Yunus Əmrə İnstitutunun rəhbəri Beynəlxalq Muğam Mərkəzində olub

 

 

Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıçla Beynəlxalq Muğam Mərkəzinin (BMM) rəhbərliyi arasında görüş keçirilib.

 

BMM-dən AZƏRTAC-a bildirilib ki, mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov təmsil etdiyi mədəniyyət ocağının fəaliyyəti və yaranma tarixi barədə qonağa məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri siyahısına daxil edilmiş Azərbaycan muğamının dünyada geniş təbliği məqsədilə Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. Görüşdə Beynəlxalq Muğam Mərkəzi ilə Türkiyədə fəaliyyət göstərən mədəniyyət mərkəzləri, musiqi təhsili müəssisələr arasında əlaqələrin genişləndirilməsi və birgə fəaliyyət planının hazırlanması məsələləri müzakirə edilib.

 

Səlçuk Karakılıç iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra da bu əməkdaşlığa töhfə verə biləcək layihələrin icrası ilə əlaqədar Yunus Əmrə İnstitutu tərəfindən dəstək göstəriləcəyini bildirib.

 

Vurğulanıb ki, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli”, Türkiyədə isə böyük şair və mütəfəkkir, türk dili və mədəniyyətinin görkəmli nümayəndəsi Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Bizim Yunus” və türkcənin “dünya dili” kimi təbliğ edilməsi ili elan olunub. Bu il həmçinin Türkiyə Cümhuriyyətinin “İstiqlal Marşı”nın 100-cü, böyük sufi mütəfəkkiri Hacı Bektaşi Vəlinin vəfatının 750-ci ildönümüdür. Bu əlamətdar tarixlər də Türkiyədə və Azərbaycanda geniş şəkildə qeyd ediləcək. Nizami və Yunus Əmrəyə həsr olunan televiziya layihəsi təqdimatının Beynəlxalq Muğam Mərkəzindən yayımlanmağı ilə bağlı razılıq əldə edilib.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

525-ci qəzet.- 10 mart.- S.13.