Şopenin
inciləri incə zövqlər aynasında
Təbiətin ən gözəl mənzərələrini
- rəsmlərini Tanrı yaradıb. Ancaq
qulaqlarımızdan həyatımıza nüfuz edən ən
möhtəşəm səsləri insan fitrəti
düzüb-qoşub.
Allahın
mükəmməl yaratdığı insan
qırıq-qırıq, monoton səsləri seçib, calaya-calaya,
kökləyə-kökləyə elə sədalar səsləndirib
ki... Bəlkə də, dünyanın sirlərindən
biridir musiqi sehri. Bütün gözəl
melodiyalar insan fizionomiyası kimidir, eyniyyəti məlum, tərcümansız
anlaşılar.
Musiqinin bircə dili, zövq müxtəlifliyi var. Ona
görə də muğamın bugünkü alimi Alim
Qasımov oxuyanda alman da, ingilis də, fransız da təsirlənə
bilər. Bethovenin "Ay sonatası" gözləri görməyən
adamın səslə yaratdığı bir dolğun Ay mənzərəsidir
və dinləyəni valeh edir.
Musiqini yaratmaq sözü yaratmaqdan çətindir. Yaratmaq - ilahidən
aldığımız ən böyük təltifdir, hər
iki dünyamızın nişanıdır. Üzeyir
Hacıbəylinin "Sənsizi"i heç köhnələrmi?!
Musiqi sənəti milli olduğu qədər bəşəridir,
millilik bəşəriliyin bir parçasıdır.
Şopen musiqisi bir taktında həm mübarizə, həm
ayrılıq, həm ümid duyulan, ürəkləri titrədən,
həmişə düşündürən notlardır. Onu dinləməmək,
dinləyib sevməmək, sevib heyrətlənməmək
mümkün deyil. Musiqinin sehrini anlayaraq
poeziyanın geniş qucağına almaq isə şair cəsarətidir.
Bu, Şopen musiqisinə söz yazmaq kimidir, bəstədir:
Qoy
süzülsün barmaqlardan
Şopenin göz yaşları.
Həzin
bir melodiya,
bu
dünya bir şirin yuxu,
bu
dünya bir acı röya.
(Rəfail
Tağızadə)
Musiqi aləmini şeir dünyası ilə
qovuşdurmaq bilgi və həssaslıq istər. Hər iki sənətin
duyğuları tükənməz, hərəsinin öz məqamı,
hər birinin öz yeri var. O qədər duyğu gücün
olmalıdır ki, ikisinin arasında çaşıb
qalmayasan, tarazlaşdıra biləsən. Zövqlü
oxucu üçün görülən bu iş -
Tağızadə Rəfailin işidir:
Bir not dəftəriydi
həyat,
İnsan
ömrü bir nöktrün qədər qısa,
bir həsrət
qədər uzun,
Fələyin qulağı sağır.
Sən fələyə
aldanma,
Dur oyna ağır-ağır.
"Şopenin
ürəyi"ni birnəfəsə,
sonra təkrar onun musiqisinin müşayiəti ilə oxudum. Mənə elə gəldi ki, şair də bax beləcə,
bu melodiyaların pıçıltısında
poemasını yazıb. Mazurkanın zümzüməsi,
valsın romantikası, rekviyemin hüznü ilə misralar
bir-birinə calanır, Azərbaycandan Fransaya və Lehistana
körpü salır:
Varşavadan
Parisə,
Parisdən
Varşavaya
uzanan
bir yol,
bir nöktün
qədər qısa,
bir həsrət
qədər uzun.
Bir not dəftəriydi
həyat,
hər
vərəqdə bir sevda,
ümid,
ayrılıq, hüzn.
Bu əsəri yazmaq
üçün təkcə musiqi beşiyi Qarabağda
doğulmaq və şair olmaq bəs etməzdi. Vətən üçün savaşmaq, şəhid
zirvəsinə hazır olmaq lazım idi. Şair-qazi
gənc yaşında yurdundan ayrı düşüb, yad ellərdə
ürəyinin səslərini akkordlarla dinlədən dərddaşını
- Şopeni duyur. Ona bu avazlar çox tanış
gəlir:
Ayrılıq
yaman acıdı,
Dərdimə aləm acıdı.
Vətən
torpağın tacıdı,
Qoymağa başlar tapıla.
Sevimli
müəllimim Bakı Dövlət Universitetinin professoru
Cahangir Məmmədli yazır: "O zaman (Birinci Qarabağ
müharibəsində - T. H.) Rəfail
Tağızadə çiyni avtomatlı bir zabit idi. İndi o, qələmi ilə Qarabağ dərdinin
carçısıdır".
Şair
Bakıdan Varşavaya - Xaç kilsəsinə "müqəddəs
eksponat"ı - Şopenin ürəyini ziyarətə gedir,
orada son otuz ildə özünə verdiyi ritorik sualların cavabını
tapır:
Sənin
dünyan, mənim dünyam,
sənin
dərdin, mənim dərdim.
Vətən
adlı bu torpağa
sevinc əkdim,
kədər dərdim.
