Hər birimizin vətəndaşlıq borcu
Heç kim
qanundan üstün deyil.
İlham Əliyev
İnsanların əksəriyyəti getdikcə
başa düşür
ki, cəmiyyətdəki
mənəvi dəyərlər
sistemində mövcud
qanunların tətbiqində
neqativ proseslər cərəyan etməkdədir
və bu pozuntuların qarşısını
almaq, onun sürətini azaltmaq və nəhayət, prosesi dayandırmaq vaxtı çatıb. Dövlət başçısı təxminən
bir ildən çoxdur ki, bu istiqamətdə ciddi tədbirlər həyata keçirir.
Özünü "toxunulmaz qüvvə"
hesab edənlər pərən-pərən düşüb,
hərə öz canının hayındadır.
2020-ci ilin yekunlarına
həsr olunmuş müşavirədə dövlət
başçısının dediyi fikirlər bütün bunları bir daha sübut
edir: "Xoşagəlməz
hallar bürokratiya tərəfindən ört-basdır
edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı.
Müvafiq qurumlar korrupsiyaya
və rüşvətxorluğa
qarşı kifayət
qədər ciddi mübarizə aparmırdılar,
bəzi hallarda cinayətlərə göz
yumurdular. Bütün bunlar
həqiqətdir. Kadr islahatları
artıq buna da son qoyub. Bu gün heç kim,
cinayət törətmiş
insan vəzifəsindən
asılı olmayaraq məsuliyyətdən boyun
qaçıra bilməz.
Heç kim
qanundan üstün deyil. Heç kim üçün
heç bir xüsusi status, heç bir imtiyaz yoxdur.
Bunu hər kəs bilməlidir. Hesab edirəm,
2020-ci ilin hadisələri
göstərir ki, hər kəs bunu artıq bilir".
Bu gün cəmiyyətimizdəki
xoşagəlməz halların
(korrupsiya, rüşvətxorluq,
vəzifədən sui-istifadə,
ədalət prinsipinin
pozulması) qarşısını
almaq məqsədilə
həyata keçirilən
tədbirlər mənə
yazqabağı ağaclar
daha yaxşı bar gətirsin deyə aparılan "budama" prosesinı xatırladır.
Təbiətdə olduğu kimi,
cəmiyyətdə də
dövlətçiliyə xələl gətirən,
insanlıqla bir araya sığmayan, ümumi inkişafımızı
ləngidən dərin
kök salmış
"alaq otlarını"
zərərsizləşdirməyin zamanı gəlib çatıb. Həm də
bu mühüm və mürəkkəb prosesin mümkün qədər sürətlə
aparılmasına ehtiyac
var.
Məsələnin mənəvi-psixoloji tərəfi
daha acınacaqlıdır. COVİD-19 pandemiyası səbəbindən
bütün dünyada
yaşanan iqtisadi böhrana, sosial problemlərə görə
onsuz da gərginləşən
cəmiyyət haqsızlıq,
ədalətsizlik, özbaşınalıq
görəndə bir qədər də bədbinliyə uğrayır.
Artıq
optimist kimi tanıdığımız
dost-tanışlarımızın belə, ümidsizliyə qapıldığını görürük.
Vətəndaş amilinə hər
zaman prioritet kimi yanaşan dövlətimiz cəmiyətdə
baş verən bütün neqativ halların təkamül çərçivəsində həllinə cəhd edir. Bu gün
dövlət başçısının
rəhbərliyi ilə
həyata keçirilən
islahatları yüksək
qiymətləndirmək və
dəstəkləmək hər
bir vicdanlı, vətənpərvər insanın
mənəvi borcudur.
Etiraf edək ki, bu
yükün altından
çıxmaq o qədər
də asan deyil. Bu, tək
Prezidentin işi kimi qiymətləndirilməməli,
ümumxalq məsuliyyəti
kimi dəyərləndirilməlidir.
Dövlət başçısı korrupsiya və rüşvətxorluq, məmur
özbaşınalığı, məmurların qeyri-təvazökar
davranışlarına qarşı
sərt mövqeyini ictimaiyyət qarşısında
açıq səsləndirir.
Baş verən qanunsuzluqlar barədə ən sərt tənqidi mövqeni elə Prezident özü vurğulayır
və bu halların aradan qaldırılması
üçün həm
hüquq-mühafizə və
xüsusi xidmət orqanlarının, həm də medianın, digər ictimai nəzarət institutlarının,
hətta adi vətəndaşların belə
öz funksiyalarını
yerinə yetirməsinin
vacibliyini dəfələrlə
dilə gətirir.
Biz, bir qədər
əvvəl dediyim kimi, kütləvi budama - təmizləmə
əməliyyatına şahidlik
edirik. Bu işdə
hər birimiz öz töhfəmizi verməyə çalışmalıyıq.
Şumlama torpağı çevirərək
hər şeyi qarışdırmaq, kol-kosu
ayırıb yenidən
əkib-becərmək deməkdir.
