Gerçək bədii mətnin vəsfi
Yaxşı şeir sözlərin xasından,
misraların harmoniyasından yaranır. Əsl şair hər
parıltılı kəlməyə doğru can atmır. Çünki ilk baxışdan bu
gözaldadıcı parıltı sahibini və oxucusunu aldada
da bilər. Onda inam, etibar itər,
urvatlı söz qədir-qiymətini qorumaqda çətinlik
çəkər.
İlk
uğurlu şeirlərini və elmi-publisistik məqalələrini
ötən yüzilliyin səksəninci illərinin
sonlarında oxuduğumuz Elşad Səfərlinin sonrakı
vaxtlarda çap olunan poetik nümunələrdən ibarət
topluları və ədəbiyyatşünaslığın
müxtəlif problemlərinə həsr edilmiş nəşrləri,
dərs vəsaitləri göstərir ki, sözlə
qırx-qırx beş illik
yoldaşlığı hədər deyilmiş. Ötən müddət ərzində o, "Sabir
Rüstəmxanlının fərdi yaradıcılıq
üslubu" mövzusunda dissertasiya müdafiəsini başa
çatdırıb, geniş aspektli yazısının kitab
şəklində çapına nail olub. Elə
alimlik taleyini də çalışdığı Lənkəran
Dövlət Universitetinə bağlayan müəllif nə
elmi yaradıcılıq yorulduğunu dilinə gətirib, nə
də poeziyada usandığını bəyan edib. Bunun arxasında sənət sevgisi, axtarış, zəhmət
və sözsüz, istedad dayanır.
Elşad
Səfərlinin yeni "İki çiçəyin
dastanı" şeirlər, poemalar kitabını oxuyuruq. Bu poeziya buketi bölgədə
yaşayıb-yaradan, daim təzəliyə can atan,
çağdaş şeirimizi ali məktəbdə
təbliğ-tədris edən, dərindən bilən, onunla nəfəs
alan şairimizin özünəməxsus hiss və həyəcanları,
ürək çırpıntılarıdır. Kitaba
"Nikbin notlar və ya qəm motivləri" adlı irihəcmli
ön söz yazan filologiya elmləri doktoru, professor Əmirxan
Xəlilov doğru olaraq alim-şairin yaradıcılıq
potensialını yüksək dəyərləndirir, səciyyəvi
cəhətlərini qabardır: "Mənim 40 ilə
yaxındır ki, tanıdığım, sevdiyim
keçmiş tələbəm, dostum Elşad Səfərli
mübaliğəsiz, hələ o zaman məhz ən
yaxşılardan biri olmuşdur. İndi o,
öz müəllimlərinin çoxunu xeyli dərəcədə
ötüb keçmiş, neçə-neçə elmi-bədii
kitabların müəllifidir. Elşad
yaxşı dərk edir ki, ucalığın, fəzilətin
ən kiçiyi pul, var-dövlətin ən böyüyü
isə hikmət, mənəvi zənginlikdir. Təbii istedad sahibi olan həm də ağıl, zəka
sahibidir, "ağır oturub, batman gələndir".
Heç vaxt təhsil, məktəb
fitri-istedadı əvəz edə bilməz. Onun
poeziyasının uğuru təbii istedad faktoru ilə
bağlılığındadır ki, bunu da heç kim inkar edə bilməz".
"İki çiçəyin dastanı" kitabı
"Nostalji" adlı maraqlı nümunə ilə
açılır. Bəlkə də hər bir poeziya toplusu
üçün ilk şeir qapıdır.
Nağıllarımızda olduğu kimi: "Sim-sim,
qapını aç, görək, içəridə nə
var?" Bizcə, şair gecə-gündüz taleyini yazır
və təşbehləri, bənzətmələri də
diri, canlı təsir bağışladığından yadda
qalır:
Göyün
hökmü tutub yeri sazağa,
Minillik qarını vurmuşdu dağa.
