Milli onomastika məktəbinin
banisi - Afad Qurbanov
Bu
yaxınlarda müasir milli dilçilik elminin ən görkəmli
nümayəndələrindən biri olan Əməkdar elm
xadimi, Dövlət Mükafatı laureatı, AMEA-nın
üzvü, filologiya elmləri doktoru, professor Afad Qurbanovun
anadan olmasının 92-ci ildönümü tamamlandı.
O, Azərbaycan
dilçiliyinin ən əsas problemlərini tədqiqata cəlb
edərək çox mühüm və dəyərli nəticələr
əldə edən, dilçilik elmində gələcək nəsil
nümayəndələrinin formalaşması və
inkişafına xüsusi qayğı ilə yanaşan,
qarşıda duran vəzifələri dəqiq müəyyən
edən tanınmış dilçi alimdir. Professor
A.Qurbanov çoxcəhətli və
geniş diapazonlu elmi fəaliyyətilə ölkəmizdə
dilçilik elmini zənginləşdirən, ona öz dəyərli
töhfələrini verən, öz dəst-xəttilə
seçilən elm xadimlərindən olmuşdur.
Dilçiliyin son illərdəki inkişafının
mühüm nailiyyətlərindən biri də yeni bir
dilçilik sahəsinin - onomastikanın yaranması və
formalaşmasıdır. XX əsrin ikinci yarısı Azərbaycanda
onomastikanın tədqiqi üçün xüsusi mərhələ
hesab oluna bilər. Bu mərhələdə Azərbaycan
onomalogiyasının müstəqil nəzəri dilçilik
şöbəsi - elmi məktəb kimi formalaşması
bilavasitə Afad Qurbanovun adı və fəaliyyətilə
bağlıdır.
Ümumiyyətlə,
dildəki hər bir xüsusi adın - onomastik vahidin
ictimai-tarixi inkişafın məhsulu olduğunu yada salsaq, bu
sahənin əhəmiyyətini daha bariz şəkildə
görmək mümkündür. Xüsusi adlar
keçmişin izlərini özündə mühafizə
edib müasir zamana kimi gətirən real faktor olub, tarixin
canlı şahidləri hesab edilirlər. Azərbaycan
dilçiliyində ilk dəfə olaraq onomastika məsələlərinin
sistemli şəkildə geniş tədqiqi məhz Afad
Qurbanovun adı ilə bağlıdır. Xatırladaq ki,
onomastika bir elm sahəsi kimi xüsusi adları, yəni insan
adları, coğrafi adlar, tayfa adları və sairəni
öyrənir. Bu sahə, tədqiqat obyektindən asılı
olaraq, antroponimika, toponimika, etnonimika və digər kimi bölmələrə
bölünür. Azərbaycan dilindəki şəxs
adlarının özəl xüsusiyyətləri, onların
mahiyyəti, sistemi, yaranması, mənşəyi, məna əsası,
yayılma regionu, quruluşu, inkişaf tarixi, təkmilləşməsi,
üslubi imkanları, bir dildən başqa bir dilə
transliterasiyası kimi antrotoponimikanın əsas problemləri
bilavasitə Afad Qurbanovun əsərlərində əsaslı
şəkildə araşdırılaraq tədqiq edilib. Azərbaycan
dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin
inkişaf dövrlərini müəyyənləşdirən,
hər bir dövrün səciyyəvi cəhətlərini
konkret dil faktları ilə əsaslandıran da o olub. Onun
"Antroponim nəzəriyyəsi" adlı monoqrafiyası
bu baxımdan orijinallığı ilə diqqəti cəlb
etməkdədir. Onu da qeyd edə bilərik ki, bədii əsərdəki
antroponimlər, toponimlər, onların üslubi xüsusiyyətləri,
etnik adlar, ad yaradıcılığı, poetik
onomastikanın ilk tədqiqatçısı da Afad Qurbanov
olmuşdu.
Ümumi
dilçilik və Azərbaycan dilçiliyinin müxtəlif
problemlərinə həsr edilmiş fundamental elmi-tədqiqat əsərlərinin
və dərsliklərin müəllifi, nəzəri və
praktik məsələlər üzrə ən məhsuldar
alimlərimizdən olan professor Afad Qurbanov öz tədqiqatlarını,
əsasən, dilçiliyimizin az öyrənilmiş sahələrilə
bağlı aparıb. Alim uzun illər ərzində onomastika
məsələlərilə daha çox maraqlanmış, tədqiqatlar
aparmış, mühüm nailiyyətlər əldə etmişdi.
A.Qurbanovun onomalogiyaya dair ilk əsəri 1956-cı ildə
Tbilisidə dərc edilən "Azərbaycan şəxs
adlarının xüsusiyyətləri" məqaləsidir.
