Beyləqanın
iyun istisində Söz mehi
RƏŞAD MƏCİD
"KÜR" ƏDƏBİ MƏCLİSİNİN
QONAĞI OLDU
- Hardasan,
Orxan? - xəttin astarından gələn səs
dostum Ramil Əhmədin idi.
-
Uzağı on dəqiqə, sən hardasan?
-
Çatmışam, Rəşad müəllim da burdadır.
Tələs!
Xəttin
astarından gələn "tələs" kəlməsini,
yəqin ki, ikimiz də eşitdik: Aslan və mən. Maşındayıq. Beyləqanın
qorabişirən iyun istisi daraşıb canımızdan tər
kimi çıxır və maşının açıq
şüşələrindən üzümə
çırpılan, eynəyimi yalayıb keçən həzli-ləzzətli
külək də bu vahiməli istinin əlindən almır
bizi. Neynək? Nazik
yolun kənarından başlayan qatar-qatar tarlalalar uzanıb
üfüqdə bozarır və bilmirəm içimdən
neçə köynək keçirdiyim bu mənzərələri
illərin necə astagəl dəyişdiyini heyrət və
bezginliklə xatırlayıram.
- Bu, cəhənnəm
istisidir. Hanı cənnət sərinliyi?
- Aslan deyir, ancaq mənim düyünlənən
qaşlarım cavaba fürsət tanımır.
Mənzərələr axır, maşın sükunət
pərdəsini cırır. "Tələs".
"Uzağı on dəqiqə". Külək "tələs" kəlməsini
bayraq kimi maşının içində əsdirdikcə
Aslanın üzündəki əsəb
qırışları gərilir. Gərilir,
nazilir, uzanır və maşın qəfil nərildəyir,
spidomerin budağı sağa söykənir, gözlərim
yeri seçmir, bəlkə, uçuruq, bilmirəm, "tələs",
"uzağı on dəqiqə", beləcə, qol
saatımın əqrəbi on dəqiqənin başında
sığal olmamış Beyləqan Mərkəzi
Kitabxanasının önündə əylənirik. Maşının qapılarını
ağır-ağır açıb göydən yerə
düşürük.
Budur, Rəşad
Məcid, Faiq Xudanlı və Ramil Əhməd. Ağır
addımlar səkiyə daş kimi döşənib gəlir.
- Salam, Rəşad
müəllim, xoş gəlmisiniz!
- Salam, gənc
dostum. Xoş gördük. Kitabxana
burdadır?
- Bəli.
Bu gördüyünüz...
Rəşad
Məcid Kürdəmir Mədəniyyət İdarəsinin tərkibində
fəaliyyət göstərən və regionlarda yaşayan
yaradıcı gəncləri öz çətirinə
yığmağı, əyalətdə mədəni aktivliyi
artırmağı, gəncləri yaradıcı şəxslərlə
görüşdürməyi, şəhər və rayon
arasındakı mədəni əlaqələri bərkitməyi
qarşısında məqsəd qoyan "Kür" ədəbi
məclisinin"qonağıdır. Bu gün
jurnalistika və ədəbiyyat söhbətləri ilə
Beyləqanın qorabişirən iyun istisinə su çiləyəcəyik.
Nə xoş! Beləcə, ağır
addımlar astagəlliyini mərkəzi kitabxananın
açıq qapılarına sürür. Mənə doğma məkanın nəfəsini o
saat duyuram. Yeniyetmə vaxtlarımda bu
kitabxananın daimi sakini idim. Qəsəbəmizdən
bura aparan uzun məsafəni addımlarıma dolayıb
başa vurur, sevdiyim yazıçıların
kitablarını qoluma yükləyib oxuyacağım
romanların həvəsi ilə təsəvvürlərimdən
ayaqlarıma güc çəkirdim, qayıdırdım.
Gələcək həyatımda qolumdan tutub məni
qaranlıq, vahiməli dünyalar ilə tanış
edən Dostoyevskinin əlini ilk burda sıxmışdım.
