Qaçaq Nəbi: 12
mart sui-qəsdi
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri,
tarix üzrə fəlsəfə doktoru
Zəngəzur
qəzasının qazısı, tarixçi,
folklorşünas Bəhlul Behcətin "Qaçaq Nəbinin
tarixi" kitabı Qaçaq Nəbinin həyatına və
mübarizəsinə həsr olunmuş ən sistemli, zəngin,
etibarlı, əhatəli mənbədır.
1920-ci illərdə
qələmə alınmış 55 başlıqdan ibarət
bu əsər hələ Sovet ideologiyasının tam və qəti
qələbə çalmadığı, repressiyaların
tüğyan etmədiyi illərdə yazılıb, əlyazması
sovetlərin 70 illik hakimiyyəti dövründə arxivlərdə
gizli saxlanıb, nəşrinə izn verilməyib, nəhayət,
2011-ci ildə nəşr edilib. Kitabın mündəricatındakı
bəzi başlıqlara diqqət yetirək: "Nəbinin
Sarımsaqlı dağında (Kəlbəcər rayonunda)
Naxçıvan naçalniki Slovenki ilə davası və qar
tığına düşməsi", "Qaçaq Nəbinin
Ərikli dağında (Laçın rayonunda) üç
naçalniklə davası" və s.
Azərbaycan
Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin
yaxın silahdaşı Hüseyn Baykara "Azərbaycan Milli
İstiqlal mücadiləsi" kitabının "Azərbaycan
tarixində qaçaq hərəkatı"
bölümündə Qaçaq Nəbinin mübarizəsində
çarizmin müstəmləkə siyasətinə
qarşı çıxmasını önə çəkib,
xüsusi qabardaraq bəzi tədqiqatçıların
"öz məhdud görüşü ilə yanlış
qiymətləndirdiyi" məqamları, Qaçaq Nəbinin
"əsl şəxsiyyətini aydınlaşdırmaq məqsədilə"
yazırdı: "Zəngəzur və Naxçıvanda
qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbi... həbsdən
qaçaraq həmfikirlərini ətrafına toplayır. Rus Çar rejiminə və onun Azərbaycandakı əlaltıları
olan bəylərə qarşı mübarizəyə
başlayır. Nəbinin əsas
düşmənləri Çar rejimi, xanlar və bəylər
idi. O, bu mübarizədə kasıbları və
onların hüquqlarını müdafiə edirdi. Nəbi uzun müddət rus kazakları ilə
vuruşur, sıxışdırıldığı zaman
İrana və Türkiyəyə sığınırdı.
Çar idarəsi bu hərəkatı
yatırtmaq üçün bütün vasitələrə əl
atırdı. Rus idarəsinin casusları Həcərin
Çiçəkli kəndində olduğunu xəbər
tuturlar və Həcər bacısı Mehri ilə birlikdə
həbs olunur. Gorusdakı qalada
saxlanılır. Nəbi 1895-ci il
oktyabrın 28-də Gorus qəsəbəsini öz dəstəsiylə
əhatəyə alır, rus polkovnikindən Həcəri və
baldızını tələb edir. Rus polkovniki Nəbinin bu tələbini
yerinə yetirməyə məcbur olur... "Qaçaq
Nəbi" dastanının da əsas mövzusu rus
imperializminə qarşı aparılan azadlıq mübarizəsindən
ibarətdir. Dastanda "Nəbi urusları
burda qoymadı" misrası olduqca çox işlədilir.
1896-cı ilin mart ayında Nəbi Kərbaladan
dönərkən Türkiyə ilə İran sərhədi
arasında olan Larni kəndində rus casusları tərəfindən
əvvəlcədən hazırlanmış pusqunun qurbanı
olur".
