İstədim baharı gətirim sənə
Onu əvvəlcə
arzulayırıq, sonra
dünyaya gəlişini
intizar və həsrətlə, həyəcanla
gözləyirik, qucağımıza
götürəndə sanki
bütün dünyanı
qollarımız arasına
almış kimi oluruq.
Sonra da başlayır
yuxusuz gecələrimiz. Yuxuda da üz-gözünü
turşutsa, narahat oluruq. Beşiyi başında bəstəkara
çevrilirik, şairə
dönürük. Qulağına ən şirin arzularımızı pıçıldayır,
beyinlərinə xoşbəxtlik
yazırıq böyük
hərflərlə. Hər
anını, hər vaxtını yadda saxlamağa çalışırıq,
nə vaxt oturdu, nə vaxt iməklədi, haçan əlini tutub ayaqüstə dayandı?.. Ən sevincli anı bir əli ilə
nədənsə yapışıb
ayağa qalxması və sərbəst dayanması deyilmi? Sizi bilmirəm, bax elə bu
saat balaca körpəmin üz-gözündən
tökülən sevinc
yağışı isladır
məni!..
Sonra yeriyəcək, dil açacaq, ilk sözünə
sevinəcəksən, xırdaca
addımlarına qürurlanacaqsan,
əlindən tutub gəzdirəndə yerə-göyə
sığmayacaqsan yenə,
şadlığından dolub
daşacaqsan... Eh, hələ
qabaqda nə sevinclər gözləyir
səni! Hər il ad günləri
bayram yaşadacaq sənə, masanı adına hazırladığın
tortla bəzəyib üstündə hər il yaşı qədəri şam yandıracaqsan, o, üfürəcək,
sən sevincindən uçacaqsan. Hələ
ilk dəfə məktəbə
getdiyi gün, onu unudamı bilərsən?.. O, böyüdükcə sənin
arzularının da miqyası
böyüyür, ən
uca xəyallar qurursan, özünü unudaraq onun üçün
yaşadığından xəbərin
də olmur. Hərdən
əvvəlki şəkillərinə
baxıb fərəhlənirsən,
balam nə qədər böyüyüb
deyə. Düşünmürsən
ki, özün yaşlanırsan, bu, heç vecinə də deyil, odur həyatının mənası! O, xoşbəxtdirsə,
sən də bəxtiyarsan... Anasan sən, valideynsən
- övladının ayağına
dəyən daşa
da qəzəbin tutur.
...Sevgili peyğəmbərimiz
övladı "cənnət
meyvələrindən biri"
adlandırırdı, nə
qədər haqlıymış.
Anam isə deyirdi ki, valideyn olmayınca
onun qədrini bilməz insan, o da haqlıydı. Bəli, bir
yaşına çatınca
fərəh qarışıq
qəhər tutur boğazını. İlahi, hardan
gəldi, necə keçdi illər, dünənki balaca uşaq hara qeyb oldu deyə,
suallar verərsən özünə. Qarşında dayanan gəncin xəbəri olmaz sənin keçirdiyin hisslərdən, onun indi göylərə pərvazlanan vaxtıdır.
Heç sən də danışmazsan, susar və adına yeni arzulardan saray qurarsan, amma indi fərqli, daha böyük, daha mükəmməl şeylər istəyərsən
Yaradandan... Övladını
sağlam, təhsilli,
mədəni, yüksək
insani keyfiyyətlərilə
yanaşı, həm də "əli çörəyə çatan"
görmək dinclik verir sənə; axı, illərini vermisən, malını-pulunu
xərcləmisən, gəncliyini
əritmisən onun üçün!
Bax, indi həyatının axara düşdüyü vaxtdır,
dayanıb nəfəsini
dərə və rahatlana bilərsən. Özünü
unutmuşdun axı, arada hardansa eşitdiyin bu sözlərdən təsəlli
tapırdın: "Qadının
gəncliyi uşaqları
böyüyəndən sonra
başlayır!.."
Sən də səbirlə bunu gözləmirdinmi elə?.. Amma
vaxt gözləmir axı, zaman su təki axıb
gedir, vaxt barmaqların arasından
sarı qum dənələri kimi tökülür, bir də başını qaldırırsan ki, sənin o balaca uşağının saçlarına
dən düşüb!
Sakitcə, için-için sızlayırsan, üsyan
edərsən.
Bu ağ saçlarla
ürəyinə qorxu
düşər, səni
fikir götürər!
Bir film var, qarlı-çovğunlu gecədə
ağır avtomobil qəzası keçirən
gənc qadın maşın qarışıq,
huşsuz vəziyyətdə
buz tutan çaya düşərək
suyun dibinə enir, amma bir
qədər sonra baş verən (əlli ildə bir dəfə ola bilən)
təbiət hadisəsinin
möcüzəvi təsiri
nəticəsində ayılıb
suyun üzünə çıxır və ölümdən qurtarır.
Yox, bu, hələ hamısı deyil, o, həm də bu təsirdən əbədi gənclik də qazanır, qocalmır, qızı yaşlanır, o isə olduğu yaşda da qalır. Bu, qadına
əzab verir... Baxın, bənzər halı yaşayır övladının hər
gün bir az da yaşlandığını
görən ana. Əlbəttə, çox
yaşamağın yolu
dahilər demiş, qocalıqdan keçir, amma bu, övladımızla
yaşanırsa, necə
də kədərlidir!..
Hər ana qəlbinə bahar övladıyla gələr, hər ana yaz gətirmək
istəyər övladına
balası durduğu yerdən baxar dünyaya, amma bəzən də dünya onun bir qara telinə
dəyməz gözündə...
... Dağdan dağa atdı küləklər
məni,
Tanıdı sevdalı ürəklər
məni.
Çağırıb oyatdı mələklər məni,
İstədim baharı gətirim sənə...
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2021.- 11 mart.- S.-16.