Bizim buna ehtiyacımız yoxdur. Bu gün
baş verənləri
sadəcə təmizləmə
prosesi kimi qiymətləndirməli, buna
əsla inqilabi don geyindirməməliyik. Çünki tarix boyu inqilablar
qurucu deyil, dağıdıcı xarakter
daşıyıb. Bunu təhlil
etmək üçün
təkcə 90-cı illərə
nəzər yetirmək
kifayətdir. Xatırlasanız, bir daha əmin
olarsınız ki, o zaman baş verənlər inqilabın
əlamətləri idi.
Həmin
illərdə yaxşı
və pis hər nə var idisə, yenidən qurmaq məqsədilə tamamilə
dağıdıldı. Necə deyərlər, qurunun oduna yaş da yandı. Dağıdıcı ünsürlər sanki son fürsətdir deyib ölkəni alt-üst etdilər. Bütün sahələr viran olundu. O zaman törədilən dağıntıların
tör-töküntüsünü hələ də yığıb-yığışdıra bilmirik. Yaxşı ki, neft və qaz kimi
təbii sərvətlərimiz,
ən əsası isə bu sərvətlərdən
məntiqli və məqsədyönlü şəkildə
istifadə etməyi bacaran möhkəm siyasi iradəyə, liderlik bacarığına
malik dövlət başçımız var
idi. Əks halda nə baş verəcəyini təsəvvür etmək
belə istəməzdim.
On ilə qədər
bir müddət şumlanmış torpağı
yenidən hamarlayıb
məhsuldarlıq üçün
münbit şərait
yaratmağa sərf olundu. Təəssüflər olsun ki, torpağa qarışıb
cücərti verən
alaq otları indi yenidən baş qaldırmağa başlayıb.
Ötən 15-16 il ərzində baş verən proseslər, ən əsası da 44 günlük Vətən müharibəsi çox sirləri açdı, çox gizlinləri üzə çıxardı.
Nə yaxşı ki, bu illər ərzində
cəmiyyətin özünüqoruma
instinkti qorunub saxlanmışdı. Kimsə inkar
edə bilməz ki, qazandığımız
Qələbədə xalqımızın
güclü iradəsi,
dözümlülüyü, ruh yüksəkliyi mühüm rol oynadı. İlk gündən hər birimiz bir toplum
kimi dövlət başçısının ətrafında
birləşib gələcəyə
nikbin baxdıq, qalib gələcəyimizə
şübhə etmədik.
Bir daha əmin olduq ki, insan istədiyi
hər şeyə zəhmətlə, əzmlə
nail ola bilər.
Bu istək, bu
inam bizdə bu gün də
var. Fürsəti isə
Allah şans olaraq ayağımıza gətirib.
Ədalətə, qanunun aliliyinə,
yüksək mənəvi
keyfiyyətlərə, ədalətə
söykənən cəmiyyət
qurmaq üçün
gözəl imkan yaranıb. İndi biz seyrçi mövqeyində
qalmamalıyıq. Qazandığımız
qələbə yeni təmizləmə, saflaşdırma
prosesinə təkan verdi. Bu imkan, bu münbit
şərait bir daha təkrar olunmaz. Mən elə hesab
edirəm ki, dövlətçiliyimiz üçün
2020-2021-ci illər ən
məsuliyyətli illər
kimi qiymətləndirilib,
nəticə çıxarılmalıdır.
Bu tarixi sınaqdan
üzüağ çıxsaq,
mənən rahatlıq
tapa bilərik. Əksini fikirləşmək
belə istəmirəm.
Ədalətin, qanunun hökm
sürəcəyi bir
dövlətdə yaşamaq
istəyi, arzusu daha üstündür.
Bu məqsədə inanıb yaşamalı, mübarizə aparmalı,
hakimiyyət tərəfindən
həyata keçirilən
təmizləmə prosesində
yaxından iştirak etməliyik. Əlimizdən nəsə gəlməsə
belə, ən azından susmamalıyıq.
Çünki bu dövlət,
bu ölkə orada yaşayan xalqa mənsubdur. Dövlətimizə, ölkəmizə, cəmiyyətimizə sahib çıxmağın
əsl zamanıdır.
Ədalətsizliyə dözüm əqidəsinə
yox deyib, quruculuq işinə qoşulmalı, başlanmış
saflaşma prosesinə
mümkün dəstək
verməliyik. Hər kəs
öz gücü və bacarığı ilə əminliklə dayanmadan irəli getməlidir. Biz ədalətə və qanuna söykənən dövlətin vətəndaşı
ləyaqətini saxlamaq
naminə fədailik etməkdən çəkinməməliyik.
Bu, necə deyərlər, hər birimizin vətəndaşlıq
borcudur.
Rafiq ƏLİYEV
525-ci qəzet.- 2021.- 5 mart.- S.11