Düşmənin
ayağı altında qalıb nifrətdən bütün ağ və qırmızı damları yerlə-
yeksan olmuş Ağdam... Sanki fortopiano şairi
Şopen orada ömrü boyu ona vəfalı pianosu
arxasında səssizcə "Bayatı
Şirazı"ı dinləyir, muğamın səsini, Vətən
yanğılı gəncin zəngüləsini notlara
köçürməyə çətinlik çəkir.
O, şəhid ruhlarına "Matəm marşı" ilə
dua edir, Avropanın yalançı demokratiyasından da,
işğalçı zülmkarla tərəfdaşlığından
da utanır:
İçimizdə
nəğmələr
gah
gülər, gah dinlənər.
Ağlayan
barmaqların
ahı
göylərə millənər.
Şopenin
ürəyini "əbədi döyünən ürək məbədi"
sayan Vaqif Osmanovun böyük musiqiyə duyğulu
yanaşması, qeyri-adi vətəndaş (F.Şopen
Polşada doğulmuş, lakin Fransa və Rusiya
imperatorluğunun vətəndaşı olmuşdu) və
"Şopenin ürəyi" haqqındakı
yazısının hər abzası maraqlıdır. Şopeni duya bilən, şair dostunu yaxından
tanıyan yazar klassik musiqini və poeziyanı sevən
adamdır. O da poemanın müəllifi kimi Şopen
idrakına heyrətlənir, onun heç kəsin
ağlına gəlməyən fəlsəfi
baxışı təhlili dərinləşdirir:
"Görəsən, niyə ömrünü əcnəbi
ölkələrdə başa vuran soydaşlarımız
Şopen kimi vəsiyyət etməyiblər? Biz vətənimizi pan
dostlarımızdan azmı sevirik?! Müqəddəs
Xaç kilsəsi əbədi ürək abidəsidir. Niyə bizdə belə abidə yoxdur?!"
(Vaqif Osmanov).
Bəli, 39 yaşında dünyasını dəyişən
müdrik bəstəkarın son arzusu - vəsiyyəti ürəyinin
cansız bədənindən çıxarılıb ana yurdu
Varşavada müqəddəs Xaç kilsəsində
saxlanması oldu. Bu məqamda böyük əfəndimiz
Hüseyn Cavidi anmamaq olmaz. Onun
ağlasığmaz alın yazısı qələmin
möcüzələrinə inamımızı
artırır. Milli təfəkkürünə,
qüruruna görə 56 yaşında Sibirin qandonduran
buzlaqlarına sürgün edilən, 59 yaşında
dünyasını dəyişib 39 il 59 saylı məzarında
narahat uyuyan Cavid əfəndinin ürəyi və ruhu
xalqından və Vətəndən ayrı qala bilmədiyindən
1982-ci ildə canından çox sevdiyi Azərbaycana
qayıtdı.
Ulu yaradan yaradıb yaşadanları necə sevərmiş?! Şopen indi
dünyanın yüz məşhur şəxsiyyətindən
biri sayılır. Şedevr sənət hər
kəsin əli çatmayan, lap ucalıqda olan zirvədir.
Sənətkarmı şöhrəti tapır,
yoxsa şöhrətmi sənətkarı, bilmirəm. Ancaq onu bilirəm ki, şöhrət halallıq və
zəhmət tələb edir. Bəlkə
də, şöhrət daim ən mükəmməl insan
axtarışındadır. Ustadlar həyatın
bütün çətinliklərinə dözüb
dırmana-dırmana o zirvəyə qalxırlar. Onun həm kamil təfəkkürü, həm zəngin
insanlığı, həm də ilahi tərəfindən
verilmiş rahatsız istedadı həmişə əziyyət
çəkir. Fitrət insana şəxsi
həyat üçün yox, bəşəriyyətin taleyi
üçün bağışlanır.
Şəxsiyyət-varlığın bəşəriyyətə
mükafatıdır. Bu zirvəyə çatana, unikal əsərlər
yaradana qədər dərk etdiyi həyatı və əbədiyyəti
bütün qabiliyyəti ilə əks etdirməyə
ömrünü sərf edir və bu könüllü əzab
idrakında təkcə özünə aid olan
düşüncələr yaradır.
Şedevrlər yaratmış sənətkarlardan
danışanda ən azı onların göründüyü
zirvəni, biliyin və baxışınla fəth etməlisən. Belə sənətkarlardan
birini əsərinə qəhrəman seçən,
"Şopenin ürəyi - ümid çiçəyi"
deyən qazi-şairimiz Rəfail Tağızadə və
poemanı gözəl təhlil edən Vaqif Osmanov intellektləri
və zövqləri ilə bu
dünyagörüşünü əks etdirirlər. Hər iki müəllif Şopenin canlı musiqisini və
cansız ürəyini dəyərləndirmək
gücündədirlər. Onlar Vətən
üçün yaşayan və yaratmaq istəyən torpaq
övladı və söz adamlarıdır. Bütün
Vətən fədailəri onların gələcək nəsillərə
tanıtmaq istədiyi qəhrəmanlardır...
Tamella HƏMİDQIZI
525-ci qəzet.- 2021.-
30 iyun. S. 21.