Milli
qayğılarla, bəşəri duyğularla
yazılmış kitab
Mobil telefonuma
gələn zəngə baxdıqda tanış
olmayan nömrə gördüm. "Kim
olar?" sualının düşüncəsi altında zəngi
açdım.
Dəstəyin
o biri başından bir qədər xırıltılı səs
eşidildi:
- Salam,
Ruhəngiz müəllim, necəsiniz?
Yenə də "Kimdir?" sualının
döydüyü yaddaş süzgəcimi vərəqlədim. Amma səsin
sahibinin kimliyini tapa bilmədim. Salamı
aldım, soruşmağa tələsmədim.
- Salam.
Çox sağ olun.
Səs köməyimə gəldi.
-
Böyükağa müəllimdir sizi narahat edən. Astanlıdan.
Tanıdım. Haqqında eşitsəm də,
tanışlığa fürsət olmamışdı.
Atası Məmmədağa müəllim uzun
illər Astanlı məktəbinin direktoru işləmişdi.
Maarif fədasi, Qırmızıkənd məktəbinin
direktoru qayınatam Abuzər Ağayevlə yaxın dost,
sirdaş olmuşdular. Böyükağa müəllim
də atasından sonra Astanlı məktəbinin rəhbərliyini
çiyinlərində daşımışdı. Məktəbin
respublikada tanınmışlar səviyyəsinə
çatmasında həm atası Məmmədağa müəllimin,
həm də özünün əməyi az
olmamışdı. "Bəs bugünkü zəngi
nəyə borclu idik?" - sualı
beynimi məşğul etdi. Amma bu dəfə də
özü köməyimə çatdı.
- Ruhəngiz
müəllim, artıq məktəbdən
ayrılmışam yaşımla bağlı. Pensiyadayam.
Ancaq əlimi-ayağımı işdən
çəkmək istəmirəm. Çoxdan məni
narahat edən, doğrusu, dincliyimi alan bir
işə əl qoymuşdum. Indi
tamamlamışam. Nəslimiz haqqında,
xalqımızın 200 illik tarixinə söykənən
keçmişi barədə xatirə-roman yazmışam.
İstəyirəm ki, siz də oxuyasınız
bu kitabı.
Böyükağa müəllim həmin gün telefon zəngi
ilə özünü mənə tanıda bilmişdi, amma hələ
əlimdə olmayan kitabın necəliyini bilmirdim. Nəzakətlə
sağollaşdıq. Ani olaraq fikrimdən keçirdim:
"Görünür, son dövrlər dəbdə olan tərcümeyi-hal
xarakterli kitablardandır". Bir-birinin bəhsinə
yazılan, bəsit, sxolastik tipli "tarixi" kitablar
addımbaşı rastımıza çıxır. Və bunlar insanın zövqünü korlamaqdan
başqa bir işə xidmət etmir.
Bu söhbətdən bir müddət keçdi. Doğrusu, gərgin iş
şəraitim söhbətimizi arxa plana atdı. Mən kitab haqqında unutmuşdum. Ancaq yeni bir zəng bu mövzunu gündəmə gətirdi.
- Alo, Ruhəngiz
müəllim, mənəm - Əlövsət müəllim.
Dərhal tanımışdım. Rayonumuzun mətbuat
həyatında özünəməxsus rolu olan peşəkar
jurnalist Əlövsət Poladı tanımamaq mümkün
deyildi. Söhbətimizdən məlum oldu
ki, qocaman jurnalist Böyükağa müəllimin xatirə-romanının
redaktorudur. Kitabı mənə
çatdıracağı üçün zəng etmişdi.
Artıq kitab qarşımda idi. İlk olaraq kitabın
nəfis tərtibatı diqqətimi çəkdi.
Adı da özünəməxsusluğu ilə seçilirdi:
"Ağrılı tariximizin yaddaş salnaməsi". Bu ad mənə pıçıldayırdı ki, əsərdə
çox mətləblərdən söz açılıb və
mən düşüncələrimdə yanıla bilərəm.
