiyyətlərindən kənara çıxır. Məsələn, biz   proporsional seçki sisteminin tətbiqi, Milli Məclisin qəbul etdiyi "Konstitusiya qanunlarının,  qanunların və qərarların icrasına nəzarət komissiyası"nın yaradılması, Hesablama Palatasının səlahiyyətlərinin genişləndirilməsi, Məhkəmə Hüquq Şurasının icra hakimiyyətinin nəzarətindən çıxarılması, "Məşğulluq haqqında", "Sosial sığorta haqqında", "Pensiya haqqında", "Siyasi partiyalar haqqında" qanunlara əlavə və dəyikliklərin edilməsi, hökumətin maliyyə-kredit siyasətinin təkmilləşdirilməsi və s. istiqamətlərdə çoxsaylı, əsaslandırılmış təkliflər irəli sürmüşük. Təkliflərimizi həm KİV-də işıqlandırmış, həm də Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə göndərmişik. Şöbə müdiri, hörmətli Ədalət müəllim onların səlahiyyətlərindən kənara çıxan təkliflərin müvafiq orqanlara göndəriləcəyini qeyd etmişdi. Biz bilavasitə Təkamül  Partiyasının fəaliyyətinə aid irəli sürdüyümüz təkliflərin reallaşdırılmasına göstərdiyi köməyə görə Ədalət müəllimə və şöbənin əməkdaşlarına təşəkkürümüzü bildiririk.

 

- Vətən müharibəsində iqtidar-müxalifət  birliyinə şahidlik etdik. Şuşa Bəyannaməsi ilə bağlı da eyni birliyi müşahidə etdik. Sizcə, əldə edilmiş qələbədən sonra  bu həmrəyliyin davam etməsi nə dərəcədə vacibdir? Nəzərə almaq lazımdır ki, hələ də sərhəd və digər həll edilməmiş məsələlər qalıb.

 

- 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm, misilsiz qələbədə, digər amillərlə yanaşı,  iqtidar-müxalifət birliyinin, bunun sayəsində ölkəmizdə sosial-siyasi sabitliyin qorunmasının əhəmiyyətli rol oynadığı danılmaz faktdır. Həm Vətən müharibəsi dövründə, həm də Şuşa Bəyannaməsi ilə bağlı, mövqeyindən asılı olmayaraq müxalifət partiyalarının iqtidarla birlikdə vahid mövqe sərgiləməsi təqdirəlayiqdir. Ancaq sərhəddə törədilən təxribatlar, revanşizm eşqi ilə alışıb-yanan erməni faşistlərinin davranışları, onların türk düşməni olan havadarlarının, eləcə də, Rusiya sülhməramlılarının fəaliyyəti göstərir ki, müharibə hələ bitməyib. Bunlarla yanaşı, son zamanlar ölkəmizdə fəaliyyət göstərən "5-ci kolon" təmsilçilərinin fəallaşması, bəzi siyasi qüvvələrin öz məkrli məqsədlərini həyata keçirməyə çalışmaq cəhdləri sezilməkdədir. Ona görə də, ölkəmizdə sosial-siyasi sabitliyin qorunub saxlanması üçün mövqeyindən asılı olmayaraq  fəaliyyət göstərən bütün siyasi qüvvələrin həmrəyliyinin bundan sonra da qorunub saxlanmasına ciddi ehtiyac var və ümid edirik ki, belə də olacaq.

 

- Ölkəmizdə aparılan siyasi islahatlar, yaradılan dialoq mühiti partiyaların cəmiyyətdəki roluna, iştirakçılığının artmasına necə təsir göstərib?

 

- Son zamanlar aparılan siyasi islahatlar ölkəmizdə iqtidar-müxalifət münasibətlərinin sivil formaya düşməsi üçün imkan və zəmin yaradıb. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi səviyyəsində aparılan dialoqların müxalifət partiyalarının fəallaşmasına müsbət təsir göstərdiyini söyləmək olar. Ancaq qeyd edilən səviyyədə aparılan dialoqlar ölkəmizdə siyasi partiyaların fəaliyyəti, onların cəmiyyətdəki rolunun artması üçün, münbit şəraitin yaradılması üçün kifayət deyil. İndiki halda müxalifət partiyalarının iqtidarın fəaliyyətinə  hər hansı istiqamətdə təsir göstərməsi mümkün deyil, bunun üçün heç bir mexanizm yoxdur. Hətta Milli Məclisdə təmsil olunan müxalifət partiyaları faktiki olaraq belə imkana malik deyillər. Milli Məclisdə təmsil olunan millət vəkilinin telefon zənginə belə cavab verməyən nazirlərin fəaliyyətinə necə təsir təsir göstərmək olar? Siyasi partiyaların cəmiyyətdəki rolunun artması üçün köklü, əsaslı islahatların aparılmasına ehtiyac var.