Gördüm
göz işləmir çox da uzağa,
Daha duman tutub, göz kilidlənib.
İlk baxışdan yeddi bəndlik şeir "təpədən-dırnağa"
təbiət təsvirləridir. Elə yeddinin
özü də müqəddəs rəqəmdir, rəmzi məna
daşıyır. Əsərin boyuna biçilmiş
"dilin ucunda sözün kilidlənməsi, göyün
sazağa hökmü, torpağın üzündə buzun
kilidlənməsi, insanın şahidtək çinarın
yaddaşında qalması, həsrətin söz-söz
misralara çevrilməsi, dərdin misra-misra
sıralanması, qəhər buludlarının
üzümü yuması, ruhun dözümünün tükənməsi,
qar-sazaq tutmuş yolda izin kilidlənməsi" obrazlı
detallardır. Və Elşadın şeirlərində
bu kimi tapıntılar kifayət qədərdir.
Romantik şeirimizin banisi, faciəvi taleli Məhəmməd
Hadiyə çoxlu poetik nümunələr həsr olunub. Şairlərdən mərhum
Eldar Baxışın "bir şairi öldürdülər,
bir ölkənin ortasında, ölkə bilmədi-bilmədi"
kimi düşündürücü misralarından od püskürür. Başqa
çağdaş şairlərimiz də Hadiyə şeirlər
yazıblar. Elşad Səfərli də sələfinin
səsinə səs verib. "Hörmət
şəklində" adlı bədii mətnində Hadilərin
məmləkətindən didərgin salanların
ünvanına ittiham dolu naməsini göndərir.
Əlbəttə ki, "ittiham" sərt şair
ittihamıdır:
Sizə
yadigar söz qoydum,
Ən dürlü sənət şəklində.
Əvəzini
istəmədim,
Ömrümə
cənnət şəklində...
"Qrafoman",
"İkiliklər", "Boz konveyer", "Tərsinə
yozulmuş yuxular", "Allaha rüşvət",
"37", "37-də qaldı", "İlin ədəbiyyat
adamı", "Mənim Kəbəm", "Yüz
qalam", "Şair ağrıları", "Mənim məsləkim",
"Ancaq ki", "Fəxriyyə", "Hekayə",
"Kölgəmdə duranın biri", "Oyun",
"Sağlığında deyin" və bir sıra digər
nümunələrdə həyatımızın, təzadlı
dünyamızın gah boz üzü nəzmə çəkilir,
gah da yumşaq, xoş sifəti. Müəllifin Səməd
Vurğundan, Əli Kərimdən, Xəlil Rzadan, Məmməd
Arazdan, Cabir Novruzdan çəkdiyi uğurlu misalları öz
yaratdıqlarına incəliklə uzlaşdırmağı
bacarıb.
Dediyimiz kimi, Elşad Səfərli müasir ədəbiyyatımızı
gözəl bilir və onu auditoriyalarda, seminar otaqlarında ən
gənc nəslə öyrədir. Vaxtilə poeziyada
novatorluğun, yeniliyin, forma əlvanlığının əleyhinə
gedən köhnəpərəst, zamanla ayaqlaşmayan
"qafiyəpərdazların" cavablarını Xalq
şairi Rəsul Rza da çəkinmədən verirdi. Çağdaş dünya poeziyasının
aparıcı qollarından biri olan sərbəst şeirə,
düşüncə genişliyinə ötən əsrin
ortalarında sanki qadağa qoyulmuşdu. Ustad
Rəsul Rza rus ədibi V.Mayakovskidən, vətənindən
Moskvaya köç etmiş dahi N.Hikmətdən nə qədər
hikmətli ədəbi məhsullar misal çəksə də,
yenə amansız iradlara məruz qalırdı. Bəzən şairin Əli Kərim, Xəlil Rza
kimi talantlı, fikirdaşları yersiz təzyiqlərdən
yaxa qurtara bilmirdilər. Hətta, Xəlil Rzanın o
zaman məşhur bir misrası dillər əzbəriydi:
"Sən kimsən? Qafiyə, vəzn köləsi"... Bu
misranı şeirinə epiqraf götürən Elşad Səfərlinin
də cavabı tutarlıdır:
Nə
qafiyə köləsiyəm,
Nə vəzn.
