"Şair
şəhərdədir..." - Məmməd Orucdan yubiley təbriki
ZAMANIN SINAQLARINDAN ŞAİR VƏ
ŞƏXSİYYƏT KİMİ ÜZÜAĞ
ÇIXMIŞ DOSTUM BƏHRAM FƏRMANZADƏNİN 70
YAŞINA
Məmməd ORUC
1957-ci ilin payızı
idi. Kəndimizdəki Lenin adına kolxozun
yenicə istifadəyə
verilmiş klubunda
"Böyük Oktyabr
inqilabı"nın növbəti
ildönümü münasibətilə,
yerli özfəaliyyət
qruplarının bayram
tədbiri keçirilirdi.
Bu sırada səhnəyə
dəvət olunanların
biri də Sovet İttifaqı Qəhrəmanı Gəray
Əsədov adına məktəbin
birinci sinif şagirdi Bəhram Fərmanzadə oldu və o, Səməd Vurğunun "Muğan"
poemasını başdan-ayağa
sinədən söyləməklə
bütün salonu heyrətə gətirdi. Doğmaları, yaxınları, müəllimləri alqışlar
altında onu qucaqlayıb öpürdülər.
Təbii
ki, Bəhrama həsəd aparanlardan biri də bu
sətirlərin müəllifi
idi.
O zaman kəndimizin tamam başqa səmtində yaşayan Bəhramı həm də ona görə
tanıyırdım ki,
o, əfsanəvi qəhrəman
Gəray Əsədovun
bacısı oğlu idi. Məktəbimizin bağçasında qəhrəmana heykəl qoyulması münasibətilə
təntənəli yığıncaq
keçiriləndə Bəhrama
da söz vermişdilər
və o, dayısı
haqqında yazılmış
şeiri söyləmişdi.
Bəhramla yaxın tanışlığımız
və dostluğumuz, günlərin bir günü mən onun da, bir çox
həmyaşıdlarımız kimi, şeir qoşduğunu biləndən
sonra başladı və çox şükür ki, bugünəcən də davam edir.
Tələbəçiliyi, Bakı şəhərində
1965-70-ci illərə təsadüf
edən ədəbiyyat
havalı, şeir- sənət sevdalı cavanların əksəriyyəti
bir-birini tanıyır,
mümkün qədər
əlaqə saxlayırdılar. Onların arasında
mən də özümə az-çox
yer eləmişdim.
Bəhram isə artıq
Beyləqanda, o illərin
Jdanov rayonunda idi.
Yadımdadır, ilk zəng Aydın
Məmmədovdan gəlmişdi:
- Şair şəhərdədir...
Bir qədər sonra Vidadi Məmmədov zəng vurmuşdu:
- Şair şəhərdədir...
Növbəti zəngdə, dəstəkdən,
unudulmaz müəllimim
Fərman Kərimzadənin
həlim səsini eşitdim:
- Məmməd, xəbərin
varmı, şair şəhərdədir...
Və o gün
bu xəbərlə başlayan daha bir neçə telefon zənginə cavab verdim.
Bu cür zənglər,
artıq bir parola çevrilmişdi. Bu, görüşmək üçün
bir səbəb, bəhanə idi. Və sonra Bəhram özü zəng vurub görüş yeri təyin edirdi.
Sayını, hesabını, təbii
ki, unutduğum o görüşlərdə Bəhram
bizə yeni şeirlərini oxuyurdu:
Yüz ildi, min ildi oxunan valdı,
Sirdi, möcüzədi, sorğu-sualdı,
Süleyman mülküdü, kimlərə
qaldı,
Görəsən, hayana gedir bu
dünya?
Bu, Bəhramın yaddaşımda
qalan seçmə misralarındandır. O, daha çox qulağımızın
dibindən axan Araz çayı, çayın o tayının
həsrəti ilə bağlı şeirlərini
oxuyurdu və artıq hamı bilirdi ki, cümlə
Şahsevən camaatı
kimi, Bəhramın da
Arazın o tayındakı
Şahsevən kəndində
doğmaları var.
***
Doğulduğu kənddən söz
düşmüşkən, Bəhramın bioqrafiyası
haqqında, Vəsimə
İsmayılqızının hazırladığı "Beyləqan"
ensiklopedik toplusundan (Bakı, 2010) götürdüyüm
bu yığcam qeydləri də diqqətə çatdırmağı
lazım bilirəm:
Bəhram
Fərmanzadə 1951-ci il mart ayının
6-da Beyləqan rayonunun
(o vaxt Jdanov) Birinci Şahsevən kəndində anadan olub. BDU-nun tarix
fakültəsini (1972), Bakı
Ali Partiya Məktəbini
bitirib (1981). Beyləqan rayonunda
qəsəbə səkkizillik
məktəbində tarix
müəllimi (1972-1973), Azərbaycan
komsomolu Beyləqan
rayon komitəsində şöbə
müdiri və katib (1973-1975), ikinci katib (1975-1977), birinci katib (1977-1979) işləyib.