 

- Dialoq prosesinin gələcəyini necə görürsünüz?

 

- Ölkədə azad, demokratik cəmiyyətin, sivil ictimai-siyasi mühitin formalaşması bir günün işi deyil. Onun müəyyən zamana ehtiyacı var. Və bunlar təkcə iqtidardan asılı məsələlər deyil. Bütövlükdə cəmiyyət də, siyasi partiyalar da, ayrı-ayrı vətəndaşlar da buna hazır olmalıdır. Hər bir vətəndaş başa düşməlidir ki, onun azadlığının, hüquqlarının sərhədi başqalarının azadlığının, hüquqlarının sərhədinə toxunana qədərdir. Azadlıq, istədiyin hərəkəti etmək kimi başa düşülməməlidir. Hüququ tələb edəndə məsuliyyət, borc, birgəyaşayış qaydaları, qanunçuluq yaddan çıxmamalıdır. Təəssüf ki, bizlər bu sahədə hələ çox iş görməliyik. Azərbaycan gənc dövlətdir. Buna baxmayaraq, qısa müddət ərzində ölkəmizdə ictimai-siyasi proseslərin yaxşılaşması, demokratiyanın inkişafı, sivil vətəndaş cəmiyyətinin formalaşması istiqamətində əhəmiyyətli addımlar atılıb, dialoq prosesinin başlanması bu istiqamətlərdə mühüm rol oynayıb. Ümidvarıq ki, bu istiqamətlərdə işlər ardıcıl olaraq davam edəcək. Fikrimizcə, dialoq prosesinin genişləndirilməsi, dialoqun konkret məsələlərə həsr edilməsi məqsədəuyğun olardı. Dialoq dialoq xatirinə aparılmamalı, mövcud problemlərin həllinə istiqamətlənmiş konkret qərarların qəbuluna həsr edilməli və qəbul edilən qərarlar yerinə yetirilməlidir.

 

- Əvvəllər də ölkəmizdə dialoq adına müxtəlif  təşəbbüslər olub. Və bu prosesdə bəzi xarici dairələr ATƏT, ABŞ səfirliyi vasitəçilik etməyə çalışıb. Sizin fikrinizcə, kənar müdaxilə olmadan aparılan dialoqun hansı üstünlükləri  var?

 

- Qeyd etdiyiniz təşkilatların və digər xarici qüvvələrin Azərbaycanda iqtidarla müxalifət partiyaları arasında dialoqun təşkil edilməsində vasitəçi rolunda çıxış etmələrini ölkəmizdə sivil iqtidar-müxalifət münasibətlərinin formalaşması istəyindən irəli gəldiyini düşünmürəm. Belə təşəbbüslər "mən də varam"ı, müxalifət partiyalarına təsir imkanlarının olduğunu iqtidarın nəzərinə çatdırmaq istəyindən irəli gəlir. İstənilən halda kimliyindən asılı olmayaraq xarici güvvələrin ölkəmizin daxili işlərinə qarışmasını qəbul etmirik. Biz, iqtidarlı-müxalifətli ölkəmizdə baş verən proseslər haqqında daha çox məlumatlıyıq. Ona görə də, hesab edirik ki, ölkəmizdə baş verən bütün siyasi-iqtisadi-sosial problemlərin həllinə istiqamətlənmiş dialoqlar yalnız kənar müdaxilə olmadan aparılmalıdır. Nəzərə almaq lazımdır ki, ölkəmiz üstünlükləri, eləcə də çatışmazlıqları ilə iqtidarda, müxalifətdə olmağımızdan asılı olmayaraq hamımızındır və hamımız ölkəmizin mənafeyinə xidmət etməyə borcluyuq.

 

- Bəs dialoq prosesinin daha da dərinləşməsi üçün qarşıda hansı addımların atılmasına  ehtiyac var?

 

- Son illərdə Azərbaycanda sosial-siyasi-iqtisadi sahələrdə əldə edilən uğurlarla yanaşı, çatışmazlıqlar da var və heç kəs bunu inkar etmir. Təkamül Partiyası olaraq hesab edirik ki, müxalifətin əsas vəzifələrindən biri mövcud olan səhvləri, çatışmazlıqları, qanun pozuntularını aşkara çıxararaq obyektiv tənqid etməkdən, onların aradan qaldırılması üçün təkliflər verməkdən ibarət olmalıdır. Tənqidlər təhqir səviyyəsinə enməməlidir, qərəzsiz olmalıdır, qarşıdurmaya sövq etməməlidir. İqtidara da təklif edərdik ki, müxalifət partiyalarının haqlı tənqidlərinə dözümlü yanaşsın, onların sosial-iqtisadi və siyasi sahələrdə irəli sürdükləri təklifləri mümkün qədər nəzərə alsın.

 

PƏRVANƏ

525-ci qəzet.- 2021.- 30 iyun. S. 8.