Aşıq sənəti tariximizin Xaltanlı Tağı səhifəsi

 

Qubalı Fətəli xanın Dərbənd şəhərini Quba xanlığının mərkəzinə çevirməsi sonrakı  dövrdə ədəbi mühitin Quba-Dağıstan ərazisini əhatə etməsinə təkan vermişdi.

Bu ərazidə yaşayan azsaylı xalqların bir-biri ilə ünsiyyət vasitəsi olan Azərbaycan türkcəsi, Lermontovun dediyi kimi, Qafqazda əsas ünsiyyət vasitəsi idi. XIX əsrin birinci yarısında Quba-Dağıstan ədəbi mühitinin formalaşmasında və inkişafında Azərbaycanın ensiklopedik biliyə malik alimi, şair və ictimai xadim Abbasqulu ağa Bakıxanovun da əməyi olub. 1835-ci ildə Qubada yaradılmış "Gülüstan" ədəbi məclisi bu ərazidə vətənpərvər, xalqının dərdləri ilə yaşayan, yaradıcı insanların bir araya gəlməsinə, bir-birləri ilə əlaqə saxlamalarına, tanınmalarına kömək edib.  "Gülüstan" məclisinin yaradılmasında Dağıstanda mədrəsə təhsili almış Əmir Əli əfəndi və Quba qazisi Molla Abdulla da rol oynayıb. Hər iki şəxs Bakıxanovla həmfikir, həmsöhbət, söz xiridarı olduğundandır ki, 1846-cı ildə birlikdə Həcc səfərinə yollanıblar.

"Gülüstan"ın işığına yığışan söz sərraflarının yaradıcılıq nümunələri yaşadıqları ərazidən kənara da yayılır, onları tanıdırdı. Qazaxlı şair Kazım ağa Salik o vaxtı yazırdı:                      

 

Kəmalü-rifəti-Şirvan məlum,

Maarif mədəni xaki-Qubadır.

Neçə əhli-bəlağət var onda,

Biri Ağabəyü Mirzəbabadır.

Biri "Qüdsi" ləqəb Abbasqulu bəy,

Diyari-nəzmü şerə padşadır.

 

Yaxud "Gülüstan" məclisinin üzvü Hacı Qubalı Qubadan çoxlu yaxşı şair çıxdığını yazır. "Gülüstan" ədəbi məclisinin təsiri ilə Xürrəmi, Nalan, Tuğra xanım, Qızyetər kimi şairlər yetişmişdi.

 

Quba-Dağıstan ədəbi mühitinin formalaşmasında "Gülüstan" ədəbi məclisinədək Müşkürlü İbrahim, Seyid Əhməd, Müşkürlü Mustafa, Miskincəli Fəqir, Xınalıqlı Əmin, Tahircanlı Əmir Əli, Vəlikəndli Fətəli, Qubalı Hacı, Ehraqlı Aşıq Rəcəb, Qazi Əfəndi, Mahin, qubalı Mirzə Möhsin Xəyali, Səid Əfəndi əl-Xaçmazi və bu kimi sənətsevərlər iştirak edərək ümumilikdə Azərbaycan ədəbiyyatına öz töhfələrini veriblər.

 

XIX əsrin əvvəllərində öz istedadı ilə diqqəti cəlb edən Xaltanlı Tağının təhsil illəri və yaradıcılıq dövrü Rusiyanın, Azərbaycanın şimalını ışğal etdiyi dövrə düşür. Bu zamanlarda Azərbaycanın şimalında , Dərbənddən Xaltanadək dağlıq ərazilərdə yaşayan, müxtəlif dillərdə danışan azsaylı xalqların savadlı, ziyalı, yaradıcı nümayəndələri öz əsərlərini ana dili kimi bildikləri Azərbaycan türkcəsində yazır, bu dilin ətrafında birliklərini ifadə edir, ümumilikdə Azərbaycan ədəbiyyatını inkişaf etdirirdilər. Nəticə etibarı ilə bu xalqları dil, din və vətən birləşdirirdi.