Qonaqpərvərlik
əvvəl-əvvəl özünü gülümsər
üzlərdə göstərir, sonra rəflərlə əhatəyə
alınan otağa daxil oluruq
- Əsl cənnət buradır. - Aslan əyilib qulağıma
pıçıldayır və rəflərdə bir-birinin
çiyninə söykənib uzanan kitabları göstərir.
Mən Aslanın emosiyalarına gülümsəməmiş,
Mərkəzi Kitabxananın müdiri Gültəkin Məmmədova
görüşdən doğan sevinc hisslərini qonaqlara
bağışlayır. Kitabxana
haqqında məlumat verir. Bu vaxt rəqəmlər havada
uçuşur, faizlər bir-birinin yaxasından
yapışır, kitabların sayı, müəlliflər,
oxucular - hamısı Gültəkin xanımın səlist
nitqində qucaqlaşırlar, bir-birindən halallıq
alırlar, necə deyərlər, sevgilərini nümayişkəranə
bildirirlər və belə nəticə hasil olur ki,
kitabxananın yaşlı oxucuları daha çoxdur.
- Rəşad
müəllim, gənclər oxumur, ancaq yazırlar! - mən Aslanın "cənnətindən"
üzümdə qalan gülüşü sındırmadan
deyirəm.
-
Çox oxumaq, az yazmaq. Şərt budur! - cavab dəqiqdir.
Hamı masalarda əyləşir. Otağın
ağır havası yumşalır. Küləkkeşlər
öz işini görür və Beyləqanın qorabişirən
iyun istisi susub nəfəsini dərir. Bu
vaxt Kürdəmir Mədəniyyət İdarəsinin rəisi
Faiq Xudanlı Rəşad Məcidə "Kür" ədəbi
məclisi haqqında məlumat verir, gələcək
planlarından danışır və belə bir məclisin
regionlarda yaşayan gənclərin inkişafında söz
sahibi olacağını bildirir.
"Mən inanıram ki, bizim gələcək illərdə
də əməkdaşlığımız davam edəcəkdir. Siz hər
zaman bizim gənclərə mənəvi dəstək
olacaqsınız. Ancaq sizin və sizin kimi
ziyalıların mənəvi dəstəyi bizim də üzərimizə
böyük məsuliyyət yükləyir. Çox çalışmaq. Bəli,
məhz belədir. Zəhmət
bütün qapıların açarıdır".
Faiq Xudanlı sözü Rəşad Məcidə verir. Rəşad Məcid əvvəl-əvvəl
masanın üzərindəki salfetdən götürüb
alnının tərini silir, gənclərə baxır və
deyir:
"Təşəkkür edirəm. Belə
görüşlər mənə xoş təsir
bağışlayır. Ümid edirəm
ki, gənclərə faydamız toxunacaq. Biz
əlimizdən gələn dəstəyi etməyə
hazırıq. Bilirsiniz, mən Beyləqanda çox
olmuşam! Valideynlərim Ağcabədidə
yaşadığı üçün ora tez-tez gəlib
gedirdim və hərdən yolum Beyləqandan
düşürdü. Düzdür, yayda
burada dözülməz istilər olur. Ancaq
gənc dostlarımın sözünü yerə sala bilməzdim.
Mən deyəndə ki, Beyləqana gedirəm,
hamı təəccübləndi. Dedilər
ki, bu istidə Beyləqana getmək olar?! Niyə
olmur? Məncə, hava kimi söhbətimiz
də isti keçəcək. Düz demirəm?
Hə, indi mənə sizin suallarınız
maraqlıdır ki, söhbətimiz funksional olsun".
Zaldan "bəli" nidaları yüksəldi və
birdən gənclərin əlləri qələmə
sarıldı.
Hamı önündəki vərəqə nəsə
qaralamağa, sualların əvvəlini, sonunu düzəltməyə
çalışdı. Və budur, ilk sual Lalə
Əmirquliyevadan:
- Rəşad
müəllim, Siz gənc müəlliflərə hansı
kitabları oxumağı məsləhət görərsiniz? Ətrafımızda çoxlu kitablar var.
Hansıları oxumalıyıq? - Lalə xanım
sualını bitirib gözlərini müsahibinə kilidlədi.
