Qəzəl-romans müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Azərbaycan Bəstəkarlar İttifaqının Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə peşəkar bəstəkarlar arasında qəzəl-romans janrında elan etdiyi müsabiqənin qalibləri iyunun 29-da mükafatlandırılıb.

 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə keçirilən müsabiqə haqqında məlumat verib.

 

Münsiflər heyətinin təqdim olunmuş əsərlərə ciddi yanaşdığını bildirən F.Əlizadə deyib ki, bəstəkarların yeni əsərlər haqqında düşünməsinin artıq zamanıdır.

 

Müsabiqənin özəlliyindən danışan Bəstəkarlar İttifaqının sədri bildirib ki, bu yarışmada yaş məhdudiyyəti olmayıb, qocaman və gənc bəstəkarlar birlikdə iştirak edib: "Sevindirici haldır ki, regionlarda yaşayan bəstəkarlar da müsabiqəyə qatılıb. İnanıram ki, onların yaratdığı əsərlər gələcək müsabiqələrdə birincilik qazanacaq".

 

Bu günlərdə müxtəlif müsabiqələrin keçirildiyini söyləyən ittifaqın sədri deyib ki, bu müsabiqələr həm bəstəkarların tanınmasına, həm də onlar arasında rəqabət mühitinin yaranmasına təkan verir.

 

Bütün əsərləri diqqətlə dinlədiklərini bildirən Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, münsiflər heyətinin üzvü Zemfira Qafarova deyib: "Seçim çətin olsa da, obyektiv olmağa çalışdıq. Nizami Gəncəvi dahidirona maraq heç zaman azalmayacaq".

 

Sonra qaliblər mükafatlandırılıb. Birinci dərəcəli mükafata Dadaş Dadaşov, ikinci dərəcəli mükafata Lalə Cəfərova, üçüncü dərəcəli mükafata isə Azər Dadaşov layiq görülüblər. Bəstəkarlardan Tahir İbişov, Fərid Fətullayev və Kəmalə Əlizadə fəxri diplomla təltif olunublar.

 

Müsabiqənin təşkilində zəhməti olanlara təşəkkürünü bildirən Dadaş Dadaşov deyib ki, Nizaminin şeirini anlamadan ona musiqi bəstələmək olduqca çətindir.

.

 

525-ci qəzet.- 2021.- 30 iyun. S. 13.