XIX əsrin
90-cı illərində Peterburqda və Tiflisdə
çıxan "Qafqaz", "Zaqafqaziya", "Novaya
vremya" qəzetləri Rusiyanın hökumət qüvvələrinin
Qaçaq Nəbiyə qarşı mübarizədə
gücsüz olduğunu, onun azsaylı dəstəsinin tez-tez
kazaklarla qeyri-bərabər döyüşlərə girib
qalib çıxdığını dəfələrlə
yazmışdı.
Bəhlul
Behcətin kitabında "Nəbinin birinci dəfə
tutulması", "Nəbinin ikinci dəfə
tutulması" başlıqlı bölmələrdə qələmə
alınan olaylar igidlik, cəsarət nümunəsidir. Nəbi
ilk qaçışında dağıstanlı imam Şeyx
Şamilin silahdaşı Hacı Muradı təkrar
etmişdi: 8 il katorqa cəzası alıb Şuşa həbsxanasına
aparılan Nəbi qolları özündən qabaqkı və
arxadakı kazakın əllərinə qandalla bağlı
olduğu halda, dar, sıldırım yarğandan onların hər
ikisini dartıb özü ilə bərabər uçuruma
tullanıb sağ qalmış, silahlarını
götürüb qaçmışdı. Qaçaq
Nəbinin bu hərəkəti qəzetlərə
düşüb onu məşhur etmişdi. Nəbinin ikinci qaçışı isə B.Behcətin
doğulub həbsinə qədər yaşadığı
qazılığın və nahiyə
pristavlığının yerləşdiyi Dondarlı kəndində
yerli əhalinin köməyi ilə baş tutmuşdu. Nəbinin gücü xalqın ona arxa, dayaq
durmasında idi.
İrəvan
qubernatorunun Tiflisə raportundan: "Nəbinin dəstəsinin
fəaliyyət göstərdiyi bölgənin, demək olar
ki, bütün müsəlman əhalisinin hamısı onu
müdafiə edir və qoruyur".
B.Behcətin
kitabındakı "Qaçaq Nəbinin Xinzirəyə
hücumu və Gorusun pristavı Bedrus bəylə
keşişi öz evində öldürməsi",
"Qaçaq Nəbinin dağbəyi Ginkor Qrikoru
öldürməsi", "Nəbinin Xuçmanski Lütvəli
bəyi öldürməsi", "Nəbinin qardaşı
Mehdinin Ordubadın Qarçıvan kəndində ermənilər
tərəfindən öldürülməsi və
intiqamı" və sair başlıqlı yazılarda bədnam
ermənilərin mənfur niyyətləri, Azərbaycan-türk
əhaliyə qarşı kin-küdurəti və cinayətləri
müqabilində Nəbinin onlara verdiyi cəzalar
yerli-yataqlı əks olunub.
1894-cü
il iyulun 20-də Nəbinin qardaşı
Mehdi Ordubad qəzasının Qarçıvan kəndində
qaçaq dəstəsindən ayrılıb kazakların
onların izinə düşüb-düşmədiklərini,
eləcə də kazakların sayını, getdikləri
istiqamətləri öyrənmək üçün orada
gizlənib qalır. Nəbinin əlindən
yanıqlı olan erməni hampaları bunu bilib gecə ilə
onun düşdüyü evi tapıb mühasirəyə
alır, Mehdini işgəncə ilə öldürürlər.
