Dahiyanə sadəlik

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamı ilə görkəmli yazıçı, dramaturq, publisist, tərcüməçi, pedaqoq, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi qeyd edildi.

 

Mən də yaradıcılığını və şəxsiyyətini çox sevdiyim Əbdürrəhim bəyin yubileyinə töhfə olaraq onun haqqında yazılmış xatirə və məqalələrdən ibarət albom-kitab tərtib etmişəm. Tərtib etdiyim bu kitabda akademik Məmməd Arif Dadaşzadənin 25 dekabr 1970-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin 100 illik yubiley gecəsində oxunmuş "Dahiyanə sadəlik" məqaləsi də yer alıb. İndi "525-ci qəzet"in oxucularına bir qədər ixtisarla təqdim etdiyimiz bu məqalə akademikin 1980-ci ildə nəşr olunmuş "Sənətkar qocalmaz" kitabından götürülüb.

 

Yazıldığı vaxtdan 50 il keçməsinə baxmayaraq, görkəmli klassikin yaradıcılığından böyük ehtiramla, məhəbbətlə bəhs edən bu məqalə 150 illik yubileyini qeyd etdiyimiz Əbdürrəhim bəy Haqverdiyevin şəxsiyyətinə və ədəbi-bədii yaradıcılığına zamanında verilmiş çox böyük dəyərdir.

 

Mustafa ÇƏMƏNLİ

 

Məmməd Arif DADAŞZADƏ

 

O, mütənasib vücudu, səliqəli geyimi, qalın, yaraşıqlı və bir qədər də nurani saçları ilə uzaqdan diqqəti cəlb edirdi. Ləyaqətli, təsirli görkəmi ilə o, yazıçılarımız arasında dərhal seçilirdi. Bütün gənclər ona xüsusi hörmət bəsləyirdilər. Əlbəttə, bu hörmətin səbəbi yalnız ədibin zahiri görkəmi deyildi. Əbdürrəhim bəy Haqverdiyevin davranışı da, danışığı da, ürəyi də təmiz və gözəl idi. Asta-asta danışardı, şirin-şirin söhbət edərdi, hətta hirslənəndə də səsini ucaltmazdı.

 

Mədəniyyətimizin, teatrımızın və ədəbiyyatımızın tarixinə yeni səhifələr yazan Ə.Haqverdiyev belə bir adam idi. Görkəmli teatrşünas və dramaturq, bacarıqlı hekayəçi, fəal ictimai xadim olan Ə.Haqverdiyev bütün şüurlu həyatını, qırx illik bədii yaradıcılığını yüksək bir ideala - xalqın səadətinə həsr etmişdi.

 

M.F.Axundov ənənələri əsasında inkişaf edən realist ədəbiyyatımızın, xüsusən dramaturgiyamızın tərəqqisində Haqverdiyevin rolu olduqca böyükdür. Teatrımıza irili-xırdalı 20-dən artıq əsər verən ədib Nəcəf bəy Vəzirovdan sonra dramaturgiyamızı müasir həyata daha çox yaxınlaşdırmış, onu dövrün canlı güzgüsünə, həyatın irəli sürdüyü vacib suallara cavab verməyə çalışan mötəbər bir auditoriyaya çevirmişdi.

 

Ə.Haqverdiyevin fəaliyyətə başladığı dövr xalqların həyatında əhəmiyyətli siyasi-ictimai dəyişikliklər dövrü idi. Öz xalqına, insanlara sədaqətlə xidmət etmək istəyən hər bir yazıçının ən müqəddəs vəzifəsi bu tarixi dəyişikliklərin düzgün yolla həyata keçirilməsinə çalışmaq, oxucu və tamaşaçıları dövrün vəzifələri ruhunda tərbiyə etmək idi. Bu, çox əhəmiyyətli idi. Çünki xalq və millət adından danışan elə adamlar vardı ki, onlar cəmiyyətdə baş verən hadisələrə düzgün qiymət verə bilmədikləri üçün xalqı yanlış yola sövq etməyə çalışırdılar.

