Seyran Səxavət mənim 75 yaşlı
balamdı...
... İllərdir, bu gündəliyi yazıram. Ancaq heç vaxt indiki kimi olmamışam. Bu an yaşadığım hissləri adi sözlərə
çevirib izah eləmək olmur. Bilmirəm, bu göz
yaşlarım niyə dinmək bilmir... Əlbət
ki, sevincdəndi. O "Qazanılmış
manat"dakı uşaq kimi yəqin illərlə qazanmağa
çalışdığım "manat"ı əlim
yana-yana odun içindən çıxarda bildiyimdəndi bu
hala düşməyim. Bu gün Universitetin Elmi Şurası - böyük
ziyalılar qarşısında müdafiə etdim...
Axır
ki, "Dar köynək"dən azad oldum... Möhtəşəm
duyğudu... Adamın ruhu rahatlıq tapır.
Uzun zamandır, üzərində
çalışdığım elmi tədqiqatımı
müvəffəqiyyətlə yekunlaşdırıb ictimaiyyətə
təqdim etdim. Adətən, dünyaya övlad gətirən
insana "dar köynəkdən azad oldu" deyirlər...
Əslində, bu da bir növ valideyn olmaqdı... Sənin
ruhundan, canından, düşüncəndən mayalanan elmi,
ya bədii əsər də sənin balandı,
gözünün nuru kimi bəslədiyin, zəhmətlə
böyütdüyün övladındı... Bax, mən
yazdığımı o cür sevirəm - balam kimi... Ruhumun,
mənəviyyatımın, düşüncəmin önəmli
bir parçası kimi...
Bu yazdığım isə mənim üçün
adicə dissertasiya, Seyran Səxavət mənim
üçün mövzu, opponentimin dediyi kimi, tədqiqat
obyekti deyildi.
Çünki mənə elə gəlir ki, sadəcə kitabxanalarda
kar-kağızla əlləşib bu işi ortaya qoymadım.
Düz beş il ruhumda, bətnimdə, mənəvi
dünyamda yoğurub dünyaya gətirdim bu əsəri. Bəli,
Seyran Səxavət mənim ilk övladımdı... Yuxusuz gecələrimin
zəhməti, alnımın təri, gözlərimin nuru,
barmaqlarımın qabarı - halalca əməyimlə
böyütdüyüm ilk balamdı Seyran Səxavət...
Və bir
ana üçün valideyn iclasında övladının
ünvanına deyilən sözlər necə qürurverici,
xoş bir duyğudursa, bu axşam yəqin ki, müdafiədən
sonra o duyğuları yaşamaqdayam...
7 may
2017-ci il
Yenicə
doğulmuş körpələrin otağındayam... Ömrümdə ilk dəfədir, belə bir yerə
qədəm qoyuram. Dünyanın cənnət
guşəsi yəqin elə buradı. Necə məsumdurlar,
ilahi... Hamısı da bir-birinə bənzəyir...
Elə bil, bir almanı neçə yerə dilimləmisən...
Hamısını da ağ geyindiriblər...
Balaca mələklərdir... Sən balaların
hamısını bu dünyanın qara adamlarının qara
düşüncələrindən hifz elə, ya Rəbbim...
Elə gəldikləri bu mələk paklığında qoru
onları...
Bu
oxşarlığı sözlə ifadə eləmək
olmur. Heç rəssam çəksə,
bu qədər bənzərlik alınmazdı bəlkə də.
Sən İlahinin qələminin qüdrətinə bax... Bir
günün içində bir doğum evində yüzdən
çox körpə dünyaya gələ, hamısı da
bir-birinə bənzəyə... Qələminə qurban
olum...
Bəlkə soruşum uşaqlara baxan dayələrdən? Soruşum ki,
mənim... mənim yavrum hansıdı? Yox,
o sözü necə deyərəm. Ən
yaxşısı yavaş-yavaş baxım
hamısının biləyinə. Mənim
biləyimə bağladıqları lentdən bəbəyə
də bağladıqlarını gördüm. Üstünə də soyadımı yazdılar.
