İrəvan Sərdarının
sarayında güzgülü
zal
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Ramil Quliyevdir. Onunla Qriqori Qaqarinin
"İrəvan sərdarının
sarayında güzgülü
zal" əsəri haqqında danışmışıq.
- Rus rəssamı, knyaz Qriqori Qriqoryeviç
Qaqarin 1810-cu ildə
Sankt-Peterburqda zadəgan
Rurikid Qaqarinin ailəsində doğulub.
Atası
şahzadə Qriqori İvanoviç Qaqarin Fransada diplomat, İtaliyada
səfir olub.
Qriqori Qaqarin
13 yaşına qədər
ailəsi ilə birlikdə Parisdə və Romada yaşayıb, sonra Tolenai kollecində təhsil almaq üçün Siyenaya köçüb. O, rəssamlıq
təhsili almasa da, həmin dövrdə İtaliyada yaşayan məşhur rus rəssamı Karl Brüllovdan
xüsusi dərslər
alırdı.
General-mayor rütbəli incəsənət xadimi, rəssam, yazıçı
və memar Qaqarin 1840-1850-ci illərdə
Qafqazda hərbi xidmətdə olarkən bu bölgədə yaşayan xalqların həyat tərzini, məişətini müxtəlif
janrlarda tablolara köçürərək bir
çox əsərlər
yaradıb. Azərbaycanın
İrəvan, Şamaxı,
Bakı və digər bölgələrində
olarkən memarlıq abidələri, xalqın geyim tərzini özündə əks etdirən, 1847-ci ildə Parisdə çap etdirdiyi "Səfalı Qafqaz" və "Qafqaz kostyumları" adlı albomlara daxil olan tablolar
çəkib.
- Əsərin yaranma
tarixi ilə bağlı nə bilirik?
- Öncə qeyd edək ki, həm
Səfəvilər, daha
sonra Qacarlar dövründə
də İrəvan hakimlərinin iqamətgahı
İrəvan qalasında
yerləşirdi. 1578-ci ildə İrəvan bəylərbəyi olan Toxmaq xan bu
qalanın içərisində
saray inşa etdirir.
Söhbət açacağımız əsərdə
təsvir olunan məkan, Xan (Sərdar) sarayının güzgülü salonu isə 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd
xan Qacar tərəfindən tikiliyə
əlavə edilmiş
saraydan bir hissədir. Qriqori Qaqarinin çəkdiyi
bu əsərdə güzgülü zalda saray həyatının bir parçasını görmüş oluruq.
Ön planda taxtda əyləşmiş
xan, solunda əyanları və taxtın önündə
bəzi mənbələrdə
də qeyd olunduğu kimi, müalicəvi əhəmiyyətli,
əqiq daşlarından
düzəldilmiş ulduzvari
hovuz və ortasında kiçik fontan görürük.
Salonun döşəməsinə naxışlı
xalçalar sərilib,
tavan və divarlar nəbati, həndəsi ornamentlərlə
bəzədilib, çərçivələr
şəbəkə üslubunda
işlənib. Sarayın divar
boyu ornamentlərlə
bərabər, şəkillərlə
də bəzədildiyini
görürük. Məlumat
üçün qeyd edək ki, divardan
asılan kətanda işlənmiş bu əsərlər 8 ədəd
olub: İrəvan xanı Hüseynqulu xan, Fətəli şah Qacar, onun oğlu Abbas Mirzə, Hüseynqulu xanın qardaşı Həsən xan, döyüşçü Zöhrab
və Rüstəm Zal və digər
şəxslərin portretləri.
Arxa planda isə şahın və gələn qonaqların təntənəli qarşılanması
üçün böyük
eyvan təsvir edilib.
- Əsərin koloriti
necədir?
- Şərq üslubunda,
əsasən süsən
və qızılgüllərdən
ibarət ornamentlərlə,
rəngli, əlvan, ətrafa büllur kimi şölə saçan şüşələrlə
bəzədilmiş, şəbəkələrlə
ayrılan yataq yerləri - taxçaların,
döşəməyə sərilmiş
xalçaların təsviri
əsərin koloritini
zənginləşdirmiş olur. Bununla yanaşı, şahın
özünəməxsus, milli,
əyanlarının isə
fərqli rənglərdə
geyimləri tabloya xüsusi bir rəng qatıb. Arxa planda isti rənglərlə
verilmiş, açıq
havada təsvir edilən saray şahın əyləşdiyi
soyuq məkana istilik qatmış olur.
Onu da qeyd edək ki, əsər 1847-ci ildə Parisdə fransız dilində əsl adı "Gagarin G.Picturesque Caucasus = Le Caucase
Pittoresque dessine d'apres nature par le Prince Gregoire
Gagarine / Transl. from french
- Gift edition of the original of 1847" olan Qriqori Qriqoryeviç Qaqarinin 80 akvarel və qrafik rəsmlərdən ibarət,
qraf Ernest Ştakelberqin
yazısı ilə "Səfalı
Qafqaz" və "Qafqaz kostyumları" adlı kitabında nəşr edilib.
- Bu rəsm bizə nə deyir?
- Rəsm əsərində
yalnız İrəvanda
yerləşən, Güzgülü
salonu təsvir edilmiş Sərdar - Xan sarayı 1913-1918-ci illərdə ermənilər
tərəfindən dağıdılıb.
Yalnız divardakı iki
portret - Fətəli şah Qacar və onun oğlu
Abbas Mirzənin portretləri
Tiflisə aparılıb
və hazırda Gürcüstan Dövlət
Incəsənət Muzeyində
saxlanılır. Hazırda onun
yerində Ararat Şərab
zavodu yerləşir.
Əlbəttə ki, Xan sarayının dağıdılması
məqsədyönlü xarakter
daşıyırdı. Çünki həm memarlıq
üslubunda, həm dekorasiyasında şərq
ünsürlərinin hakim olması,
bunlarla yanaşı, sarayın divarlarında türk əsilli nüfuzlu şəxslərin
təsvirinin verilməsi
ermənilərin İrəvanla
bağlı saxta yazılarını üzə
çıxarırdı. 1510-cu ildə İrəvan sərdarı Əmirgünə
xan Qacar tərəfindən ucaldılan
İrəvan qalasının
yer üzündən silinməsi az deyilmiş kimi, onu yeni layihə
əsasında yaratmaq
fikrinə düşən
ermənilər bu kompleksi hansı prinsiplər əsasında
yaratsalar da, Qriqori Qaqarinin bu əsəri
tarixin yaddaşına
köçərək həmin
tikiliyə kölgə
salacaq.
Aytac SAHƏD
525-ci qəzet.- 2021.-
10 mart.- S.23