 

Şirvan aşıq şeirinin görkəmli nümayəndəsi kimi tanınan Xaltanlı Tağı 1798-ci ildə anadan olub. Fitri istedada malik Tağının elmə marağını görən atası onun təhsil almasına qayğı göstərib. Xaltanlı Tağı "Vücudnamə"sində deyir: "On yaşa yetəndə oxudum "Quran". Görünür ki, kənddə aldığı təhsil onu qane etməyib deyə Quba əyalətinin (indiki Qusar rayonunun) Tahircal kəndinə gedib. Azərbaycanin şərqində həmin dövrün ziyalı təbəqəsinin yaranmasında kürdəmirli Mövlanə İsmayıl Siracəddindən dərs almış Molla Məhəmməd Yaraqlının böyük əməyi olub. Tağı Tahircalda olduğu illərdə Tahircallı Əmir Əlı Dağıstanda Məhəmməd Yaraqlının mədrəsəsində dərs alıb. Tağı orada Əmir Əli ilə görüşmüş, söhbətləşmiş, onda təhsilini davam etdirməyə maraq oyanmışdı. Şeirlərdəki fikirlərə əsaslanıb demək olar ki, Tağı Tahircalda təhsilini başa vurub Xaltana qayıtmış, bir, ya iki ildən sonra təhsilini artırmaq üçün Dağıstana getməli olmuşdu. Sevgilisi Güllünün dilindən belə deyilir:

 

İnsafın yoxdurmu, ey bimürvət yar,

Eşitmişəm Dağıstana gedirsən?

Məgər qurtarıbmı bu yerdə alim,

Qəsd eyləyib şirin cana gedirsən?

 

Məlumdur ki, mədrəsəyə qəbul 16 yaşdan başlanırdı. Deməli, bu, təxminən 1814-cü ildə olub. Mədrəsədə tələbənin qavramasından asılı olaraq, təhsilin 10-15 il çəkdiyini nəzərə alsaq, Tağının 9 ildən sonra, 1825-ci ildə Xaltana qayıtdığı aydın olur. Tağının tez qayıtmasına 1825-ci ildə Molla Məhəmməd Yaraqlının həbsi səbəb olub.

 

 

 

Qeyd edim ki, Xaltanlı Tağı ilə bağlı mənbələr sırasında Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" əsəri, "Poetik məclislər", "Azərbaycan aşıqları və el şairləri" adlı toplular, Ş.Fərzəlibəyli və N.Əhmədlinin "Quba tarixi" kitabı və başqa nəşrlər xüsusi əhəmiyyətə malikdir.

 

Bildiyimizə görə, Tağı Xaltana qayıtdıqdan bir il sonra ailə qurub, 1827-ci ildə Sədi adlı oğlu dünyaya gəlib. O, oğlunun da təhsili qayğısına qalaraq bələd olduğu insanlara tapşırıb, Sədi də Dağıstanda təhsil alıb, şeirə maraq göstərib və iki şeiri bizə məlumdur.

 

Tağının yaşadığı dövrdə təhsilli şəxsləri "molla" deyə çağırmışlar. Mükəmməl dini təhsil almış Tağının şairliyi üstün olduğundan onu "molla" adlandırmayıblar. Mollalıqla aşıqlıq bir-birinə əks olsa da, Tağı elmli, əxlaqlı din xadimlərinə hörmətlə yanaşıb.

 

Bir əlimdə sazdır, birində qələm,

Haqqın dərgahında günah eylərəm

 

- deyən aşıq ehtiyac üzündən aşıqlıq etdiyini bildiririr:

 

Ehtiyac qoymayır tərgidim sazı,

Baxmayaraq daim qıllam namazı.