Daha sonra tədqiqatçı bir-birinin ardınca
"Müasir Azərbaycan ədəbi dili" (Onomalogiya
bölməsi), "Azərbaycan onomastikası", "Azərbaycan
onomalogiyası məsələləri", "Poetik
onomastika", "Onomalogiyaya dair elmi-metodik göstərişlər"
və digər monoqrafiyaları, dərsliklərinəşr
etdirərək dilimizdə bu sahənin öyrənilməsinə
düzgün elmi istiqamət verməklə bərabər, Azərbaycan
onomalogiyasının da müstəqil bir şöbə kimi
formalaşmasının əsasını qoymuşdu. Onun bu
sahə ilə bağlı ən böyük uğuru 1988-ci
ildə nəşr edilmiş və 1989-cu ildə Dövlət
mükafatına layiq görülmüş "Azərbaycan
dilinin onomalogiyası" adlı mükəmməl və əhatəli
monoqrafiyasıdır. Əsərdə Azərbaycan
dilçiliyində ilk dəfə olaraq onomastika problemləri
elmi-nəzəri aspektdən şərh edilmişdi. Bu
monoqrafiya Azərbaycan dilçiliyində xüsusi adların hərtərəfli
linqvistik təhlilinə həsr olunmuş ilk əsər hesab
edilir.
A.Qurbanov
bu əsərində fundamental onomastik təlimin nəzəri əsaslarını
yaratmış, eləcə də Azərbaycan dilində və
bütövlükdə dünya dillərində xüsusi
adların qruplarını müəyyənləşdirməyə
nail olmuşdu. Azərbaycan Dövlət Pedaqoji Universitetində
"Onomastik problem laboratoriyası"nın
yaradılması, onomastikamızın problemlərinə həsr
edilmiş beynəlxalq və elmi konfranslarının mütəmadi
olaraq keçirilməsi bilavasitə Afad Qurbanovun səyləri
sayəsində baş tutdu. Onun rəhbərliyilə
onomalogiyanın problemlərinə dair müxtəlif
mövzularda onlarca dissertasiyalar müdafiə edildi. Onomastika
sahəsində məktəb yaratmış görkəmli
dilçi alimin elmi tədqiqatlarında təkcə Şimali
Azərbaycandakı onomastik vahidlər deyil, həm də Cənubi
və Qərbi Azərbaycandakı, eləcə də
Gürcüstan, Dağıstan, Əfqanıstan və digər
ölkələrdə olan minlərlə türk-Azərbaycan mənşəli onomastik vahidlər, xüsusilə
toponimlər təhlilə cəlb olunub.
"Azərbaycan
dilinin onomalogiyası" əsərinin elmi dəyəri
haqqında türk dünyasının görkəmli elm xadimi
Xəlil Açıqgözün də maraqlı bir şərhi diqqəti
cəlb edir: "Möhtərəm professor Afad Qurbanov illərdən
bəri gözlədiyimiz türk onomastikasının nəzəri
və əməli problemlərini böyük bir diqqətlə
işləmişdir. Ona nə qədər təşəkkür
etsək, azdır. Kitabın qısa zamanda Türkiyə
türkcəsinə nəşrini təmənna edirik. Əsər
ölkəmizdə də nəşr edilərsə, türk
onomastik araşdırmaları daha aydın
işıqlandırılar". Akademik Məmmədağa
Şirəliyev isə öz məqaləsində yazır:
"A.Qurbanovun "Azərbaycan dilinin onomalogiyası"
adlı əsəri təkcə bizim dilçiliyimiz
üçün deyil, dünya türkoloji dilçiliyi
üçün də çox qiymətlidir. Mən tam məsuliyyətlə
deyə bilərəm ki, Afad Qurbanov bu əsərilə Azərbaycan
onomastika məktəbinin əsasını qoymuşdur".
Onomalogiya
problemlərinə xüsusi əhəmiyyət verən
görkəmli elm xadimi A.Qurbanov 2004-cü ildə onomastika məsələlərinə
dair 2 cilddən ibarət böyük, fundamental monoqrafiya ərsəyə
gətirib nəşr etdirmişdi. Yüksək elmi səviyyədə
və səlis dildə yazılan Azərbaycan
onomalogiyasının nəzəri əsaslarının tədqiqinə
həsr edilmiş ikicildlik monoqrafiya Türkiyə və Rusiyada
da nəşr olunub.Bu monoqrafiyalar Azərbaycan dilçiliyində
və ümumiyyətlə, türkoloji dilçilikdə ilk dəfə
olaraq xüsusi adların hərtərəfli şəkildə
linqvistik tədqiqinə həsr edilib. O, bu əsərlərində
fundamental onomastik təlimin nəzəri əsaslarını
şərh etmiş, Azərbaycan dilində və
bütövlükdə dünya dillərində xüsusi
adların qruplarını müəyyənləşdirmişdi.
Bu gün bu sahədəki bütün tədqiqatlar Afad
Qurbanovun müəyyən etdiyi qruplaşma əsasında
aparılır.