Nəbi qardaşının ölüm xəbərini, nəşinin
düşmən əlində qalmasını eşidən
kimi dəstəsiylə gecə geri qayıdır, ətraf
dağlarda gizlənib fürsət gözləyir. İyulun 23-də öz dəstəsi
ilə kəndə girməzdən əvvəl
silahdaşlarından iki nəfəri kazak
çaparı qiyafəsində göndərib, Ordubad həbsxanasından
qaçıb guya bu kənddə gizlənən Qəmbər
adlı bir dustağı tutmaq üçün pristavın kəndə
gələcəyini hampalara xəbər verirlər. Onların arxasınca "qəza rəisi" və
"18 kazak" kəndə daxil olur. Kəndin
hampaları və keşişləri "rəis"in
pişvaza çıxırlar. Hamını
məsləhət üçün kilsəyə
yığırlar, qapı bağlanır, üst geyimlər
atılır, erməni başbilənləri
qarşılarında Nəbini və qaçaqları görəndə
hesab verəcəklərini anlayıb tir-tir əsir, onun
ayaqlarına döşənirlər. Qətli törədənlərin
bir neçəsi qabaqcadan qaçıb aradan çıxsa
da, qalanların cəzası ağır olur, kəndin erməni
varlılarından toplanan qəniməti 17 dəvəyə
yükləyib Arazın o tay-bu tayında yolboyu ərazilərdə
yaşayan kasıb-kusuba paylayırlar. Mehdinin nəşi
yaxınlıqdakı müsəlman kəndində etibarlı
dostların yardımı ilə gizli dəfn edilir. Tiflisdə çıxan "Kavkaz" və digər
qəzetlərdə gedən məlumatda hampa və varlı
keşişlərdən qarət edilmiş əmlakın dəyərinin
29 min rubl dəyərində olduğu bildirilirdi. Xəyanətkar
ermənilərə layiqli dərs olan Qarçıvan
qisası bu gün də xalqın yaddaşında
yaşayır.
Ermənilərə
nifrət və qəzəbi daha da artan Nəbi Dərələyəz,
Uz, Dulus, Ağkənd, Binis kəndlərində də erməni,
rus dəstələrinə qarşı savaşlarda yenə
xeyli rus, erməni qırıb, çox sayda silah, patron ələ
keçirib ehtiyat tədarükü görmüşdü.
1895-ci il sentyabrın 12-də
Qaçaq Nəbi silahdaşları ilə Dərələyəz
mahalının Uz kəndində
rus əlaltısı Moses Markarov adlı varlı bir erməninin
həyətinə erməni varlılarını toplayır,
Moses Markarovdan üç tüfəng və 337 patron, Osip
Sarkisovdan bir tüfəng və 57 patron, 591 rubl pul, qiymətli
əşyalar, atlar alaraq çıxıb gedir. Arxalarına
düşən kazak dəstəsi ilə
Dulus kəndi ətrafında döyüşə girir. Nəbi dəstəsini iki hissəyə bölərək
Ağkənd, Binis, Təzəkənd və Hortuyüz kəndləri
həndəvərində də pusqu qurub xeyli rus sərhədçi,
kazakı öldürür. Hökumət
qüvvələrinin hər tərəfdən üzərinə
gəldiyini görən Nəbi təqibdən yayınaraq hər
keçidinə bələd olduğu başı qarlı,
dumanlı, çənli Salvartı dağlarında gözdən
itirlər. Lakin yolda o, Qafana bitişik
Şabadin və Ecanan kəndlərində də varlı ermənilərin
bir neçəsinə divan tutur, şikayət sənədlərində
göstərilən 1000-1200 rubl dəyərindəki qəniməti
ələ keçirir.
...Peterburqdan
gələn təlimat üzrə Qaçaq Nəbinin və dəstəsinin
tam məhvi məqsədilə Çar generalları - Cənubi
Qafqaz diyarının rəisi A.Şeremetyev, Yelizavetpol
qubernatoru knyaz A.Nakaşidze, İrəvan qubernatoru A.Freze,
İrəvan quberniya dəftərxanasının rəhbəri
A.Saroyan, Naxçıvan qəzası rəisi
A.Slavoçinski və digərlərinin teleqramlarından,
bir-biri ilə yazışmalarından aydın
görünür ki, 40-50 nəfərlik
qaçaq dəstəsinə qarşı qurulan planlar hər
dəfə Nəbinin və dəstəsinin cəsarəti, eləcə
də yerli əhalinin yaxın köməkliyi ilə boşa
çıxırdı.