Bu, bir nəsil haqqında yazılmış
sıradan əsərə bənzəmirdi də. Və
ilk vərəqi çevirdim... Artıq 33-cü
səhifədə müəllifin məqsədini tam şəkildə
qavraya bildim. Birinci hissənin "Vacib missiya"
başlıqlı hekayəsində yazılıb:
"Keçmişimizə maraq, nəslimizin köklərini dərindən
öyrənib bilmək həvəsi əvvəldən məndə
güclü olub. Bu da ilahi bir
tapşırıq, ilahi bir missiyadı. Hər evdə, nəsildə
yaxın-uzaq qohumları yaxşı tanıyan,
başqalarına da tanıtdırıb mehribanlıq yaradan
çox adam olmur. Bizim ailədə
də bu missiya mənim üzərimə
düşmüşdü. Bir tikə vaxtımdan nənəmin
qırıq-qırıq söylədiyi qarışıq
fikirləri, maraqlı xatirələri əlimə keçən
kağız parçalarına yazıb toplamağa
başlamışdım... Getdikcə daha
aydın duyurdum, mən tək özüm deyiləm, həm də
ulularımızdan gələn ruham, nəfəsəm".
Oxucu asanlıqla anlayır ki, müəllif bir
ailənin, nəslin fonunda bir xalqın tarixinə, uzaq
keçmişinə işıq salır. Əslində,
bir ailə bir nəslin budağı, bir nəsil də bir
xalqın şəcərəsidir.
Xatirə-roman mündəricat və doqquz hissəyə
bölünür. Hər hissə də kiçik hekayələrə.
Çox səliqəli və ardıcıl hissələr
dastan qolları kimi bir-biri ilə əlaqəlidir. Bir hissədə iştirak edən obraza digərlərində
də rast gəlinir. Bu, əsərin vahid
süjet xəttinə məlik olduğuna sübutdur. Yəni xatirələr səpələnməyib,
xronoloji ardıcıllıqla düzülüb. Və bir ailənin, bir nəslin fonundakı hadisələr
o taylı-bu taylı Azərbaycanın yaşadığı
tarixə işıq tutub. Bu işıq
bizim tarixdən öyrəndiyimiz çox mətləblərə
müəllifin gözü ilə yeni aydınlıq gətirib.
Məsələn, əsərdə müəllifin atası
Nuralı kişinin dilindən yazılan parçada oxuyuruq:
"Azərbaycanı iki yerə parçalayan mənfur
Türkmənçay müqaviləsi atamın yadına gəlirdi.
Uşaq da olsa, o hadisəni
xatırlayırdı. Həmişə deyirdi bu
müqavilə şir başlı İran
şahlığının... qartal başlı rus
padşahlığının... əlbir olub məkrlə
böyük bir məmləkətin sinəsinə
sancdıqları zəhərli bir qılıncdan başqa bir
şey deyildi... O vaxt İranda atam Meydan kişi kimi
düşünən, Azərbaycanın
parçalanmasının, məmləkətdə yaşayan
xalqlar, millətlər arasında ayrı-seçkilik, nifaq
salınmasının, ictimai ədalətsizliyin əleyhinə
çıxıb etiraz səslərini qaldıranlar az
olmamışdı". Əsər tarixə
söykənərək bir fərdin eşitdiklərindən,
gördüklərindən qaynaqlanıb və deyərdim ki,
tariximizi öyrənmək üçün də maraqlı mənbədir.
Gələcək nəsillər
üçün tariximizi yaşadan qaynaqdır, sənəddir.