Misraları
qısa yazdım,
Ya da uzun.
Qırdım
səddini qoşmanın,
Sındırdım
bəhrlərini
Əruzun.
Başqa
üzünü görmək istədim
Ərzin.
Başqa
üsulunu tapmaq istədim
Nəzmin...
Kitabın "Mavi məsafə" adlı silsilə
şeirləri də ona bir bitkinlik, bütövlük verir,
şair başladığı ədəbi ştrixləri
sanki tamamlayır. Əvvəla, qeyd etməyi lazım bilirik
ki, "Mavi məsafə" ümumi, sanballı
başlıqdır. Sözlə
vuruşan, çarpışan, mübarizəyə girişən
müəllifin tapıntısıdır. İlk
baxışdan bu sözlər bir-birinə yad qəbiləli
ifadələrdir: mavi rəng bildirir, "məsafə"
söylənəndə göz önünə yol-riz gəlir.
Həqiqətən elə şairlik odur ki,
uyğun gəlməyən sözləri
yaxınlaşdırasan, qovuşdurasan, elə bağlayasan,
qopartmaq mümkün olmasın. Şairin
"mavi məsafəsi" göydəndüşmə al-əlvan
yuxuları yada salır və elə assosiasiya doğurur ki,
oxucu özünü qeyri-adi aləmdə hiss edir. Əslində, bu "mavi məsafə" insanla
real arzuları arasında təbii mənzərədir, düz
xətdir. Biz bunu adsız şeirlərinin xeyli qismində,
"Sağ ol, dəniz", "O taydan baxanda",
"Başqa dəniz", "Mavi idmançı",
"Şair dünyası", "Dənizdən lövhə"
kimi nümunələrində seyr edirik. "Dəniz" sərlövhəli
poetik parçasında isə şair nəticəyə gəlir,
konkret fikrini yekunlaşdırır:
Dənizin
havası bir an içində,
Ağrını-acını atmaq
üçündü.
Dənizin
yuxusu sahilində yox,
Aparıb evində yatmaq üçündü.
"Dənizin havasını evə aparmaq" məcazı
nə qədər qeyri-real görünsə də, şair
oxucunu reallığa inandırır. Axı, Elşad Səfərli
özü də mavi Xəzərin füsunkar sahilində
doğulub və elə ilk pıçıltılarını
da dənizin "qulağına" deyib. Vaxtilə
məşhur şair Şəkər Aslan Elşadın təbiət
lövhələrini yüksək dəyərləndirib, ona tələbəykən
baş redaktoru olduğu "Lənkəran"
("Leninçi") qəzetində "Uğurlu yol"
yazıb.
Eyni ovqat, əhval-ruhiyyə "Bülbülün
balladası", "Müəlliməyə məktublar"
iri silsilələr üçün də xasdır. Şair təxəyyülünün
süzgəcindən "tənqidsiz yol azmış söz
"yiyəsi" keçir ("Kompas"), o, "ananı
qüssədən ovundurmağa" məqam axtarır
("Yanıqlı səs"), yeri gələndə sual
qoyur: "Sən hardan bilirsən, gecə yatmaq
üçündür?" ("Sən hardan bilirsən?"),
"Hamı özünün əslidir" qənaətini
hasil edir" ("Hamı özünün əslidir"),
"Bu tay o tayım bitişsə, yaram bitəcək onda"
gerçəyinə oxucunu inandırır ("Nəfəs"),
eləcə də özünəxas cinas yaradır: "Daha
nə qaldı ki, Ağam, saç-saqqalı tamam ağam"
("Sonun torpaq doğmalığı"), "Şair ərki",
"Kamil işi", "Minalanmış ərazi",
"Bir bezin qırağı", "Div sevgilər",
"Təklikdə", "Müəlliməyə ikinci məktub",
"Qatar ömrü kimi", "Zaman sənin
üçün yeyin gedirdi" poetik parçalarında yurd
sevgisi, vətən məhəbbəti, insanın duyğu və
düşüncələri qələmə alınıb.