İçimdəki
hansısa bir hiss məni düz otağın o biri
başına aparır. Analıq hissi buymuş yəqin... Biləyini oxuyuram, yüzdən çox körpənin
içində necə düppədüz beşiyinin başına
gəlmişəm. Göz yaşlarım yanaqlarımdan
üzüaşağı sellənir...
... Orda -
balaca Mələyin beşiyinin başında nə qədər
qalmışam, fikrə getmişəm, xəyala getmişəm,
yuxuya getmişəm, bilmirəm... Bir də telefonun titrəşimini
hiss edirəm, baxıram ki, Seyran babadı... Sakitcə körpəni
qoxulayıb beşiyinə qoyur, barmaqlarımın ucunda dəhlizə
çıxıram...
- Baba...
- Can baba,
axşamın xeyir, evdəsən, yoxsa bu gün də konfransa
getmişdin?
- Yox,
baba, dünən çıxışımı elədim
konfransda. İndi... indi xəstəxanadayam...
-
Yaxşısanmı, ay Xəliş? Nə
narahatçılığın var ki, getmisən?
- Yox, yox,
hər şey qaydasındadı, ... bəbə
... bəbə dünyaya gəlib...
Telefonun o
başında səsinin titrədiyini, kövrəldiyini
aydınca duyuram:
- Şükür sənə, ay Allah. Atalı-analı
böyüsün... Türkiyəyə səfərim
var idi, ay Xəliş. Dedim sağollaşım siznən.
Gedim qayıdım, qurban demişəm. Sən müdafiə edəndə demişdim ki,
sağ-salamat balasını da qucağını alsın,
qurban kəsəcəm. Şükür Allahın
böyüklüyünə...
Nəsə demək istəyirəm. Təşəkkür
eləmək istəyirəm, amma söz tapa bilmirəm.
Bəzən elə minnətdarlıqlar, elə hisslər olur
ki, onları adi cümlələrə düzüb ifadə edə
bilmirsən...
Gülnaz
yəqin ki, dünyadakı ən xoşbəxt baladı ki,
Allahdan bəxtinə Seyran kimi baba düşüb...
Hansı yazıçı deyir ki, Ay Allah, filan doktorant
müdafiəsini elədi, filan-beşməkan, ona qurban deyirəm. İndi camaat
öz dərdini çəkə bilmir.
Deməli,
başqasının dərdini çəkmək, sevincinə
baba kimi qucaq açmaq üçün Seyran Səxavət
olmaq lazımdı...
21 oktyabr
2017-ci il
Bu gün Seyran Səxavətin qardaşı Vaqif
Əminin ocağına yığışmışıq. Bütün
ailəmiz, qohum-əqrəbamız dəvət olunub körpə
üçün kəsilən bu qurbanlıq mərasiminə.
Nə ürəyiböyük insanlardır.
Nə fədakar, qayğıkeş, bir-biri
üçün yanan bacı-qardaşlardır. Adam yaxşı mənada qibtə edir onlara baxanda.
Vaqif əmi, xanımı Sevda bibi,
bacıları Natella bibi hamımızın başına pərvanə
kimidir. 15 yaşımda Universitetə, 19 yaşımda
magistraturaya, 21 yaşımda doktoranturaya qəbul oldum,
heç vaxt imkan vermədim ki, tayfa-törəmiz məndən
ötrü belə məclis qurub xətrimi əziz eləsin.
Zarafat bir yana, doğrudan da, indiki vaxtda
hardadı bu cür münasibətlər?
Telefonumda
səsi hələ də qalır, üç il
bundan əvvəl ustadımız Musa Yaqubla müsahibə
zamanı Seyran Səxavətlə necə tanış
olduğunu soruşmuşdum. Onda Musa Yaqub
demişdi ki, qızım, Seyran Səxavətdən
danışanda birinci növbədə onun dostluğundan,
yoldaşlığından danışmaq lazımdı.
Sonra Seyranın yaradıcılığı gəlir.
