"Sosial media orqanizmimizin bir parçasına çevrilib"

 

Kamil Səmədli: "İnsan bir şey uğrunda savaşdığı zaman insan olduğunu xatırlayır"

 

Bu gün bəstəkar mahnılarına, xüsusən retro mahnılarına tez-tez müraciət olunur. Belə mahnıları yeni aranjimanda cəmiyyətə təqdim edən bir çox gənclər var. Həmin təşəbbüskar gənclərdən biri bugünkü həmsöhbətimiz Kamil Səmədlidir.

 

Gəlin əvvəlcə Kamili yaxından tanıyaq...

 

***

 

- Sumqayıtda dünyaya göz açmışam. Uşaqlığımın ən gözəl illəri orada keçib, yəni uşaqlığını yada sal desələr, yalnız Sumqayıtda keçən günlər yadıma düşür. 12 yaşımda bütün uşaqlıq xatirələrimi orda qoyaraq Bakıya köçdüm. İndi bilmirəm, orada vəziyyət necədir, amma o vaxt Sumqayıtda uşaq olmaq gözəl idi.

 

- Sosial şəbəkələrlə tanışlığınız necə başladı?

 

- İlk dəfə portal saytlarla tanış olmuşam. Mix.az deyilən bir sayt varıydı, orada yaxşı dostlar qazandım, xəbər dərc edirdik o saytda, sonra başqa bir portal saytda redaktor oldum. Beləcə, 5-6 ilim keçdi. Maraqlı idi. O vaxt forumlar da vardı, hər mövzu haqda müzakirələr olurdu. İndi heyif ki, forum anlayışı qalmayıb. O illərdən hələ münasibətim olan adamlar qalıb.

 

- Musiqi istedadınız zaman üzə çıxdı?

 

- Musiqiyə uşaqlıqdan marağım var. Amma studiya ilə ilk tanışlığım son zəng günü oldu. Son zəngə aid bir mahnı lentə aldıq. Sözün düzü, o zamanlar rep deyirdim, daha doğrusu, deməyə çalışırdım. Sonra əkiz qardaşımın məni gitaraya yönləndirməsiylə özümü kəşf etməyə başladım.

 

- Ailədə sizdən başqa musiqiçi varmı?

 

- Ailədə tək musiqiçi mənəm. Biz 4 qardaşıq, amma hamımızda musiqi duyumu var. O da anamın evdə zümzümə etməsiylə bizə aşılanıb. Amma təkcə mən bu yolu davam etdirdim. O biri qardaşlarım tamam ayrı sahəyə yönəldilər. Əkiz qardaşım uzman nevropatoloqdur. Bununla yanaşı, gitarada da hobbi olaraq ifa edir.

 

- Sosial şəbəkələrin imkanlarından dərəcədə razısınız?

 

- Sosial şəbəkələr, məncə, artıq sosiallıqdan çıxıb, orqanizmimizin bir parçasına çevrilib. O olmasa, yaşaya bilmərik, ya da əskik qalarıq. Təbii ki, sosial şəbəkələrin həyatımıza bu dərəcədə daxil olmasından razı deyiləm, hər şeyin qədəri olmalıdır. Düzdür, faydası var, amma fəsadları daha çoxdur. Məsələn, hər şey çox əlçatandır. İstər münasibətlər, istər görüşmələri, istər sifarişlər, istərsə məşhurluq. Məncə, hər şey bu qədər asan olmamalıdır, insan bir şey uğrunda savaşdığı zaman insan olduğunu xatırlayır, hər şey əlinin altında olanda artıq mücadilə edəcək bir şey qalmır. Bu isə depressiyanı, stressi, yaşama həvəsini daha da azaldır. Yəqin fikir vermisiniz, əvvəllər insanlar daha xoşbəxt idi, ən azından çox xırda şeylərlə xoşbəxt ola bilirdilər.

 

- İstedadı olmayan şəxslərin sosial şəbəkələrdə məşhurlaşmağı çox vaxt insanlar tərəfindən tənqidə tuş gəlir. Siz deyə bilərsiniz, istedadsız şəxslərin fenomen olması dərəcədə realdır?

 

- Bu, istedadsız bir aşpazın süfrəyə dadsız yemək gətirməsinə bənzəyir. Kimə xoşdursa, buyurub yesin.

 

- Ən böyük arzunuz nədir?

 

- Ən böyük arzum özüm olmasam da, ifalarımın dinlənməsi, Kamil adında birinin bu dünyada var olduğunun unudulmamasıdır.

 

- Sizcə, bu gün gənclərin bayağı mahnılara üstünlük verməsinin səbəbi nədir?

 

- Buna səbəb toy bazarı ola bilər. Xaricdə istənilən müğənni hər ay konsert verir, onun fanat kütləsi olur pulunu verib gəlib dinləyir. Beləcə, həmən müğənni məcburən keyfiyyətli musiqi təqdim etməlidir dinləyicilərinə. Bizdə isə fanatı olduğun bir müğənnini qohumların toyunda görüb, dinləyə bilərsən.

 

- Müasir retro sənətkarlardan kimləri dinləyirsiniz?

 

- Hər ikisində dinlədiklərim çoxdur. Yaxşı, keyfiyyətli hər musiqini dinləyirəm. Retro musiqidə ayrı-seçkilik etmirəm, çünki keçmişdə istedadsız insanlar məşhur olmurdu, yəni keçmiş bütün musiqilər, bütün sənətçilər mənə xoşdur.

 

- Kitab oxumaqla aranız necədir?

 

- Kitab oxumuram, demək olar ki, hər gün səhnələrim olur deyə, bəlkə , kitaba adaptasiya ola bilmirəm.

 

- Bir qədər hazırkı fəaliyyətiniz gələcəkdəki planlarınız barədə danışardınız...

 

- Hazırda canlı musiqi məkanlarında çıxış edirəm. bu 8-9 ilə yaxındır ki, davam edir. Gələcəkdə təbii ki, istəyərdim öz geniş repertuarım olsun musiqilərimi yalnız konsertlərimdə dinləyiciyə təqdim edim. Məqsədim budur, Allah izin verərsə, gerçəkləşər. Əslində, olması gərəkən budur, ölkəmizdə konsert mədəniyyəti əvvəl-axır formalaşmalıdır. Amma o günləri görmək qismət olacaq, ya yox, bilmirəm.

 

Günel ABBAS

525-ci qəzet.- 2021.- 30 iyun. S. 22.