18 nəfərlik
dəstənin İran tərəfə keçmək istəməsi
barədə məlumat alan A.Freze Arazboyuna
114 kazak, 16 uryadnikdən ibarət əlavə silahlı
atlı dəstə göndərsə də, Nəbi öz dəstəsi
ilə onların arasından o taya keçməyə
bacarır. 1895-ci ilin avqustunda Peterburqa yazdığı
təliqədə A.Şeremetyev Qaçaq Nəbiyə
qarşı görülən bütün tədbirlərin nəticəsiz
olmasına toxunaraq cəzasını verə bilmədikləri
Nəbinin dəstəsinin istənilən vaxt İrana
keçmək iqtidarında olduğunu qeyd edir.
Nəbinin səsi tez-tez Maku, Qaradağ, Urmiya, Xoy, Qars,
Iğdır, Dərələyəzdən gəlirdi. Nəbi bu tayda rus hökumətinə
qarşı necə vuruşurdusa, o tayda da fars
sərbazlarına elə qan uddururdu.
Nəbi son vaxtlar qaçaq ailələrini incidən,
sürgünə göndərən Çar məmurlarının
bir neçəsini də öldürmüşdü. Vedili qaçaq
Xanbala Sultanoğlu və Sibir sürgünündən
qaçıb özünə dəstə toplamış
qaçaq Heydərin də Nəbinin dəstəsinə
qoşulması ilə dəstədəkilərin sayı ilk dəfə
80 nəfərə qalxmışdı. 1895-ci il sentyabrın 16-da Qaçaq Nəbinin növbəti
dəfə Naxçıvana gəlişi A.Frezenin A.Şeremetyevə
yazdığı təliqədə belə təsvir olunur:
"Qaçaq Nəbinin keçəcəyi ehtimal olunan
dağ, dərələrin ayrı-ayrı yerlərində
gizli mühafizə qərargahları qurulmuşdur.
Ostrouxovun
dalınca adam göndərməklə onu
da vuruşma yerinə tələsdirdim. Tezliklə
döyüş yerinə poruçik şahzadə Şahruxun
başçılığı ilə kazak
dəstəsi də gəlib çıxdı. Tərəflər
arasında döyüş axşama kimi davam etdi. Sayca üstün olan hökumət qüvvələrinə
müqavimət göstərmək əhəmiyyətsiz
olduğundan Qaçaq Nəbi qaranlığın düşməsindən
istifadə edərək oradan uzaqlaşdı. Atışmalarda qaçaq dəstəsindən iki nəfər
öldürüldü".
Bu
döyüşdə Çənnab kəndinin
yüzbaşısı erməni Ter-Sarkisovun komandiri olduğu ermənilərdən
ibarət dəstə atışmada fərqləndiyinə
görə, o özü və dəstənin üzvləri
general-leytenant Frezedən qızıl saat və digər
mükafatlar alırlar.
... Tiflisdən Peterburqa göndərilən raportlar da nəzərə
alınaraq, Nəbinin qətli üçün Peterburq
sarayı ən təcrübəli xəfiyyələrdən
olan general-leytenant D.Skalonu Qafqaza ezam edir. İran
Culfasındakı Rusiya ali konsulluğunun
başçısı knyaz Dobidze və İranın Hərbi
naziri, general Əmir Pəhləvan Cəng Paşa xan da bu xəyanətkar
plana qoşulur. B.Bəhcət Qaçaq Nəbinin Rusiya və
İranın polis orqanlarının təşkil etdikləri
xüsusi əməliyyat nəticəsində
öldürüldüyünü ayrıca bölmədə
yazır: "Əmir Bahadır Cəng Paşa xan Nəbini
öldürmək işində".