Düzdü, bizi yaxınlaşdıran ədəbiyyat
olub, ürəyimizdə qaynayan söz olub. Seyran yaxşı deyir ki, Sözün belindən gələn
adamlar qardaşdırlar. Ona görə biz
dostdan daha çox, doğma qardaşıq.
Yaradıcılıqda ilk dəfə şeirlərlə dost
olursan, ordan başlayır bağlılıq. Bu mənada, mən
Seyranla çoxdan tanışam, özündən əvvəl
şeirləri ilə dost olmuşam. Sonradan istədim onunla tanış olum, amma öyrəndim ki, artıq
Universiteti bitirib xaricdə işləyir.
Bir dəfə Çingiz Ələkbərzadəylə
birlikdə Yazıçılar Birliyinin ezamiyyəti ilə
Füzuliyə getmişdik. Füzulidə bizi çox
yaxşı qarşıladılar... Görüşdən
çıxanda dedilər ki, Seyran Səxavətin böyük
qardaşı Xanlar burdadı, Sizi gözləyir. Biz o
vaxta qədər tanış deyildik, ilk dəfə
idi görüşürdük, amma o, bizi elə isti
qarşıladı ki. Dedi, mütləq bizim
qonağımız olacaqsınız. İlk dəfə
Seyranın qardaşı ilə tanış
olmuşam - Xanlarla. Bizi qonaq apardı, kabab çəkdi,
gözəl bir qonaqlıq verdi... Rəhmətlik çox ürəyiaçıq,
çox yaxşı oğlan idi. Sonra tanış
olanda gördüm ki, Seyran da onun kimi çox ürəyiaçıq
oğlandır. Bəlkə elə böyük qardaşı
öz ürəyiaçıqlığını da ona qoyub
gedib...
Mən
Seyran müəllimin qardaş, bacısını - Vaqif əmini,
Natella bibini - bu ailəni yaxından tanıdıqca anladım
ki, Musa Yaqubun dediyi kimi, həqiqətən də, ürəyiaçıqlıq
sanki bu insanlara bir ata-ana, qardaş yadigarıdır.
Gündəlik yazmaq intim yaradıcılıqdır, bəlkə
də. Düşünürsən ki, orda yazdıqlarının
səndən başqa heç kimə dəxli yoxdu. Amma bəzən də istəyirsən ki, orda
yazılanın 3-5 səhifəsini hamı oxusun. Çünki bəzən o 3-5 səhifə təkcə
sənin özünə aid olmur.
Ədəbi mühitdə hamının sevə-sevə
milli, bəşəri, böyük ideyalar müəllifi kimi
qiymətləndirdiyi yazıçını istəyirsən
ki, bütün şair, dramaturq, yazıçı, publisist, vətəndaş,
ziyalı və sair statuslarından öncə Adam kimi Adam
olduğunu təqdim edəsən. Həm də böyük hərflərlə
ADAM...
O Adam ki,
Ona olan böyük sevgini, bağlılığını, təşəkkürünü
adi cümlələrə düzüb ifadə edə bilmirsən...
O Adam ki, bütün çətinliklərə rəğmən,
məhz O var deyə - Onun varlığına tutunub yaşaya
bilirsən... Onun varlığı nəzərində
dəyərdən düşmüş bu bomboz dünyanı
qiymətə mindirir. Seyran Səxavət məhz O
adamdı... Varlığına tutunduğum,
İşığından pay aldığım, Mənəvi
dünyamın memarı... kəlmələrə
sığmayacaq qədər dəyərli və böyük
hərflərlə ADAM...
Seyran Səxavət
həm də mənim beynimdə ədəbi mühitlə
bağlı bəzi qarmaşıq düşüncələrimi
dağıdan obrazdı...