Kitabın mənim üçün maraqlı olan cəhətlərindən
biri də Böyükağa müəllimin babaları ilə
mənim ulularımın eyni yurddan olmaları, eyni taleyi
yaşamaları idi. Ərdəbildən köç edən
babalarımızın Muğanda yurd-yuva salmaları, yerli
camaatla qaynayıb-qarışmaları Böyükağa
müəllimin qələmində mənə də öz
keçmişimi, ulularımı xatırladırdı. Hətta hardasa bizim nəsillərin yolunun kəsişməsi,
hal-hazırda yaşadığım kəndin adının
tez-tez çəkilməsi də əsəri mənə
doğmalaşdırırdı. Mən
Böyükağa müəllimin sətirlərində
babalarımı, nənələrimi, özümü də
görürdüm.
Əsərdə konkret obrazlar var. Bu surətlər həyatda
yaşamış insanlardır, yəni prototiplərdir. Hər fəsildə
bir obrazın dilindən keçmiş xatırlanır,
olub-keçənlər canlandırılır. Birinci hissə müəllifin çox sevdiyi, dəyər
verdiyi nənəsi Gültərin dilindən təqdim edilir.
Böyükağa müəllim həyatı məhz onun söylədiyi
şirin nağıllardan, əhvalatlardan öyrənmişdir.
Öyrəndiklərinin əksəriyyətini məktəb
həyatı ilə yanaşı, bu təhsilsiz, amma
dünyagörüşlü qadından əxz etmişdir.
Romanda canlandırılan "nənə"
obrazı azərbaycanlı qadınlara xas mərdliyi,
dürüstlüyü, dünyagörüşü,
uzaqgörənliyi, ağlı, fərasəti ilə
seçilir. Sanki hər birimizin evində
yaşayan qocalarımızın ümumiləşdirilmiş
obrazıdır Gültər nənə. Bu
qadın evini, ailəsini sevir, qoruyur. Gələcək
nəsillər üçün örnək olacaq bir nəslin
yetişməsində Gültər nənənin rolu
danılmazdır.
İkinci bir obraz müəllifin babası Nuralı
kişidir. Əslində, Böyükağa müəllim
babasının üzünü görməyib, amma onun
obrazını nənəsinin dilindən eşitdiyi hekayətlərdən
yaradıb. İkinci hissənin qəhrəmanı
olan Nuralı baba o taylı-bu taylı Azərbaycanın vahid
obrazıdır. Ərdəbil-Muğan
bölgələrinin sakinidir. Onun parlaq surəti
sanki kitabın əsas səhifələrinə işıq
salır, oxucu bu mayakın işığında
yolçuluğa çıxır. Nuralı kişi öz yurdunu Cənubdakı siyasi və
iqtisadi səbəblərdən tərk etsə də,
Şimalda daha ağır, böyük siyasi burulğanın
içinə düşür. Siyasi cəhətdən
savadsız, amma dövrün hadisələrindən baş
çıxarmağı bacaran bu insan istər-istəməz
baş verən olaylardan kənarda qalmır. Müəyyən tarixi dönəmlərin gah
qaranlıq, gah da qarışıq gedişatında o da
iştirakçı qismində görünür. XX əsrin əvvəllərində baş vermiş
xaoslarda Nuralı baba bəzən özünü itirib
çıxış yolu axtarsa da, onun əsl azərbaycanlıya
məxsus mərdliyi, dürüstlüyü, dönməzliyi,
dosta vəfalılığı, yediyi çörəyə
qiymət qoyması kimi xüsusiyyətləri oxucunun nəzərindən
qaçmır. Nuralı babanın timsalında
yaradılmış obraz oxucuya "qəhrəman
türk" oğlunun varlığını
pıçıldayır. Əsərin bir yerində
erməni barbarlarının 1918-ci ildə törətdiyi
qırğınının qarşısını almaq məqsədilə
Azərbaycana gəlmiş türk ordusunun Astanlıda qonaq
olması diqqəti çəkir. Türklərin
yüksək çinli bir komandanı türk əsgərlərinin
şərəfinə verilən ziyafətdə öz
gücünü nümayiş etdirən Nuralı babaya
mauzerini hədiyyə edir. Dizində bir zərbə
ilə kəlin ayaq sümüyünü qıran Nuralı qəhrəman
türk komandanını heyrətə salır. Kitabda bu cür qüvvətli bir kişinin eyni
zamanda, çox saf qəlbə malik olduğu da
vurğulanır. Sovetlərin təbliğatına
uyaraq "qara gün" üçün zəhmətlə
yığıb saxladığı qızıllarını
çervon pullara dəyişir və müharibədən
sonra bu pullar da dəyərini itirərək adi kağız
parçasına çevrilir. Hiyləyə
aldanmaq, düşmənin şirin dilinə uymaq Koroğlu
kimi qəhrəmana da səhv addım atdırır. Nuralı baba da başına gələn qəzavü-qədərlərdə
məhz qəlbinin saflığına qurban gedir.