- Gərək
mən biləm ki, hansı mövzuda əsərləri
sevirsiniz. Bəli, kitabların sayı
çoxdur. Ona görə ki, hər xarakteri,
hər dünyagörüşü əhatə edən
kitablar var. İnsan özünə uyğun olanı bu sonsuz
kataloqların arasından axtarıb tapır. Əvvəl hansı müəllifləri oxumusunuz?
Bu sualdan sonra Lalə xanımın kilidli gözləri qəfil
boşaldı və diqqət vektorları müsahibinin
üzündən öz içinə çəkildi,
yaddaşında xeyli var-gəl etdi. "Aha, hər şey
aydınlandı".
- Mən
İsi Məlikzadəni, Anarı, İsa Muğannanı sevərək
oxuyuram. Şairlərdən isə ən sevdiyim Əli Kərimdir,
- o dedi.
-
Çox maraqlıdır. Sizə görə
sevindim. Bizdə yanlış
düşüncə var. Xüsusən, gənclər elə
hesab edir ki, mütləq xarici ədəbiyyatı
yaxşı bilmək lazımdır. Milli
müəlliflər isə o qədər önəmli deyil.
Dilimizin gözəlliyi, təmizliyi, genişiyi əsasən
milli müəlliflərin əsərlərindədir. Yazıçı, jurnalist əvvəl öz dilini
bu kitablar vasitəsilə rəvanlaşdırmalıdır,
sonra dünya ədəbiyyatındakı müəlliflərə
üz tuta bilər. Baxın,
kanallarımıza. Jurnalistlər iki
cümləni ardıcıl düzüb söyləyə
bilmir. Niyə? Çünki
oxumayıblar. Desən ki, niyə oxumursan?
Deyəcəklər, vaxtım yoxdu. Bəs vaxtın olmadığı zamanlar necə?
Axı sən vaxt olanda da oxumurdun! Nəysə... Tələbəsiniz? Hansı
janrda yazırsınız?
- Bəli,
tələbəyəm. Azərbaycan Pedaqoji
Univerisitetində oxuyuram. Nəsr
yazıram.
-
Çox gözəl, Yazıçılar Birliyinin Pedaqoji
Universitet ilə sıx əlaqələri var. Sizin
univerisitetin müəllimləri, tələbələri
tez-tez Yazıçılar Birliyinin "Natəvan"
klubundakı tədbirlərdə iştirak edirlər. Çox istərdim ki, tədbirlərimizə
qatılasınız. Mən o vaxt məsləhət
bildiyim kitabları Sizə hədiyyə edərəm.
Lalə
Əmirquliyevanın sevincinə hamımız şahidlik etdik
və birdən hiss elədim ki, bayaqkı istilərdən indi
əsər-əlamət yoxdur. Küləkkeşin
arası kəsilməyən zərbələri istinin
başından basıb. Bu vaxt yanımda əyləşən
Aslan əyilib yenə qulağına
pıçıldayır:
- Uşaq
vaxtı kitabxanaya o qədər gəlib gedirdim ki, elə
bilirdilər, evim bu binadadır.
- Məncə,
bizim əsl evimiz kitabxanalardır - mənim cavabım bu
cür olur.
"Kür"ün
üzvlərindən biri əlini qaldırıb sual
üçün fürsət axtarır və elə həmin
an da tapır.
- Rəşad
müəllim, uzun müddət jurnalistika sahəsində
çalışmısınız. "525-ci qəzet"in
köynəyindən çox müəlliflər gəlib
keçib. Onların taleyi həyat təcrübəsi
kimi sizin qarşısında aydın görünür. İndi cəmiyyətimizdə, təəssüf ki,
bədii yaradıcılıqla, yazıçılıqla məşğul
olan müəllfilərin əksəriyyəti çörəkpulu
qazanmaq üçün jurnalistika sahəsində
çalışırlar. Junalistikanın
yazıçı üçün faydaları və zərərləri
nələrdir?
-
Jurnalistikanın yazıçı üçün
faydalarını saymaqla bitməz. Birinci,
faktlarla işləməyə öyrənirsən. Bu, yazıçı üçün olduqca önəmlidir.