IV kursda oxuyurdum. İstedadlı bir
yazıçının yaradıcılığı
haqqında diplom işi yazırdım. Sağ olsun,
özü də mənə xeyli material vermişdi ki, əziyyət
çəkməyim. Haqqında yazılan ədəbi-tənqidi
məqalələri ardıcıl oxuduqca qəribə bir məqamla
rastlaşdım; qələminə inanmaq istədiyim bir tənqidçi
onun əvvəlcə bəh-bəhlə təriflədiyi
romanını 6 ay sonra elə yıxıb sürüyür
ki, dədəm vay, xəbərimiz yoxmuş, bəs guya bu əsər
Murakamidən plagiat imiş. Universiteti bitirməyimə az qalsa da, uşaq idim, qəbul edə bilmirdim
belə şeyləri. Yəni necə ola
bilər ki, o boyda kişi 6 ay qabaq yazdığını inkar
edə... Qəzetləri götürüb getdim
birbaşa yazıçının yanına. Adam mənə çox sakitcə qulaq asdı.
Sonra dedi ki, qızım, incitmə özünü belə
şeylərlə. Mən onun araq
qonaqlığını yaxşı verməmişəm deyə
inciyib elə yazır. Bu qədər sadə izahı
var. O yazıçı danışdıqca elə bilirdim ki,
Yer kürəsi dayanıb mən fırlanıram onun
başına... Axı Söz müqəddəs
şeydi, Sözün başına belə oyun açmaq
kişilikdən deyildi. Onun dediklərini
anladım. Amma həmin gün bir şeyi də
başa düşdüm ki, araya "vodka" girəndə ədəbiyyatın
fatihəsi oxunur. Vodkanın qradusuna
uyğun yazılan tərifin, tənqidin ömrü onu
yazanın ömründən çox qısa olur.
O gündən
sonra elə bilirdim ki, ədəbi mühitdə adamlar bir-birinə
elə bu müstəvidən yanaşır...
Seyran müəllimi tanıyanda isə
yanıldığımı anladım. Başa düşdüm ki,
bütün münasibətlərdən daha ucada dayanan əlahəzrət
Sözdü...
... Bir gün də mətbuatdan oxudum, Fuad Poladovun
xanımı deyir ki, Fuad dünyasını dəyişəndən
sonra onun telefonuna bircə nəfərdən zəng gəlir -
Seyran Səxavətdən. Hər həftə
bizi axtarır, hər bayramımızda, dərdimizdə-sərimizdə.
Bu
siyahını sabaha qədər uzatmaq olar: rəhmətlik
Camal Yusifzadənin ailəsi də eyni fikirdədir,
başqaları da. Bir sabah: "Hardasan,
Baba? - deyə soruşanda
"Uşaqlıq dostum rəhmətlik Zeynalın
yoldaşı dünyasını dəyişib, bu gün dəfn
edəcəklər, gedirəm onun balalarının yanında
olum..." Bilmədim nə deyim...
Bir
gün də dedi ki, bu gün səhərdən həyətdəki
üzüm tənəkləri ilə məşğul
olmuşam, dostum rəhmətlik Adilin yadigarıdı onlar mənə...
Biz həyatımızda var olanlara dəyər verməyi
bacarmayan adamlarıq. Qismətinə yazılan adamları Allahın verdiyi pay
kimi yoxluğunda da əzizləməyi bacarmaq
üçün Seyran Səxavət olmaq lazımdı.
...Sizlər
var olduqca bizim yaşamaq, qorumaq və mücadilə etmək
üçün nədənlərimiz olacaq, Ustad. Düşünəcəyik ki, Sözünün və
özünün azadlığını kölgələməyən,
xırdalanmayan beşcə nəfər belə varsa, onlara
tutunub yaşamağa, yola davam etməyə dəyər.
Azadlığı hər şeydən uca tutan Vicdanın -
Böyük Ürəyin qarşısında baş əyirəm!
Həmişə Var ol, Ustad! Səni ürəkdən
təbrik edirəm. Müzəffər Ordumuz Sənə
Qarabağ boyda bir dünya bəxş edib. Adama bundan daha
böyük ərməğan nə ola bilər?! Azad
Qarabağın mübarək! Ata yurduna müqəddəs qayıdışın
mübarək! Müdriklik nərdivanında bu şərəfli
pillən - 75 yaşın mübarək, Ustad!
Seyran SƏXAVƏT
525-ci qəzet.-
2021.- 3 mart.- S. 12.