Romanın hissələrindən biri də "Kərbəlayi
Hacağa dastanı" adlanır. Bu, doğrudan da, əsl
dastan şirinliyi ilə yazılmış parçalardır.
Bölgənin varlı, imkanlı, hörmətli
mülkədarlarından biri olan Kərbəlayi Hacağa
müəllifin babasının həyatında böyük rol
oynamış şəxsdir, Nuralının Astanlıda
yurd-yuva salmasının səbəbkarıdır. Əsər
boyu bu iki şəxsin bir-biri ilə yaxın sirdaş, dost
münasibətinin şahidi olan oxucu Kərbəlayi
Hacağanın həm də Sovetlər dönəmində
öz evini, hətta Vətənini tərk etməyə məcbur
edilənlərdən olduğunu öyrənir. Mülkləri,
əkin sahələri, dəyirmanı, əhalinin min
hektarlarla əkin sahələrini suvaran nasos-stansiyası əlindən
alınan mülkədar həbs təhlükəsi ilə
üzləşəndə yurdunu tərk etməyə məcbur
qalır. Əsərdə onun haqqında oxuyuruq:
"İri mülk, geniş torpaq sahələrinə malik Kərbəlayi
Hacağa çox məşhur adam idi. Cənub və Muğan bölgələrində onu
tanımayan yox idi. O, abır-həyada, namus-qeyrətdə,
insaf-mürvətdə, səxavətdə, əliaçıqlıqda
da hamıdan fərqlənirdi... Kərbəlayi
həm də böyük xeyriyyəçi idi. Əlindəki bütün vəsaiti xalqın xeyrinə
olan işlərə sərf edirdi". Xeyriyyəçi
H.Z.Tağıyevlə dost olan bu mülkədar öz bölgəsinin
xeyrinə Bakı milyonçusunun imkanlarından da
faydalanırdı. Atası mülkədar
Hacı Məmmədhüseyndən qalma Astanlı dəyirmanını
1902-ci ildə təkrar təmir etdirərkən məhz
H.Z.Tağıyevdən çox böyük dəstək
almışdı. Ancaq çox əfsus
ki, tale, zaman onun zəhmətinin üstündən xətt
çəkdi, viranı dağıdıldı, özü isə
həyatı bəlli olmadan sona yetdi.
Bax bu yerdə də Xalq yazıçısı
İsmayıl Şıxlının "Ölən
dünyam" romanı yada düşür. "Ölən
dünyam"da əsilli-nəsilli, imkanlı azərbaycanlı
ailələrinin Sovetlər dönəmində ellərindən,
obalarından didərgin salınmaları, yad yerlərə
sürgün edilmələri "Ağrılı tariximizin
yaddaş salnaməsi"nin leytmotivindən
də qırmızı bir xətt kimi keçir. Kərbəlayi Hacağaların timsalında bu
haqsızlıq bir daha xatırladılır.