 

Sədi təhsilini bitirdiyi vaxtlarda xəstəliyə tutulur. Cavan oğlunun yataq xəstəsinə çevrilməsi Tağının həyatını pozur. Tağı ehtiyatını görüb xəstə oğlu ilə İrana üz tutur. Həmin dövrdəki ovqatı onun şeirlərində öz təsirli ifadəsini tapıb:

 

Ey ağalar, yüz min bəlaya düşdüm,

Deyin, mənim üçün ellər ağlasın.

 

Oğlunun ayaqları tutulduğu üçün şair yazırdı:

 

Bu dərdi dərd bilməz canı sağ olan,

Tamamən şikəstlər, şillər ağlasın.

 

İranda aparılan müalicələrin qismən təsiri olur. Tağı oğlunu evləndirir. Güman etmək olar ki, Tağı 1870-ci ildə vəfat edib. Sədinin yeni doğulan ilk övladına babasının adı verilir, "bala Tağı" deyərək çağırılır. Ailənin ağırlığı tək qalan xəstəhal Sədinin üzərinə düşür və təxminən 1873-cü ildə o da vəfat edir.

 

 

 

Qeyd edək ki, Tağının yaradıcılığında qoşma, gəraylı, qıfılbənd, deyişmə, qəzəl və müxəmməslərə rast gəlirik. Başqa aşıqların yaradıcılığından fərqli olaraq Tağının şeirləri öz həyatındakı hadisələrlə daha sıx bağlıdır. Lakin aşığın yaradıcılığı tam əldə edilmədiyindən, əldə edilənlərin də bəzilərinin natamam olması səbəbindən oxucuya qaranlıq qalan cəhətlər çoxdur. Amma məlum şeirləri əlaqəli şəkildə götürüb bəzi mətləbləri aydınlaşdırmaq mümkündür.

 

Məhəmməd Yaraqlıdan dərs alanlar içərisində 1830-cu ildə birinci imam olmuş Qazi Məhəmməd və 25 il Dağıstan xalqlarının Rusiya əsarətinə qarşı mübarizəsinə rəhbərlik etmiş imam Şeyx Şamil də olub. Xaltanlı Tağının Qazi Məhəmməd Əfəndi ilə deyişməsi, imam 1831-ci ildə öldürüldükdə "Getdi dünyadan" rədifli qoşması var.

 

1838-ci ildə böyük ilahiyyatçı alim Məhəmməd Yaraqlı vəfat edəndə Tağı yazır:

 

Bu gün əldən o ruhani atamız getdi,

Bizə zülm eylədin, ey çarx, səfamız getdi.

Cümlə islam batıb yasa qaralar geysin,

Dəstəmizdən bizim ol kani-səxamız getdi.

 

Şeyx Şamillə bağlı iki şeiri, Xınalıqlı Eminlə deyişməsi və onun ölümünə yazdığı şeir, Məhinlə mənzum məktublaşması, Şeyx İzzəddinin vəsfi və digər şeirləri aşığın həyat yolunu işıqlandırır.

 

Tağının şeirlərinin bir çoxu Xaltandan kənarda olarkən söylənilənlərdir. Ona görə də aşıq tez-tez qürbətdən şikayətlənir:

 

Yazılanlar gəlir bu qərib başa,

Həsrət qoyur məni qohum-qardaşa.

 

Sual oluna bilər: Tağının ailəsi, qardaşı, qohumu, hətta ata-anasının qəbri Xaltanda ola-ola, niyə qohum-qardaşa həsrət qaldığını desin? Güman ki, bu şeir də İranda olarkən, Sədinin müalicəsi vaxtı, ayrılıq, kasıblıq sıxıntıları içərisində olarkən yazılmışdı. Aşıq üçün Xaltandan kənar yer qəriblik hesab olunub. Hətta Qudyalda (Qubada) özünü qərib bilən aşığa Dağıstanda oxuduğu vaxt məktub yazan Güllü də ona "Qərib eldə qalan yarım" - deyə müraciət edir.

 

Tahir HƏSƏNLİ

525-ci qəzet.- 2021.- 30 iyun. S. 18.