Həmçinin,
A.Qurbanov Azərbaycan onomastikası problemlərilə
bağlı konfransların hər birinin təşkilatçısı
və əsas məruzəçisi olaraq misilsiz xidmət
göstərib. 1986-cı il noyabrın 28-də APİ-də
(indiki ADPU) "Azərbaycan onomastikası problemlərinə
dair" birinci elmi-praktik konfrans keçirildi. Bu, Azərbaycan
dilçiliyi, eyni zamanda, türkologiya tarixində onomastika məsələlərinə
həsr olunmuş ilk konfrans oldu. Konfransa tanınmış
dilçilərlə yanaşı, tarixçi və
coğrafiyaşünas alimlər də dəvət
olunmuşdu. Həm də bu alimlər təkcə
respublikamızın deyil, Rusiya, Qazaxıstan, Qırğızıstan,
Türkmənistan, Özbəkistan, Gürcüstan kimi ölkələrin
nüfuzlu elm adamları idilər. Təkcə bu fakt belə
konfrans barədə dolğun təəssürat yaradır.
Ən azı onun coğrafiyasının çox geniş
olduğunu, hətta beynəlxalq səviyyəli bir konfrans kimi
keçirildiyini sübut edir.
AMEA-nın
müxbir üzvü A.Qurbanovun onomastika sahəsindəki fəaliyyəti
respublikamızda və ölkəmizdən kənarda yüksək
qiymətləndirilib. 1989-cu ildə İstanbulda nəşr
edilmiş "Türk dünyası
araşdırmaları" adlı sanballı elmi toplunun bir
neçə səhifəsi məhz bu fundamental əsərin təhlilinə
həsr olunub.
Onu da qeyd
edək ki, Azərbaycan dilçiliyində bədii əsərlərin
onomastik cəhətdən sistemli şəkildə tədqiq
edilməsində A.Qurbanovun "Poetik onomastika"
kitabının rolu əhəmiyyətlidir. O "Müasir Azərbaycan
ədəbi dili", "Azərbaycan onomastikası",
"Azərbaycan onomalogiyası məsələləri"
kitablarında poetik onomastikanın ayrı-ayrı sahələrinin
tədqiq edilməsinin dilçiliyimiz üçün təxirəsalınmaz
vəzifə olduğunu xüsusi olaraq
vurğulamışdı. Görkəmli tədqiqatçı
"Poetik onomastika" kitabında bu problemləri sistemli
şəkildə araşdırmışdı.
Həm nəzəri,
həm də tətbiqi onomalogiya sahəsində öz həllini
gözləyən aktual mövzular, problemlər
saysız-hesabsızdır. Kəmiyyət və keyfiyyətcə
böyük nailiyyətlər əldə edilməsinə
baxmayaraq, hələ də görüləsi işlər az
deyildir. Digər elm sahələrində olduğu kimi, birtərəfli,
yaxud uydurma fikirlər onomastik tədqiqatları da faktı
saxtalaşdırmağa yönəldə bilər ki, bu da elm
üçün son dərəcə qəbul olunmazdır. Azərbaycan
dilinin onomastik məzmunu və sistemi çox zəngin və rəngarəngdir.
Tədqiqatçı onomoloqların qarşısında
olduqca böyük və məsuliyyətli elmi vəzifələr
durmaqdadır. Bu xüsusiyyətlərin düzgün
açıqlanması, xalqımızın tarixinin, mədəniyyətinin,
elminin, dilinin keçmişinin öyrənilməsi
böyük əhəmiyyət kəsb edir. Bu baxımdan
haqqında bəhs etdiyimiz A.Qurbanovun müəyyən etdiyi
elmi istiqamət yeni nəsil onomoloqların da tədqiqat
işinə öz töhfəsini verəcək.
Adı Azərbaycan
dilçiliyinin korifeylərilə bir sırada çəkilən,
türk və Avropa dilçiləri tərəfindən
orijinal konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul
edilən, Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan təhsilinə,
elminə həsr edib, ana dilimizin inkişafına, ümumiyyətlə,
dilçiliyə, əlifbamızın təkmilləşdirilməsinə
dair sanballı, mükəmməl əsərlərlə
töhfələr verib, alimliklə insanlığın vəhdətini
özündə birləşdirməklə bərabər,
görkəmli türkoloqlarımızdan olub. Dilçilik
elmimizin görkəmli şəxsiyyətinin xatirəsi daim həmkarları
və yetirmələrinin, elm xadimlərinin, onu tanıyan hər
bir kəsin qəlbində əbədi olaraq yaşayacaq.
Görkəmli tədqiqatçı-alim Afad Qurbanovun mənalı
həyat yolu əsl ziyalılıq təcəssümüdür,
öz biliyi, elmi səviyyəsi, alicənablığı, gənc
mütəxəssislərə təmənnasız
qayğısı, Vətəninə xidmət göstərməsilə
yaddaşlara əbədi həkk olunub.
Aysel BEHBUDLU
AMEA Naxçıvan
bölməsinin əməkdaşı
525-ci qəzet.- 4 mart.-
S.13.