"Kitabda müəllif dövrün bəzi tarixi məqamlarına
toxunmuşdur" - ifadəsini işlətmişdik. Belə tarixi
faktlardan biri də 1940-cı illərin axırları, 1950-ci
illərin əvvəllərində Azərbaycan SSR-də kənd
təsərrüfatının inkişafı ilə
bağlı böyük işçi qüvvəsinə
ehtiyac yarandığı bəhanəsi ilə Qərbi azərbaycanlıların
öz dədə-baba torpaqlarından köçürülməsi
ilə bağlı V.İ.Stalinin imzaladığı fərmandan
bəhs edilməsidir. Bu tarixi fakt mənim
üçün də tanış, daha
doğrusu, yaşadığım mühitə aid idi. Çünki bizim məhəlləmizdə
yaşayanlar "gəlmə"
adlandırdığımız Qərbi azərbaycanlılar
idi. Uşaqlığım onların əhatəsində
keçmişdi. Dostlarım, oyun məktəb
yoldaşlarım olmuşdu onların övladları. Bilərəkdən Azərbaycanın aran zonasına
köçürülən, öyrəşdikləri
dağ-meşə havasından uzaqlaşdırılan bu
insanlar Vedidən, Göyçədən, Zəngəzurdan
idilər. İndi bu köçkünlərin
ilk nəsli dünyasını dəyişib, onların
heç üzünü görmədikləri, doğma
torpaqları haqda eşitdikləri nəsli yaşayır bizlərlə.
Ancaq yenə də yerli əhali onlara "gəlmə"
deyir. Allah heç kimi elindən, yurdundan
qopartmasın.
"Məzlum
görkəmli mərd köçkünlər"
başlıqla hissədə oxuyuruq: "50-ci illərin əvvəllərində
Ermənistandan zorla köçürülənlərin
növbəti dalğası 30-a yaxın ailəni də bizim kəndə
gətirib çıxarmışdı". Deməli,
Astanlı da belə ailələrə qucaq
açmışdı vaxtında. Qaynayıb-qarışmışdı
ailələr, sonralar qız alıb, qız vermişdilər,
mehriban, səmimi münasibətdə olmuşdular. Romanda maraqlı faktlardan biri də
köçkünlərin içərisində Abbasqulu bəy
Şadlinskinin nəslindən olan nümayəndələrin
Astanliya gəlişi və yerli əhali ilə birgə
yaşamaları, yurd-yuva salmalarıdır.
Böyükağa müəllimin xatirə-romanı bədii-üslubi
cəhətdən də diqqətəlayiq əsərdir. Dili sadə,
aydın, şirindir. Oxucuya bədii
zövq aşılayır. Su kimi rəvan
oxunur, cümlədən cümləyə adladıqca
axıcılıq yol yoldaşın olur. Bir
də müəllifin ilk əsəri olmasına baxmayaraq,
mükəmməl, orijinal roman təsiri
bağışlayır. Elə bil təcrübəli
bir yazarın qələmindən çıxıb. Görünür, müəllif romana qədər zəngin
təcrübə keçib, müşahidə aparıb.
Həm də doğulub boya-başa
çatdığı bölgəsinin - Neftçalanın
söz boğçasından yararlanıb. Get-gedə unudulan, gənc nəslin dil
yaddaşında yadlaşan sözlərə nəfəs
verib, onları unudulmağa qoymayıb. Əsərdə belə
sözlərdən "hətərən-pətərən",
"nala-mıxa vurmaq", "çəm tapmaq",
"kümə" və digərləri
bölgəmizin şirin aksentindən xəbər
qaynağıdır. Yeri gəldikcə istifadə
olunan lirik ricətlər əsərə yeni nəfəs, yeni
ruh verir, müəllifin düşüncələrini,
yanaşmalarını əks etdirən bu parçalar romana
lirika aşılayır, onu daha da oxunaqlı edir. Doğrusu, Böyükağa müəllimin xatirə-romanı
mənim ruhuma uyğun bir əsər oldu desəm,
yanılmaram. Çünki eyni bölgənin sakinləri
olmağımız, dilimizin doğmalığı, tarixi
yaddaşımızın az qala eyniyyət
təşkil etməsi "Ağrılı tariximizin
yaddaş salnaməsi"ni mənə çox
yaxınlaşdırdı.