Elşad Səfərli təvazökarcasına daim həqiqətin
yanında dayanmağı ilə öyünür:
O qədər
haqsızı qandırmışam ki, -
Şərin
daş bağrını sındırmışam ki...
Onunçün
doğrucul adlanmışam ki,
Daim söz etmişəm gerçəkləri mən.
Kitabın
"Lirik poemalar" bölümündə müəllifin
üç irihəcmli mənzum əsəri yer
almışdır: "Gərmətük balladası",
"İki çiçəyin dastanı" və "Dərdli
yazılan epopeya". Elşad ədəbi janr
etibarı ilə poemalarını lirik adlandırsa da,
hamısında epik həyati lövhələr, epizodlar var. Bəli,
bu əsərlərin hər üçü lirik və epik
hadisələrin məcmuyundan ibarətdir. Bir neçə kəlmə "Gərmətük
balladası" barədə. Gərmətük
Lənkəran rayonunda yerləşən iri yaşayış
məskənidir. Bu qədim kənd iki dəfə
Sovet İttifaqı Qəhrəmanı, tank qoşunlarının
briqada komandiri, general-mayor Həzi Aslanovu yetişdirib. Saysız-hesabsız gərmətüklülər
ictimai işlərdə, vəzifə pillələrində
yüksəlmiş, elm-sənət sahəsində
parlamış, Azərbaycanımızın tərəqqisinə
töhfələrini vermişlər. Elə əsərdə
tanış olduğumuz Paşa ləqəbli
Qızı Novruzovanın da həyat yolu gənc nəslə
örnəkdir.
Sənə qısa deyim: Qızı Paşadan,
"Dərs almışdı" o vaxt Camal Paşadan.
Qisas
aldı neçə-neçə daşnakdan -
Əldə tüfəng, əynində də dəri
kürk, Gərmətük.
Poemada ötən əsrin əvvəllərində erməni
qəsbkarlarının Lənkəranda, eləcə də Gərmətükdə
törətdikləri qırğınlardan bəhs olunur. Türkiyədən
köməyə gəlmiş Camal Paşanın igidliyi, cəsurluğu
nəzmə çəkilir. Əsər həmçinin,
adət və ənələrimiz haqqında oxucuya etnoqrafik
bilgilər verir, zəkasını zənginləşdirir.
Gərmətük alim-şairin doğulduğu
məkandır və heç şübhəsiz, bir qədər
də avtobioqrafikdir. Bütün hallarda bu
balladanı şairin və ədəbiyyatımızın
uğuru hesab etmək olar.
Sevindirici cəhətdir ki, Elşad Səfərli
süni, bayağı, qondarma pafoslardan qaçır,
özünü, tərcümeyi-halını, taleyini
yazır.
Həm
"İki çiçəyin dastanı", həm də
XX əsr rus şeirinin banisi Sergey Yeseninə həsr etdiyi
"Dərdli yazılan epopeya"sı fikrimizi təsdiqləyir.
Dil-üslub rəngarəngliyinə,
sözün ən çevik formadakı məqamına görə
poemalar fərqlənir, oxucunu cəlb və cəzb edir. Mövzular peşəkarcasına işlənib.
İnanırıq ki, "Gənclik" nəşriyyatında
çap olunan bu poeziya çələnginin ətri, xoş
rayihəsi tənqidçilərimizin də ruhunu oxşayacaq,
sükutunu pozacaq, əhvallarını yüksəldəcək,
ən nəhayət, kitaba diqqətlərini yönəldəcəklər.
Maarif SOLTAN
525-ci qəzet.- 2021.- 5 mart.- S.14.