Poeziyada
əks olunan uşaq dünyası
Gələcək nəslin yetişməsində, bir
şəxsiyyət kimi formalaşmasında uşaq ədəbiyyatının
rolu danılmazdır. Uşaq ədəbiyyatı ədəbiyyat
tariximizin ən zəngin səhifələrindən biridir.
Vaxtı
ilə böyük şairimiz Səməd Vurğun
"Balalarımız üçün gözəl əsərlər
yaradaq" adlı məqaləsində uşaqlar
üçün yazmağın nə qədər məsuliyyətli
və çətin bir iş olduğunu, uşaq həyatını
tərənnüm etməyin nə qədər vacib
olduğunu yazmışdı. Sözün həqiqi
mənasında uşaqlar üçün, gələcək
balalarımız üçün yazmaq həm şərəfli,
məsuliyyətli, həm də çətindir.
Çağdaş uşaq poeziyamızda Ələsgər
Əlioğlu bu işin öhdəsindən layiqincə, ləyaqətlə
gəlir. Ələsgər Əlioğlunun yüksək poetik
istedadı onun bütün yaradıcılığında
olduğu kimi, uşaq şeirlərində də boy göstərir.
Ömrünü uşaq ədəbiyyatına həsr
edən bu bənzərsiz şairin uşaq poeziyası
orijinallığı və novatorluğu ilə seçilir.
Ələsgər Əlioğlunun yenicə
çapdan çıxan "Sərnişin
qarışqalar" kitabını oxuduqdan sonra bu qənaətimin
bir daha təsdiqini tapdım.
Ələsgər Əlioğlunun uşaq şeirlərində
ən diqqət cəlb edən rakurs təbiət lövhələri
yaradaraq, uşaqların quşlar və heyvanlarla dostluğunu
vəhdətdə götürməsidir. Şair şeirlərdə
obrazlı ifadələrlə uşaqları bitkilər və
heyvanlar aləmi ilə tanış edir,
onların əlamətlərini balaca oxuculara
çatdırır. "Yemlik",
"İşıldaböcək", "Şanapipik",
"Arıquşu", "Pərpətöyün" və
digər şeirlərdə canlıların xüsusiyyətləri
yüksək poetik sənətkarlıqla ifadə edilir.
Yeni nəsildə vətənpərvərlik
duyğularını oyatmaq, vətəni sevmək şairin
uşaq şeirlərinin əsas missiyalarından biridir. Bu cəhətdən
kitabın ilk səhifələrində yer alan
"Ələsgərin tüfəngi" və "Səngər"
şeirlərində balacalarımıza vətənpərvərlik
duyğuları, vətəni sevmək hissi
aşılanır.
Ələsgər Əlioğlunun uşaq şeirləri
mövzu baxımından olduqca rəngarəngdir. O, uşaq
psixologiyasını, onların daxili aləmini bütün incəliyinə
kimi duyan şairdir. Şair əxlaqi-mənəvi
düşündürücü fikirlərlə
uşaqların dünyagörüşünə təsir edə
bilir. Uşaq təfəkkürünü,
zehni qabiliyyətini inkişaf etdirmək baxımından bu
şeirlər xüsusi əhəmiyyətə malikdir.
Fikri yığcam, aydın, sadə dildə,
axıcı ifadə etmək Ələsgər
Əlioğlunun uşaq şeirlərinin başlıca
xüsusiyyətidir. Şair əsl sənətkar kimi şeirlərdə
məzmun və formaya, qafiyəyə məsuliyyətlə
yanaşır. Axıcı qafiyələr,
təzə-tər obrazlı ifadələr, gözəl
dolğun süjetlər Ələsgər Əlioğlunun
uşaq şeirlərini daha da poetikləşdirir, oxunaqlı
edir. Şair kitabdakı bütün şeirlərində
öz orijinal üslubu və deyim tərzi ilə diqqəti cəlb
edir:
Bahar gəlib,
Ağacların
Puçurları qucaq-qucaq.
Bahar
açıb məktub kimi,
Puçurları oxuyacaq.
("Puçurlar")
və
yaxud:
Çimərlikdə
çətirlər
Göbələyə bənzəyir.
Sahili
başdan-başa
Gör necə də bəzəyir.
Günəşdən
qorunmağa
Çox qəşəngdir, çox qəşəng.
Burda
göbələkləri,
Payız gəlib dərəcək.
("Çimərlikdə
göbələk")
Ələsgər
Əlioğlunun kitabdakı hər bir şeiri əxlaqi-didaktik
mövzularla uşaqları tərbiyələndirir,
obrazlı, düşündürücü manevrlərlə
onların məntiqi təfəkkürünü və zehni
qabiliyyətini inkişaf etdirir:
Mən
anamdan hündürəm,
Mən atamdan hündürəm.
Bağda
gəzib-dolanan,
Hər adamdan hündürəm.
Yaşım
elə çox deyil,
Mən altı yaşındayam.
Hündürəm
ona görə,
Ağacın başındayam.
("Hamıdan
hündürəm")
Şeirləri oxuyarkən söz hörgüsündə
incə-incə hörülən məcazi ifadələrin
seçiminə, məna çalarlığına heyran olmaya
bilmirsən.
Çıxıb
dağda gəzirdik biz,
Giləmeyvə üzürdük biz.
Tutdu dağı qatı duman.
Görünmədi daha heç yan.
Düşündük ki, biz nə edək?
İndi evə necə gedək?
Birdən
gəlib çıxdı külək,
Duman qaçdı hürkək-hürkək.
("Duman
qaçdı")
Kitabda forma və məzmun gözəlliyi ilə
seçilən poeziya nümunələri içərisində
"Ağacın balası", "Payız
yağışı" şeirlərini də vurğulamaq
yerinə düşər.
Gavalı
ağacının
Çıxıb neçə pöhrəsi.
Pöhrəylə
dolub tamam,
Ağacın yan-yörəsi.
Baxdıqca
bu guşəyə,
Üzü
gülür Siracın:
- Bu
pöhrənin hər biri,
Balasıdır ağacın.
("Ağacın
balası")
Şair şeirdə epik
lövhələr və canlı təsvirlər yaratmaqla
körpə balalara səmimi duyğular aşılayır. Ümumiyyətlə, Ələsgər
Əlioğlu təbiətə həsr etdiyi bütün
şeirlərində uşaqların dili ilə təbiəti
danışdırır, uşaqların estetik tərbiyəsində,
dünyagörüşünün formalaşmasında əsaslı
rol oynayır.
Kitabdakı hər bir şeirdə şair gərəkli
mövzulara üz tutur, yadda qalan obrazlar yaradaraq, gərəkli
ideyalar təbliğ edir. Ələsgər Əlioğlu müasir
uşaq ədəbiyyatında əvəzsiz, orijinal uşaq
şeirləri yaradan, uşaq ədəbiyyatının
formalaşmasında və inkişafında yeri və rolu olan
ŞAİRdir.
Tural
ADIŞİRİN
525-ci qəzet.- 2021.-
30 iyun. S. 20.