Əsərin son səhifəsini bitirdikdən sonra yeni
bir zənglə yazıçı-jurnalist Allahverdi Eminovla həmsöhbət
oldum. Son vaxtlar pandemiya şəraitindən irəli gələn
məhdudiyyətlər üzündən ancaq telefon zəngləri
ilə əlaqə saxladığım bu ağsaqqal qələm
sahibi həm də ana şəcərəmin layiqli
üzvü, mənim kitablarımınsa redaktoru, işıq
üzü görməsinin səbəbkarıdır. Artıq mən onunla ədəbiyyatdan, yeni
kitablardan, ümumən mətbuat sahəsindən iki qələm
yoldaşı kimi danışmaq hüququ qazanmışam və
bununla fəxr edirəm. Bəzən qələm
sahibləri onlara mayak olan yazarlara "borcunu ödəməy"in
yollarını axtarırlar. Ancaq bu
"borc"u ödəmək imkansızdır. Mən
də bu hisslərlə qocaman mətbuat işçisinə
Böyükağa müəllimin kitabından xəbər
verdim, təəssüratlarımı ilkin olaraq yazarlıq yolundakı
"mayak"ımla bölüşdüm. 2021-ci ildə
80-ci baharını yaşayan Allahverdi müəllim əslən
şairlər yurdu Qazaxdan olsa da, Muğanda doğulub,
boya-başa çatıb və xatirə-romandakı ədəbiyyat
havası, tarixi yaddaş, maraqlı tərcümeyi-hallar onun
da diqqətini çəkdi və ilk fürsətdə
kitabı oxumaq istədiyini bildirdi. Mənim: "Əsərin
maraqlı cəhətlərindən biri də keçmişdən
boylanan insanların bizim bugünümüzdəki şəxslərin
ataları, babaları olmaları, tanıdığımız
müasirlərimizin əslində keçmişdən
qaynaqlanan tarixi özlərində yaşatmalarıdır"
- ifadəm həmsöhbətimin fikrə getməsinə,
sonra da özünün şirin xatirələrini səsləndirməsinə
səbəb oldu. Bu telefon söhbəti həmin
gün çox çəkdi. Əslində bu uzun
söhbət Böyükağa Məmmədovun kitabının təsirindən,
mənim romanla bağlı təəssüratımdan irəli
gəlmişdi. Və üst-üstə düşən
düşüncələrlə telefondakı söhbətimizi
bitirdik...
Nədənsə
xatirə-romanın son hekayəsi bu an yenidən
beynimdə işıqlandı. "Məhəbbətin
möcüzəsi" adlanan sonluq əslində, müəllifin
bu möcüzəli əsərinin epiloqu təsirini
bağışlayırdı. Sanki müəllif
dünyanın məhəbbət üzərində bərqərar
olmasını bir daha vurğulamaq istəyirdi. Bütün insanlığın məhəbbətdən
vüsət aldığını hayqırırdı. Bəli, Şah İsmayıl Xətainin "Məhəbbətdir
yerin, göyün dayağı" - ifadəsi B.Məmmədovun
da qələmində öz isbatını tapmışdı
bu günümüzdə. "Səpdiyim
toxumların hamısı cücərib
çıxmışdı. Düşündüm bu,
ilahi eşqin, saf məhəbbətin möcüzəsidi..."
- ifadələri ilə romanının son səhifəsini
qapayan müəllif yeni kitablarının
görüşünü də bizlərə vəd edirdi
sanki...
Bu yerdə mənim də təəssüratlarıma son
qoymaq vədəsi gəlmişdi, deyəsən. Müəllifi
yeni və ilk kitabı münasibətilə təbrik etmək,
yaradıcılıq axarı arzulamaq istəyi ilə mən də
ürək sözümü beləcə
çatdırdım.
4 iyun
2021-ci il.
.
Ruhəngiz
ƏŞRƏFQIZI (NƏCƏFOVA)
525-ci qəzet.- 2021.-
30 iyun. S. 15-16.