 

Ə.Haqverdiyev 1892-ci ildə "Yeyərsən qaz ətini, görərsən ləzzətini" pyesi ilə ədəbiyyat aləminə qədəm qoymuşdu. Bu əsərdən sonra yazdığı "Dağılan tifaq", "Bəxtsiz cavan", "Pəri cadu", "Ağac kölgəsində", "Köhnə dudman" və sair dram əsərlərində, "Xortdanın cəhənnəm məktubları", "Marallarım" kimi bir silsilə hekayələrində Ə.Haqverdiyevin əsas mövzusu ictimai həyatdakı qüsurların dözülməzliyini, xalq şüurunda əmələ gələn ciddi oyanmanın zəruriliyini göstərmək idi.

 

Odur ki, Ə.Haqverdiyevin Azərbaycan yazıçılarının inqilabçı-demokratik cəbhəsinə qoşulmasını, "Molla Nəsrəddin" jurnalının ardıcıl iştirakçılarından olmasını təsadüfi hesab etmək olmaz.

 

1905-ci ildən sonrakı ictimai-ideoloji mübarizədə öz yerini və istiqamətini düzgün təyin edən ədib "Molla Nəsrəddin" jurnalında "Mozalan", "Lağlağı", "Ceyranəli", "Xortdan" və başqa imzalarla əsərlər çap etdirir.

 

 

 

Biz bu vaxtadək heç bir yerdə Ə.Haqverdiyevlə M.Ə.Sabirin adını yanaşı çəkməmişik. Halbuki C.Məmmədquluzadə ilə əməkdaşlıqda bu iki dost ədibin xidməti müəyyən dərəcədə birləşir və xüsusi əhəmiyyət kəsb edir. "Molla Nəsrəddin" jurnalı dünyaya gəldiyi ilk illərdə Mirzə Ələkbər Sabir onun sağ qoluna, Əbdürrəhim bəy Haqverdiyev isə sol qoluna girib jurnala qüvvət və cəsarət vermişdilər. C.Məmmədquluzadə sonralar etiraf edirdi ki, "Əbdürrəhim bəy Haqverdiyev hər şeydən qabaq "Molla Nəsrəddin" məcmuəsinin ibtidasından ta bu vaxtadək məcmuənin ən yaxın əməkdaşlarından və məsləhətçi dərəcədə yoldaşlardan hesab olunur".

 

Onu da demək lazımdır ki, Ə.Haqverdiyev satirik bir hekayəçi kimi həmin jurnalın qüvvətli təsiri altında yetişmişdi. Onun ictimai-siyasi satira səviyyəsinə qalxan hekayələri, xüsusən "Xortdanın cəhənnəm məktubları" tamamilə jurnalın inqilabi demokratizminə və üslubuna müvafiq idi...

 

Ə.Haqverdiyevin hekayəçilik məharəti özünəməxsusdur, onun öz ideya-estetik xüsusiyyətləri vardır. Tənqid və ifşa ədibin vətəndaşlıq ləyaqətini aşkara çıxardığı kimi, onun insanpərvərliyini, müsbət həyat idealını da aydınlaşdırır. Ədibin estetik idealı insaniyyətdir. Onun "Qoca tarzən" və "Mirzə Səfər" kimi hekayələrini oxuyanda inanırsan ki, ədibin qələminə istiqamət verən həmin insaniyyət idealıdır, insandakı gözəlliyi, ləyaqəti, istedadı duymaq, qiymətləndirmək arzusudur. Mirzə Səfərlərin, usta Zeynalların mərdliyini, dostluğunu, Həsən ağaların quru təkəbbürünə, yalançı himayəkarlığına qarşı qoyan ədib öz əlinin zəhmətinə, öz qüvvə və bacarığına arxalanan, insanlıqda, dostluqda möhkəm olan sadə və namuslu adamların nəğməkarıdır.