Beyləqan rayon partiya komitəsində
təlimatçı (1981), təbliğat və təşviqat şöbəsinin
müdiri (1981-1982) olub.
Sovxoz fəhlə kooperativi idarə heyətinin sədri
(1982-1983) rayon maarif işçiləri
evinin baş məsləhətçisi (1984-1988), "Dostluq" qoyunçuluq sovxozunun partiya təşkilatı katibi
(1988-1991), "Beyləqan Broyler"
quşçuluq fabrikinin
direktor müavini
(1991-1993), İcra Hakimiyyəti
aparatında baş məsləhətçi (1993-1995) kimi də fəaliyyət
göstərib. Bədii yaradıcılıqla
məşğuldur. Şeirləri respublika mətbuatında dərc olunub. "Heydər Ata" Ümumrespublika Poeziya Müsabiqəsinin laureatıdır
(2004). "Müqəddəs gün" (2002), "Dünya
dolu, dünya boş" (2007) kimi şeirlər kitabları çap olunub...
***
Məncə, o zamanlar ədəbiyyat sevdalı insanların əksəriyyətini çeşidli
anlamlarda ehtiyac birləşdirirdi və o
görüşlərdə Bəhram, demək olar, hamının ehtiyacı ilə maraqlanırdı. Həmin vaxtlar Bəhram
Fərmanzadə Beyləqanın
ticarət şəbəkəsinə
başçılıq eləyirdi.
Könüllü ictimai işi
isə, təbii ki, Beyləqana gəlib-gedən sənət
adamları ilə bağlı idi. Bir qəzet məqaləsində bu qəbildən insanların
bir qismi hörmətlə sadalanıb:
Fərman Kərimzadə,
Xəlil Rza Ulutürk, Aydın Məmmədov, Çingiz
Əlioğlu, Aqil
Abbas, Zəlimxan Yaqub,
Ağa Laçınlı,
Məmməd Oruc, Tofiq Bayram, İsa İsmayılzadə, Davud
Nəsib, Eldar Baxış, Əbdül Mahmudbəyov, Mikayıl Mirzə, Yaşar Nuri və daha
kimlər..."
Dünya
şahmat taxtası
Topu, şahı,
vəziri.
Taxta döyüş meydanı
Məğlubiyyət, qələbə
-
Hər saatı,
hər anı.
Filə
hücum at edir,
Dünyanın işinə bax.
Piyada şahı mat edir.
Bunlar da Bəhramın
zamanın aşırımlarını
yaddaşımda keçib
gələn misralarıdır.
Vaxtilə Beyləqan kimi varlı bir rayonun ticarət şəbəkəsinə başçılıq
etmiş, uzun illər sanballı vəzifələrdə çalışmış
Bəhramın nə Bakıda evi var, nə Beyləqanda
imarəti. Sovet dönəmində dövlətin ona gənc mütəxəssis
kimi verdiyi ikiotaqlı mənzildə
yaşayır. Necə yaşayır?
Bu sualın da cavabını onun misralarından tapmaq olar.
Çax-çax baş ağrıdır
Daş işin
görür.
Gün keçir, il
ötür
Yaş işin görür
Günümü keçirib,
Vermədim yelə.
Bu da bir ömürdü-
Yaşadım belə...
Bəhram Fərmanzadə bu gün də qələmi əlindən
qoymayıb. İndi o, daha çox, şanlı Ordumuzun Qarabağ zəfərindən
yazır və yazdıqlarını hər
deyəndə nəşr
etdirməsə də,
telefonda mənə oxuyur. Və mən hiss eləyirəm ki, bu telefon
görüşlərindən o, xeyli rahatlıq
tapır.
Bəhramın neçə kitab bağladığını bilmirəm,
amma o kitablardan biri - daha doğrusu,
o kitaba yazılmış
ön söz yadımdan çıxmır. Ön sözü, bir qədər qəribə səslənsə də, şairin qızı Sahilə xanım yazıb: "İnanmıram
ki, bu kitab
şeirsevənlərin oxuyacağı
və yaddaşında
saxlayacağı bir kitab olacaq".
Bunca etiraf,
bunca cəsarət?! Bu nədir? Bu günlər yetmişini aşıran Bəhram Fərmanzadənin
insanlara qarşı səmimiyyətinin, sadəcə
qarşılığı... Vəssalam... Tək-tək
insanlar hər şeyi öz adı ilə çağırmağı bacarır.
Məncə, şəxsən
tanımadığım Sahilə
xanım da o insanların sırasındadır.
Məmməd ORUC
525-ci qəzet.- 2021.- 11 mart.- S.11.