Mən Heminqueyin adını çəkə
bilərəm. O, uzun müddət jurnalist işləyib
və ən dəyərli əsərləri jurnalist
müşahidələrinin, araşdırmalarının nəticəsində
başa gəlib. Bir də, yazmaq istəyən
yazıçı mütləq yazacaq, gerçək
yaradıcılıq istəyinin qarşısını
heç nə kəsə bilməz. Mən
"525-ci qəzet"in keçmiş əməkdaşı
olan gənc yazar Müşfiq Şükürlüyə adicə
reportaj yazması üçün nə qədər dil
tökdüm. Ancaq onun marağı bədii
ədəbiyyat janrlarına idi. İndi,
deyəsən, heç nə yazmır. Jurnalistika
və ədəbiyyat bir-birinə çox bağlıdır.
Hətta deyərdim ki, iç-içədir.
Bir vaxtlar Fərid Hüseyn, Qismət Rüstəmov,
Cavid Zeynallı "525-ci qəzet" üçün
yazırdılar. Mən, xüsusilə,
Cavid Zeynallının adını çəkə bilərəm.
Çünki o zamanlar gənclər arasında ən
çox yazan Cavid idi. Baxın, indi Cavid Zeynallının
nəsr dili necə rəvandır. Bunun səbəbi
vaxtilə davamlı reportajlar, yazılar yazmasıdır.
Jurnalistikanın bu cür faydaları var...
Rəşad Məcid sualları cavablandırdı və
elə bir məqam gəldi ki, yaradıcı gənclər
özlərini göstərməyə başladılar. "Kür"
ədəbi məclisinin üzvü Aygün Bayramlı öz
şeirini oxudu və dinləyicilərin arasında sevinc
qarışıq qəribə bir çaşqınlıq
yarandı. Bu, gözəl şeirdi və əslində,
musiqiçi olan Aygün xanımın şeir
istedadının olması bizim hamımızı təəccübləndirmişdi.
Aygün Bayramlı şeirini oxuyub bitirdikdən
sonra Aslan əlini-əlinə vurdu. Sanki şeirin isti
havası ilə bayırda asfalta od vuran
Beyləqan istisi onun içində qovuşdu.
-
Şeirlərinizi qəzetimizə göndərin, çap edək,
- Rəşad Məcid dedi.
Aygün Bayramlı nəzakətlə məmnunluğunu
bildirdi.
Suallar və ifalar bitdikdən sonra Ramil Əhmədin
sözündən üzvlərin üzündə yeni sevincə
ayaq yeri yarandı.
- Rəşad
müəllim sizin üçün kitablar gətirib. Buyurun, seçin, təmənnasız
götürün.
Sözlər Ramil Əhmədin dilindən
çıxmamış kitablar kənar otaqdan içəri
axmağa başladı. Müxtəlif mövzulu kitablar üzvlərin
əlində məşəl kimi sıxıldı. Mənə Orxan Qaravəlinin
"Tanıdığım Nazim Hikmət" adlı
kitabı düşmüşdü. Nazim
Himətin şeirlərinə və taleyinə hədsiz
vurğunluğum sinəmdə yüngül nəşə
olub qaynadı, çəkildi və kitabın təsadüfi
səhifəsini açdım.
"Suları
boyayıb batan gün xınalığa
Qaranlıqlarda
girdik xan çinarlığa..."
Tədbir bitdikdən sonra hamılıqla bayıra
çıxıb şəkillər çəkdirdik. Əllər
sıxıldı, üzlər gülümsədi, sonrakı
görüşlər üçün vədlər verildi.
Beləcə, ağacların arasından
arxayın-arxayın özünü göstərən yay
axşamüstüsü gülümsədi. Aslan məni maşının yanında gözləyirdi.
Əlində xoş təsadüfdən pay qalan, indi
adını xatırlamadığım qırmızı kitab
sıxılmışdı.
- Olar,
kitablarımızı dəyişək? - o
dedi.
.
Orxan HƏSƏNİ
525-ci qəzet.- 2021.-
30 iyun. S. 14; 20.