 

Hekayəçi Haqverdiyevin qələmi altında bəzən incə lirika kinayəli yumora, yumor acı istehzaya, satiraya, hətta bəzən sarkazma keçir, mehribanlıq və məhəbbət nifrətə, qəzəbə çevrilir. "Ovçu Qasım", "Qaban", "Çeşmək" hekayələrindəki lətifə və anekdotvari hadisələrin, "Marallarım" və "Cəhənnəm məktubları" silsiləsinin əsasını təşkil edən ictimai tənqidin doğurduğu acı gülüşün özündə ədibin ürək ağrısını, kədərini duymaq çətin deyildir. Bəzən bu kədər güclənir, sadə və təmiz adamların müstəbidlərdən çəkdiyi faciələrin doldurduğu səbir kasasının daşmasına səbəb olur...

 

Ədibin göz yaşları arasından eşidilən gülüşündə və əksinə, gülüşləri arasından süzülən göz yaşlarında böyük insanpərvər bir qəlbin hərarəti hiss olunur...

 

Hekayəçi Haqverdiyevin bir məziyyəti də şirin, sadə və aydın dildə yazmasıdır. Ə.Haqverdiyev maraqlı bir söhbətçi, bacarıqlı təhkiyə ustası idi. Onun hekayələrini oxuyanda elə bil ki, gözəl bir nağıl dinləyirik, böyük sənətlə həyatın birləşdiyini duyuruq. Dahiyanə sadəlik elə bunun özüdür.

 

Sözümüzü Ə.Haqverdiyevin hekayələrindən başlasaq da, etiraf etməliyik ki, o, ədəbiyyatımıza hər şeydən əvvəl bir dramaturq kimi daxil olmuşdu. O, şüurlu həyatının qırx ilini, demək olar ki, teatra və dramaturgiyaya həsr etmişdi: ilk dram əsərini 1892-ci ildə yazmış, son əsəri olan "Sağsağan" isə 1932-ci ildə yazılıb, 1933-cü ildə, yəni ədibin vəfat etdiyi ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdu.

 

Şuşada müəllimi - teatr həvəskarı Yusif bəyin təsiri ilə uşaqlıqdan teatra vurulan ədib 1891-ci ildən sonra Peterburqda təhsil aldığı zaman Aleksandrinski teatrının pərəstişkarlarından olmuşdu...

 

Azərbaycan dramaturgiyasının tarixində Ə.Haqverdiyevin əsərləri realizm yolunda irəliyə doğru bir addımdır. Əvvələn, ona görə ki, "Dağılan tifaq", "Bəxtsiz cavan" kimi dramlarında Haqverdiyev dövrün vacib ictimai məsələlərinə toxunaraq cəmiyyətimizdə baş verən hadisələrə qabaqcıl mövqedən cavab verməyə çalışırdı. Onun pyesləri ardıcıl surətdə bəy, xan və mülkədar hakimiyyətini damğalayırdı. İlk əsərlərində qoyduğu problemlərin inqilabi həllini ədib son əsərlərində - "Ağac kölgəsi"ndə, "Köhnə dudman", "Baba yurdunda" əsərlərində verirdi.

 

İkincisi, ona görə Ə.Haqverdiyevin dramaturgiyası irəliyə doğru bir addım idi ki, burada ədibin estetik idealı, onun sənətkar mövqeyi çox aydın bir şəkildə təzahür edirdi. Qəhrəmanlar bir tip olaraq öz ictimai və fərdi simaları ilə səhnədə canlanırdılar. Tarixi konkretlik, ictimai dəqiqlik Haqverdiyev qəhrəmanlarının səciyyələndirilməsində mühüm yer tuturdu. Digər tərəfdən bu dramlarda dramaturji təkmilləşmə, ardıcıllıq, kompozisiya mürəkkəbliyi nəzərə çarpırdı. Ə.Haqverdiyevin "Pəri cadu" və "Ağa Məhəmməd şah Qacar" kimi əsərlərində ədibin yeni təşəbbüsləri, çoxplanlı dram yaratmaq meyli diqqəti cəlb edir.