... Urmiya şəhərində yaşayan tacir Paşa
Hacı Fərəc oğlu Nəbinin çoxdankı dostu
idi. İki dövlət yetkililərinin
qızıl medal, torpaq, mülk, həmçinin, əlavə
olaraq, 1000 rubl pul vədi onu yoldan çıxardır. O
da öz növbəsində Nəbinin yaxın
silahdaşları olan Şahhüseyni və Kərbəlayı
İmanı belə şirin vədlərlə şirnikləndirir,
onları Nəbinin öldürülməsinə razı
salır. Planlanan sui-qəsd 1896-cı il
martın 12-də Urmiya vilayətinin Larni kəndində Novruz
çərşənbəsinin gecəsi baş tutur. Şahhüseyn irəlidə gedən Nəbini
arxadan güllə ilə vurub qaçır. O vaxt Nəbinin
45 yaşı hələ tamam olmamışdı.
Mən bu
qələbəyə inanırdım... - Hacı Nərimanoğlu
yazır
... Nəbinin öldürülməsindən sonra da
düşmənləri onun adından xoflanırdı.
İrəvan quberniya dəftərxanasının rəisi
A.Saroyan Tiflis canişinliyinə bu məlumatın bir daha
yoxlanılmasının vacibliyini vurğulayaraq yazırdı:
"Məlumatın həqiqiliyinə inanmaq düzgün
olmazdı. Çünki biz Nəbinin
öldürülməsi ilə bağlı şayiələrin
yayıldığının çox şahidi
olmuşuq".
Gürcüstan Mərkəzi Dövlət Arxivində
Qaçaq Nəbini kimlərin öldürməsi, bunun
müqabilində nə qədər pul, bəxşiş
ödənilməsi barədə bütün sənədlər
saxlanılır.
"Atları yəhərləyin" filmindəki Nəbi,
Həcər obrazlarını canlandıran
aktyorlarımızın boy-buxunu tarixdən xəbərsiz sadəlövh
seyrçiləri çaşdırır. Həm B.Behcətin
kitabında, həm də Nəbi ilə Həcəri şəxsən
görən çox sayda yaşlı insanların
hamısının xatirələrində, yazı,
yaddaşlarındakı təsvir üst-üstə
düşür; Həcər balacaboy, qarayanız, olduqca cəld,
at sürətlə qaçarkən üzəngisinin,
qantarğasının altından keçib belinə qalxan, sərrast
atəş açan, uşaqdan at minməkdə əmisi nəvəsi
Nəbi ilə yarışa girən xanım olub. Nəbinin
görkəmini, xarakterini B.Behcət belə təsvir edir:
"Nəbi gödək boylu, yığcam cüssəli, zirək,
yüngül hərəkətli bir oğlan idi. Qorxu nə olduğunu bilməzdi, onun bütün hərəkətləri
mətin və qüvvətli bir iradənin səmərəsi
idi. Öz hərəkətlərində
namus və iffətli olub ondan xalqın əxlaqına və
qeyrətinə toxunan bir əməl çıxmazdı.
O, qadına hörmət barəsində çoxdan çox
ehtiyatlı idi, qadına toxunmazdı. Yoldaşlarına
qarşı çox hörmətcil və qayğı
göstərən idi, gizli oğurluğu qadağan
etmişdi. O, yolları kəsərək hər gələn-gedəni
soymaq işindən uzaq idi, təsadüfi yol kəsmək
onların işi deyildi. "Aynalı" tüfəngi bir az əvvəl qurtarmış rus-Osmanlı
müharibəsində iştirak edən dostu tərəfindən
gətirilmiş "osmanlı" tüfəngi idi. Boz rəngli bir qulan olan Bozatı çox zirək,
çox yüngül, görünüşcə də
gözəl bir at idi".
Görkəmli folklorşünas alim, professor
M.Təhmasib Nəbiyə yüzlərlə hekayə, roman,
povest, pyes, nəğmə, dastan qoşmasının köklərini
xalqın səmimi sevgisi ilə əlaqələndirir: "Nəbi
xalqın, həm də ədəbiyyatın, musiqinin
yaddaşında yaşayan qəhrəmandır".
Hacı
NƏRİMANOĞLU
525-ci qəzet.- 2021.- 11 mart.- S.13.16.