 

Onun Ağa Məhəmməd şah surəti kamil bir faciə qəhrəmanıdır. N.Nərimanovun "Nadir şah"ından sonra Ə.Haqverdiyev teatr tariximizdə daha bir addım irəli ataraq bütün varlığı ilə mənfilik, qəddarlıq, müdhişlik mücəssəməsi olan müstəbid şahı qüvvətli faciə qəhrəmanı səviyyəsinə qaldırmışdır...

 

"Dağılan tifaq"da mülkədar Nəcəf bəyin faciəsi daha çox ailə-məişət faciəsi kimi nəzərə çarpır, onu bədbəxt edən, tifağını dağıdan qumardır, pozğun həyatdır. Oğlu Süleymanın da onun yolu ilə gedib pozğunlaşması, arvadı Sona xanımın faciəsi mülkədar tifağının daxili çürüməsini əks etdirir...

 

"Bəxtsiz cavan" dramında Ə.Haqverdiyev mülkədar tifağının dağılmasını bir qədər də dərindən işıqlandırır. Mülkədar ağalığının daxildən dağılmasının bir təzahürünü də Fərhad təmsil edir... 1900-cü ildə yazılan bu əsərdə ilk dəfə Azərbaycan səhnəsindən Fərhadın dili ilə ədib öz demokratik fikirlərini açıq və aydın bir şəkildə ifadə etmişdi.

 

"Pəri cadu" pyesində odunçu Qurban ilə Niyazın bədii surətini ədib dərin rəğbət hissi ilə yaratmışdır...

 

"Bəxtsiz cavan"dan 25 il sonra yazdığı "Köhnə dudman", "Baba yurdunda" və "Ağac kölgəsində" pyeslərində ədib tarixin hadisələrə verdiyi ciddi təshihi qeyd edir və bu təshihin ədalətli olduğunu göstərir... Ədəbiyyatda, teatr aləmində fədakar ədib-dramaturqun nə demək olduğunu yaxşı təsəvvür etmək üçün Ə.Haqverdiyevin həyat və yaradıcılığına nəzər salmaq kifayətdir. Teatr Ə.Haqverdiyevin ən əziz fəaliyyət aləmi, ən çox sevdiyi bir sənət ocağı idi.

 

Teatrlarımız üçün Ə.Haqverdiyev "Hamlet", "Qəzavat", "Yəhudilər" və "Pero" əsərlərini tərcümə etmişdir. Əgər buraya onun "Millət dostları", "M.F.Axundov ("Xəyalat")", "Ac həriflər" kimi kiçik pyeslərini də əlavə etsək və xatırlatsaq ki, 1908-ci ildə "Leyli və Məcnun" operası ilk dəfə möhtərəm ədibimizin dirijorluğu ilə ifa olunmuşdur, o zaman Ə.Haqverdiyevin Azərbaycan teatrı tarixindəki görkəmli rolu və mövqeyi təsəvvürümüzdə tam bir şəkildə canlanar.

 

Ə.Haqverdiyevi həyatda görənlər, onun Azərbaycan Dövlət Universitetində ədəbiyyat tarixindən oxuduğu mühazirələri dinləyənlər çox yaxşı bilirlər ki, bu ədib nə qədər zəhmətkeş, nə qədər işgüzar, nə qədər sakit və təvazökar, nə qədər nəcib və mehriban bir adam idi, necə atəşli, odlu bir təbliğatçı, necə sevimli bir müəllim, necə insaniyyətli bir insan idi.

 

Ə.Haqverdiyev bu gün də qarşımızda öz gözəl siması ilə canlanır, hətta deyə bilərik ki, o, daha da gözəlləşmişdir. Əsərlərindəki müasirlik və insanpərvərlik ruhu bütün varlığı ilə çiçəklənmiş, əsərlərinin estetik tərbiyə dairəsi xeyli genişlənmişdir.

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 

Dadaşzadə Məmməd Arif

 

525-ci qəzet.- 2021.-4 mart.- S.12